Yəqin ki, hər ana istəyər ki, övladı yeməyi iştahla yesin. Bunun üçün hazırladığınız yeməyin dadlı olmasını fikirləşməklə yanaşı, onu körpənizə necə təqdim edəcəyinizi də düşünməlisiniz. Uşaqlar yeməyi oyun kimi qəbul edirlər. Yemək yeyərkən barmaqlarını sıyığın içinə salmaq, salatın tərəvəzlərini ətrafa tullamaq, şorbanın suyunu sıçratmaq, kompotu stəkandan döşəməyə tökmək onlar üçün əyləncədir. Belə ki, qidalanma prosesini əyləncəli, maraqlı etmək üçün bir neçə məqama diqqət etmək lazımdır.
Qab-qacaqlar
Uşaqlar üçün xüsusi hazırlanmış rəngli və rahat qablar körpənizin sevimlisinə çevrilə bilər. Lakin diqqət etmək lazımdır ki, qablar, ləvazimatlar, xüsusilə, melanin materialından hazırlanmış olmasın. Bu, uşaq üçün ziyanlıdır.
Boşqablar
Körpələr üçün boşqabların kənarları yüksək olmalıdır: uşaq qaşığı həmin kənarlara söykədərək asanlıqla sıyığı götürə bilir. Boşqabın ölçüsünü uşağın yaşına və iştahına görə seçə bilərsiniz: qab, uşağın yeməyi birdəfəlik yeyə biləcəyi ölçüdə olmalıdır. Bu, onda qidanı axıra qədər yemək vərdişini yaradır.
Boşqabların müxtəlif növləri var. Məsələn, müəyyən hissələrə bölünmüş boşqabın hər gözündə müxtəlif qidalar qoymaq olar.
Ləvazimatlar
Körpənin yeməklə qidalanmağa başladığı vaxtlarda desert qaşığı kifayət edir. Yaxşı olar ki, bu qaşıq diş ətinə zərər verməyən, kiçik çömçəsi olan plastik materialdan hazırlanmış olsun. Qaşığın tutacağı əyilmiş olsa bu uşaq üçün daha rahat olar. Çəngəlin dişləri isə, yuvarlaq olmalıdır. Əgər uşaq plastik çəngəl-qaşıqdan məharətlə istifadə etməyi öyrənibsə, onları metal materialla əvəz etməyin vaxtı çatıb.
Stəkanlar
Uşağın ilk stəkanı yüngül və rahat tutacaqlı olmalıdır. Burda sizə plastik stəkanlar kömək edə bilər.
Oturacaq
Adətən övladınızı necə bəsləyirsiniz? Öz qucağınızda, yoxsa atasının dizinin üstündə oturtmaqla? Yoxsa mənzil boyu qaşıqla uşağınızın arxasınca qaçmaqla? Yəqin ki, razılaşarsınız ki, bunlar heç də yaxşı üsullar deyil. Qidalanma zamanı uşağa rahat olması üçün onu xüsusi oturacaqda oturtmalısınız. Bu oturacağı almazdan əvvəl bir neçə vacib məqama diqqət etmək lazımdır:
- Rahat və yumuşaq oturacaq
- Yuyula bilən və dözümlü örtüklü material
- Stolunun stula asanlıqla bərkidilə bilməsi
- Üçhissəli, möhkəm kəmərli
- Tənzimlənən hündürlükdə olması və oturacağın ayaqlarının rahat yerləşməsi
- Qidalanmaq üçün istifadə olunan stul daşına bilən olsa, səyahətə, istirahatə gedəndə işinizi asanlaşdıracaq.
Mənbə: mamam-papam.ru