Bağçalarda şahmat məşğələlərinin tədrisi ilə bağlı fikirlərini “Baby Star” uşaq bağçasının birinci dərəcəli məşqçi müəllimi Nigar Hüseynova bölüşüb.
“Uşaqların şahmatı daha rahat qavraması üçün hansı üsullardan istifadə olunur?”
- Ümumiyyətlə, şahmatı 3 yaşından tədris etmək mümkündür. Sadəcə olaraq bu uşağın daxili imkanlarından asılıdır. Buna baxmayaraq tədrisin öz metodları var. Bu metodlar təbii ki, yaş quruplarından asılıdır.Yəni böyük yaş quruplarında bu sırf şahmat haqqında, taxta haqqında anlayışlar, lövhə üzərində fiqurların yerləşməsi, onların gedişləri öyrənilir. Amma kiçik yaş qurupunda bu əyləncəli xarakter daşıyır. Məsələn müxtəlif fiqurların şəkillərin çəkilməsi, müxtəlif rəngləmə prosesləri və.s. Biz kiçik yaş quruplarında uşaqların iştirakı ilə müxtəlif rəngli kağızlardan şahmat taxtası hazırlayırıq. Müəyyən müddətdən sonra uşaqlar artıq buna ciddi bir idman növü kimi yanaşırlar.
Şahmat məşğələlərinin uşağın inkişafında hansı rolu var?
- Şahmat özü nəyinki uşaqda, hətta böyüklərdə də, hər iki yarımkürənin eyni vaxtda işləməsinə təsir göstərir. Bu həm diqqəti formalaşdırır, həm foto yaddaşı gücləndirir, həm də eyni vaxtda sol və sağ yarımkürə vəhdət təşkil edir. Təbii ki, bu da həm məntiqi təfəkkürü formalaşdırır, həm də ki, uşağın daha yaradıcı qabiliyyətə malik olmasını yaradır.
Azyaşlı uşaqlar şahmatı necə qavrayırlar?
- Azyaşlı uşaqlarda dərs müddətinin vaxtı da uzun deyil. Çünki azyaşlı uşaq 15 və 20 dəqiqədən artıq informasiya qəbul edə bilmir. Bəzən özləri fiqur yerində iştirak edirlər. Biz onlara müxtəlif fiqur geyimləri geyindiririk, iştirak edirlər, yavaş yavaş onu mənimsəyirlər.
Uşaqlar bağçada günün hansı vaxtlarında şahmatla məşğul olurlar?
- Mən tərəftarıyam günün 1-ci yarısında məşğul olsunlar. Çünki uşaq daha ayıq olur. Yenə də fərq etməz. Uşaq dincələrkən, yatıb durandan sonra məşğul olmaq olar. Bu, qrupun xüsusiyyətlərindən asılıdır.
Bağçalararası şahmat yarışı keçirilirmi?
- Hər 2-3 aydan bir, yekun tədbirlər keçiririk. Uşaqların cavablarını, test yazılarını qiymətləndiririk. Məsələn, uşaq fiqurların gedişlərini başa düşməyibsə, ona uyğun məsələlər hazırlayırıq. Onlar müəyyən müddət ərzində onu həll edirlər. Yekun olaraq uşaqlar bir- birinin arasında yarışırlar. Amma daha böyük qruplar artıq gedişləri bilirlər, professional səviyyədə şahmat oynamağı bacarırlar.Onlar arasında da, yarışlar keçiririk. Mükafatlanma, dərəcə vermə də buna daxildir.
Uşağın şahmatı yaxşı öyrənməsində valideynlərin rolu nə dərəcədədir?
- Müəllim və valideyn birgə işləməlidirlər. Biz nəyi tədris ediriksə, ona uyğun ev tapşırıqları da veririk. Valideyn övladı ilə maraqlanmalıdır. Ona şahmat taxtası almalıdır ki, uşaq da evdə düzsün. Yarım saat- 40 dəqiqə dərs müddətində uşaqların hamısı birdən iştirak edir. Onlardan hər hansı biri mənim tədris etdiyim materialı başa düşməyə bilər. Onda valideyn bizə müraciət edir, biz də həmin uşaqla əlavə məşğul oluduq.