Uşaqların gözləri böyüklərin gözlərinə nisbətən daha həssas olur. Buna görə də mütəxəssislər müəyyən yaş dövrünə qədər uşaqları mobil telefon, kompyuter, televizor və s. bu kimi zərərli şüa mənbəyi olan qurğulardan uzaq tutmağı məsləhət görürlər, çünki günün əksər hissəsini kompyuter qarşısında keçirən uşağın gözləri böyüklərə nisbəttə daha çox zədələnir.
İlk üç ay ərzində körpələrdə göz əzələləri tam inkişaf etməmiş vəziyyətdə olur. Bu zaman valideynlər övladlarına qarşı xüsusilə həssas davranmalıdırlar. Bu dövrdə sizin ən xırda yanlış hərəkətiniz onun görmə qabiliyyətini itirməsinə və ya bu qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Məsələn, bu zaman ərzində övladınızın gözünə tökülə biləcək bir damcı limon şirəsi onun gözünün inkişafdan qalmasına şərait yarada bilər.
Yəqin ki, siz də körpənizin şəkillərini çəkməyi sevirsiniz. Düşünürsünüz ki, gələcəkdə öz şəkillərinə baxmaq, necə böyüdüyünü görmək onun üçün maraqlı olacaq. Amma unutmayın, əziz valideynlər, bu zaman siz elə bir səhvə yol verə bilərsiniz ki, gələcəkdə övladınız nəinki uşaqlıq şəkillərini, heç aynadakı əksini belə görə bilməz. Göz xəstəlikləri üzrə mütəxəssis Dr.Cüneyt Karaarslanın sözlərinə görə, gözün inkişafına mane ola biləcək ünsürlərdən biri də fotoaparat “fləş”-idir. Övladmızın şəklini çəkdiyimiz zaman onun bütün diqqətini toplayaraq fotoaparata baxmasın istəyirik. Bu zaman fotoaparatdan ətrafa saçılan işıq biz böyüklər üçün olmasa da, uşaqlar üçün əsas təhlükə mənbəyinə çevrilir, xüsusən də əgər övladınızın göz əzələləri hələ tam inkişaf etməyibsə.
Valideynləri narahat edən məsələlərdən biri də övladları anadan olduqdan sonra ilk ilk və ikinci aylarında onların gözlərində cızıq formasında qan dənəciklərinin görünməsidir. Bu bəzi hallarda uşaqlarda qıcıqlanma yaradır, onlar isə gözlərini qaşımağa başlayırlar. Dr. Cüneytin sözlərinə görə, uşaqlarda göz qızartıları olan zaman yaranan qaşıntı xəstəlik yarada bilər. Buna görə də övladınızın tez-tez gözlərini qaşıdığını görürsünüzsə, onun gözlərini soyuq dəsmal ilə silin. Əgər gözdə qan dənəcikləri çoxdursa, mütləq həkim müayinəsindən keçin.
Unutmayın, əziz valideynlər, övladınızın heç bir problemi olmadığını düşünsəniz belə, uşaqların ilk altı aydan sonra həkim müayinəsindən keçməsi mütləqdir.