İncəsənət və yaradıcılığın övladınızın inkişafında oynadığı rol

“Yaradıcılıq fəaliyyətini əhatə edən məşğələlər uşaqların incəsənət qabiliyyətini üzə çıxarır. Bundan əlavə, belə məşğələlər uşaqların dünyagörüşünü də inkişaf etdirir”.

Bu sözləri “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin Teatr müəllimi Elşad Rəhimzadə “İncəsənət və yaradıcılığın uşaqların inkişafında oynadığı rol” mövzusunda müsahibəsində deyib.

Dünya İncəsənət Günündə Elşad bəylə olan müsahibəni sizə təqdim edirik.

 

– Elşad bəy, yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi uşaqlar üçün nə dərəcədə önəmlidir?

Yaradıcılıq uşaqların düşüncə və dünyagörüşündə əhəmiyyətli rol oynayır. Belə ki, uşaqları kiçik yaşlarından incəsənətin bir çox sahələrinə yönəltdikdə onlarda özgüvən formalaşır. Xüsusən, teatr sənəti uşaqların ünsiyyət və sosial həyatında yeganə canlı mexanizmdir. Səhnədə çıxış etmək uşaqlarda çəkingənlik, fikri ifadə edə bilməmək və ünsiyyət zamanı kompleks yaşamaq kimi halları aradan qaldırır.

Şəbəkəmizdə teatr məşğələləri uşaqlar üçün təkcə maraqlı əyləncə deyil. Belə məşğələlərdə uşaqlar sənətin sehrini duyur.

– Necə düşünürsünüz, incəsənətlə məşğul olduqda uşaqlarda hansı bacarıqlar formalaşır?

İncəsənətlə məşğul olan uşaqlar daha yaxşı ünsiyyət qura bilən, düzgün qərar verən və öz bacarığı ilə seçilənlərdən olur. Uşaqlar yaradıcı potensiallarını üzə çıxarmaq və o potensialı sənət əsərinə çevirmək üçün fantaziyalarından istifadə edir. Bu da öz növbəsində onlara səbr və özünə nəzarət bacarıqları inkişaf etdirir.

– Bəs valideynlər övladlarının yaradıcı potensialını necə üzə çıxara bilərlər?

Valideynlər övladlarında yaradıcı potensialı üzə çıxarmaq üçün tez-tez uşaqları ilə birgə teatra, kinoya, konsertə, muzeyə, sərgilərə getməlidir. Valideyn belə məkanlarda uşaqların marağını müşahidə etməli, nəyə daha çox həvəs göstərdiyini müəyyənləşdirməlidir. Bundan sonra uşağın maraq göstərdiyi incəsənət növündə məşğələlərə yönləndirmək, onların marağını inkişaf etdirib, potensialını üzə çıxarmaq lazımdır.

– Son olaraq, Şəbəkəmizə daxil olan bağçalarda yaradıcılıq məşğələləri necə təşkil olunur?

Şəbəkəmizdə uşaqlar teatr məşğələsində aktyorluq sənətinin sirlərini öyrənirlər. Onlara səhnədə çıxış etmək, jest və mimikalardan düzgün istifadə öyrədilir. Bunlarla yanaşı pantomima məşğələlərimizlə uşaqlar sözlər olmadan da özlərini ifadə etməyi sınayırlar. Obrazlı ifadə tərzini öyrənmək, müxtəlif obrazların dilindən danışmaq üçün ən effektiv üsullardan olan, uşaqların da çox sevdiyi kukla teatrı məşğələləri də təşkil edirik.  Uşaqlar səhnəciklərdə tamaşanın ruhunu duyur, musiqinin və obraz dilinin ritmini hiss edirlər. Hər bir səhnəciyimiz üçün qrim edilir, kostyum tərtibatı hazırlanır. Beləliklə, uşaqlar qısa zaman ərzində bütövlükdə aktyorluq sənətinin tələblərini hərtərəfli öyrənir və bu tələblərə öz yaradıcı duyumları ilə cavab verirlər. Hər il tədris planının sonunda uşaqlar şəhər teatrlarının səhnələrində öz səhnəcikləri ilə çıxış edərək bacarıqlarını nümayiş etdirilər.

Sonda valideynlərin diqqətinə bir məqamı çatdırmaq istəyirəm. Unutmayın ki, övladınızın yaradıcı olması dünyaya daha pozitiv baxmasına gətirib çıxarır.