Amerikalı psixoloq və pedaqoq, Harvard University professoru Howard Gardner 1983-cü ildə irəli sürdüyü Çoxnövlü İntellekt Nəzəriyyəsi ilə təhsil sahəsində mühüm elmi yanaşmanın əsasını qoymuşdur. Alimin fikrinə görə, intellekt vahid göstərici ilə ölçülmür; hər bir insan müxtəlif intellekt növlərinin fərdi kombinasiyasına malikdir. Bu yanaşma uşaqların fərqli öyrənmə üsullarına sahib olduğunu və onların müxtəlif sahələrdə güclü potensial daşıdığını təsdiqləyir.
Nəzəriyyəyə əsasən intellektin dil, məntiqi-riyazi, vizual-məkan, musiqi, bədən-kinestetik, şəxsiyyətlərarası, şəxsiyyətdaxili və naturalist növləri mövcuddur. Təlim prosesində bu fərqliliklərin nəzərə alınması uşaqların fərdi inkişafının daha sistemli və effektiv şəkildə dəstəklənməsinə imkan yaradır.
Tədris ilinin əvvəlində Bağçam Uşaq Bağçaları Şəbəkəsinin pedaqoji heyəti üçün Çoxnövlü İntellekt Nəzəriyyəsi əsasında xüsusi təlim proqramı təşkil olunmuşdur. Təlim çərçivəsində tərbiyəçi-müəllimlərə məşğələlərin planlaşdırılması və icrası zamanı uşaqların potensialına uyğun metod və iş üsullarının tətbiqi barədə həm nəzəri biliklər, həm də praktik nümunələr təqdim edilmişdir.
Tədris ilinin ikinci yarısında isə uşaqların əldə etdikləri bilik və bacarıqların dəyərləndirilməsi həyata keçirilmişdir. Müşahidə və fəaliyyət nəticələrinə əsaslanan qiymətləndirmə prosesi pedaqoji komissiyanın iştirakı ilə aparılmış, Çoxnövlü İntellekt Nəzəriyyəsinə uyğun açıq məşğələlər təşkil olunmuşdur. Hər bir məşğələ ətraflı təhlil edilmiş və nəticələr əsasında əməkdaşlarla müzakirə görüşləri keçirilmişdir.
Howard Gardner-in Çoxnövlü İntellekt Nəzəriyyəsi əsasında təşkil edilmiş məşğələlərin dəyərləndirilməsi mərhələsi uğurla başa çatmışdır. Bu çərçivədə tərbiyəçi-müəllimlər ilə yekun görüş keçirilmiş, məşğələ prosesində fəal iştirak edən bütün müəllimlərə təşəkkürnamələr təqdim olunmuşdur.
Nəzəriyyənin tələblərinə uyğun olaraq məşğələsini yüksək səviyyədə və tam şəkildə həyata keçirən əməkdaşlar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən Fəxri Fərmanla təltif edilmiş, eyni zamanda Bağçam Uşaq Bağçaları Şəbəkəsi tərəfindən mükafatlandırılmışdır.
Bağçam Uşaq Bağçaları Şəbəkəsi olaraq keyfiyyətli təhsil mühitinin formalaşdırılması, uşaqların fərdi inkişafının dəstəklənməsi və pedaqoji fəaliyyətin davamlı təkmilləşdirilməsi istiqamətində fəaliyyətimizi ardıcıl şəkildə davam etdiririk. ????




