“Fiziki fəaliyyət uşaqların özünə inamını artırır”

Uşaqlıq körpəlikdən sonra inkişaf prosesinin ən sürətli dövrüdür. Bu prosesdə əldə edilən qazanclar fərdlərin gələcəkdəki münasibətlərinin və davranışlarının əsasını təşkil edir.

Xüsusilə zehni, idraki və mənəvi inkişaf bu dövrdə intensivlik qazanır, lakin fiziki fəaliyyət olmadan həmin inkişafa nail olmaq mümkünsüzdür. Günümüzdə texnologiyanın inkişafı insanların daha çox passiv həyata üstünlük vermələrinə səbəb olub və bu yeni həyat tərzi uşaqlara da birbaşa öz təsirini göstərir.

Fiziki fəaliyyət və idmanın uşaq inkişafına təsiri haqqında daha ətraflı məlumat almaq üçün “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin rəqs müəllimi Veronika Qrişanın fikirlərini öyrəndik.

Müsahibimiz bildirir ki, sağlam həyatın əsasını təşkil edən əsas məqamlardan biri gündəlik həyata keçirilən fiziki fəaliyyətlərdir:

“Uşaqların fiziki fəaliyyətinə sadə idman hərəkətləri, rəqs, gimnastika kimi məşğuliyyətlər daxildir. Bu növ fəaliyyətlərinin mütəmadiliyi onların ümumi inkişafı üçün çox faydalıdır. Yalnız düşünmək lazım deyil ki, fiziki fəaliyyətlər uşaqların sadəcə fiziki inkişafına kömək olur. Fiziki fəaliyyət uşaqların özünə inamını artırır, bədənlərini tanımasına kömək edir, sosiallaşmasına, dünyanı daha fəal öyrənməsinə, sağlam böyüməsinə və inkişafına dəyərli töhfələr verir. Həmçinin intellektual və psixoloji cəhətdən inkişafa da dəstək olur”.

Veronika xanım qeyd edir ki, uşaqlar hər yaş dövrünün xüsusiyyətlərinə uyğun müxtəlif növ fiziki fəaliyyətlərlə məşğul olmalıdır:

“Uşaqların fiziki cəhətdən aktiv olması üçün bir sıra fəaliyyətlər həyata keçirilməlidir. Açıq havada oynamaq, səhərlər idman etmək, gimnastika ilə məşğul olmaq olar. Uşaqların qabiliyyətlərini inkişaf etdirmək üçün müxtəlif idman növləri ilə də məşğul olması vacibdir. 2 yaşından sonra idman məşğələləri həftədə ən azı bir dəfə keçirilməlidir. Bu, uşağın dərslərə alışması, məşqləri yadda saxlamasına kömək olur. 3 yaşdan 5 yaşa qədər uşaq gündə 3 saat hərəkət etməlidir. Demək olar ki, bu yaş dövründə uşaqların günlərinin 60%-i  aktiv, hərəkətli keçir. Bu səbəbdən həftədə ən azı 2 dəfə müəyyən idman növü üzrə məşq etmək olar”.

Müsahibimiz əlavə edir ki, fiziki fəaliyyət nəinki uşaqların inkişafına, bununla yanaşı əhval-ruhiyyəsinə də müsbət təsir göstərir:

“İdman damarlarda qanı daha sürətli dövr etdirir və ürəyin daha səmərəli işləməsini təmin edir. Həmçinin tənəffüs fəaliyyətini nizamlayır və sinir sistemini sakitləşdirir. Uşaq aktiv deyilsə, bunun səbəbləri onda düzgün rejimin formalaşmaması, yorğunluq, qidalanmada səhvlər və yuxu rejiminin  pozulmasıdır. Valideynlər mütləq uşaqların yuxu rejiminə, qidalanmasına nəzarət etməli, açıq havada onlarla çox vaxt keçirməli, fiziki cəhətdən aktiv müxtəlif növ oyunlar oynamalı, iqlimə uyğun geyiminə nəzarət etməli, uşağın hərəkətinə mane olmamalıdır”.

Sonda, Veronika xanım “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin bu istiqamətdə gördüyü addımlar haqqında da məlumat verir:

“Bağçam” Uşaq Bağçaları Şəbəkəsində uşaqların fiziki cəhətdən aktivliyini qoruyub saxlamaq üçün müxtəlif növ fiziki fəaliyyətlər təşkil edirik. Daim səhər məşqləri keçirik ki, bu da uşağın günə gümrah başlamasına kömək edir. Oyunlar, rəqs saatları, gimnastika məşğələlərimiz var. Həmçinin uşaqlar arasında estafet yarışları da təşkil edirik. Tez-tez uşaqlarla təmiz havada gəzintiyə çıxırıq. Bu kimi fəaliyyətlər uşaqları daha güclü və sağlam edir”.

Duyğuların uşaqların inkişafındakı önəmi

Duyğular həyatımızı anlamağa güclü təsir göstərir. Qərarlarımızı verərkən, hər hansı faəliyyəti yerinə yetirərkən, şəxsi münasibətlərimizdə və demək olar ki, həyatın hər aspektində duyğular önəmli yer tutur. Duyğularını anlamaq həyatı daha asan yaşamağa kömək edir.

Bizim üçün daha sadə olsa da, uşaqlar həmişə öz duyğularını şərh edə və başqalarının duyğularını anlaya bilmirlər. Duyğuları anlamaq üçün uşaqlara dəstək olmaq lazımdır.

Bu mövzuda daha çox məlumat əldə etmək üçün “Bağçam” Uşaq Bağçaları şəbəkəsinin psixoterapevti Aynur Hüseynli ilə söhbətləşdik.

Aynur xanım bildirir ki, uşaqların inkişaf dövrünə nəzər salsaq burada fiziki, sosial, koqnitiv eyni zamanda, duyğusal inkişaf özünü göstərir. Bu inkişaf sahələrinin birində müəyyən qədər əksikliyin və ya geriləmənin olması ümumi inkişafa ciddi təsir göstərir:

“Uşaqlar doğulduğu gündən etibarən duyğusal fonda inkişaf edir. Bura onun ünsiyyətə daxil olması, bir sıra təməl bacarıqları əldə etməsi, emosional bağ qura bilməsi və s. kimi  duyğular aiddir. Duyğusal inkişafın nəticəsində uşaqlar təməl hisslərə sahib olur. Burada sevinc, əsəb, qorxu eyni zamanda, məyusluq hissini qeyd edə bilərik. Mənlik hissinin inkişaf etməsi, uşağın fərd kimi formalaşması ilə əlaqədər olaraq bu duyğusal sfera daha da genişlənir. Genişlənmə nəticəsində o yeni duyğuları kəşf edərək xarakterini zənginləşdirir. Lakin nəzərə almalıyıq ki, duyğular təkcə uşaqlıq dövründə öyrənilmir, körpəlikdən yetişkinliyə, hətta yetişkinlik dövründən sonra belə insan duyğuları inkişaf edir”.

Psixoterapevt onu da qeyd edir ki, uşaqlar erkən yaş dövründən başlayaraq gördüklərini təqlid edərək öyrənirlər. Bura duyğular da aiddir. Buna görə də onların ətraf mühitinə, ilkin olaraq da ailə çevrəsini nəzərə almaq lazımdır. Bu mühit onlara doğru rol model olmalıdır. Valideynlər uşaqların duyğularına diqqət yetirməli, duyğuları adlandırmağa kömək etməli və hər duyğunun insana təsirinə izah verməlidirlər:

“Ən həssas nöqtə ailə çevrəsidir. Ailədəki fərdlər təkcə uşaqlarla deyil, uşaqların olduğu mühitdə digər şəxslərlə davranışlarında da duyğularını düzgün ifadə etməyi bacarmalıdırlar. Erkən yaş dövründə bağçalar, məktəbəqədər təhsil mərkəzləri də bu mövzuda məsuliyyət daşıyırlar. Belə müəssisələrdə uşaqlarla duyğulara həsr edilən oyunlar, məşğələlər keçirilməlidir. Çünki, uşaqlar bu yaş aralığında məhz bəzi şeyləri oyunlar oynadıqca əldə edirlər. Yaradılan şərait qayğılı, isti, mühakimə və cəzadan uzaq mühit olmalıdır. Belə ki, uşaqlar burada duyğuların nə olduğunu rahat formada öyrənəcək, onları qəbul edəcək, mühakimə olunmayacağını başa düşdüyü üçün rahat formada böyüklərlə kommunikasiya qura biləcəklər. Uşağın duyğularının ifadəsində neqativ hal müşahidə olunarsa, onu tənqid etmədən, doğru yönləndirmək lazımdır.

Biz onları sakitləşdirə bilməli, hətta aqresiv duyğularında belə onları davranışlarına deyil, həmin duyğularına fokuslamalı və duyğunu anlamağına kömək etməliyik”.

Müsahibimiz əlavə edir ki, hər bir uşağın duyğuları bir-birindən fərqlidir, dəyişkəndir. Bu fərqliliyin səbəbi uşağın sinir sisteminin inkişafı, psixoloji vəziyyəti, xarakteri, ətraf mühit faktorları və s. kimi səbəblər yer tuta bilir. Duyğusal həssas uşaqlar öz işlərində yüksək nəticə göstərən, öz duyğularını, həmçinin ətrafındakı insanların duyğularını daha yaxşı tanıyan, bunlara məna verən insanlar olur, ancaq bəzi hallarda sosial hadisələrə özlərini tam adaptasiya edə bilmirlər. Utancaq uşaqların da sosial fobiyası olduğu halda bu iki xüsusiyyət eyni sayılmamalıdır:

“Uşaqlar ətrafında baş verən hadisələri və müzakirə olunan mövzuları dərindən hiss edirlərsə, bu onların psixoloji vəziyyəti ilə deyil, sinir sisteminin bu şəkildə inkişaf etməsi ilə bağlı yaranmış haldır. Hadisələri dərindən duyan və oradakı neqativ, məyusedici məqamlara köklənən uşaqlar məsələlərin həllinə də bu məqamları əsas götürərək yanaşırlar. Belə uşaqlar qərar verməkdə çətinlik çəkə bilir. Yanlış qərar verdiklərini düşündükləri halda da həmin vəziyyətdən çevik formada qopa bilmirlər. Eyni zamanda hər zaman ədalət axtraşındadılar. Dostyana aparılan söhbətlərdə olan kiçik mühakimələr belə onları tez təsirləndirir. Duyğusal həssas uşaqlar daha çox içə dönük kimi adlandırılsa da, əslində bu hər zaman belə olmur. Nəzərə almaq lazımdır ki, 30% hallarda onlar ekstrovert olur, sosial faəliyyətlərdə aktiv iştirak edir, sosial münasibətləri də yaxşı formada qurmağı bacara bilirlər”.

Sonda Aynur xanım emosional zəkanın intellektual zəka kimi uşaqların inkişafında böyük əhəmiyyətə malik olduğunu, hətta, emosional zəkanın bəzi hallarda daha da  önəmli ola biləcəyini bildirir:

“Duyğuları bilmək, öyrənmək, idarə etməyi bacarmaq, ətrafdakı insanların hislərini anlamaq, onlarla necə münasibət qurmağı bilmək və s. kimi bacarıqlar uşaqların emosional zəkasını inkişaf etdirir. Emosional zəka hər yaşda öyrənilə bilən və hər yaşda bərpa oluna bilən bir dönəmdir. Uğurlu kariyera, yaxşı qurulmuş sosial münasibətlər, qazanılmış akademik bacarıqlar emosional zəka ilə birbaşa əlaqəlidir. Bu səbəbdən də insan həyatında önəmli rol oynayır”.

Övladlarımızla oynaya biləcəyimiz milli oyunlar

Oyun uşaqların əqli və fiziki inkişafının açarıdır. Belə ki, oyunlar uşaqları həm fiziki aktivliyə cəlb edir, həm də yaddaşın möhkəmlənməsinə, diqqətin artırılmasına, hesablama vərdişlərinin yaranmasına kömək edir.

Oyun zamanı uşaqlar bacarıqlarını, iradəni, dözümü, əzmini nümayiş etdirir, qələbəyə can atma, birincilik əldə etmə istəyi ilə əlaqədar olaraq yaradıcı fantaziyalarını işə salırlar. Odur ki, bu baxımdan oyunları yaradıcılıq fəaliyyəti də hesab etmək olar.

Müşahidələr göstərir ki, müasir dövrdə uşaqların oyun anlayışı virtual oyunlarla məhdudlaşır. Təkcə ekrana yönələn diqqət isə bədəni hərəkətsiz saxlayır. Hərəkətsiz qalan uşaq inkişafdan qalır. Bununla yanaşı valideynlər övladlarının oynadıqları virtual oyunların hər birinin strategiya və fəlsəfəsi ilə tanış ola bilmir. Virtual oyunlar vasitəsilə uşaqlara ötürülən dəyərlər çox vaxt bizim milli-mənəvi dəyərlərimizdən fərqlənir.

Valideyn olaraq övladlarımızın milli ruhda böyümələri üçün onlara müxtəlif istiqamətlər verə, milli oyunlarımızı onlara öyrədə bilərik.

Sizə bir neçə milli oyun nümunəsi təqdim edirik:

“Üzük gizlətmə”

Xalça üstündə uşaqlar dairəvi otururlar. Oturan uşaqların birinin əlində üzük olur. Bir uşaq isə ayaqüstə gözləyir. Ortaya böyük süfrə salınır. Oturan uşaqlar əllərini süfrənin altında gizlədirlər. Uşaqlar süfrənin altında üzüyü bir-birlərinə ötürürməyə başlayırlar. Bu zaman bütün uşaqlar əllərini hərəkət etdirir ki, hərəkət ardıcıllığını izləmək mümkün olmasın. Kənarda duran uşaq “Dayan” deyərək, ötürməni saxlayır. Həmin uşaq üzüyün kimdə olduğunu tapsa, üzük olan uşağın yerinə, üzük olan uşaq isə kənarda olan uşağın yerinə keçir. Lakin uşaq uduzsa, cərimə olunur. Uşaqların arzusu ilə oynayır və ya oxuyur.

“Gözbağlıca”

Oyunu açıq havada və ya geniş otaqda keçirmək olar. Uşaqlar dairəvi dayanırlar. Uşaqların üzləri mərkəzə doğru olmalıdır. Uşaqların birini dairənin mərkəzinə gətirib, gözü yaylıqla bağlamaq lazımdır. Uşaq bir neçə dəfə yerində fırlanır. Daha sonra uşaq gedib yoldaşlarının birinə əlini toxundurub tanımalı və adını deməlidir.

Gözü bağlı uşaq yoldaşını tapsa, açıb həmin tanıdığı yoldaşının yerində durur. Yoldaşı isə onu əvəz edib oyunu davam etdirməlidir, gözü bağlı yoldaşını tanımasa, uşaqların hamısı bir ağızdan deməlidir: ”tanımadın”. Bu zaman könüllü bir uşaqla yerini dəyişir.

“Bənövşə”

Bənövşə oyunu çox qədim oyunlardandır. İştirakçılar iki dəstəyə bölünüb, on addım məsafəni üzbəüz dayanırlar. Hər dəstədə olan uşaqlar bir-birinin əlindən möhkəm tutub sıra düzəldirlər. Dəstələrdən biri oyuna başlayır. Bir nəfər o biri dəstəyə müraciət edərək deyir:

-Bənövşə!

Onlar cavab verirlər:

– Bəndə düşə.

– Bizdən sizə kim düşə?

– Sizdən bizə Ramin düşə. (Qarşı dəstədəki uşaqlardan birinin adını söyləyirlər)

Bu zaman Ramin dəstədən aralanaraq bir qədər arxaya çəkilir və var qüvvəsi ilə qabaqdakıların əllərini “qırmaq” üçün sürətlə qaçıb özünü onların əlləri üstünə atır. Əlləri qıran oyunçu, o biri dəstədən bir nəfəri də özü ilə dəstələrinə əsir aparır. Qıra bilməsə, o zaman özü onların dəstələrində əsir qalır. Bəzən axırda bir dəstə o biri dəstənin oyunçularını bütünlüklə çəkib aparır və iki dəstə birləşir.

“Səsindən tanı”

Bu oyunu otaqda və yaxud açıq havada aparmaq olar. Uşaqlar bir kənarda sıra ilə dururlar, bir uşaq isə mərkəzə gəlir və gözü dəsmalla bağlanılır. Mərkəzdə duran uşaq üçün digər uşaqlardan biri hər hansı heyvanın səsini çıxarır. Gözü bağlı uşaq yoldaşını tanımalı və adını deməlidir. Əgər yoldaşını tanısa, o uşaq onu əvəz edir. Tanımasa yenə gözünü bağlayıb oyunu davam etdirir.

Oyun zamanı bütün uşaqlar sakit durmalıdırlar.

Heyvanı təqlid edən uşaq yoldaşlarından iki addım aralı durub səs çıxartmalıdır.

“Boğça-boğça”

Oyunu otaqda və ya açıq havada aparmaq olar. Uşaqlar əl-ələ tutub dairəvi formada çöməlirlər.

Bir uşaq aparıcı təyin edilir. Həmin aparıcıda yaylıq olur. Oyunu aparan uşaq yəni “aparıcı” bu sözləri üç dəfə ahənglə təkrar edərək deyir:

– A boğça-boğça-boğça!

Yerdə qalan uşaqlar isə cavab olaraq deyirlər:

– Gəlin oxuyaq hamılıqca!

Oyunu aparan uşaq yaylığı uşaqlardan birinin çiyninə salmalıdır. Çiyninə yaylıq qoyulan uşaq yaylığı əlinə alıb ayağa qalxmalı, aparıcının dalınca qaçıb onu tutmalıdır. Aparıcı bir qədər qaçdıqdan sonra yaylığı verdiyi uşağın yerini tutmalıdır. Yoldaşının yerini tuta bilməyən (aparıcı) uşaq oyundan kənar edilir və uduzmuş olur. Hər dəfə oyun yenidən təkar edildikdə oyunu uduzan uşaqlar oyuna dəvət edilməlidirlər.

Bütün bu oyunlar uşaqlardan böyük məharət tələb edir. Onlarda sağlam rəqabət hissi meydana gətirir, sosiallaşmaqlarına yardım edir.

Keçmişimizdən bu günümüzə qədər yadigar qalmış milli uşaq oyunlarımız balacalarımızın təfəkkürünün, dünyagörüşünün inkişafında, sosial-psixoloji keyfiyyətlərinin zənginləşməsində olduqca müsbət rol oynayır. Biz də öz növbəmizdə çalışmalıyıq ki, milli oyunlarımızı yaşadaq və gələcək nəsillərə ötürək.

Rəqəmsal dünyada uşaqlara kitabı sevdirmək üçün tövsiyələr

Keçmişin və indinin mədəniyyətlərini, elmini, nailiyyətlərini özündə əks etdirən kitablar insanın hər tərəfli inkişafına öz töfhəsini verən əsas vasitələrdəndir. Kitab oxumaqla erkən yaşdan öyrənilən biliklər gələcəyin müstəqil fərdlərinə bələdçi olur.

Kitab oxumaq uşaqlarda oxuma, yazma və danışma bacarıqlarını təkminləşdirir.  Yaddaş və zəkanın güclənməsinə kömək edir. Müntəzəm oxu ilə uşaq söz ehtiyatını artırır, dünyagörüşü genişlənir, lakin rəqəmsallaşan dünyanın yeni nəsil uşaqları texnikaya kitabdan daha yaxıdır.

Uşaqlara kitab oxumaq vərdişini qazandırmaq səbir tələb edən prosesdir. Erkən yaşda bu vərdişə yiyələnən uşaqların özünə inamı artır, qazandıqları biliklər onların mədəni şəxsiyyət kimi yetişməsinə şərait yaradır.  Unutmayın ki, uşaqlar bu vərdişi təkbaşına inkişaf etdirə bilməzlər və onların daim sizin dəstəyinizə ehtiyacı var.

Uşaqları kitaba necə yaxınlaşdıra bilərik? Sualına cavab olaraq bir neçə tövsiyəmiz var:

 

Rol model olun

Valideynlər övladlarını özlərindən fərqli böyütmək istəsələrdə, uşaqlar hər zaman böyüklərini təqlid edirlər. Uşaqlarınızda kitab oxumaq vərdişi yaratmaq istəyirsinizsə, ilk növbədə siz oxumağa başlamalısınız. Bir müddət sonra uşağınızın oxuduğunuz kitablarla bağlı sizə suallar verməyə başladığını görəcəksiniz. Sizinlə yaratdığı bu kommunikasiya ilə oxumaq vərdişinin təməli qoyula bilər. Oxumağı əyləncəli bir fəaliyyətə çevirin və həmişə onları oxumağa təşviq edin. Davamlı bir səylə uşağınıza erkən yaşda oxuma sevgisini aşılaya bilərsiniz.

Uşağınızın maraqlarını tanıyın

Ailələrin kitab seçərkən diqqət etməli olduğu ən mühüm məqam onların yaş səviyyəsinə və maraq  dairəsinə uyğun kitab seçməkdir. Uşağınızın hansı kitablara marağı olduğunu bilmək üçün onu kitab mağazasına və ya kitabxanalara aparıb birlikdə vaxt keçirin və onu müşahidə edin. Hansı kitablar diqqətini cəlb edirsə, oxumağı üçün həmin kitabları seçin.   

Evinizdə kitab guşəsi yaradın

Evinizdə uşaqların asanlıqla kitabları əldə edə biləcəyi guşə yarada bilərsiniz. Bu yolla uşaqlar istədikləri zaman kitab götürüb oxuya bilərlər. Maraqlarını öyrəndikdən sonra onlara uyğun digər kitabları və uşaq jurnallarını da kitab guşəsinə yerləşdirə bilərsiniz.

Uşaqlarınıza erkən yaşdan kitab oxuyun

Uşaqlar yazıb-oxumağı öyrənmədən kitab oxuya bilməsələr də, kitab sevgisi çox erkən yaşlarında qazanıla bilir. Məktəbəqədər dövrdə uşaqlara yatmazdan əvvəl mütəmadi olaraq kitab oxumaq onun kitaba olan marağını artıracaq.

Kitab oxuyarkən aşağıda sadalanan tövsiyələri də yerinə yetirə bilərsiniz:

– Oxuma prosesi yavaş və emosional olmalıdır.

– Kitab oxuyarkən məzmun və personajlar haqqında düşünmək üçün uşağa fasilə verilməlidir.

– Oxunan hekayə ilə uşağın əvvəlki təcrübələri arasında əlaqə yaratmağa çalışılmalıdır.

– Kitab oxunduqdan sonra müzakirə olunmalı, uşağın hekayəni bəyənib-bəyənmədiyi müəyyən edilməlidir.

– Uşağa kitab oxumağın zövqlü olduğu hissi ötürülməlidir.

– Əgər əvvəllər oxunmuş hekayə yenidən oxunursa, uşaq ağlında qalanları danışmağa təşviq edilməlidir.

– Uşaq həm oxuyanda, həm də dinləyəndə təriflənməli və dəstəklənməlidir.

 

İncəsənət və yaradıcılığın övladınızın inkişafında oynadığı rol

“Yaradıcılıq fəaliyyətini əhatə edən məşğələlər uşaqların incəsənət qabiliyyətini üzə çıxarır. Bundan əlavə, belə məşğələlər uşaqların dünyagörüşünü də inkişaf etdirir”.

Bu sözləri “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin Teatr müəllimi Elşad Rəhimzadə “İncəsənət və yaradıcılığın uşaqların inkişafında oynadığı rol” mövzusunda müsahibəsində deyib.

Dünya İncəsənət Günündə Elşad bəylə olan müsahibəni sizə təqdim edirik.

 

– Elşad bəy, yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi uşaqlar üçün nə dərəcədə önəmlidir?

Yaradıcılıq uşaqların düşüncə və dünyagörüşündə əhəmiyyətli rol oynayır. Belə ki, uşaqları kiçik yaşlarından incəsənətin bir çox sahələrinə yönəltdikdə onlarda özgüvən formalaşır. Xüsusən, teatr sənəti uşaqların ünsiyyət və sosial həyatında yeganə canlı mexanizmdir. Səhnədə çıxış etmək uşaqlarda çəkingənlik, fikri ifadə edə bilməmək və ünsiyyət zamanı kompleks yaşamaq kimi halları aradan qaldırır.

Şəbəkəmizdə teatr məşğələləri uşaqlar üçün təkcə maraqlı əyləncə deyil. Belə məşğələlərdə uşaqlar sənətin sehrini duyur.

– Necə düşünürsünüz, incəsənətlə məşğul olduqda uşaqlarda hansı bacarıqlar formalaşır?

İncəsənətlə məşğul olan uşaqlar daha yaxşı ünsiyyət qura bilən, düzgün qərar verən və öz bacarığı ilə seçilənlərdən olur. Uşaqlar yaradıcı potensiallarını üzə çıxarmaq və o potensialı sənət əsərinə çevirmək üçün fantaziyalarından istifadə edir. Bu da öz növbəsində onlara səbr və özünə nəzarət bacarıqları inkişaf etdirir.

– Bəs valideynlər övladlarının yaradıcı potensialını necə üzə çıxara bilərlər?

Valideynlər övladlarında yaradıcı potensialı üzə çıxarmaq üçün tez-tez uşaqları ilə birgə teatra, kinoya, konsertə, muzeyə, sərgilərə getməlidir. Valideyn belə məkanlarda uşaqların marağını müşahidə etməli, nəyə daha çox həvəs göstərdiyini müəyyənləşdirməlidir. Bundan sonra uşağın maraq göstərdiyi incəsənət növündə məşğələlərə yönləndirmək, onların marağını inkişaf etdirib, potensialını üzə çıxarmaq lazımdır.

– Son olaraq, Şəbəkəmizə daxil olan bağçalarda yaradıcılıq məşğələləri necə təşkil olunur?

Şəbəkəmizdə uşaqlar teatr məşğələsində aktyorluq sənətinin sirlərini öyrənirlər. Onlara səhnədə çıxış etmək, jest və mimikalardan düzgün istifadə öyrədilir. Bunlarla yanaşı pantomima məşğələlərimizlə uşaqlar sözlər olmadan da özlərini ifadə etməyi sınayırlar. Obrazlı ifadə tərzini öyrənmək, müxtəlif obrazların dilindən danışmaq üçün ən effektiv üsullardan olan, uşaqların da çox sevdiyi kukla teatrı məşğələləri də təşkil edirik.  Uşaqlar səhnəciklərdə tamaşanın ruhunu duyur, musiqinin və obraz dilinin ritmini hiss edirlər. Hər bir səhnəciyimiz üçün qrim edilir, kostyum tərtibatı hazırlanır. Beləliklə, uşaqlar qısa zaman ərzində bütövlükdə aktyorluq sənətinin tələblərini hərtərəfli öyrənir və bu tələblərə öz yaradıcı duyumları ilə cavab verirlər. Hər il tədris planının sonunda uşaqlar şəhər teatrlarının səhnələrində öz səhnəcikləri ilə çıxış edərək bacarıqlarını nümayiş etdirilər.

Sonda valideynlərin diqqətinə bir məqamı çatdırmaq istəyirəm. Unutmayın ki, övladınızın yaradıcı olması dünyaya daha pozitiv baxmasına gətirib çıxarır.

Samirə Dünyamalıyeva: “Həyatdakı ən vacib əlaqə valideyn-övlad münasibətidir”

Uşaqlarda ilkin kommunikasiya bacarıqlarını formalaşdıran amillərdən biri də valideyn-övlad münasibətinin düzgün qurulmasıdır. Uşaqlıq dövründən başlayan bu münasibət onlarda idrak mexanizminin təkminləşməsinə və insanlar arasındakı münasibətlərin əsasını dərk etməsinə kömək edir.

Valideyn-övlad münasibətini necə düzgün qurmaq olar? Bu münasibətdə valideyn öhdəlikləri nələrdir? bu kimi sualların cavabını almaq üçün “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin baş direktoru Samirə Dünyamalıyeva ilə söhbətləşdik.

Samirə xanım bildirir ki, insan həyatındakı ən vacib əlaqə valideyn-övlad münasibətidir. Uşaqların həyatlarında quracaqları digər əlaqələr üçün istinad nöqtəsi məhz kiçik yaşdan valideynləri ilə  qurduğu bağdır:

“Hər şeydən əvvəl bilməliyik ki, uşağın ana ilə qurulan münasibəti həyat boyu yaradacağı bütün əlaqələrin əsasını təşkil edir. Ana və körpə arasındakı doğru ünsiyyət etibarın əsasını təşkil edir. Körpənin emosinal ehtiyacı ödənilməzsə, körpə özünə inamsız və narahat olur.

Ata ilə uşaq arasındakı münasibət, ana ilə uşaq arasındakı münasibət qədər vacibdir. Körpəlikdən başlayan bu ünsiyyət onu gələcəyə hazırlayır. Yaranan əlaqə nə qədər sağlam və güclü olarsa, uşaqlar da bir o qədər sağlam gələcəyə hazır olurlar.

Valideyn-övlad münasibətlərində həddindən artıq inciklik varsa, onları düzəltmək çox çətindir. Övladlarınızla qurduğunuz münasibətdə təqdir, sevgi, maraq və dəyər hissi nə qədər çox olarsa, övladlarınız da bir o qədər xoşbəxt, sevgi dolu və faydalı yetişkinlər kimi böyüyəcəklər”.

Müsahibimiz əlavə edir ki, valideynlər uşaqları ilə düzgün kommunikasiya qurarkən ilk növbədə onların inkişaf mərhələlərini bilməli və övladlarının inkişaf dövrünə uyğun davranmalıdırlar:

“Valideynlər övladlarını tanımaqdan başlamalıdır. Övladlarından yaşlarına və qabiliyyətlərinə uyğun tələblər etməli, öz yaşlarından yuxarı gözləntilər qoymamalıdırlar. Valideynlər övladlarının öz kiçik modelləri olmadığını, bacı-qardaşlarından, dostlarından fərqləndiyini qəbul etməli, onlara özünəməxsus intellekt və şəxsiyyət xüsusiyyətlərinə malik müstəqil fərd kimi yanaşmalıdırlar. Valideynlərin övladlarına “uyğun davranış”, nəyin doğru və ya nəyin yanlış olduğunu öyrətmələri üçün həm özlərinə, həm də övladlarına qarşı davranışlarında balanslı, ardıcıl və qərarlı olmalıdırlar. Belə bir əlaqə qurduqda uğurlu münasibətin əsası qoyulur”.

 

Valideyn-övlad münasibətindəki valideyn öhdəliklərinin vacibliyini də vurğulayan Samirə xanım uşaqların həm maddi, həm də mənəvi ehtiyaclarının qarşılanmasının onların inkişafına təsirini də qeyd edir:

“Valideynin öhdəliyi uşağın maddi və mənəvi ehtiyaclarını ödəməkdir. Maddi ehtiyaclar; qida, geyim, sağlamlıq kimi fiziki ehtiyaclardır. Mənəvi ehtiyac dedikdə isə sevginizi hiss etdirmək, rəhbər olmaq və onlara vaxt ayırmaqdır. Valideynlərin əsas vəzifəsi də elə bu ehtiyacları qarşılamaqdır. Həmçinin, valideynlərin vəzifəsi uşağı həyatının bütün sahələrində lazım olacaq təhsilə yönəltməkdir. Onların bacarıqlarına uyğun yol göstərmək, həvəsləndirmək və dəstək olmaqdır. Ümumi olaraq valideynlər övladlarına empatiya hissini, ədalətli olmağı, insanların hisslərinə hörmət etməyi, yaxşını pisdən ayıra bilməyi öyrətməli, səhv etməsinə imkan yaradaraq mühakimə və mütaliə etmək qabiliyyətini inkişaf etdirməlidir. Bu bacarıqları aşılamadan öncə valideynlər övladlarına nümunə olmalıdır”.

 

Düzgün kommunikasiyanın faydaları haqqında da danışan müsahibimiz uşaqların sosial və cəsarətli fərd kimi formalaşamasında bu münasibətin birbaşa təsir etdiyini söyləyir:

“Valideynlər övladlarının özlərini idarə edə bilməsi və düzgün dəyərlərə sahib olması üçün mühit hazırlamalıdır. Yaradılmış mühit uşaqların məsuliyyət hissini inkişaf etdirməli, onları yaranan hadisələrin nəticələri ilə baş-başa buraxmalı,  hüquq və azadlıqlarının sərhədlərini öyrətməlidir. Kifayət qədər dəstəyin göstərildiyi bu mühitdə valideynlərin verdiyi intizam və tərbiyə müsbətdir. Uşağın iradəsinə heç vaxt mane olmamalı, davranışlarına tolerant yanaşılmalı və düzgün hesab edilməyən davranışlar yumşaq şəkildə düzəldilməlidir. Belə bir çevik mühitdə uşaq cəsarətli və sosial fərd kimi böyüyür. O, həyatını konstruktiv səylər üzərində qurmağı öyrənir”.

 

Sonda Samirə xanım “Bağçam” Uşaq Bağçası Şəbəkəsinin bu mövzuda gördüyü işlər barədə də ətraflı danışır:

“Valideyn və uşaqlar arasında ünsiyyətin, əlaqənin vacibliyini dərk edərək “Bağçam” Uşaq Bağçaları Şəbəkəsi yarandığı ilk gündən fəaliyyətinə valideynləri də cəlb edir. Bu istiqamətdə bir sıra layihələrimiz də mövcuddur. Bunlardan biri “Mənim Valideynim, Mənim Müəllimim”dir. Layihənin məqsədi valideynlərin peşələrinə və ya maraqlarına uyğun mövzularda övladları ilə birgə məşğələ – təqdimat hazırlamasıdır. Artıq 10 ilə yaxındır keçirilən bu layihə hələ də aktivliyini saxlayır.

Valideyn – uşaq kommunikasiyasına dəstək olan digər layihəmiz isə “Nənə – Baba Günləri”nin keçirilməsidir. Bu gün çərçivəsində böyük valideynlərimiz olan nənə və babalar uşaq bağçasına dəvət olunur, onlar üçün xüsusi tədbir proqramı hazırlanır. Belə günlər uşaqlarla ünsiyyətin inkişafına təkan verir.

Digər layihəmiz “Ailələr Yarışır” adlı valideyn və uşaqların birgə iştirak etdiyi idman və intellektual oyunlardan ibarət müsabiqədir.

“Bağçam” Uşaq Bağçaları Şəbəkəsi gündəlik fəaliyyəti zamanı da valideyn və uşaqlar arasında ünsiyyətin aktiv saxlanmasına çalışır. Bunun üçün evə müxtəlif mövzularda tapşırıqlar verilir və onların valideynlərlə birgə həll olunması tapşırılır. Həmçinin uşaqların müəssisəyə valideynlər tərəfindən gətirilməsinə və götürülməsinə diqqət olunur ki, bu zaman da uşaq və valideyn arasında ünsiyyət möhkəmlənir”.

Müasir dövrün uşaqları və milli bayramlarımız

Qədim bayramlarımızdan olan Novruz bayramı zəngin adət-ənənələrə malikdir. Olduqca rəngarəng olan bu bayram balacalarımızın sevimli bayramlarından biridir.

Müsahibimiz İndigo Qarayev Uşaq Bağçasının musiqi rəhbəri İsgəndərova Gültəkin milli bayramlarımızın uşaqlarda aşıladığı keyfiyyətlərdən danışdı.

Gültəkin xanım, necə düşünürsünüz, müasir dövrün uşaqları milli bayramlara nə dərəcədə meyillidir?

–  Dövr və texnologiya inkişaf etdikcə insanlar dövrün tələblərinə uyğunlaşır. Yeni əlamətdar günlər, beynəlxalq bayramlar qeyd olunur, amma bununla yanaşı milli bayramlarımızı da hər zaman qeyd edirik. Bu bayramlar bizim ruhumuzdan xəbər verir. Düşünürəm ki, bunu uşaqlar da hiss edir. Bu dəyərləri qoruyub saxlamaq da, gələcək nəsillərə  ötürmək də bizim üzərimizə düşür.

Milli bayramların uşaqların mənəvi keyfiyyətlərinin formalaşmasında rolu necədir?

–  Məsələn, elə bu günlərdə qeyd etdiyimiz Novruz bayramının bizim və uşaqların mənəvi keyfiyyətlərinin formalaşmasında rolu böyükdür. Novruz adət-ənənələrimizdən hər kəsin tonqal başına toplaşmağı, müxtəlif növ şirniyyatlar hazırlamaqları, yallı rəqsi, yaşlıları ziyarət etmək kimi adətlər uşaqlarda həmrəyliyi, birlik, yardımlaşma, mehribanlıq kimi keyfiyyətləri formalaşdırır.

Bəs sizcə, uşaqlarda aiddiyyat, milli kimlik duyğusunun formalaşması niyə vacibdir?

–  Belə bir deyim vardır ki “Öz tarixini bilməyən xalq, məhvə məhkumdur”. Azərbaycan xalqı qədim xalqdır. Öz tarixini, kökünü, mənşəyini  bilən xalqlar hər yerdə hörmətlə, böyük ehtiramla qarşılanır. Biz də bunu gələcək nəsillərə, övladlarımıza aşılamalıyıq. Çünki, bu duyğuya sahib olmaq hərkəsə özgüvən duyğusu verir. Uşaqlara milli dəyərlərimizi aşılamağın ən başlıca yolu, dəyərlərimizi özümüz qoruyub saxlamağı və yaşatmağıdır. Çünki, uşaqlar bizdən bunu görsələr, onlar da bu cür davam edəcəklər.

Şəbəkəyə daxil olan bağçalarda Novruz bayramı necə qeyd olunur?

–  Şəbəkəmizə daxil olan bağçalarda Novruz bayramı şənlikləri- Kosa-Keçəl, Bahar qızının iştirakı ilə keçirilir. Şənliyə qədər Novruz çərşənbələri qeyd olunur, uşaqlarla birgə xonça hazırlanır, yumurta boyanır. Şənlikdə yallı rəqsi edilir, Kosa və Keçəl uşaqlarla birgə milli oyunlar keçirir.

Müsahibəmizin sonunda Gültəkin xanım Azərbaycan xalqını xüsusilə, balacalarımızı təbrik edib, sevincli günlər arzuladı.

Texnoloji vərdişlərin uşaqların inkişafına təsiri – Psixoloq rəyi

Texnoloji vasitələrin həyatımızdakı rolu əvəzedilməzdir. Bizə lazım olan bütün informasiyaları onlardan əldə edə bilərik. İstər ünsiyyət, istərsə də əyləncə vasitəsi kimi istifadə etdiyimiz bu texnoloji alətlər əksər insanlarla gün boyu birlikdədir. Rəngarəng interfeysi ilə uşaqların da rəğbətini qazanan müasir texnologiyalar müsbət tərəfləri ilə yanaşı, müəyyən mənfi cəhətləri də özündə birləşdirir. Bəzi hallarda bu vasitələrdən istifadə asılılığa gətirib çıxarır ki, bu da sağlamlığa zərər yetirir.

Texnoloji alətlərin uşaqlara təsiri haqqında geniş məlumat almaq üçün “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin Psixoloqu Tamila Çubanova ilə söhbətləşdik.

Tamila xanım bildirir ki, 4 yaşına qədər uşaqların texnoloji alətlərdən istifadəsi tövsiyə edilmir.

“Erkən yaşda texnoloji alətlərdən istifadənin uşaqlara təsiri iki istiqamətli olur; fizioloji və psixoloji. Texnoloji alətlərdən istifadə  fizioloji olaraq  onurğa əyriliyi, göz problemi, kiçik və böyük motor bacarıqların inkişafında geriləməyə səbəb olur. Psixoloji təsir isə, əsasən, yorğunluq, reallığın və ya əldə olunan informasiyanın qavranılmaması, sosiallaşma, emosional durum və nitqdə geriləmə kimi simptomlarla hiss olunur. Ümumilikdə, 1,5 yaşa qədər uşaqların texnoloji alətlərdən istifadə etməsi tövsiyə edilmir. 1,5 – 3 yaş aralığında uşaqlar gün ərzində 10 dəqiqə,  3-6 yaş arası uşaqlar isə 15-30 dəqiqə ekranda nəsə izləyə və ya oyunlar oynaya bilərlər, bu halda böyük ekrandan istifadə etmək lazımdır”.

Uşaqlarda bu kimi təsirlər müşahidə olunduğu halda psixoloq mütəxəssisə müraciət etməyin vacib olduğunu bildirir:

“Mütəxəssis rəyi və tövsiyəsi ilə uşaq texnoloji alətlərdən uzaq saxlanılmalıdır. Fiziki və psixoloji sağlamlığı üçün vaxtının daha çoxunu açıq havada keçirməli, həm hərəkətli, həm də stolüstü oyunlarla, öyrədici kitablarla boş vaxtını səmərəli istifadə etməlidir. Emosional idrakı gücləndirilməli, həmçinin sosial münasibətləri tənzimlənməlidir. Uşaqları texnoloji alətlərdən uzaqlaşdırarkən valideynlər də nümunə olmalıdır. Biz texnoloji alətləri həyatımızdan çıxara bilmərik. Sadəcə, bu avadanlıqlardan səmərəli şəkildə istifadəni uşaqlara öyrətməliyik. Özümüzlə birgə uşaqların bu vasitələrdən istifadə vaxtını tənzimləməliyik”.

Valideynlərin də bu mövzuda diqqətli olmasını  vurğulayan müsahibimiz uşaqların həyatında valideyn qayğısının önəmli rol oynadığını söyləyir:

“Valideyn mütəmadi olaraq texnoloji alətlərdən istifadə edirsə, uşağa az diqqət ayırır. Beləliklə, uşaq və valideyn münasibəti zəifləməyə başlayır. Fiziki olaraq valideyn uşaqların yanında olsa da, emosional olaraq bağlar möhkəm qurulmur. Real ünsiyyət az olduğuna görə də uşaqların nitqində qüsurlar yaranır. Hətta, bu, uşaqlarda davranış pozuntusuna qədər gətirib çıxara bilir”.

Sonda psixoloq “Bağçam” uşaq bağçası şəbəkəsinin bu mövzuda gördüyü işlər barədə də məlumat verir:

“Biz məşğələ mühitində texnoloji alət olaraq səs ucaldıcılar və televizorlardan istifadə edirik. Bu vasitələr uşaqlarda eşitməni və vizual qavramanı, idrakı möhkəmləndirir həmçinin, davranış və oyun bacarıqlarını inkişaf etdirir. Lakin hazırda ailələrdə geniş istifadə edilən ağıllı telefonlar, planşetlər, kompüterlər həmin bacarıqların inkişafında rol oynamır. Bundan əlavə, deyə bilərəm ki, bağça mühiti ümumilikdə uşaqların özünü daha yaxşı anlamasını təmin edir və başqaları ilə qarşılıqlı əlaqə qurmağı öyrədir”.

Fövqəladə vəziyyətlərdə uşaqların davranış qaydaları

Yaşadığımız coğrafi ərazidə təbii fəlakətə səbəb ola biləcək ocaqlar mövcuddur.

Bu təbii fəlakətlərdən ən çox təsirlənənlər uşaqlardır. Yetişkin insanlar nə baş verdiyini anlayır və buna uyğun davranırlar. Təbii fəlakətlər uşaqların şüurunda qarşılıq tapmadığı üçün anlaşılmır və qorxuya səbəb olur.

Fövqəladə vəziyyətlərə hazırlıq üçün uşaqları doğru şəkildə məlumatlandırmaq, səbəb-nəticə əlaqəsini onların anlayacağı şəkildə izah etmək, ən əsası özlərinin və ailələrinin təhlükəsiz hiss etmələri üçün düzgün təlimatlandırmaq lazımdır.

Məktəbəqədər yaşlı uşaqlar valideynlərinə daha çox bağlı olurlar. Fövqəladə hal baş verdikdə valideynlər uşaqlardan ayrılmamalı, hətta uşaq təhlükəsiz əraziyə təxliyə edilməli olsa belə, həmin əraziyə gedərək uşağın yanında qalmalıdırlar.

Uşaqlar nə qədər kiçik olsalar da, valideynlərinə baxaraq üzlərindəki qorxu və narahatlığı hiss edə bilirlər. Ona görə də bəzi şeyləri uşaqlardan gizlətməkdənsə, mövcud vəziyyəti danışmaq, onları maarifləndirmək daha faydalıdır.

Valideynlər təbii fəlakətlərlə bağlı soyuqqanlı olmalı, lakin vəziyyətin gerçəkliyinə uyğun övladlarına düzgün məlumat verməlidirlər.

Uşaqları birbaşa xəbərlərə məruz qoymamaq daha yaxşıdır. Çünki xəbər buraxılışlarında hadisələrin episentri, qaynar nöqtələri, zərərçəkənlər daha çox göstərilir və belə məzmun uşaqlar üçün çox sarsıdıcı ola bilər. Uşaqlar hadisə ilə bağlı ətrafdan mütləq nəsə eşidəcəklər. Gündəmlə bağlı uşaqların sualları varsa, cavablandırın, hisslərini ifadə etməsinə köməklik edin.

Unutmaq olmaz ki fövqəladə hallar baş verdikdə tələşa düşmək olmaz. Bu həm özünüz həm də ailəniz üçün təhlükəlidir. Bacardığınız qədər sakit qalıb və mövcud vəziyyətdən düzgün çıxış yolu tapmalısınız.

Zəlzələ baş verən zaman

Evdəsinizsə ;

  • Pəncərə, şüşə, şkaf və otaqdakı əşyalardan kənarda dayanın.
  • Eyvana qaçmaq, pəncərədən tullanmaq olmaz.
  • Təkan zamanı çarpayıda olsanız, döşəməyə enin və təkanların qurtarmasını gözləyin.
  • Təkanlar qurtarana kimi içəridə qalın, çölə çıxmaq təhlükəlidir.
  • Liftdən istifadə etməyin.

Çöldəsinizsə ;

  • Açıq sahəyə qaçın.
  • Binalardan uzaqda, elektrik xətlərindən, küçə fənərlərindən və ağaclardan kənar yerdə dayanın.

Yanğın baş verdiyi zaman ;

  • FHN-in “112” qaynar telefon xəttinə məlumat verin.
  • Yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın.
  • Ağız və burnunuzu nəm dəsmal, şərf, paltar və s. ilə tutaraq tüstüdən qorunun.
  • Liftdən istifadə etməyin.
  • Döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət edin.

Daşqın zamanı ;

  • Evi tərk edərkən mütləq işığı söndürmək, qazı bağlamaq lazımdır
  • Binanın və ya evin yuxarı mərtəbəsinə, damına, çardağına çıxmaq tövsiyə olunur.
  • Əvvəlcədən hazırlanmış olan ehtiyat çantasını götürün.

Uşaqlar niyə yalan danışır?

Yəqin ki, əksər valideynlər övladlarının yalan danışdıqlarının şahidi olublar. Bəs düşünmüsünüzmü uşaqlar nə üçün yalan danışır? Onları yalan danışmağa sövq edən səbəblər nələrdir?

Bu suallara aydınlıq gətirmək üçün “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin konsultantı psixoterapevt Aynur Hüseynli ilə söhbətləşdik.

Aynur xanımla olan müsahibəmizi sizə təqdim edirik:

– Aynur xanım, əvvəlcə ondan başlayaq ki, uşaqların yalan danışmağının səbəbləri nələrdir? Uşaqlar niyə yalan danışır?

Uşaqlarda yalan danışmaq yaşla əlaqəlidir. Ancaq ümumi götürərsək əsas səbəblər – istədiklərini əldə etmək, xoşagəlməz nəticələrdən yayınmaq, özünü müdafiə etmək, reallığı bəzəmək və yaxud özünü maraqlı göstərməkdir. Burada təqlidetməni də unutmamaq lazımdır, ailə üzvlərindən kimsə yalan danışırsa, uşaq təqlid edəcək.

Lakin bəzi tibbi səbəblərə görə, məsələn, diqqət əskikliyi, hiperaktivlik və s. uşaqlar yalan danışa bilər.

– Yalanın yaşla əlaqəli olduğunu dediniz, bu barədə ətraflı danışa bilərikmi?

Bayaq da qeyd etdiyim kimi yalan danışmaq yaşdan asılı olur. Uşaqlarda 2-5 yaş arası bu hal normal sayılır, 5-6 yaşda isə xəyalla reallığı ayıra bilmədikdə yalanları müşahidə edirik. Artıq 7 yaşdan isə uşaqlar bilərək bunu edirlər.

  – Bəs bu halda valideynlər yalan danışan övladlarına necə davranmalıdır?

Uşaq doğruları söylədiyi zaman valideyn onu cəsarətləndirməli və təbrik etməlidir. Uşağın yalan danışdığını görəndə isə onu günahlandırmamalı, əsla cəza tətbiq etməməlidir. Valideyn uşağa yalanın nəticələrini göstərməli, nə qədər neqativ davranış olduğunu izah etməlidir.

  – Bilirik ki, uşaqların fantaziyaları çox güclü olur, hətta siz qeyd etdiniz ki, müəyyən yaş aralığında gerçəkliklə xəyalı ayırd edə bilmirlər. Bəzən olmayan hadisəni olmuş kimi danışırlar. Bu hal qorxulu hesab edilə bilərmi? 

Bəli, 5-6 yaşda xəyal dünyası daha da zənginləşdiyi üçün bəzən belə çətinlik ola bilir. Buna görə də uşaqlar hər hansı bir hadisədən danışarkən xəyal dünyalarından da nüans gətirilir. Məsələn, nəsə ediblərsə, mövcud olmayan dostunun bunu etdiyini deyirlər. Bu hallar tez-tez baş vermirsə, bu heç də qorxulu deyil. Ancaq valideynlər yenə də səbəbi araşdırmalıdırlar. Nə üçün uşaq bunu edir? Özünü qorumaq üçünmü? Yəni əvvəlcə səbəb tapılmalı və ona uyğun növbəti addımlar atılmalıdır.

– Yalanın qarşısını almaq üçün valideynlər nə kimi addımlar atmalıdırlar?

İlk növbədə, uşaq üçün valideyn doğru nümunə olmalıdır. Çünki uşaqlar görərək təcrübə qazanır, nəsihətlər eşidərək deyil. Valideyn bəzən fərqində olmadan yetişkin bir insana yalan danışır və bunu “ağ yalan” adlandırır. Ancaq uşaqlar böyük və ya kiçik yalanı ayırd edə bilmir. Eyni zamanda uşaqlara reallığın və xəyal dünyanın nə olduğu açıqlanmalıdır. Bu haqda onları aydın şəkildə məlumatlandırmaq lazımdır. İstənilən yaşda yalan vərdişə çevrilirsə, tez-tez bu hal təkrarlanırsa, məsələyə ciddi yanaşmağı tövsiyə edirəm.