Bağçam Valideynlik Forumu “Yeni dövrdə uşaq böyütmək”

“Bağçam Valideynlik Forumu” valideynləri bir araya gətirdi
11 may 2026-cı il tarixində Bağçam Uşaq Bağçaları Şəbəkəsinin təşkilatçılığı ilə “Bağçam Valideynlik Forumu” keçirilib. Bu il forum “Yeni dövrdə uşaq böyütmək” mövzusuna həsr olunub.
Müasir dünyanın sürətli dəyişimi, yeni çağırışların və fərqli reallıqların yaranması valideynlik yanaşmalarına da təsir edir. Artıq uşaqların sağlam və balanslı inkişafı üçün yalnız ənənəvi metodlar kifayət etmir. Yeni dövr valideynlərdən daha çevik düşüncə tərzi, güclü ünsiyyət bacarıqları və müasir yanaşmalar tələb edir.
Bu ehtiyaclardan çıxış edərək təşkil olunan forumun məqsədi valideynləri düşündürən aktual mövzuları müzakirə etmək, uşaq inkişafı, psixoloji sağlamlıq, valideyn-övlad münasibətləri və effektiv ünsiyyət sahələrində faydalı məlumatlar paylaşmaq olub.
Forumda öz sahələrinin peşəkar mütəxəssisləri çıxış ediblər:
Dr. Leyla Abdullayeva – uzman psixiatr
Murad Akifsoy – uşaq və yeniyetmə psixoloqu, psixoterapevt
Lalə Əfəndi – korporativ ünsiyyətlər üzrə regional ekspert
Tural Abasquliyev – Simurq by Landau School-un baş direktoru
Tədbirin moderatorları Rasif və Samirə Dünyamalıyevlər olub.
Forum Landau School-un West Town korpusunda baş tutub.
Tədbirin tərəfdaşları sırasında Dalğa FM və Landau School yer alıb.
Forum çərçivəsində valideynlər həm mütəxəssislərin çıxışlarını dinləmək, həm də onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.