Uşaqların böyük bir qismi böyükləri təqlid etməyi istədikləri üçün, mütəmadi olaraq hərəkətdə olduqlarından və mühiti kəşf edərək öyrənməyə çalışdıqları üçün bir çox qəzalarla qarşılaşırlar.
Bəziləri isə diqqətsiz, ani bir hərəkət səbəbindən bir sıra kiçik qəzalar törədirlər. Uşaqlarda tez-tez qarşılaşan ev qəzaları televizorun düşməsi, dərman və kimyəvi maddələrlə zəhərlənməsi, qaynar su tökülməsi, elektrik vurması, pəncərə, balkon, nərdivandan düşmələridir.
Ev qəzalarının qarşısını almaq üçün diqqətli olmaq lazımdır. Pəncərə və balkon qapılarını daima bağlı saxlamaq, təhlükəsizlik açarı quraşdırmaq, televizor kimi ağır ev alətlərini sabitləmək, dərman və ümümiyyətlə ev təmizliyində istifadə olunan kimyəvi maddələri uşaqların əldə edə bilməyəcəyi yerlərə qaldırmaq, sobada yeməkləri arxa gözlərdə bişirmək və tavaların qulplarını içəriyə tərəf qoymaq övladlarınızı bir çox qəzalardan qoruya bilər. Bundan əlavə uşaqları məlumatlandırmaq məqsədilə ev qəzaları ilə bağlı xəbərdarlıq etmək və məlumat vermək də önəmlidir.
Ev qəzalarında ilk yardım:
Bir sıra kiçik ev qəzaları zamanı uşağa evdə müdaxilə edilə bilər. Ancaq bu bəsit yanıqlar və kəsiklər üçün keçərlidir. Qanamalar, ciddi yanıqlar və elektrik vurması kimi vəziyyətlərdə mütləq professional yardım almalı və təcili yardım çağırılmalısınız.
- Yanıq xəsarəti zamanı heç bir şey sürtməyin, toxunmayın və dərini soymayın. Yalnız 15 dəqiqə soyuq su altında soyudun. Əgər daha ciddi bir yanıqdırsa, dəsmala sarılmış bir buzu uşağın yanmış hissəsində tutun və ən yaxın xəstəxanaya aparın.
- Kəsik xəsarətlər zamanı yaranın üzərinə təmiz bir bez örtüb ovucunuzun içi ilə ən az 5 dəqiqə basmaq lazımdır. Yaranı antiseptik məhsullarla və ya təmiz su ilə yuyun. Yaranın təmizlənməsində və bağlanmasında pambıq istifadə etməyin. Çoxlu qanama vəziyyətlərində isə kəsik olan əlinizlə möhkəm basaraq xəstəxanaya gedin. Kəsik olan bölgəyə tikiş atıla bilər.
- Elektrik vurmasında taxtadan istifadə edərək uşağı kənara çəkin və həmin anda da təcili yardım çağırın.
- Kimyəvi zəhərlənmələrdə uşağı qusdurmağa çalışmayın. Qusma zamanı zərərli maddələr uşağın boğazından keçərək ağciyərlərə dolması ilə uşağa daha çox zərər verə bilər.
- Nərdivan, balkon və pəncərədən düşmə, üzərinə televizor kimi böyük bir cismin düşməsi kimi vəziyyətlərdə də vaxt itirmədən təcili yardıma zəng edərək kömək istəyin.
Mənbə: Valideyn.az