Bütün dünyada uşaqlara qarşı cinsi istismar halları baş verir. Bəs bu vəziyyətdə ailələr nə etməlidir? Uşaqları cinsi istismardan necə qoruya bilərik?
Bagcam.az-ın verdiyi xəbərə görə, mövzu ilə bağlı Ailem.az-a danışan psixoloq Vəfa Rəşidova deyir ki, son illər uşaqlara qarşı cinsi istismar halları çox yayılıb: “Bu da əlbəttə ki, son illərin psixoloji problemlərinə aid bir məsələdir. Hazırda nevroz, depressiya, intihara meyl kimi hallar necə yaranıbsa, cinsi istismar da eyni şəkildə yayğınlaşıb. Və bu, təkcə psixoloji problem deyil. Əgər bir insan kimisə cinsi istismara məruz qoyursa, bir uşağa qarşı belə bir addım atırsa, artıq həmin insan yatılı müalicə almalıdır. Bunlar, bu günün, dünənin psixoloji problemini yaşayan insanlar deyillər. Bunlar, illər boyu bunu gizli şəkildə edən insanlar da ola bilirlər. Məsələn, cinsi istismar edən şəxsin hərəkəti bu gün bilinibsə, bu, o demək deyil ki, bunu birinci dəfədir edir. Bəlkə də bir neçə uşağa, ailəyə bu kimi zərbələr vurub”.
Uşaqları daha çox 50-65 yaşlı şəxslər cinsi istismar edir
V.Rəşidova deyir ki, azyaşlı uşaqlara qarşı cinsi istismara əl atan insanlar daha çox yaşlılar olur: “Onlar haradasa 50-65 yaşlı kişilər və xanımlardır. Uşaqlara qarşı cinsi istismar dedikdə bir çox hallarda yalnız kişilər nəzərdə tutulur. Amma mən deyim ki, bu, tək kişilərə aid deyil. Xanımlar da uşaqları cinsi istismar edə bilir. Bu cür davranışlar pedofiliya adlanır. Artıq burada insanın bütün sinir sistemlərinin sıradan çıxmasından savayı, şəxsiyyətinin parçalanmasından da söhbət gedir. Bəzən də bu, şüuraltı proses olur və gizli formada gedir. Bəzən yaşlı qadın sanki uşağı sevir, öpür, qucaqlayır kimi davranış sərgiləyir. Əslində o, şüuraltı seksual həzlərini yerinə yetirmiş olur. Ona bu barədə dedikdə isə and-aman edəcək ki, belə deyil”.
Bu cür hallar yalnız küçədə olmur
“Amma uşaqlarımızı yalnız yaşlı insanlardan qoruyaq fikrinə fokuslanmaq da yanlışdır, çünki bu, hər yaşda ola bilər. Ən önəmli məqam odur ki, bu, qonşu da ola bilər, xalaoğlu, xalanın yoldaşı, əmi oğlu, bibinin yoldaşı da. Yəni heç uzağa getmək lazım deyil. Çünki bu cür hallar tək küçədə olmur. Valideynlər bu məqamda çox diqqətli olmalıdırlar. Bəzən kiməsə həddindən artıq güvənib, uşağı onun yanına qoyurlar. Burada önəmli məqam kimin yanında qoymaqları yox, həmin adamın əsəblərinin necə olması ilə bağlıdır. Əmin olduqdan sonra güvənib qoymaq olar”, – deyə psixoloq qeyd edib.
Onun sözlərinə görə, bir adama güvənib, “bu, qohumdur”, – deyib uşağı ona etibar etmək olmaz: “Çox vaxt atalar, analar güvənirlər, çox yaxınımızdır deyirlər. Məgər çox yaxınımızın psixoloji problemi ola bilməz? Əlbəttə, olar. Ona görə də uşaqları saatlarla kiminsə yanında qoymaq düzgün deyil. Bunu ona görə xüsusi vurğulayıram ki, əksər insanlar uşaqlarını bayırdakı insanlardan qoruyurlar, yaxınlarındakı insanlara isə güvənirlər. Bu, belə olmamalıdır”.
Uşaq bir neçə dəfə cinsi istismara məruz qalırsa…
Psixoloqun sözlərinə görə, əgər uşaqlar bir neçə dəfə cinsi istismara məruz qalırsa, artıq buna öyrəşirlər və belə hallar onlar üçün adiləşir: “Bu kimi hallarda uşaqlar başqa cür davranışlar sərgiləyir və valideynlər başa düşmür nə olub. Şəxsən mənim psixoloji araşdırmalarımda şəxsin uşaqlıq illərinə endikdə görürəm ki, həmin uşaq cinsi istismara məruz qalıb, amma gizlin. Bax, bu da önəmlidir”.
Uşaqlara məhrəm yerləri barədə məlumat verin
Bəs bu kimi hallardan uşaqları qorumaq üçün onları necə başa salmaq lazımdır? Hansı yaşdan uşaqlara cinsi bilgiləri vermək olar? Psixoloq deyir ki, uşaqlara cinsi bilgilər 5 yaşdan etibarən verilməlidir: “5-6 yaşından etibarən uşaqlara başa salmaq lazımdır ki, kimsə sənə yaxınlaşırsa, diqqətli ol, məhlədəki uşaqlara qoşulub kiminsə evinə getmə. Çox zaman belə hallar yaşanır ki, uşaqlar məhlədə, həyətdə oynayarkən bir-birlərinə qoşulub, gəl bizə gedək deyirlər. Uşağa başa salmaq lazımdır ki, bu cür hallarda da heç kimə güvənib getməsin. Bina evlərində blokun içində oynamasınlar, orada da hər cür insan ola bilər. Valideyn uşağa izah etməlidir ki, məhrəm yerlərini qorumalısan. Kimsə sənin bu məhrəm yerlərinə toxunmamalıdır. Uşağa bədənin hansı yerlərinin məhrəm olduğunu başa salmaq lazımdır. Bəzən biz valideynlərə deyəndə bunları izah edin, deyirlər, yox, ayıbdır. Bu, doğru yanaşma deyil”.
“Valideynlər uşağa güvən verməlidir”
V.Rəşidovanın sözlərinə görə, bu bilgilər o qədər incə şəkildə izah olunmalıdır ki, uşaqlarda insanlara qarşı nifrət oyanmasın: “Uşaq sadəcə özünü müdafiə, qorunmaq üçün bu şeyləri anlamalıdır və bu, ayıb deyil. Bir məqama da toxunum. Məktəbə getməzdən əvvəl valideyn uşağa müəyyən etik qaydaları öyrətməlidir. Məsələn, tualetdə çox adam olduqda sən girmə. Tualetə girdikdə mütləq qapını bağla. Biz uşaqlarımızı elə formalaşdırmalıyıq ki, onlar qorxmadan gəlib hər şeyi bizə danışsınlar. Əksər hallarda uşaqlar qorxaraq, bu barədə gəlib danışmırlar. Düşünürlər ki, deyərəm valideynlərim məni günahkar bilər, döyər. Amma valideynlər uşağa güvən verərək, bu qorxunu aradan qaldırmalıdırlar”.