Daxili gözəllik insan ruhunun təmiz, pak olmasından irəli gəlir. Ruhu təmiz olan insanlar ətrafında baş verənlərə pozitiv, içindəki vicdani tərəzi ilə yanaşır.
Mən hər səhər sağlamlığıma, xoşbəxtliyimə, məni belə insan yaratdığı üçün Tanrıya şükürlər edirəm, minnətdar oluram. Bunları etdikcə, daxilimdə bir ruh yüksəkliyi yaranır. Sanki gördüyüm hər hadisə və ya hər insan mənə gözəl görünür.
Səhər tezdən bağçaya daxil olanda xoş əhval-ruhiyyə yaradıram. İşçiləri gülər üzlə salamlayır, onlarla motivasiyaedici söhbətlər edirəm. Bu münasibət onlarda ruh yüksəkliyi yaradır və beləliklə, onlar yüksək enerji ilə işə başlayır, uşaqlara sevgi ötürür, işlərini sevə-sevə görürlər.
İnsanların yaxşı cəhətlərini görməyə çalışmaq, xeyirli əməllər və işlər görmək lazımdır. Bütün bunlardan sonra insan özü rahatlayır. Ətrafındakı insanlar üçün xeyirli əməllər görmüş və bu cəhətdən rahatlamış hər bir insan isə cəmiyyətə uğur bəxş edəcək. Bizim bağçamız da belə bir cəmiyyətdir. Həmin bu cəmiyyətdə isə mən müxtəlif ailələrdən gələn uşaqları görür və onların uğurlarına şahid oluram.
Mənim məqsədim bağçamızdakı bu körpələrdə sevgi yaratmaq, onların hər birinin ətrafındakıları gözəllikləri görmələrini təmin etməkdir. Gözəllikləri yaratmaq üçün məndən asılı nə varsa, onu edirəm və edəcəm.
Bu yaxın günlərdən birində doğum günüm idi. Səhər tezdən məni ilk təbrik edən ailəm oldu. İşə gələndə işçilərimin üzündə sevgi dolu təbrik gördüm və bu, məni fərəhləndirdi. Mənə verilən güllər çox gözəl idi. Əsas olan o gözəl güllərin gözəlliyi yox, onu verən kollektivin sevgi dolu hissləri, simaları idi. Fikirləşirəm ki, yəqin ki, bu, mənim insanlara münasibətimin nəticəsidir. İnsanların daxilində sevgi olmasa idi, bu qədər səmimi hissləri simalarına yansıda bilməzdilər. Mən yəqin insanları belə şən, xoşbəxt görməyi çox istəyirəm. Və fəxr edirəm ki, belə gözəl insanlar olan kollektivdə işləyirəm.
Yuvam Uşaq Bağçasını Direktoru / Pedaqoq Ədalət Nəbiyeva