“Bağça müəllimi uşağı şəxsiyyət kimi qəbul etməlidir”

“Bağça müəllimi kimdir?” sualına cavab verdikdə, gözümüzün önündə uşağın təlim və tərbiyəsi ilə məşğul olan şəxs canlanır. Məsələyə daha dərin baxdıqda isə bağça müəllimindən unikal bacarıqlar tələb olunduğunu görürük.

 

Bağça müəllimindən tələb olunan bacarıqların nələr olduğu barədə geniş məlumat almaq üçünBağçam” Uşaq Bağçaları Şəbəkəsi İdarə Heyətinin üzvü, məktəbəqədər təhsil mütəxəssisi Xalidə Rzayeva ilə söhbətləşdik.

 

Xalidə xanım bildirir ki, hər şeydən əvvəl bağça müəllimi uşağı ətraf aləmlə tanış edir, ona öyrənməyi öyrədir, maraqlarını başa düşür, çətinlikləri aşmağın yollarını göstərir və uşaqda özünəinamı artırır. Əsl bağça müəllimi modeli məhz bu keyfiyyətləri özündə daşımalıdır:

 

“Müəllim uşağı şəxsiyyət kimi qəbul edib, onun fikirlərinə və seçimlərinə hörmətlə yanaşmalıdır. Burada açar addım səmimi ünsiyyətdir. Müəllim gərək uşaqla onu düşündürən mövzularda müzakirələr aparsın, suallarına sadə dildə doğru və dəqiq cavablar versin. Uşaqla ünsiyyət qətiyyən yalan üzərində qurulmamalıdır. Uşağı tənqid etmək, nəyisə bacarmadığını ona hiss etdirmək olmaz. Əvəzində, uşaq müəlliminin ona inandığını bilməli, bacarmadığı hər şeyi tezliklə öyrənəcəyinə inanmalı və özünə güvənməlidir. Bu məqamda ünsiyyət uşağa təşəbbüskarlıq və cəsarət aşılamalı, uşağın çətinliklərini onun bacarığına çevirməlidir”.

 

Pedaqoq uşağın fiziki və emosional inkişafı üçün bağça müəlliminin valideynlərlə münasibətinin də əhəmiyyətli məqam olduğunu vurğulayır. Çünki, uşağa valideyn qədər yaxın olan və tanıyan ikinci şəxs yoxdur.

 

“Müəllim ailə haqqında dolğun məlumata sahib olmalı, uşağın mühitini bilməlidir. Ehtiyac olduğu halda valideynlər pedaqoji maarifləndirilməlidir. Ailəyə uşaqla bağlı sistemli məlumat verilməlidir. Valideyn mütləq pedaqoji fəaliyyətə cəlb olunmalıdır. Yəni, oyunlara, ekskursiyalara, bəzi məşğələlərin təşkil olunmasına və digər mümkün fəaliyyətlərdə valideynlərin də iştirakı uşağın inkişafına müsbət təsir edir”.

 

Bağça müəllimindən tələb olunan emosional bacarıqlar mövzusuna da toxunan müsahibimiz burada analiz bacarığının və təmkinin önəmli rol oynadığını bildirir:

 

“Uşaqlar öz həyatı boyu öyrənəcəkləri bacarıqlarının 70-80%-ini bağçada tamamlayırlar. Bu dövrdə bağça müəlliminin emosional bacarıqları çox vacib faktor kimi önə çıxır. Müəllim, əlbəttə ki, emosiyalarını doğru idarə etməyi bacarmalıdır. Bəzən görürsünüz ki, müəllim hər hansı kiçik hadisəyə çox böyük yəni, şişirdirilmiş reaksiya verir. Uşaq isə bu modeli norma kimi qəbul edir. Bu yolverilməzdir. Müəllim uşaqlar arasında yaranan konfliktlərə də doğru emosiya ilə yanaşmalı, onun həllinin ardıcıllığını uşaqlara göstərməlidir”.

 

Sonda Xalidə xanım bağça müəlliminin geyimində, danışıq tərzində nələrə diqqət yetirməli olduğu barədə də bizə məlumat verir. Bu mövzuya sırf  uşaq tərəfindən yanaşmaq lazım olduğunu deyir:

“Uşaq biz böyüklərin tərzini, davranışlarını, ünsiyyətini model olaraq görür. Buna görə də, müəllim uşaqlara nümunə olduğunu unutmamalıdır. Bağça mühiti həm də çevik, hərəkətli fəaliyyətlər tələb edir. Bütün bunları nəzərə alaraq bağça müəllimi rahat, lakin səliqəli geyimdə olmalıdır. Uşağa sakitlik hissini ötürmək üçün geyimdə və makiyajda neytral rənglərə üstünlük verilməli, danışıq tərzi də intonasiyalı və ahəngdar olmalıdır. Uşağa informasiyanı maraqlı təqdim etmək üçün jest və mimikalardan düzgün istifadə də önəmlidir”.

 

Xalidə xanım bağçalar üçün müəllim seçimi ilə bağlı öz təcrübəsini də bölüşür:

“Biz “Bağçam” uşaq bağçaları şəbəkəsinə müəllim seçimində namizədin pozitivliyi, təşəbbüskarlığı, zövqlü olmağı, uşaq yönümlü olmağı, uşağı sevməyi kimi məqamları əsas götürürük. Bağça müəllimi özü bilikli, bacarıqlı, dünya görüşlü olmalıdır. Bu şərtdir. Çünki, o, uşağın şəxsiyyətinin təməlinin qoyulmasında iştirak edir, gələcəyə bir şəxsiyyət yetişdirmək ilə məşğul olur. Ona görə bu peşə sahibi mütləq olaraq etiket qaydalarına düzgün riayət etməlidir”.