Uşaqların etməkdən ən çox zövq aldıqları şey ana-atalarına nələrsə danışmaqdır. Məktəbdə nələr edib, dostları ilə nələrdən danışıb, televizorda hansı filmi izləyib – bütün bunlar haqqında danışmaq onlar üçün çox əyləncəli və zövqvericidir.
Təbii ki, danışmaq qədər qarşı tərəfin də dinləməsi önəmlidir. Əslində, yetkin insanlar belə öz fikirlərinin dinlənilməsinə xüsusi önəm verirlər. Biz də bir dostumuza, yaxud yoldaşımıza hansısa mövzudan danışarkən “Sənə danışıram, üzümə bax, zəhmət olmazsa” kimi xəbərdarlıqlar edirik.
Amma nə qəribədir ki, qarşı tərəfdən gözlədiyimiz diqqəti vaxt gəlir öz övladımızdan əsirgəyirik. Uşaqlarımızı dinləyərkən kommunikasiyanın ən önəmli punktu göz kontaktını qorumaqdır, fəqət biz bəzən bunu unuduruq, hətta uşaqları dinləmək belə bizə çətin gəlir.
Halbuki bir uşaq ana-atasına gün içində başına gələnləri danışmağa o qədər həvəslidir ki; həyəcanla valideynlərinin yanına gəlir və nəfəs belə almadan danışmağa başlayır. Ana-ata isə bəzən öz işi ilə məşğuldur, bəzən də televizorda baxdığı şeyə həddindən çox diqqət ayırmış olur. Belə hallarda, əsasən, uşaqlar valideynlərinin çənəsindən tutaraq özünə tərəf çəkir. Bu hərəkət isə bu mesajı verir: “Mənə bax, mənə qulaq as, mənə dəyər ver”. Bəzən günün yorğunluğu, bəzən də başqa səbəblərə görə uşağımızın bu hərəkətinə əsəblə qarşılıq verə bilirik. Bu halda uşağın əsəbi daha da artır.
Bəs uşaqları aktiv dinləmək necə olmalıdır. Budur, bəzi məsləhətlər:
- Uşağınız sizə bir şey danışmağa başladığında əgər əlinizdə işiniz yoxdursa, onu dinləməyə başlaya bilərsiniz.
- Əgər o anda məşğul olduğunuz vacib işiniz varsa, həm işinizi görüb, həm də uşağınıza qulaq asmaq yerinə, işinizə qısa müddətlik fasilə verin və övladınıza “səni dinləməyi çox sevirəm, danışacaqlarını səbrsizliklə gözləyirəm, amma əvvəlcə, mənə icazə ver işimi bitirim, sonra səninlə söhbətləşərik” deyə bilərsiniz. Burada önəmli olan bu açıqlamanı ona bildirmək qədər, sonrasında sözünüzün üstündə durmağınızdır.
- Uşağınızla söhbət edərkən sizin televizor izləməyiniz, kitab oxumağınız, ya da başqa biri ilə söhbət etməyiniz isə dəyərsizlik hissi yarada bilər.
- O danışarkən sözünü kəsməməyə çalışın. Araya girməyiniz lazım olan vəziyyətdə onun danışdıqlarını tənqid, mühakimə etmədən öz düşüncələrinizi ifadə edə bilərsiniz.
- Söhbət əsnasında həm göz konktaktının qurulması, həm də səmimi auranın yaranması baxımından hər ikinizin oturaq pozisiyasında olması daha önəmlidir;
- Söhbət bitdikdən sonra onun danışdığı mövzularla bağlı “Səninlə söhbət etmək çox gözəl idi” deyərək ona pozitiv aşılamağınızda fayda var.
Bütün bunlar nəzərə alındıqda, əslində, uşaqlarla söhbət etməklə yetkinlərlə söhbət etmək arasında ciddi bir fərq yoxdur. Hər ikisində də kommunikasiyanın əsas qaydaları çox önəmlidir. Kommunikasiya yalnız bir tərəfin danışması, digərinin dinləməsi deyil. Kommunikasiya uşağı eşitmək deyil. Kommunikasiya uşağı eşitmək qədər, həm də dinləməkdir.
Mənbə: emineergun.com.tr