Uşaqlarda aqressiya halları

Uşaqlar böyüdükcə, onların beyinləri inkişaf edir, ətrafda baş verənlərə reaksiyaları artır. Bu reaksiyaların içində bəzən uşaqlarda aqressiya da formalaşır. Uşaqların bu aqressivliyi valideynlər üçün ən çətin sınaqlardan biri olur.

Bəs görəsən bunun səbəbi nədir? Bu situasiyada valideynlər nə etməlidirlər? Bu kimi suallarımıza cavab tapmaq üçün İndigo support-un layihə kordinatoru, psixoloq Aysel xanımla həmsöhbət olduq.

Uşaqlarda aqressivliyə səbəb olan amillər nələrdir?

Uşaqlarda aqressiyanın səbəbi müxtəlifdir. Öncəliklə uşağın yaşına və fiziki-əqli inkişafına diqqət etməliyik. Məsələn, aqressiv davranışlar uşağın 2-3 yaşında müşahidə edilirsə, bu 2 yaş və ya 3 yaş sendromunun göstəricisi ola bilər. Fiziki və yaxud əqli inkişafında geriliklər varsa, xüsusilə də nitq geriliyi kimi özünü göstərən gerilik varsa, bu zaman uşaqda aqressiv davranışlar müşahidə edə bilərik.

Əgər yuxarıda sadaladığımız hallardan heç biri deyilsə, bu zaman ailə daxili münasibətlərdə aqressiv davranışların olması və ya ətrafında (bağçada, məhəllədə, TV-də və ya telefonda) aqressiv davranışlara məruz qalma və bunu rol model alma halı ola bilər.

Aqressiv uşaqla necə davranmaq lazımdır?

Ümumiyyətlə, uşağın davranışda istənilən xoşagəlməz hərəkət gördükdə, söz eşitdikdə ilk olaraq edəcəyimiz şey bu davranışa reaksiya verməməkdir. Çünkü, uşaqlar çox yaxşı müşahidə etmə qabiliyyətinə malikdirlər və istər bilərəkdən, istərsə də bilmədən etdikləri hər davranışın  nəticəsinə uyğun olaraq hərəkət edirlər. Bir dəfə edəndə diqqət cəlb etdiklərini görüb bunu dəfələrlə təkrarlaya bilərlər.

Aqressiyanın qarşısını necə almaq olar?

Belə ki, əgər biz aqressiv davranışların yaranma amilini dəqiqləşdirmişiksə, buradan istiqamət götürərək, ona müdaxilə etməliyik. Məsələn: 2 və ya 3 yaş sendromudursa, diqqət cəlb etmək üçün etdiyini nəzərə almalı, soyuqqanlı və qətiyyətli olmalıyıq. Nitqinə görədirsə, söz ehtiyatını yaşına uyğunlaşdırmalıyıq. Bunu ya tək ya da xüsusi mütəxəssislərin (psixoloq, loqoped, psixo pedaqoq) dəstəyi ilə etməliyik.

Əgər rol model götürdüyü kimlərsə varsa, bu səbəbi aradan qaldırmağa çalışmalıyıq.

Uşaqlarda aqressiv davranışları müəyyən etməyin hansı yolları var?

Bunun xüsusi bir yolu yoxdur. Burada əsas edəcəyimiz şey övladımızı müşahidə etməkdir. Hansısa istəyini, tələbatını həyata keçirtmək üçün aqressiv davranırmı və bunu tez-tez təkrarlayırmı kimi məqamlara diqqət etməliyik.

Mütəxəssislə məsləhətləşmək, məlumat alıb ona uyğun hərəkət etməliyik.

Uşaq həkiminə nə zaman müraciət etmək lazımdır?

Əgər aqressiv davranışlar övladımızın gündəlik həyat fəaliyyətinə mane olursa, eyni zamanda özünə və ya başqasına qarşı təhlükə yaradırsa, heç bir şəkildə qarşını ala bilmiriksə, bu zaman həkimə müraciət edib müayinə olunmalı və həkimin təyin etdiyi müalicə üsuluna uyğun davranmalıyıq.

Xoşbəxt uşaq böyütməyin yolları

Valideynlərin əsas məqsədlərindən biri də övladlarını xoşbəxt fərd kimi böyüdə bilməkdir.

Ümumiyyətlə, xoşbəxt uşaq dedikdə əsasən heç problem çıxarmayan, ailənin hər istədiyini yerinə yetirən, sakit və qaydalara düzgün əməl edən uşaqlar ağıla gəlir. Halbuki, uşaqlar daim böyüyür və inkişaf edir. Bu inkişaf prosesində düşüncələri, maraqları, təcrübələri də dəyişir.

Xoşbəxt uşaq böyütməksə, çətin prosesdir. Hər bir uşağın fərdi ehtiyaclarına uyğun olaraq onları xoşbəxt edən nüanslar fərqlənə bilir. Buna görə də, ilk olaraq övladınızı tanımalı, müşahidə etməli, istəklərinə fokuslanmalısınız. Yəni öz gözləntilərinizi deyil, övladınızın gözləntilərini düşünməlisiniz.

Bəs xoşbəxt uşaq böyütmək üçün nələrə nəzər yetirməliyik?

 

  1. Güvən formalaşdırın

Övladınıza hər mövzuda etibar etməli, seçimlərinə hörmətlə yanaşmalısınız. Onu olduğu formada qəbul edib və qeyd-şərtsiz sevgi göstərməlisiniz. Güvənilən, qərarlarına hörmət edilən, sevildiyini bilən uşaq özünə inamı yüksək və xoşbəxt fərd kimi formalaşır.

 

  1. Suallar verin

Ona cavablar deyil, suallar verin. Siz suallar vasitəsilə övladlarınızın bəzi mövzulardaki fikrini, mövqeyini və istəklərini öyrənə bilərsiniz. İstəmədiyiniz və ya xoş olmayan cavablar alsanız, mühakimə etməyin. Səbəblərini soruşun və qarşılıqlı fikirlərinizi bölüşün. Belə söhbətlərlə övladlarınız fikirlərinə önəm verildiyini anlayacaqdır.

 

  1. Seçimlər verin

Fürsətlər yaradın. Onlara həyatın uzun olduğunu, hədəflərinin olacağını öyrədin. Ancaq hədəflərini seçərkən övladınıza istedadını, xarakterini, bəyəndiyi və bəyənmədiyi cəhətlərini düşünməsinə kömək edin. Yəni, onları birbaşa istiqamətləndirməməlisiniz. Bunun əvəzinə alternativlər arasından seçim etməyə təşviq edin. Özünü tanımaq imkanı olan uşaq uğurlu və xoşbəxt bir həyatın açarını qazanır.

 

  1. Məsuliyyəti öyrədin

Uşaqların sosial həyatdakı aktivliyini təmin etmək üçün məsuliyyət düşüncəsini aşılamalısınız. Çox kiçik yaşlardan ona məsuliyyət tələb edən tapşırıq verməli, verilən tapşırıqlara isə müdaxilə etməməlisiniz. Oyuncaqlarını onun yerinə yığmaq, ev tapşırıqlarını onun yerinə etmək kimi davranışlardan uzaq olmalı, məsuliyyətini dərk etməsinə kömək etməlisiniz.

 

Unutmayın ki, ailənin verdiyi sevgi, təsdiq və diqqət övladlarınızı daim xoşbəxt fərd edir. Bu səbəbdən valideyn olaraq nə qədər müsbət təsirlər yaratsanız, övladınız da sizdən həmin müsbət vərdişləri öyrənir.  Xoşbəxt ailədə böyüyən hər uşaq xoşbəxtdir.

Uşaqlıq travmasını yaradan səbəblər nələrdir?

“Uşaqlarda travma nədir?” sualını düşündükdə ilk olaraq, uşaqların təhlükəsizliyini, həyat nizamını, təməl həyati hüquqlarını təhdid edən, psixoloji və fiziki bütünlüyünü zədələyən hadisələr ağlımıza gəlir. Həmçinin erkən yaş dövründə gözlənilmədən baş verən mənfi təcrübələr, stressə səbəb olacaq həyat şərtləri də uşaqlarda travma yarada biləcək səbəblərdənir.

Bu barədə geniş məlumat almaq üçün “Bağçam” Uşaq Bağçaları şəbəkəsinin tərəfdaşı psixoterapevt Aynur Hüseynli ilə söhbətləşdik. 

Aynur xanım bildirir ki, uşaqların həyatına ciddi təsir edən: cinsi zorakılıq, avtomobil qəzası, təbii fəlakətlər, uşaqlıqda cərrahi əməliyyat, sevilən bir insanı itirmək və s. kimi hadisələr onlarda tramvaya səbəb olur. Hətta uşaqların bu təcrübələrə şahid olması belə kifayət edir:

“Erkən yaş dövrü –  0-6 yaş aralığı uşaqların həyat bacarıqlarına yiyələndiyi və sinir sisteminin inkişafının sürətli getdiyi vacib dövrdür. Bu zaman aralığında baş verən mənfi hadisələr uşağın inkişafında iz buraxır. Travmanın şiddətindən asılı olaraq bu izlər fərqlidir və irəliləyən yaş dövründə uşaqlarda dərin təsirlərə səbəb olur. Bura emosional inkişafda geriləmə, qavramada problem, sosial bacarıqlarda zəiflik kimi ünsürlər aid olunur. Bu dəyişikliklər həm uşağın yaxınları, həm də bağça/məktəb mühitində müşahidə olunur”.

Müsahibimiz qeyd edir ki, travma erkən yaş dövründə uşaqların həm psixi, həm fiziki, həm də emosional sağlamlığı üçün ciddi təhlükə yaradır və bəzi əlamətlərlə müşahidə olunur:

Tramvanın formasına görə uşaqlarda müxtəlif simptomlar müşahidə olunur. Bura, yuxu və qidalanmada pozuntu, təmizlik vərdişlərində fərqlilik və reqressiya (geriyə getmə), çox hərəkətlilik, narahatlıq, tək qalma istəyi və ya təklikdən qorxma, hər fürsətdə ağlama, uyğunlaşmada çətinlik, özünü günahlandırma, diqqət və bağlanma problemləri kimi hadisələr qeyd edə bilərəm. Yaş artdıqca həmin simptomlarda dəyişkənliklər də müşahidə olunur”.

Psixoterapevt əlavə edir ki, uşaqlıq travmaları onun təsirində qalan insanların sağlamlığını təhdid edir. Bu vəziyyət depressiya, travma sonrası stress pozuntusu, yuxu pozuntusu, yemə pozuntusu, maddə asılılığına səbəb ola bilər:

“Ümumiyyətlə travmatik hadisənin şiddəti, davam etmə müddəti, uşaqlarda fərqli travmatik təsirlər yaradır. Bu dəyişkənliklər uşaqların daim yanında olan şəxslər tərəfindən hiss oluna bilir. Əksər hallarda valideyn uşağa kömək məqsədi ilə yanlış yanaşma göstərir. Bu da vəziyyəti daha da gərginləşdirir. Bu müddətdə ilkin olaraq bir mütəxəssislə əlaqə saxlamaq lazımdır. Günümüzdə uşaq psixoterapiyasında həm uşaq, həm də ailə mərkəzli yanaşmalardan geniş istifadə olunur”.

Sonda, Aynur xanım uşaqlıq travmasının qarşısını almaq və ya təsirlərini azaltmaq üçün edilməli olan lazımi təlimatları sadalayır:

  1. Uşağın təhlükəsizliyi formalaşdırmaq
  2. Uşaqların emosiyalarını ifadə edə bilməsi üçün mühit yaratmaq və buna təşviq etmək
  3. Bəzən uşaqların özünü günahlandırması müşahidə oluna bilər. Bu müddətdə onun günahı olmadığını aydın və uyğun şəkildə izah etmək
  4. Terapiya müddəti uşaqdan – uşağa dəyişir. Bu müddətdə səbrli və sakit davranmaq və prosesin düzgün irəliləməsinə kömək etmək
  5. Professional yardım almaq
  6. Bu müddətdə uşaqların rutinin formalaşdırmaq və eyni qayda üzrə davam etmək
  7. Müvəqqəti olaraq ana – atanın yanında yatmasına icazə vermək
  8. Şiddət tərkibli oyun, proqramdan uzaq tutmaq, ekran və ya qəzet/ jurnalda məzmunlarına diqqət etmək.
  9. Daha çox valideynləri ilə birlikdə vaxt keçirməsini təmin etmək, oyun oynamaq, kitab oxumaq, gəzintiyə çıxmaq kimi fəaliyyətlər yerinə yetirmək
  10. Bağça mühitində fəaliyyətlərə qoşulmaq istəmədikdə buna məcbur etməmək. Zamanla sosiallaşmasını təşviq etmək.

Uşaqlar üçün əyləncəli yay qidaları

Yay aylarında temperaturun artması ilə yanaşı baş verəcək problemlərdən xilas olmaq üçün uşaqların düzgün və sağlam qidalanmasını təmin etməliyik.

Uşaqlar yemək vərdişlərini valideynlərindən örnək aldıqlarından valideynlərin də masa arxasında yedikləri qidalara diqqət yetirmələri, sağlam qidalara üstünlük vermələri olduqca vacibdir.

İlk növbədə uşağınızın yemək yeməsində çox israr etməyin. Çünki isti hava onların iştahasını istər-istəməz azaldır. Mümkün qədər zeytun yağı və yüngül tərəvəz yeməklərinə üstünlük verin, qızardılmış yeməklər bişirməyin.

  • Yay fəsli ailə ilə birgə açıq havada vaxt keçirib, xoş xatirələrlə zəngin olan bir zamandır. Övladlarınızla birgə piknik edərək, əyləncəli süfrə aça bilərsiniz. Bu yolla siz həm də uşaqların sevəcəyi yay qidalarını hazırlamaq imkanınız olacaq. Mövsümi qidalardan sayılan dondurma, meyvə səbəti buna misal ola bilər.
  • Uşaqların qidalanmasında yetərli kalsiumun olması önəmlidir. Süd, pendir, yoqurt ən önəmli kalsium mənbələrindəndir. Amerikan Pediatr Akademiyasının hesabatına əsasən kalsium ehtiyacını qarşılamaq üçün təklif olunan bu siyahıda dondurma da yer alır. Yay aylarında uşaqları kalsiumla təmin etmək üçün evdə təbii üsulla dondurmalar hazırlamaq balacalar üçün əyləncəli ola bilər. Misal olaraq giləmeyvə və ya meyvələri əzib südlə qarışdırın, tərkibinə bal, müxtəlif çərəzlər də əlavə edə bilərsiniz. Daha sonra əldə etdiyiniz məhlulu şirniyyat qəliblərinə dolduraraq soyuducuya qoyun. Beləliklə, övladınız üçün südlü, vitaminli, meyvəli ləziz dondurma hazırlamış olursunuz.
  • Süfrəyə qoyduğunuz sağlam qidaların, meyvə və tərəvəzlərin sağlamlığa faydalı olduğunu övladlarınıza başa salın, onunla səmimi ünsiyyət qurmaq və əyləncəli söhbət etmək sizə olan inamını daha da artıracaqdır.
  • Meyvələr uşaqların pəhrizində və sağlam qidalanmasında vacib rol oynayır. Hər bir meyvə müxtəlif vitamin və minerallardan ibarətdir. Bundan əlavə, alma, albalı, ərik, şaftalı, banan, qarpız və s. kimi meyvələrdə olan vitaminlər immun sitemini gücləndirdiyi üçün uşaqlara verilməsi xüsusi tövsiyə olunur.
  • Qızmar yay günlərində uşaqların qida rasionundan şəkərli və qazlı içkilər yer almamalıdır. Ev şəraitində hazırlanmış təbii kompot, ayran və ya dovğa içmək daha məqsədə uyğundur.
  • Ev şəraitində uşaqlarınızla birgə kalorisi və şirini az olan müxtəlif heyvan fiqurlu qurabiyələr hazırlaya bilərsiniz. Hətta övladınızın sevmədiyi meyvələri onunla birgə əylənərək reseptə əlavə edə bilərsiniz.
  • Unutmayın ki, mövsümi qidalar istehlak etmək həm sizin həm də övladınızın sağlamlığı üçün vacibdir.

“Uşaqlar dünyanı fantaziya və oyun vasitəsilə mənimsəyir” – Arzu Rzayeva

Təxəyyül və təsəvvür zehni prosesdir, təfəkkür və yaddaşla ayrılmaz şəkildə bağlıdır. Bu, insanın təcrübə əsasında yeni obrazlar təqdim etmək bacarığıdır. Təxəyyülün inkişafı beyni aktivləşdirir, məntiqi bilikləri artırır. Buna görə də uşaqları bu prosesdə stimullaşdırmaq vacibdir.

Mövzu haqqında ətraflı məlumat üçün “Bağçam” şəbəkəsinin uşaq inkişafı üzrə koordinatoru Arzu Rzayevanın fikirlərini öyrəndik.

Arzu xanım bildirir ki, uşaqlarda təxəyyül təlim və tərbiyənin həlledici təsirləri altında inkişaf edir. Təxəyyülün inkişafı üçün müvafiq təcrübə toplamaq, ətrafdakı reallıq haqqında fikirləri genişləndirmək lazımdır:

Bu təcrübələri uşaqlar şəxsi müşahidələri, ətrafdakı obyekt və hadisələr haqqındakı bilikləri, həmçinin yaradıcılıq təcrübələrini ötürən böyüklər vasitəsilə əldə edirlər. Məktəbəqədər yaş dövründə uşaqların təcrübələri genişlənir, maraqları inkişaf edir və etdikləri fəaliyyətlər mürəkkəbləşir. Beləliklə, onların təxəyyülü daha da inkişaf edir. Emosional inkişafa da öz təsirini göstərən təxəyyül, şəxsin emosional tonunu artırır, əhval-ruhiyyəsini yaxşılaşdırır. Uğurlu pedaqoji fəaliyyət üçün təxəyyülün bu funksiyası da böyük əhəmiyyət kəsb edir”.

Təxəyyülün inkişafı üçün edilməli olan faəliyyətləri qeyd edən Arzu xanım, uşaqlarda bədii tərbiyənin bu istiqamətdə mühüm rol oynayıdığını söyləyir:

“Təsəvvür etmək üçün uşaqlar hər hansı fəaliyyət yerinə yetirməlidir. Bura oynamaq, rəsm çəkmək, quruculuq işi aparmaq və ya ən sadəsi kommunikasiya aid edilə bilər. Uşaqların təxəyyülü onun məhsuldarlığına uyğun nəzərə alınmalıdır. Yəni, yalnız sərbəst fantaziya prosesi kimi deyil, uşağın özü tərəfindən hansısa məhsul yaratmağa yönəlmiş xüsusi fəaliyyət forması  rəsm, nağıl, oyunun süjeti və s. ola bilər.

Bədii yaradıcılığa meylliyi olan, emosional və həssas uşaqlara daha çox oyun və rəsm lazımdır. Rasional, analitik, mücərrəd təfəkkürə meylli uşaqlarda isə intellektual və rasional fəaliyyətlərin, şahmatın payı artır. Nağılları və bədii hekayələri dinləmək, tamaşalarda iştirak etmək, onun üçün əlçatan olan rəsm və heykəltəraşlıq əsərlərinə baxmaqla uşaq təsvir olunan hadisələri təsəvvür etməyi öyrənir, təxəyyülü inkişaf edir.

xəyyülün inkişafı əsasən aktiv fəaliyyətlərlə bağlı olduğu üçün telefon, texnologiyalardan istifadə, təxəyyülün inkişafına heç bir təsiri olmur ”.

Arzu xanım digər önəmli məqama da toxunur. O söyləyir ki, təxəyyül öz-özünə inkişaf etmir, müəyyən şərtləri və hər şeydən əvvəl düzgün tərbiyə işinin təşkilini tələb edir. Düzgün pedaqoji rəhbərlik olmadıqda, təxəyyülün inkişafı ləngiyir və ya arzuolunmaz istiqamətə getməyə başlayır. Böyüklərin vəzifəsi də uşaqların hər cür qabiliyyətini inkişaf etdirməkdir:

“Uşaqların təxəyyülünü inkişafına dəstək olarkən onun həyatla bağlı olmasını, reallığımızın yaradıcı əksi olmasını təmin etmək lazımdır.

Uşağın yaradıcılıq fəaliyyətinin stimullaşdırılması üçün böyüklərə tövsiyələrim belədir:

-Uşağınıza yaradıcılıqda maksimum müstəqillik verin. Ona birbaşa göstəriş verməyin, müstəqil hərəkət etməsinə kömək edin.

– Uşağınıza xoş niyyət göstərin, onu tənqid etməyin.

-Uşaqların təşəbbüslərinə əhəmiyyət verin və onların özbaşına edə biləcəklərini onların əvəzinə etməyin, yalnız bir az kömək ola bilərsiniz.

-Yaradıcı problemlərin həllində şəxsi nümunə göstərin və uşaqları yaradıcılıqla problemləri həll etməyə təşviq edin. Müxtəlif variantları sınayın.

-Uşaqlara fəal şəkildə sual soruşmaq imkanı verin”.

Sonda mütəxəssis təxəyyülün məktəbəqədər uşaqların intellektual inkişafına təsirini də vurğulayır:

“Təsəvvür məktəbəqədər uşağın intellektual inkişafına birbaşa təsir göstərir. İntellektual inkişaf məktəbəqədər uşaqlarda müəyyən bilik səviyyəsinin, elementar idrak bacarıqlarının məsələn, müqayisə və ümumiləşdirmə qabiliyyəti və idrak motivlərinin, maraqlarının inkişafına yönəldilib. Sonrakı yaş dövrlərinə nisbətən daha yüksək intellektual inkişaf templəri müşahidə olunur. Təxəyyül  qavrayış prosesi ilə qarşılıqlı əlaqədədir, qavrayışa daxil olur, dərk edilir.

Təsəvvür sayəsində məktəbəqədər uşağın idrak qabiliyyətləri əhəmiyyətli dərəcədə genişlənir. Təxəyyülün köməyi ilə uşaqlar insan hərəkətlərinin sxemlərini və mənalarını yaradıcı şəkildə mənimsəyə, hər hansı bir hadisə və ya hadisənin vahid obrazını qura bilərlər. Təsəvvür zehni konsentrasiyanı təşviq edir, diqqətin intensivliyini artırır”.

Unutmayaq ki, hər bir uşağın özünəməxsus xüsusiyyətləri var. Valideynlərin vəzifəsi bu qabiliyyət və meylləri görərək inkişaf etdirməkdir. Bu prosesdə böyüklər uşağa kömək etməli, yaradıcı fəaliyyətini dəstəkləməlidirlər.

İndigo Support – Reabilitasiya, İnteqrasiya və Qayğı mərkəzi 

İndigo Support 2-7 yaşlı xüsusi uşaqlar üçün həkimlərin hazırladığı fərdi inkişaf planı əsasında müxtəlif fəaliyyətlər təşkil edən Reabilitasiya, İnteqrasiya və Qayğı mərkəzidir.

Mərkəzin missisiyası xüsusi uşaqları inkişaf, reabilitasiya, inteqrasiya və inkluziv təhsilə (uşaq bağçasına və məktəbə) cəlb etmək və valideynlərə dəstək olmaqdır.

İndigo Support haqqında daha ətraflı məlumat almaq üçün mərkəzimizin həkimi, fəlsəfə doktoru, nevroloq Kamran Salayevdən müsahibə aldıq.

Qeyd edək ki, mərkəz “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin baş direktoru Samirə Dünyamalıyeva və “Mədinə” Tibb mərkəzinin təsisçisi nevroloq Kamran Salayevin birgə əməkdaşlığı ilə fəaliyyət göstərir.

Övladlarınıza tərəvəz sevdirməyin əsl zamanıdır!

Fəsillər dəyişdikcə qida rasionunda yeməklər də bir-birini əvəz edir. Payız-qış aylarında daha çox isti xəmir xörəklərinə, yaz-yay aylarında isə az yağlı, yüngül tərəvəz yeməklərinə, zəngin vitaminli meyvələrə üstünlük verilir.

Əksər valideynlərin evdə mübarizə apardığı mövzulardan biri də elə məhz övladları üçün faydalı, amma çox uşağın sevmədiyi, yemək istəmədiyi tərəvəz məhsullarını qida rasionuna daxil etməkdir.

Qidanı “xoşladığım-xoşlamadığım yeməklər” kimi ayırmaq demək olar ki, hər bir uşaqda rast gəlinən təbii prosesdir. Uşaqların dadalma duyğuları əksər hallarda şirin və ya duzlu dadlara üstünlük verir. Tərəvəzlərin bu iki qrupa aid olmaması da onların bəyənilməməyinə gətirib çıxarır. Belə halların qarşısını almaq üçün uşaqlara tərəvəz yeməyə təşviq edəcək, eyni zamanda tərəvəzləri sevdirəcək üsullar tətbiq edilməlidir.

Tərəvəz məhsulları niyə faydalıdır?

Tərəvəzlər hər kəs üçün faydalı və önəmli qidalardandır. Bol vitamin, mineral və zülal ehtiva edən tərəvəzlər, hüceyrələrin sağlam inkişafına zəmin yaradır, bədəni xəstəliklərə və infeksiyalara qarşı gücləndirir, həmçinin yetkinlik dövründə yaranan çəki artımının qarşısını almağa kömək edir. Tərkibindəki liflər sayəsində də həzm sistemini və qan şəkərini tənzimləyir. Bu faydaları nəzərə alan valideynlər uşaqları sevməsələr belə, tərəvəzləri onların qidalanma proqramlarına daxil etməyə çalışır.

Bəs, uşaqlara tərəvəzləri necə sevdirə bilərik?

Təəssüf ki, uşaqların əksəriyyətini tərəvəzlə qidalandırmaq olduqca çətindir. Onlara tərəvəz yeməyə kömək edə biləcək, rəğbətlərini qazandıracaq bəzi tövsiyələrimizi sınaya bilərsiniz:

  • Uşaqlara nümunə olmaq:

İlk növbədə valideynlər özləri uşaqların əməl edə biləcəyi yaxşı yemək vərdişlərinə sahib olmalıdır. Valideyn hansısa tərəvəzi yemirsə, uşaqların da həmin qidanı sevməmək üçün əsaslı səbəbləri yaranır. Bunun qarşısını almaq üçün valideyn özü qida rasionundakı hər yeməyə müsbət münasibət formalaşdırmalıdır.

  • Yeməyi əyləncəli hala gətirmək:

“Yeməklə oynamazlar” deyimi hər kəsə məlumdur, amma bu, uşaqların tərəvəz yeməsinə kömək edəcəksə, yeməyi əyləncəli hala gətirmək bağışlanandır. Məsələn, boşqablarındakı tərəvəzlərə hekayələr uydurmaq və ya yeməyi rəsm formasında (cücə, ayı, kəpənək və s.) hazırlamaq olar.

  • Diqqəti yayındıran amilləri aradan qaldırmaq:

Uşaqların qidalanması zamanı televiziya, planşet və telefon kimi diqqəti yayındıran texnoloji alətlərin istifadəsi düzgün üsul deyil. Diqqəti yayındıran şeylər balacaların yeməyə marağını azaldır. Balacalar smart cihazlar əvəzinə ailəvi söhbətlərlə valideynləri ilə kommunikasiya yaradır, hətta sevmədikləri yeməklər üçün də belə mühitdə müsbət fikirlər formalaşdırırlar.

  • Uşaqlara nəyisə yeməyi məcbur etməmək:

Uşaqlara tərəvəz yeməsi üçün edilən cəhdlər müsbət haldır. Amma onlara bir şeyin sağlam olduğunu söyləmək və sonra onu yeməyə məcbur etmək heç bir nəticə vermir. Bu proses səbrlə, empatiyayla və sistemli həyata keçirilməlidir.

Günəş, qum, dəniz – Dəniz kənarında uşaqların istirahətinin düzgün təşkili

Yay mövsümünün gəlişi ilə çimərliklərdə istirahət intensivləşir. Valideynlər uşaqları dənizə apararkən bir neçə məqam barədə məlumatlı olsalar, uşaqların istirahətini düzgün və təhlükəsiz təşkil etmək mümkün olar. Buna görə də “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin Sağlamlıq, Qidalanma və Təhlükəsizlik üzrə Koordinatoru Sara Firudinbəylinin  “Günəş, qum, dəniz – Dəniz kənarında uşaqların istirahətinin düzgün təşkili” adlı məqaləsini oxucularımıza təqdim edirik.

– Uşaqların dənizdə istirahəti üçün günün uyğun saatları

Dəniz kənarında səmərəli vaxt keçirmək üçün optimal vaxt 08:00-11:00 və 16:00-19:00 saatlarıdır. Bu müddətdə günəş şüaları isti, lakin həddindən artıq aktiv deyil. Həm də dəniz havasında yodun konsentrasiyası səhər və axşam saatlarında maksimum təşkil edir. Suda nə qədər qalmağa da diqqət yetirmək lazımdır. Suyun temperaturu 33 C-dən aşağı olanda, bədən yavaş-yavaş soyumağa başlayır. Uşaq orqanizmi böyüklərdən dəfələrlə tez soyuyur, buna görə də suda qalma vaxtını tədricən uzatmaq lazımdır. Üç-dörd yaşlı uşaqlara suyun hərarəti 24 C-dən yuxarı olmadıqda 5 dəqiqədən başlamaq lazımdır və bir-iki gün ərzində müddəti 15-20 dəqiqəyə çatdırmaq olar. Gün ərzində suya baş çəkməyin sayı 3 dəfədən çox məsləhət görülmür.

– Dəniz suyunun uşaq üçün faydaları

Dəniz suyunun uşaq orqanizmi üçün faydaları çoxdur. Hətta “talassoterapiya” (yunan “talasso” – dəniz) – “dənizlə müalicə” kimi müalicə növü var.

Fayda №1. Bədənin möhkəmlənməsi. Dəniz suyunun temperaturu (hətta ən isti ölkələrdə) hər zaman bədən temperaturundan aşağıdır. Suya girən kimi, dərinin yuxarı təbəqələrində damarlar daralır və daxili orqanlara qan axını güclənir. Tənəffüs dərinləşir, ürək döyüntüləri güclənir. Bu cür “damar üçün gimnastika” sağlamlığa xeyirli prosedurdur. Dənizin hidromassaj təsiri əzələlərin tonusunu yaxşılaşdırır.

Fayda №2. Soyuqdəymə xəstəliklərin profilaktikası. Ozonla, dəniz duzları və yosunların fitonsidləri ilə, mənfi aeroionlarla zəngin, tozlardan, allergenlərdən təmiz dəniz havası şəhərlərin toz və qazlarla çirklənmiş havasından sonra tənəffüs sistemi üçün əsl xilasdır. Dəniz kənarında istirahətdən sonra uşaqlarda soyuqdəymə hallarının azaldığı müşahidə edilir.

Fayda №3. Maddələr mübadiləsinin normallaşması. Suyun içində reflektor olaraq əl və ayaqların aktivliyi və sərin suda istilikvermə metabolizmə (maddələr mübadiləsinə) müsbət təsir göstərir. Dəniz suyunun tərkibində yod yüksək olduğundan, maddələr mübadiləsi və endokrin sisteminin funksiyaları normalaşır.

Fayda №4. Sinir sistemin möhkəmlənməsi. Dənizin sakitləşdirici təsiri hər kəsə məlumdur: həm dalğaların səsi, həm dalğalar üzərində yellənmək insana rahatlıq hissi verir. Dəniz suyun tərkibindəki brom duzları yorğunluğu və əsəb gərginliyini aradan qaldırır. Yod isə qalxanvarı vəzinin işini sabitləşdirərək, həyəcan hissini azaldır. Gərgin tədris ilindən sonra uşaq dənizdə istirahət edərkən sonra aydın düşünmə qabiliyyətini və güclərini bərpa edir. Dənizdə çiməndən sonra bədənin üstündə duz örtüyü əmələ gəlir. O, uzun müddət sinir ucluqlarına təsir edib sakitləşdirici effekt göstərir. Uşaqda dəniz duzu qıcıqlanma vermirsə, duzu dərhal yumaq lazım deyil.

Fayda №5. Dəniz suyunun müalicəvi xüsusiyyətləri. Dənizdə çimmək və dəniz havasını almaq qanı təmizləyir, hemoqlobini artırır, immuniteti möhkəmləndirir. Dəniz suyunun tərkibinə 32 mineral və mikroelement daxildir, hansılar ki sümük- oynaq sistemini möhkəmləndirir, dəri örtüklərini təmizləyir Dəniz suyunun tərkibi insan orqanizmində qanın və hüceyrəarası mayenin tərkibinə yaxındır. Na, Cl, Mg, K, Br, Se, J ionları orqanizmə daxil olaraq bütün sistemlərin işinə müsbət təsir göstərir. Dəniz suyunun “duz dəstəyi” tənəffüs, sinir, həzm, dayaq-hərəkət,     ürək-damar, endokrin, dəri sistemlərinin xəstəliklərində faydalıdır, hətta tam sağlam insanlar dəniz kənarında istirahətdən sonra ümumi vəziyyətlərində müsbət dəyişiklər qeyd edirlər.

Fayda №6. Uşağın intellektual inkişafına müsbət təsiri. İnanılmaz olsa da, uşağın intellektual inkişafına 3 faktorun birləşməsi təsir göstərir: Birincisi, dəniz suyu və havası yod mənbəyidir – bu mikroelementin çatışmazlığı yaddaşın və intellektual qabiliyyətlərin zəiflənməsinə gətirib çıxarır. İkincisi – yeni təəssüratların bolluğudur. Üçüncüsü – qumla, xırda daşlarla oyunlar xırda motorikanın məşqi üçün yaxşı vasitədir, bu isə nitqin və təfəkkürün inkişafına kömək göstərir.

– Dənizkənarında uşaqları günəşdən qorumaq

Günəşdən qorunmaq üçün əsas üç şeyi unutmaq olmaz: baş geyimi, SPF kremi və ultrabənövşəyi şüalardan qoruyan eynək.

  • Baş geyimi mütləqdir. Onun açıq rəngdə və təbii materiallardan (pambıq, kətan, bambuk) olması tövsiyə olunur.
  • SPF kremlər (günəş şüalarından qoruyucu) uşağın yaşına uyğun seçilməlidir. SPF indeksi 30 aşağı olmamalıdır. Çimərliyə getməzdən 20-30 dəqiqə əvvəl çəkilməlidir, hər suya girib çıxandan sonra yenidən vurulmalıdır. Ilk günlər SPF-50 kremdən istifadə məsləhətdir. Uşaq adaptasiya olandan sonra SPF-30 keçmək olar.
  • Ultrabənövşəyi şüalardan gözləri qoruyan eynək uşağın üz quruluşuna uyğun və rahat olmalıdır.

– Uşaqlar üçün qum vannası

İsti qumun xeyirli xüsusiyyətlərdən insanlar qədim zamanlardan istifadə edir. Bu müalicə növü “psammoterapiya” adlanır (yunanca “psammos” – qum deməkdir). Qədim Misirdə zəif uşaqları raxitdən, böyükləri isə əzələ və oynaq xəstəliklərindən “ayaq altında dərmanla” yəni qumla müalicə edirdilər.  Uşaqlar qum vannalarını həkim məsləhəti olduqda qəbul edə bilər. Qumun uzun müddət özündə istini akkumulyasiya edib, insan bədəninə istilik ötürmə xüsusiyyətindən istifadə olunur. Qum vannaları qəbul etdikdə bədən hərarəti 0.3-0.8 C qalxa bilər. Prosedur maddələr mübadiləsini, periferik damarlarda qan dövranını yaxşılaşdırır. Uşaqlarda raxit əlamətləri və fəsadları, uşaq serebral iflicin fəsadları, LOR orqanların xroniki xəstəlikləri qum vannaları üçün əsas göstərişdir. Psammoterapiyanın bir seansı 10-15 dəqiqədən 30 dəqiqəyədək davam edə bilər. Proseduradan sonra 30 dəqiqə yüngül geyimdə kölgədə dincəlmək yaxşı olar. İlıq duş qəbul etmək, hətta bəzi hallarda dənizdə çimmək də icazə verilir. Ümumi qum vannası qəbul edərkən, baş nahiyə günəşdən qorunmalıdır (çətir, şlyapa və s.), başın altına bükülmüş dəsmal qoyulmalıdır. Vanna qəbul edənin bədəni 5-8cm qumla örtülür (baş və ürək nahiyəsi istisna olmaqla). Yerli qum vannaları “şalvar”, “yarımgödəkçə”, “tuman” üsulu ilə aparılır. Uşaqlara prosedur günaşırı təyin olunur, bir müalicə kursu 10-12 proseduradan ibarətdir. Qumun istiliyi 40-450C dərəcəsində olmalıdır.

– Dənizdə vaxt keçirib sıxılan uşaqlar üçün oyunlar

Dəniz kənarında və suda oyunlar böyüklərin ciddi nəzarəti altında olmalıdır. Dəniz kənarında uşaqlar üçün aktiv, yaradıcı və intellektual oyunlar təşkil etmək olar.  Aktiv oyunlar həm suda, həm sahildə keçirilə bilər. Suda toplardan, hava ilə doldurulan üzən vasitələrdən və oyuncaqlardan istifadə etmək olar. Belə oyunlar böyüklərin iştirakı və ya nəzarəti ilə keçirilməlidir. Dəniz kənarında topla oyunlar xüsusi ayrılan yerlərdə keçirilməlidir. Su tapançaları ilə oyunlar da uşaqlar üçün maraqlı olur.  Qumla oynamaq üçün ilk növbədə formalar, oyuncaq vedrə, bel və dırmıq lazım olur. Bu vasitələrlə qumdan müxtəlif tikililər, qalalar qurmaq olur.  Qumun üzərində çubuqla şəkillər çəkmək, plastilinlə hamar daşların üzərində art- obyekt yaratmaq, boyalarla onların üzərini bəzəmək, xırda daşlardan və balıqqulaqlarından müxtəlif əşyalar düzəltmək – uşaq yaradıcılığı üçün variantlardır. Qumla, xırda daşlarla, balıqqulaqları ilə oyunlar uşaqlar üçün çox faydalıdır. Onlarla oynamaq həm uçaq fantaziyasını, həm xırda motorikanı inkişaf edir.  Dəniz kənarında gizlənqaç oynamaq qəti qadağandır!

– Dəniz, qum, günəş və allergiyalar

Bəzi mütəxəssislər quma allergiyanı inkar edir. Onlar hesab edirlər ki, allergiya əlamətləri qumun tərkibinə düşən əlavə maddələrdən əmələ gəlir, yaxud tam başqa səbəblərdən olur. Lakin bir çox faktlar belə allergiyanın mövcudluğunu sübut edir. Dəniz qumuna allergiyanın simptomları:  – Qumla təmasda bədəndə qırmızı ləkələr, kiçik yanıqlar, hətta qabarcıqlar əmələ gəlir;  – Quma toxunma ağrı hissi verir;  – Qumla təmas güclü qaşınma verir.  Çox vaxt bu növ allergiya immuniteti zəif, vitamin çatışmazlığı olan uşaqlarda qeyd olunur. Qumla təmasdan sonra belə simptomlar aşkar olunursa, mütləq həkimə (allerqoloq, immunoloq, dermatoloq) müraciət etmək lazımdır.

Akvaallergiya – dəniz suyuna allergiya, dənizdə çiməndən sonra, yaxud sahil boyu gəzintidən sonra əmələ gəlir. Bu növ allergiya xırda səpkilərlə, qızartı, qaşınma ilə özünü büruzə verir. Örə (крапивница) elementləri daha çox üz, boyun, qarın, əl, diz nahiyələrində yerləşir. Dəniz suyunu udan uşaqlarda ürəkbulanma, qusma, diareya, qarında spazma və ağrılar, dodaqların, dilin şişməsi ola bilər. Immun sisteminin bu cür cavabı nəinki dəniz duzuna, başqa maddələrə də ola bilər. Onların arasında: yod, brom, istehsal tullantıları, meduzaların zəhəri, çiçəklənən dəniz bitkiləri və yosunlar.  Allergiyası olan insanlar dəniz və qumla təmasdan uzaq olmağı çalışmalıdırlar. Dənizə getməzdən öncə həkim məsləhəti və zəruri halda müalicə almalıdırlar.

Dəniz kənarında uşaqların qidalanması

Çimərliyə ət və süd məhsulları götürmək məsləhət deyil. Kərə yağı, pendir, kolbasa, vetçina, ət, toyuq və yumurta ilə buterbrodlardan imtina etmək lazımdır. Bu ərzaqlar isti havada tez xarab olur. Hermetik xırda qablaşdırmalarda yoğurt, ayran, süd kokteyllərindən o şərtlə istifadə etmək olar ki, onlar tez zamanda qəbul olunacaq.  Un məmulatlarından – assorti çörək, lavaş, smit, sadə (içliksiz) bulka, peçenye, qurabiyə, kökə – istifadə etmək olar.  Təzə tərəvəz və meyvələrlə qidalanmaq tövsiyə olunur. Tərəvəzlərdən – xiyar, pomidor, kök. Meyvələrdən – alma, armud, ərik. Giləmeyvələrdən – qarağat, böyürtkən.  Dəniz kənarında çoxlu maye qəbul etmək lazımdır. Təmiz qazsız şüşə butulkada olan suya üstünlük vermək lazımdır. Xırda hermetik qablaşdırılmış (0.2Lt) şirələr də istifadə oluna bilər.  Qazlı və rəngli, şirin içkilər istisna olmalıdır!

Uşaqların dənizdə və sahildə təhlükəsizliyi

Uşaqların dəniz kənarında və dənizdə təhlükəsizliyi üçün aşağıdakılara diqqət yetirmək lazımdır:

  • Ərazinin zibildən, şüşə qırıntılarından, batan əşyalardan təmiz olması.
  • Dəniz dibinin hamar, çuxursuz, batan və kəsən obyektlərsiz olması.
  • Dənizdə çimərkən suyun səviyyəsi sinədən yuxarı olmamalıdır.
  • Uşaqların surətlə qaçıb suya baş vurmaqlarına icazə verməmək.
  • Məhdudlaşdırıcı işarələrədək üzməyə qadağa qoymaq.
  • Çimərlikdə xilasedicilər xidməti olmalıdır
  • Suda təhlükəsizliyi artırmaq məqsədilə üzmək üçün qolluqlardan və jiletlərdən istifadə etmək.
  • Sahildə günəşdən qorunmaq üçün tentlər, talvarlar və çətirlər quraşdırılmalıdır.
  • Dəniz duzunu yumaq üçün təmiz duzsuz su mənbələri olmalıdır.

Çimərlik ərazilərində ətraf mühiti qorumaq vərdişləri uşaqlara aşılanması

Dəniz kənarında istirahət edənlər çox vaxt dənizin və dənizkənarı sahilin məişət tullantılarla çirklənməsinə səbəb olurlar. Orqanik tullantılar (qida qalıqları) qumun kimyəvi tərkibini və fiziki xüsusiyyətlərini dəyişir – orada mikroorqanizmlərin çoxalmasına, bitkilərin bitməsinə şərait yaranır. Bu da dəniz qumunun müalicəvi xüsusiyyətlərini və komfortlu istirahət üçün struktur keyfiyyətlərini aşağı salır. Qeyri-orqanik tullantılar (şüşə, rezin, plastik, polietilen və s.) çürümür, uzun müddət qalıb istirahət edənlərə həm təhlükə, həm narahatçılıq yaradır. Külək və dalğaların vasitəsilə dənizə düşüb dəniz flora və faunasına zərər verir. Uşaqlarla mütəmadi olaraq təbiəti qorumaq haqqında söhbətlər aparmaq lazımdır. Onları maarifləndirmək, mədəniyyət səviyyəsini o dərəcədə artırmaq lazımdır ki, təbiəti zibilləməyə imkan verməsinlər. Böyüklərlə birgə uşaqlar istirahətdən sonra qalan bütün zibilləri xüsusi paketlərə yığıb tullantı üçün ayrılan konteynerlərə atmağı öyrənməlidirlər. Başqalarından qalan zibili yığmaq zərurətini uşaqlara aşılamaq lazımdır: kimsə zibili yığmayırsa, o demək deyil ki, heç kim bunu etməməlidir.  “Dəniz günü” elan edib, uşaqlarla birlikdə dəniz kənarını zibillərdən təmizləmək, ətraf mühitin təmizliyi ilə əlaqədar müxtəlif müsabiqələr və yarışmalar təşkil etməklə uşaqlarda təbiətə qayğı ilə yanaşmağı aşılamaq lazımdır.

Uşaqlar üçün yay tətilini necə maraqlı edə bilərik?

Yayda adətən valideynlər məzuniyyətdə olur və övladları ilə birgə vaxt keçirmək üçün şəhərdən uzaq və ya ölkə xaricində tətilə yollanırlar.  Bağçadan, təhsil müəssisəsindən ayrı düşən uşağın isə bu müddətdə geriləməməsi üçün valideyn mentor rolunu oynamalıdır. Valideyn həm özünün, həm də övladının yay tətilini planlaya bilərsə, faydalı nəticələr əldə edər.

Tətil müddətində uşaqlarınızın əyləncəsini təmin etmək üçün tövsiyələrimiz aşağıdakılardır:

  1. Səyahət planı hazırlayın.

Tövsiyə edilir ki, yay planlarınızı övladlarınız ilə birlikdə hazırlayın. Bu onlarda məsuliyyət hissini inkişaf etdirərək öz fikirlərini ifadə edəcəkləri mühiti formalaşdırır. Səyahət planınız hazırdırsa, uşağınızın marağına səbəb olacaq yerləri ziyarət etməyi unutmayın. Bura muzeylər, əyləncə parkları, kitabxanalar, teatrlar, kinozallar və s. kimi məkanlar aid edilə bilər.

  1. Təbiətlə tanış edin:

Uşaqların fiziki və psixoloji inkişafı üçün açıq havaya çıxmağın, təbiət qoynunda olmağın əhəmiyyəti danılmazdır. Uşağınızı şəhər həyatında müşahidə edə bilmədiyi bitki və heyvanlarla tanış edin. Bundan əlavə, uşağınıza top oynamaq, velosiped və ya konki sürmək kimi fəaliyyətlərlə məşğul olmasına icazə verin. Bu fəaliyyətlər uşaqların bədən koordinasiyasını da gücləndirəcəkdir.

  1. Oyunlar oynayın:

Uşaqlar üçün oyun çox vacibdir. Çox vaxt valideynlər düşünürlər ki, övladları böyüdükcə oyunlara olan istəkləri azalır. Amma uşaqlar oyun vasitəsilə stresslərini aradan qaldırır və sizinlə birgə əylənmə imkanı əldə edir.

  1. Kursa gedin:

Heç bilmədiyiniz bir mövzuda kursa getməyə cəhd edə bilərsiniz. Bunun üçün sadəcə uşağınızın maraqlarına uyğun və onun üçün faydalı olacağını inandığınız sahəni tapmaq kifayətdir.

Bəzi hallarda valideynlər övladlarının öyrəndikləri bilikləri tətil müddətində unutduqları düşünür, narahat olurlar. Bu əssasız deyil. Uşaqların əylənəcəyi mühiti yaratmaqla yanaşı, onlar üçün öyrədici, həmçinin əldə olunmuş biliklərin qorunub saxlanılacağı mühiti də formalaşdırmaq lazımdır.

Lakin uşaqların unutqanlığının qarşısını almağa çalışarkən, onları stressə salmaq xeyirdən çox zərər verə bilər. Bu səbəbdən, uşaqlara narahatlığınızı hiss etdirmək və onları nəyəsə məcbur etmək düzgün deyil.

Əvəzində aşağıdakı tövsiyələrimizə əməl edə bilərsiniz.

  1. Riyazi məsələlər həll edin:

Gündə üç-dörd riyaziyyat problemini həll etmək uşaqların riyaziyyat bacarıqlarını paslanmamasına kömək edir. Bu tipli problem həlləri uşağınızın görəcəyi gündəlik işlərə daxil edilə bilər. Bu da uşaqlarınızın riyazi bacarıqlarını qoruyub saxlamağa kömək edəcək.

  1. İnternetdən istifadə edin:

Uşaqlar smartfon və planşetlərlə vaxt keçirdikləri halda, demək olar ki, vaxtlarının çoxunu heç bir faydası olmayan məlumatlara baxaraq keçirə bilirlər. Rəqəmsal detoks tətbiq etdiyiniz müddətdə övladlarınızla birlikdə akademik biliklərinə töhfə verəcək sənədli filmlər, elmi araşdırmalar və əyləncəli qısa videolar izləyə bilərsiniz.

  1. Test kitabları alın:

Uşağınıza yay tətilində asanlıqla bitirə biləcəyi test kitabları alın. Uşağınızın tapşırıqları bitirməsi üçün həvəsləndirin, lakin təzyiq göstərməyin. Testlərin həlli uşaqlarda keçmiş dərs biliklərini təzələməyə imkan yaradır.

  1. Çətinlikləri aradan qaldırın:

Əvvəlki ildə uşağınızın ən çox çətinlik çəkdiyi mövzuları müəyyənləşdirin. Gündə 15-30 dəqiqə ona kömək edərək həmin mövzularda bilmədikləri, öyrənməkdə çətinlik çəkdikləri hissələri tamamlayın. Övladınızın təhsili ilə bağlı onlayn nəşrlərdən, lazımi metodik vəsaitlərdən və internet resurslarından kömək ala bilərsiniz.

“Xoşbəxt uşaq hər zaman uğur əldə edəcək”

“Bağçam” Uşaq Bağçaları Şəbəkəsi 10 ildən çoxdur, “Xoşbəxt uşaq hər zaman uğur əldə edəcək” prinsipi ilə fəaliyyət göstərir. Bu prinsip çətiri altında bir çox dəyəri birləşdirir.

Şəbəkəmizin baş direktoru Samirə Dünyamalıyeva “Xoşbəxt uşaq hər zaman uğur əldə edəcək” prinsipini oxucularımız üçün şərh edir:

“Qurulduğu ilk gündən bəri şəbəkəmizin tək devizi “Xoşbəxt uşaq hər zaman uğur əldə edəcək”dir. Biz bu prinsipə inanaraq “Övladınız hər şeyin ən yaxşısına layiqdir” siyasətini fəaliyyətimizdə tətbiq edərək uşaqlara özlərini tanımaq və ifadə etmək imkanı yaradırıq. Uşağın xoşbəxtliyi ailəsindən, olduğu mühitdən asılıdır. Balanslı ailə mühitində və bağçada uşaqların təhlükəsizliyi üçün məhdudiyyətlərin olmağı olduqca normaldır. Amma bu qaydaların istər ailədə, istər bağçada əvvəlcədən uşaqlara izah olunması, uşaqların öz sərhədlərinin müəyyənləşdirilməsi vacibdir. Bu zaman uşaqların sağlam inkişafından söhbət gedə bilər. Xoşbəxt uşağın formulunu vermək çətindir. Amma bir şey məlumdur ki, uşaq sevilirsə, ehtiyacları valideynləri tərəfindən qarşılanırsa, o uşaq xoşbəxtdir. Övladlarının xoşbəxtliyi valideynlərinin ən böyük arzusudur.

Bəzən, valideynlərin bu prinsipə zidd olan davranışlarını da müşahidə edirik. Belə ki, bəzi hallarda böyüklər uşaqlarının fiziki ehtiyaclarına diqqət yetirir. Təbiki ilk növbədə fiziki ehtiyaclara önəm vermək lazımdır, lakin bununla yanaşı valideynlər emosional inkişafa da diqqət yetirməlidirlər. Uşaqlarımızı dinləmək, onlarla oyun oynamaq, ünsiyyət ehtiyaclarını qarşılamaq və oyun zamanı onların təxəyyüllərini inkişaf etməsinə şərait yaratmaq əsas addımlardan biridir. Bu zaman övladlarımız özünü xoşbəxt hiss edir.

Xoşbəxt uşaqlar üçün xoşbəxt ev mühiti lazımdır. Əgər uşaq hər iki valideyni ilə birlikdə yaşayırsa, ata və ana bir birinə sevgi, hörmət bəsləməlidir. Çünki uşaq gördüyünü öyrənir.

Unutmamalıyıq ki, sağlam uşaq özünü xoşbəxt hiss edə bilər. Sağlam övlad yetişdirməyin ən vacib şərti uşağın inkişafı haqqında məlumatın olmasıdır. Valideynlər oxuyaraq, izləyərək, lazım gələrsə, mütəxəssislərlə məsləhətləşərək öz övladının inkişafını öyrənməli və izləməlidir.

Uşaqların cəmiyyətdə özünə güvənən, uğurlu və xoşbəxt fərdlər ola bilmələri üçün valideynlər nümunə olmalıdır və dəstəkləyici ev mühiti yaratmalıdırlar. Uşağı ilk üç ildə texnologiya və televiziyadan uzaq tutmaq, ona sosial mühit təmin etmək, onunla emosional ünsiyyət qurmaq və uşağa qarşı həssas olmaq sağlam uşaq böyütmək üçün təsirli üsuldur.

Valideynlərin uşaq böyüdərkən etdiyi bir çox səhvlər vardır. Onlar çox yaxşı və ya hətta mükəmməl valideyn olmağa çalışırlar. Uşaqlara gün ərzində öyrənmə üçün etdiyi kəşflərə təcrübələrə tez-tez “yox” ilə bloklayırlar. Ana və ya ata olaraq fərqli rəftar edir, oxşar hadisələrdə fərqli reaksiyalar göstərərək ziddiyyətli davranırlar. Uşağın əli, ayağı, gözü və düşüncəsi olmaq, təhlükəsizlik adı altında “həddindən artıq qoruyucu” davranmaq da yaxşı deyil. Səbəbindən asılı olmayaraq, uşağa qayğı göstərmək əvəzinə, ona planşet, televizor, cib telefonu kimi istifadəsi asan texnologiya vasitələri təklif edilir. Bu yolverilməzdir.

Uğur üçün uşağa yüksək gözləntiləri qoyaraq təzyiq göstərmək də doğru deyil.

Doğru addım odur ki, uşağın sualları valideyn uzaqgörənliyi ilə təfərrüatlarına qədər cavablandırılsın, uşaq doğru istiqamətləndirilməlidir.

Çoxillik təcrübəmdə yüzlərlə valideynlə söhbətləşmək imkanım olub. Valideynlərin övladları üçün qayğılarını və narahatlıqlarını anlayıram, lakin bütün bunlar uşağı stressdə saxlamağa, uşağa təzyiq göstərməyə haqq qazandırmır. Valideynin göstərə biləcəyi ən böyük qayğı uşağın özünü xoşbəxt hiss etdiyi mühiti yarada bilməkdir”.