Uşaq göz yaşına çox az insan biganə qala bilər, amma bəzi valideynlər elə düşünür ki, göz yaşları müvəqqətidir və nəticədə yanlış münasibət göstərirlər.
Körpənin sevimli oyuncağı sındı, onu bağçada incitdilər, ya da o enerji ilə doludur və yatmaq istəmir, amma artıq gecdir… Belə şəraitdə – ən təbii reaksiya ağlamaqdır. Çünki, o hələ hisslərini başqa cür ifadə edə bilmir. Bəs biz valideynlər belə vəziyyətdə necə davranırıq? Nələri səhv edirik, gəlin aydınlaşdıraq.
Qışqırmaq və qadağan etmək
Bu üsul, ən faydasız üsuldur. Səsinizi ucaltmaq – belə vəziyyətdə heç uğurlu ideya deyil. Bununla onun ağlamağı dayanmayacaq, əksinə isterikaya keçəcək. Dərhal dayandırmağı tələb etməyin. Birincisi, bir qayda olaraq, bu yerinə yetirilməzdir, ikincisi, qadağa – uşaqda qəzəb və narazılığın toplanmasına səbəb olur. Nəticədə, zamanla uşaqla ünsiyyətiniz çox çətinləşə bilər.
Hər xırdalığa narahat olmaq
Oğlunuz oynayan zaman ayağını zədələdi? Ona tərəf həyəcanla qaçaraq, onun necə zavallı və diqqətsiz olduğunu deməyə tələsməyin. Sakitliyi gözləyin. Yaraya baxın və vəziyyəti aydınlaşdırın. Valideynlərin həyəcanlı olmamasını görən uşaq, tez özünə gələcək. Yaralar və siyirmələr demək olar ki, uşaqlarda daimi haldır. Necə deyərlər: “Uşaq yıxılaraq böyüyər”. Əgər hər dəfə həyəcana düşərək, söz-söhbət yaratsaq, körpənin inkişafına, onun hər hansı xoşagəlməz hadisənin öhdəsindən gələ bilməməsinə, mənfi təsir göstərə bilər.
Qıcıqlanmaq və ya istehza etmək
“Belə boş şeyə görə sızıldama!” deyərək, uşağın duyğularını qiymətdən salmayın. Uşaqların ağlaya biləcəyi ağrı, yorğunluq, kədər – az əhəmiyyətli problemlər deyil. Onlara hörmətlə yanaşmaq lazımdır ki, uşaq gələcəkdə onları dəf etməyi öyrənsin.
Laqeyd qalmaq
Gözyaşlarına “özü sakitləşəcək” düşünərək, heç diqqət yetirməmək də olmaz. Uşaqlar əksər hallarda elə-belə ağlamırlar, səbəb həmişə var, onu tapmağa çalışmaq lazımdır. Laqeydliklə, aranızda olan xoş münasibətlərlə risk edə bilərsiniz. Yəni, övladınız düşünə bilər ki, onların hissləri sizin üçün maraqsızdır və nəticədə özlərinə qapanaraq, sizə güvənməyəcəklər.
Mənbə: analar.az