Deyirlər, uşaqlar ağ səhifə kimidir. Ora nə yazsan, gələcəkdə də onunla rastlaşacaqsan. Başqa bir deyimdə isə bildirilir ki, uşaq evin güzgüsüdür. Yəni evdə valideynlər necə davranırlarsa, uşaqlar da onları eynilə əks etdirir.
Uşaqlara tərbiyə vermək, onları düzgün qaydada böyütmək isə elə də asan iş deyil. Həmçinin valideynlər onlarla necə davranmaq lazım olduğunu, onların nələri sevəcəyini və onları necə sevindirmək mümkün olduğunu da bilsələr, çox yaxşı olar.
Bagcam.az Ailem.az-a istinadən psixoloq Vəfa Əkbərin uşaqları necə sevindirməklə bağlı tövsiyələrini diqqətinizə çatdırır.
– Uşaqları sevindirməyin o qədər də çətin olmadığını bilirsiniz. Düzgün üsul seçməniz, övladınızın fərdi xüsusiyyətlərini nəzərə almanız bu işdə sizə yardımçı olar. Övladlarınız eyni tərbiyədə, eyni ailə mühitində böyüsə də, hər birinin özünəməxsus xüsusiyyətləri olduğunu unutmayın. Onların fərdi xüsusiyyətlərini nəzərə almanız yalnız bu işdə deyil, tərbiyə zamanı, onlarla davranarkən, qaydalar qoyarkən, dərs tapşırıqlarını yerinə yetirərkən və s. sizin lazımınız olacaq.
– Birlikdə ev işləri görün. Bu işləri əyləncəli vəziyyətə gətirə bilərsiniz. İşlərinizi planlayaraq, onunla birgə ev işləri görməniz marağına və sizə yardım edə bildiyi, ona güvəndiyiniz üçün xoş hiss yaşamasına səbəb olar. Avtomobilinizi təmir edərkən, evdə təmir işləri apararkən balaca oğlunuzun köməyindən yararlanın. Bu zaman siz həmçinin şəxsi davranışınızla ona nümunə olduğunuzu unutmayın.
– Ona kitab hədiyyə edin. Kitab hədiyyə etmək üçün xüsusi bir günün olmasını gözləməyin. Yaşına uyğun və maraqlı hekayələrdən ibarət kitablar övladınızın sevincinə səbəb olar.
– Birlikdə film izləyin. Film maraqlı olduğu qədər övladınızın yaşına uyğunluğuna da diqqət edin. Film izləmə zamanını övladınız üçün əyləncəli edin.
– Gəzintilər təşkil edin. Onun sevdiyi yerlərə getməniz övladınız üçün daha xoş olar. Bu zamanı ona həsr etməyə çalışın. Telefonla məşğul olmanız və digər işlərinizi gəzinti zamanına saxlamanız övladınıza xoş olmayan hisslər bəxş edər.
– Birlikdə oyunlar oynamanız onun xüsusi sevincinə səbəb olmaqla yanaşı, ona olan qayğınızın, sevginizin və diqqətinizin də göstəricisi olar. Domino, dama, şahmat, puzzle yığmaq kimi oyunlardan istifadə edə bilərsiniz.
– Birlikdə şirniyyatlar hazırlayın. Bu zaman övladınızın bu işdə özünəməxsus rolu olduğunu hiss etdirin. “Mətbəxi çirkləndirmə”, “dayan, mən edim” və s. kimi ifadələr əvəzinə “Səninlə birgə iş görmək olduqca maraqlıdır”, “Mənə kömək etdiyin üçün təşəkkür edirəm”, “Şirniyyatımız hazır olandan sonra çirkli mətbəximizi bir yerdə təmiz edərik”, “Sən edə bilərsən, amma diqqətli ol” ifadələri daha uğurludur.
– Kiçik belə olsa sevdiyi hədiyyələrlə övladınızı mükafatlandırın. Sizin qayğınız övladınız üçün hər zaman gərəklidir. Sevgiylə, qayğı və mehribanlıqla davranmanız psixoloji sağlam övlad böyütmənizin təməli olar.