Böyük ailədə böyüyən uşaqların qazancı

Böyük ailədə böyümək həmişə gözəldir. Ana və atanın sevgisiylə yanaşı, uşaq həm də nənə və babadan eyni sevgi və qayğını görür. Bu məqaləmizdə böyük ailələrdə böyüməyin uşaqlara faydasından bəhs etmişik.

1. Qocalıqdan qorxmağın qarşısını alar

Aparılan araşdırmalara görə, uşaqların ailə böyükləri ilə vaxt keçirməsi, yaşlanmanı daha asan qəbul etmələrinə səbəb olar. Xüsusilə, qız uşaqları böyüdükdən sonra yaşlanmaqdan qorxmazlar.

2. Böyüklərin evi sığınacağa çevrilir

Nənə və babanın yanı, uşaqlar üçün etibarlı sığınacaq kimidir. Özlərini etibarlı və sevgi içində hiss edərlər. Bununla da, ətraflarına qarşı inamları formalaşar. Pislə yaxşını daha asan ayırd edə bilərlər.

3. İki tərəfin də xoşbəxt olmasına kömək edər

Aparılan araşdırmalara görə, nənə və baba ilə qurulan münasibət, hər iki tərəfin xoşbəxtlik səviyyəsini artırır. Depressiyanı azaldır. Hər iki tərəfin gülümsəməsini istəyirsinizsə, birlikdə vaxt keçirmələrinə icazə verin.

4. Uşaqların davranışlarında müsbət təsirlər

Aparılan araşdırmalara görə, nənə və baba qayğısının uşağın sosial davranışlarına müsbət təsir edir. Nənə və baba ilə böyüyən uşaqlar digərlərinə qarşı daha həssas olurlar. Böyük ailədə böyüyən uşaqlar daha gözəl uşaqlıq keçirirlər.

Mənbə: qadin.net

 

Valideynlərə ilkin tibbi yardım təlimi keçirilib

Fevral ayının 13-ü “İndigo” Nərimanov uşaq bağçasında valideynlər üçün “Uşaqlara ilkin tibbi yardım” mövzusunda təlim keçirilib. “Sağlam ailə” Tibb Mərkəzi ilə birgə təşkil olunan təlimin məqsədi haqqında bağçanın həkim-pediatrı Firuzə Əsədova məlumat verib.

“Təlimin keçirilməsində məqsəd o idi ki, valideynlər uşaqlara ilkin tibbi yardım göstərilməsi haqqında məlumatlandırılsın. Evdə,həyətdə ümumiyyətlə, hər hansı bir şəraitdə alınan travmalardan həm qoruya bilsinlər, həm də o qəzalar baş verdikdə ilkin yardımı necə göstərmək lazımdır bilsinlər. Balaca uşaqlar gəzməyə başlayandan hər an hər bir təhlükə ilə üzləşə bilərlər. Yıxıla bilərlər, yana bilərlər, kəsici alətlər vasitəsilə özlərinə xəsarət yetirə bilərlər. Belə vəziyyətlərlə üzləşən zaman valideynlər təbii olaraq özlərini itirirlər. Təlimi keçirməkdə məqsədimiz də elə bu idi ki, valideynləri məlumatlandıraq, belə hallarda onlar uşaqlarına düzgün yardım göstərə bilsinlər”.

Təlimdə iştirak edən valideynlər öz təəssüratlarını bölüşüb.

Mahizər Əliyeva: (Mehribanın valideyni) “Tədbirdən çox məmnun qaldım. Bir valideyn kimi uşağıma ilkin olaraq necə tibbi yardım göstərilməsi haqda biliklər əldə etdim. Düşünürəm ki, bunları hər bir valideyn bilməli və düzgün qaydada uşaqlarına tətbiq etməlidir. Bizi məlumatlandıran həkimimizə çox təşəkkür edirəm.”

Kabira İbrahimova: (İsmayılın valideyni) “Bağçanın kollektivindən çox razıyam. Bu, birinci seminar deyildi ki, bağçanın direktoru tərəfindən təşkil olunan. Bu dəfə də həmişə olduğu kimi çox maraqlı keçdi. Çox lazımlı vacib təlim idi”.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bağça yaradılır

3M3A7454Xüsusi qayğıya ehtiyacı olan (eşitmə, görmə, fiziki və qavrama bacarıqlarında çətinlik olan və inkişafı yaş xüsusiyyətlərinə cavab verməyən) uşaqları bağçaya adaptasiya etmək və övladının ehtiyaclarına görə karyerasını yarımçıq qoyan valideynlərə dəstək vermək məqsədilə “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin direktoru, həkim – psixiatr Vəfa Şirinovanın rəhbərliyi altında “İndigo Special” (“İndigo” Xüsusi Uşaq Bağçası) yaradılır. Həkim-psixiatr Vəfa Şirinova “İndigo Special” – ın fəaliyyəti haqqında Bagcam.az Təhsil Portalına ətraflı müsahibə verib.  

Vəfa xanım bildirib ki, “İndigo Special” – da eşitmə, görmə, fiziki və qavrama bacarıqlarında çətinlik olan, davranış problemləri müşahidə olunan, daun sindromu və autizm kimi xüsusi qayğıya ehtiyacı olan və inkişafı yaş xüsusiyyətlərinə cavab verməyən uşaqlar təhsil ala biləcəklər:

“Azərbaycanda xüsusi uşaqlara qayğı göstərən bir neçə  mərkəz var.  Keçən illər ərzində həmin uşaqlar xüsusi inkişaf mərkəzlərində reabilitasiya keçdikdən sonra bizim şəbəkəyə daxil olan uşaq bağçalarına yönləndirilir və digər uşaqlarla birlikdə təhsil alırdılar. İndi isə biz özümüz reabilitasiya və fərdi inkişafı bir ünvanda toplayan və uşaq bağçası rejimi əsasında fəaliyyət göstərən mərkəz yaradırıq. “İndigo Special”a uşaqlar intensiv olaraq həftə içi hər gün gələrək ümumi uşaq bağçasına adaptasiya üçün hazırlaşırlar. Uşaqlar bağçaya saat 09:00-da qəbul olunur və bu saatdan etibarən onların iş günü başlayır. Niyə məhz iş deyirik? Çünki onlar, həqiqətən, səhər saatlarından günün sonuna kimi çalışırlar. Bu çalışma onların öz yaş və inkişaf xüsusiyyətlərinə daha çox yaxınlaşmalarına kömək olur”.

Bağçaya qəbul prosesindən də söz açan direktor qeyd edib ki, bu zaman uşağın ilkin qiymətləndirilməsi aparılır:

“Qiymətləndirməyə uyğun olaraq uşaq üçün fərdi iş planı tərtib olunur. Burada onunla nə qədər müddət işləyəcəyimiz əks olunur. Bu qiymətləndirmədə valideyn də iştirak edir. Yanaşma fərdi olduğu üçün hər uşağa görə fərqli müddətlər ola bilər. Bəzi uşaqlarda bu müddət çox qısa, 3-6 ay, digərlərində isə 6-9 ay arası, 1 il və ya il yarım kimi müəyyən edilə bilər. Məqsədimiz uşaqları “İndigo Special”da  uzun müddət saxlamaq deyil, müəyyən müddət ərzində intensiv şəkildə bağçaya hazırlamaq və onlarda lazım olan fiziki, sosial, idraki, mator bacarıqlarını düzgün formalaşdırmaqdır. Bağçada təlim-tərbiyə alacaq uşaqlar 3-7 yaş aralığında dəyişir və uşaqların maraqlarına, davranış göstəricilərinə uyğun olaraq beş qrup fəaliyyət göstərir. Hər qrupda 8-10 nəfərin təhsil alması nəzərdə tutulur və dörd mütəxəssis onlarla iş aparır, hər qrupun öz psixoloqu, loqopedi olur”.

Gün rejiminin düzgün planlanmasının uşaqların inkişafına böyük təsir etdiyini deyən həkim – psixiatr “İndigo” Xüsusi Uşaq Bağçasındakı gün rejiminə daxil olan fəaliyyətlər haqqında da məlumat verib:

“Gün rejimi səhər idmanı ilə başlayır. Daha sonra səhər yeməyi və bunun ardınca məşğələlər olur. Məşğələlərə dərslər, ətraf aləmlə tanışlıq, sadə riyazi təsəvvürlər, savad təlimi, nitq inkişafı, terapiyalar və müalicəvi idman kimi fəaliyyətlər daxildir. Məşğələlərdən sonra gəzinti saatımız təşkil olunur. Hava şəraitindən asılı olmayaraq, mütləq hər gün havaya çıxaraq gəzintidə “meyvə saatı” edirik. Gəzintidən sonra nahar yeməyi, nahardan sonra isə uşaqların istirahət vaxtıdır. Bizim nəzərdə tutulmuş yuxu rejimimiz var və çalışırıq, bu qaydalara əməl olunsun. Biz xüsusi qayğıya ehtiyacı olan uşaqları məcburi yatağa uzada bilmərik. Müəyyən vasitələrlə (məs: musiqi terapiyası) tədricən yuxu rejiminə alışdırırıq. Uşaqlar yuxudan oyandıqdan sonra günün ikinci yarısının məşğələləri davam edir, sonra isə şam yeməyinin vaxtı çatır. Yeməkdən sonra uşaqları qiymətləndirmək üçün desert təqdim olunur. 17:30-dan 18:00-a qədər uşaqların sərbəst geyinmə vaxtıdır. Bunlarla yanaşı  biz gün boyunca, yuxuya, məşğələlərə  hazırlıq zamanı da onlarda özünəqulluq bacarıqları formalaşdırırıq. Həmin vaxtı daha uzunmüddətli nəzərdə tutmuşuq, çünki gigiyenanın düzgün təşkili  kifayət qədər vaxt alır”.

Uşaqların fiziki və sosial inkişafı üçün terapiyaların da rolu böyükdür. Buna görə də “İndigo Special”-da musiqi, art və idman terapiyaları da təşkil edilir:

“Düşünürəm ki, musiqi terapiyası çox vacib terapiya üslublarından biridir. Uşaqlar bu terapiya zamanı çalğı alətlərindən müxtəlif səslərin çıxarılmasını, bəm və zil səsləri bir-birindən ayırmağı öyrənirlər. Musiqinin şən və ya lirik olmasına reaksiya verirlər. Musiqi terapiyasının xüsusi proqramı tərtib olunub. Bu proqrama başdan sona qədər əməl edərək gözəl nəticələrə gələcəyik. Musiqi terapiyasından başqa art terapiyası da fəaliyyət göstərir. Art terapiya özündə gil, kağız, parça, əl boyaları ilə işi birləşdirir. Uşaqlar lazım olan vəsaiti  özləri yaxınlaşıb götürə bilsin deyə  ləvazimatlardan açıq şəkildə istifadə olunur. Növbəti terapiya isə idman terapiyasıdır. Bunun üçün müxtəlif idman qurğuları əsasında xüsusi otaq hazırlanıb”.

Vəfa xanım son olaraq bağçada yemək menyusunun uşaqların qida rejiminə və valideynlərin istəyinə uyğun tərtib edildiyini  vurğulayıb:

“Autistik spektr uşaqları olan valideynlər hər şeyə çox diqqətlə yanaşır. Onlar daim qidaların qlütensiz (zülalsız) olmasında israr edirlər, çünki həmin uşaqlarda belə qidalara qarşı həssaslıq var. Valideynlərin də istəklərini nəzərə alıb, məsələn, süd olaraq, keçi südündən istifadə edirik. Menyu uşaqların qidalanma tərzinə uyğun olaraq tərtib olunub və gedişata əsasən dəyişdirilə bilər”.

Qeyd edək ki,  “İndigo” Xüsusi Uşaq Bağçası Nizami ray. Rüstəm Rüstəmov küç. 25 (Neftçilər mts. yaxınlığında Start İdman Kompleksinin arxası) yerləşir. Bağçaya müraciət etmək üçün (+994) 77 300 70 75 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

Uşaqların oyun oynaması niyə vacibdir?

  1. Uşaqlar oyun vasitəsilə öyrənir.

Oyunun əhəmiyyətini kiçiltməyin. Uşaqlar oyunla öyrənir və inkişaf edir.

Bunun sayəsində onların həm təfəkkür, həm də fiziki bacarıqları inkişaf edir.

Təfəkkür bacarığı- Uşağınızı oyun zamanı “qəhrəmanlarının”qarşılaşdığı hansısa bir problemi düşünərək həll etməyə, problemdən çıxış yolunu axtarmağa çalışır.

Fiziki bacarıqlar –  O güc sərf edərək özü üçün yeni oyun ərazisi, oyuncaqlar yaratmağa başlayır. Hər şeyin yalnız pulla satın alınmadığını, özü də fiziki və zehni güc sərf edərək nələrsə yarada biləcəyini öyrənir.

  1. Oyun sağlıqdır

Oyun hərəkət deməkdir. O uşaqların güclü və sağlıqlı bir formada böyümələrinə köməkçi olur. Eyni zamanda o bu gün bir çox uşağın yaşadığı piylənmə probleminə qarşı güclü vasitədir.

  1. Oyun stresi azaldır

Oyun uşağın emosional inkişaf  etməsini təmin edir. O uşaqları əyləndirərək narahat və stressdən azad olmasına köməkçi olur.

  1. Oyun düşündüyünüzdən daha faydalıdır

Oyun sadə və qarışıqdır. Oyunun bir neçə növü var: Simvolik,  sosial-dramatik, funksional, qaydalı və.s. Alimlər oyunun daha bir neçə növünü araşdırırlar. Uşaqların oyunla necə öyrəndiyi, açıq havada oyun oynamağın uşaqların sağlamlığına necə təsir etdiyi yəqin ki, hər birinizə məlumdur.

  1. Oyuna zaman ayırın

Valideynlər uşaqlarının təhsilinin ən böyük dəstəkcisidir. Təhsil ilə yanaşı valideynlər çalışmalıdırlar ki,  məktəbdə ya da evdə mümkün olduğu qədər övladlarının çox oyun oynamasına nəzarət etsinlər. Yuxarıda da dediyimiz kimi oyun fiziki, sosial və emosional inkişaf deməkdir.

  1. Oyun və öyrənmək bir yerdə baş verir

Oyun və öyrənmək iki ayrı məşğuliyyət deyil, onlar bir-biri ilə sıx bağlıdır. Oyun və təhsilin bir-biri ilə əlaqəsini başa düşmək üçün bunu labarotoriyada keçirilən bir dərs kimi başa düşə bilərsiniz. Belə olan şagirdlər həm pratik, həm nəzəri bilik əldə edir, həm də əylənirlər.

  1. Açıq havada oynamağa üstünlük verin

Öz uşaqlığınızı xatırlayın. Övladınızın açıq havada uşaqlıq xatirlələri olmasını təmin edin.

  1. Empatiya qabiliyyətini inkişaf etdirir

Oyun oynayarkən bir neçə qəhrəmanı o özü canlandırmalı olacaq. Belə olduqda o yalnız uşaq kimi deyil, ata, ana, polis, müəllim kimi  düşünməyə, davranmağa çalışacaq. Bu zaman siz də uşağınızın müxtəlif kimlikləri necə qəbul etdiyini, onlar haqqında nə düşündüyünü öyrənmiş olacaqsınız.

  1. Oyun uşağı öyrənmə mühitidir

Oyun oynayarkən uşaqlar  bu vaxta qədər öyrəndiklərini praktik şəkildə reallaşdırırlar. Məsələn, restoran oyununda uşaqlar menyular hazırlayır, ərzaqlara qiymət qoyur və hesablayırlar. Bu da onlar üçün bir növ inkişaf mühitidir.

“Bağça üçün darıxacam”

İyun ayının 6-da uşaq bağçasında “Məzun Günü” keçirilib. Dörd ildir ki, təntənəli şəkildə qeyd olunan gün bu il də unudulmaz anlarla məzunların yaddaşına həkk olunub.

Bağçadan ümumilikdə 19 uşaq məzun olub. Aparıcların çıxışı ilə başlayan “Məzun Günü” uşaqların əyləncəli rəqsləri və bir-birindən maraqlı səhnəcikləri ilə davam edib. Tədbir valideynlərin də aktiv iştirakı ilə yadda qalıb.

Valideynlərdən İlyasın anası Şahnaz xanım tədbirlə bağlı təəssüratlarını bizimlə bölüşüb:

Uşaq bağçasıyla dörd il bundan öncə tanış olmuşdum. Bu il artıq övladım İlyas məzun olur. Oğlum çox gözəl naliyyətlər əldə edib bu bağçada. İngilis dili, rus dili öyrənib, məntiqi çox güclüdür. Çox razıyam bağçamızdan”.

Leylanın valideyni Xəyalə xanım:

“Bu gün uşaq bağçasından ilk övladım Leyla məzun olur.  Bəlkə də Leyladan çox biz həyəcanlıyıq. Bu cür təşkilatçılıq və uşaqlara olan qayğı üçün bağçaya təşəkkür edirik”.

“Məzun Günü”ndən xoş təəssüratlarla ayrılan uşaqlar da öz müəllimlərinə təşəkkür ediblər:

“Mən bağçanı çox istəyirəm. Bağça həyatı mənim üçün şən keçdi. Bağça üçün darıxacam.”

“Mənsurə müəlliməmə təşəkkür edirəm, bizə göstərdiyi qayğı və sevgiyə görə. O, bizə özümüzü necə aparmağı, mədəniyyətli olmağı öyrətdi. Samirə xanıma da çox sağ ol deyirəm.”

Tədbirin sonunda balaca məzunlar məktəbəqədər hazırlıq dövrünü uğurla başa vurduqları üçün diplomlarla təltif olunublar.

Məşhur nevroloq açıqladı

Little-Girl-With-PillsDünyaca məşhur pediat nevroloq  Dr. Bruce D. Perry diqqət əksikliyi və hiperaktiv pozuqluğunun (DEHB) əslində real xəstəlik olmadığını bildirib və bununla əlaqədar uşaqlara verilən dərmanların zərərli olduğunu söyləyib.

DEHB analizlərinin və bunun müalicəsi üçün nəzərdə tutulan dərmanların sayının sürətlə atrdığı bir dövrdə mütəxəssisin bu fikirləri diqqət çəkib.

Ritalin, Adderall, Vyvanse və digər zehinə təsir edən dərmanlar əsasən 7-14 yaş arasında uşaqlara verilir. Doktor Perri bu cür dərmanların istifadəsinin uşağın fiziki və zehni inkişafı üçün təhlükə yarada biləcəyini bildirib. “Bu dərmanları yeni doğulmuş heyvanlara verdikdə onların beyin sistemi dəyişir. Bu zaman onlar toxluq hissinə nail olmaq üçün daha çox yemək yeyirlər. Eyni zamanda onlarda adrenalin hərisliyi yaranır və ən xırda həyəcan keçirtmək üçün risk tələb edən hərəkətlər etməyə ehtiyac duyurlar. Bu isə heç də yaxşı əlamət deyil.

Ümumiyyətlə, qəbul etdiyimiz dərmanlar orqanizmimizə hər zaman fərqli şəkildə təsir göstərir. Hər dərmanın müxtəlif əks təsirləri ola bilər. Buna görə də əsas məsələ daha çox dərman qəbul etmək yox, xəstəliyin mənbəyini tapıb bu simptomlar üzrə müalicə olunmaqdır.

Xəstəliyin digər müalicə üsulları barədə məlumat verən Dr. Perry valideynlərə yoqa və pəhriz kimi təbii müalicə yollarını tövsiyyə edib.

Bu xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsi üçün müxtəlif qeyri-farmakaloji üsullar var.

Bu məsələdə ən əsas məsuliyyət valideynlərin üzərinə düşür. Uşaqların hiper həssas olduqları bu dövrdə valideyn də məsələyə eyni həssaslıq, eyni narahatlıqla yanaşsa, uşağın psixoloji vəziyyəti daha da ağırlaşa bilər. Çünki ata, anasının da özü qədər zəif olduğunu görən uşaq fərqli cür davrana bilməz. Bu dövr ərzində valideyn övladını onun bir çox bacarıqları, uğurları ola biləcəyinə inandırmalı və öz bacarığını sübut etməsi üçün ona müxtəlif imkanlar yaratmalıdır. Ancaq belə olanda DEHB probleminin öhdəsindən pilləli şəkildə gəlmək mümkündür.

Valideynlərin bu məsələyə yalnış yanaşma səbəblərindən biri də DEHB-i xəstəlik hesab etməmələri, bu problemi kifayət qədər ciddiyə almamalarıdır.

Ancaq xəbəriniz olsun ki, əziz valideynlər, övladınızda bu xəstəliyin simptomları varsa, məsələyə kifayət qədər həssas yanaşmağınız vacibdir. Əks halda ona müalicə üçün müxtəlif dərmanlar verib, onu bu dərmanların asılısına çevirə bilərsiniz.  Bu dərmanların isə yuxarıda da qeyd etdiyimiz kimi ən müxtəlif mənfi təsirləri ola bilər.

Uşaqlar ilk məzun gününü qeyd etdi

İyun ayının 4-də “İnci” uşaq bağçasında 2014 – 2015-ci  tədris ilinin yekunu olaraq məzun günü keçirilib. Bağçada hər birindən 15 uşaq olmaqla, azərbaycan və rus bölmələrində iki qrup məzun olub.

Tədbir uşaqların rəqsi ilə başlayıb, maraqlı səhnəciklər, şeirlərlə davam edib.

Övladlarının xoş günündə onlarla birgə iştirak edən valideynlər də, bir birindən maraqlı müsabiqələr hazırlamaqla bu günü daha da maraqlı etməyə çalışıblar. Keçirilən müsabiqələrdə onlar mahnılar səsləndirib, səhnəciklə çıxış ediblər.

Məzun günündə uşaqlar həmçinin müxtəlif bacarıqlarına görə ilin nominasiyaları ilə də təltif olunublar. Məktəbəqədər hazırlıq dövrünü uğurla başa vuran balacalara isə, diplomlar təqdim  olunub.

Sonda valideynlər keçirilən bu tədbirlə bağlı təsəssüratlarını bölüşüblər.

Məmmədova Arifə:

Bu gün tam əminliklə deyə bilərəm ki, mənim oğlum məktəbə tam hazırlıqlı şəkildə bağçadan ayrılır. Bu günkü tədbir mənə çox xoş təsir bağışladı. Uşaqlarrın çıxışı, hər şey. Mən fürsətdən istifadə edib uşaqlara gələcək həyatlarnda uğurlar arzulayıram, istəyirəm ki onların məktəbdən və universitetdən məzun olduqları günü görək. Hər birinə uğurlar arzulayıram.

Könül Kərimova:

İki ildir uşağım bura gəlir. çox məmunan. bu gün də çox gözəl hazırlanıb. Hər şey düşünülmüş, uşaqlarımız üçün. Təəssüratlarımız çox yaxşıdır.

 

Balacaların ilk “Məzun Günü”

İyun ayının 1-i “Baby Star” uşaq bağçasında “Məzun Günü” keçirilib.

Tədbirin əsas məqsədi bağça həyatını geridə qoyub məktəb həyatına başlayacaq balacaların ilk məzun gününü təntənəli şəkildə qeyd etmək idi. Uşaqlar üçün böyük əhəmiyyət kəsb edən tədbir onların ifası ilə başlayıb, bir-birindən fərqli səhnəciklərlə davam edib. Balacalar həmçinin müxtəlif şeirlər səsləndirməyi, rəqs edib,pantomim tamaşaları göstərməyi də unutmadılar.

Tədbirdə balacalar bağçada öyrəndiklərini və artıq məktəbə hazır olduqlarını valideynlərinə, müəllimlərinə böyük sevinclə göstərdilər. “Məzun Günü”nü daha da maraqlı edən uşaqların bir sıra xalqların rəqslərini ifa etmələri oldu. Bu sevinc dolu günü övladları ilə birgə yaşamaq üçün valideynlər də tədbirdə iştirak edirdi.

“Məzun Günü”ndən xoş təəssüratlarla ayrılan valideynlər bağçanın məktəbəqədər hazırlıq fəaliyyəti və keçirilən tədbirlərlə bağlı fikirlərini bölüşdülər:

 

Valideyn :

Çox yaxşı bağçadır. Təlim, tərbiyəsi. Ümumiyyətlə, kollektivi çox cavan olsa da uşaqlar üçün çox məsuliyyətlidir. Biz bağçadan, onun pedaqoqlarından, rəhbərlərindən- hər birindən çox razıyıq.

 

Valideyn:

Bağçadan, onun kollektivindən çox razıyam. Uşaqlara çox gözəl tərbiyə verir. Bunun üçün onlara çox böyük təşəkkür edirəm.

 

Valideyn:

Artıq bir ildir ki, övladım bu bağçadadır. Çox razıyıq. Uşağımıza çox müsbət təsir edir. Tədbirləri də çox yaxşı təşkil edirlər. Uşaqlara qarşı çox mehribandırlar. Övladım burda təhsil alandan sonra onda həm xasiyyət, həm də təhsil baxımından çox irəliləyiş olub.

Tədbirin sonunda balacalar “Əlvida bağça” mahnısını ifa etdilər. “Məzun Günü” uşaqların diplom və fərmanlarla təltif olunması ilə başa çatdı.

Balacalar “Respublika günü”nü qeyd edib

28 May “Respublika Günü” 1990-cı ildən bəri Azərbaycanda dövlət bayramı kimi qeyd edilir. Bu bayram uşaq bağçasında balacalara vətən sevgisi aşılamaq məqsədilə təntənəli şəkildə qeyd olunub. Bağçada ataların iştirakı ilə “Atam və mən” adlı tədbir təşkil edilib. Tədbirdə balacalar əsgər geyimində milli vətənpərvərlik ruhunda mahnılar ifa edib, şeirlər söyləyib, pantomim tamaşaları göstərib əyləniblər. Bağçanın təsisçisi Xudu Rzayev keçirilən tədbir haqqında fikirlərini bölüşüb:

“Qəlbim sevinclə doludur ki, belə yüksək səviyyədə tədbir keçirildi. Balaca uşaqlarda vətən, xalq, dövlət sevgisi var idi. Onlar onu gözəl şəkildə ifa elədilər. Və bunu burada iştirak  edən valideylər də gördülər. Bu bizim üçün çox önəmlidir. Deyərdim ki, bağçanı yaratmaqda məqsəd və məramımız ondan ibarət oldu ki, biz dövlətimizə, vətənimizə, xalqımıza bir fayda verə bilək. O fayda da təhsildən keçə bilər. Güman edirəm, bəzi nəticələr də əldə etmişik. Və bu bizim üçün çox sevindiricidir”.

Övladlarının çıxışını qürur hissi ilə izləyən atalar da tədbirdən xoş təəssüratlarla ayrılıblar.

“Təsadüf deyil ki, bu tədbir gözəl bayramla üst-üstə düşüb. 28 May Respublika Günü ilə əlaqədar uşaq bağçasının kollektivini, uşaqları, şəxsi heyyəti, rəhbərliyini təbrik edirik. Bu tədbir gözəl təəssüratlar bağışladı”.

“Mən bağçanın keçirdiyi tədbirlərdən həmişə məmnunam. Həm gözəl kollektivi var, həm də ki, uşaqlarımızın inkişafını öz gözlərimizlə görürük. Bəlkə də biz bu tərəfindən görmürük, evdə əzizləyirik, amma burada çıxış edəndə ürəyimiz dağa dönür. Buna görə də təşəkkürlərimi bildirirəm, çox sağolsunlar”.

Tədbirin sonunda balacalar öz əlləri ilə hazırladıqları üzərində “mənim qəhrəmanım” yazısı olan medallarla atalarını təltif ediblər.