“Məşğələlər uşaqların yaşına uyğun bilik və bacarıqlara görə tənzimlənməli, tədris otaqları cəlbedici formada, lakin öyrədici mühitə uyğun təşkil edilməlidir. Burada mühit uşaqların əməkdaşlığını təmin etməli və inkişafetdirici olmalıdır”.
Bu sözləri, Təlim-Tədrisin Təşkili üzrə mütəxəssis koordinator Şəfiqə Fərzəliyeva Bağçam.az-a verdiyi müsahibəsində deyib.
Şəfiqə Fərzəliyeva ilə müsahibəmizə bağçada yaradılmalı olan məşğələ mühiti barədə söhbətlə başlayırıq:
“Bağçada gün ərzində müəyyən edilmiş vaxtlara əsasən müxtəlif məşğələlər təşkil olunur. Bunlara fiziki, zehni, estetik və yaradıcı fəaliyyətlər aiddir. Burada ən mühümü şəxsiyyət yönümlü yanaşmadan istifadə etmək və uşaqlar arasında bərabər şərait yaratmaqdır. Məşğələ zamanı yaradılan mühit onların bütün tərəflərini görməli və hərəkət etmələrinə imkan verməlidir. Məşğələ müddəti ərzində uşaqlar tərbiyəçi müəllim və həmyaşıdları ilə ünsiyyət qurur. Onlara fikir yürütmək, faktlar axtarmaq, səbəb-nəticə əlaqələrini soruşmaq, izah etmək, sadə tədqiqatlar aparmaq üçün şərait yaradılır”.
Şəfiqə xanım həmçinin effektiv məşğələ mühitinin yaradılması üçün müvafiq elementlərin mövcud olduğunu bildirir:
“Bağça şəraitində müəllimələr məşğələni öncədən planlaşdırılmalı və düzgün təşkil etməli, məzmuna uyğun mərhələlərin ardıcıllığını qurmalıdır. Tərbiyəçi müəllimin səs tonu, intonasiyası, jest və mimikaları, həmçinin hərəkətləri doğru texnikaya uyğun gəlməlidir. Müxtəlif üsul və vasitələrlə uşaqların fəallığı təmin olunmalıdır. Məşğələ monoton yox, rəngarəng və ahəngdar təşkil edilməlidir. Resurslar – şəkillər, kartlar, illüstrasiyalar, oyuncaqlar, audio səslər cəlbedici olmalıdır.
Müsahibimizlə öyrədici məşğələ mühitinin tənzimlənməsindən əlavə uşaqlar arasında fəal öyrənmənin hansı üsullarla təşviq edildiyi haqqında da söhbətləşdik.
“Uşaqların inkişafını və öyrənməsini təmin etmək üçün onların maraqlarını, ehtiyaclarını və güclü tərəflərini nəzərə almalıyıq. Çünki, uşaqlar müxtəlifdir və fərqli sahələrdə fəal ola bilirlər.
Uşaqları fəal öyrənməyə təşviq etmək üçün fəaliyyətlər interaktiv təşkil olunmalıdır. Məsələn, idrak fəaliyyətinə aid bir məşğələ daxilində yaradıcı sahəyə keçid edərək məşğələni əyləncəli etmək mümkündür. Bunun üçün fəal təlim üsullarından – didaktik hərəkətli rollu oyunlar, məntiqi təfəkkürə, yaradıcı təxəyyülə əsaslanan metodlardan istifadə edilir.
Sonda, Şəfiqə xanım məşğələ mühitində hansı problemlərdən qaçınmaq lazım olduğu haqqında da fikirlərini oxucularımızla bölüşür:
“Məşğələ mühitində uşaqlar arasında ayrıseçkiliyin olmamasına diqqət etmək vacibdir. Bəzən uşaqlarla iş apararkən cavab verməyə çəkinən, sakit və utancaq uşaqlar da olur. Müəllim buna xüsusi olaraq fikir verməli və nəzarətdə saxlamalıdır. Təşəbbüskar uşaqlar dəstəklənməli, bir qədər çəkinən uşaqlar isə təşəbbüs göstərməyə həvəsləndirilməlidir. Bunun üçün tərbiyəçi “Sən necə düşünürsən?”, “Sən nə fikirləşirsən?”, “Çəkdiyin şəklin mənasını mənə başa sala bilərsən?” və s. kimi sual və təkliflərlə uşaqları fəallaşdırmağa cəhd göstərməlidir”.