Balacalar kəşf etməyi bağçada öyrənir

Azyaşlı uşaqlar yeni bilikləri öz təcrübələrində kəşf edərək, öyrənəndə daha tez mənimsəyirlər.

Bunu nəzərə alan “Baby Star” uşaq bağçasının tərbiyəçiləri  uşaqlara ibtidai elmləri praktiki yolla öyrədirlər. Tərbiyəçilərlə birlikdə müxtəlif təcrübələr aparan balacalar həm yeni biliklər əldə edir, həm də əylənirlər.  Bu zaman tərbiyəçilər uşaqlara təcrübə prosesini, fiziki qanunauyğunluqları və səbəb-nəticə əlaqəsini izah edirlər.

Qeyd edək ki, təcrübə mühitində biliklərin ötürülməsi “Education Network Management” təhsil şəbəkəsinə daxil olan bütün bağçalarda tətbiq olunur.

Uşaqların sağlam böyüməsi üçün mühüm addım

“Sağlam Ailə” Tibb Mərkəzi ilə “Education Management Network” Təhsil İdarəetmə Şəbəkəsi arasında imzalanan əməkdaşlıq çərçivəsində “İndigo” Nərimanov uşaq bağçasında uşaqların tibbi müayinəsi baş tutub.

“Sağlam Ailə” Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Nigar Rüstəmli əməkdaşlıq barədə ətraflı məlumat verib:

“İndigo” Nərimanovda olan uşaqlar stomatoloq, pediatr, lor və oftalmoloq həkimlərinin müayinələrindən keçdilər. Heç bir problem aşkarlanmadı və biz sevinirik ki, bu gün bu bağçada olan uşaqlarımız sağlam şəkildə bağçaya gəlib-gedirlər. Burada bizim əməkdaşlıq çərçivəsində hər hansı bir havaların dəyişkənliyində, mövsüm dəyişkənliyi ilə bağlı ola bilən problemlərdə, uşaqlarda hər hansısa bir xəstəliklər olarsa belə, burun-boğaz ağrıları, zökəm, qrip, bilirsizsiniz ki, bunlar mövsümlə əlaqəli xəstəliklərdir, ona görə də “Sağlam Ailə” Tibb Mərkəzi “Education Management Network”da olan bütün körpələri endirimli qiymətlərlə “Sağlam Ailə” Tibb Mərkəzinə qəbul etməyə hazırdır”.

Tibbi müayinənin aparılmasında iştirak edən “Sağlam Ailə” Tibb Mərkəzinin oftalmoloqu Aynur Quliyeva deyib ki, uşaqlarda ciddi problem aşkarlanmadı:

“Uşaqlarda görməni, göz dibini, konyuktivanı, kirpik dibini yoxladıq. Uşaqlarda elə bir ciddi problem aşkarlanmadı. Sadəcə bir-iki uşaqda görmə zəifliyi aşkarlandı. Bu uşaqların “Sağlam ailə”nin və “Education Management Network” şirkətinin  köməyi ilə gələcəkdə endirimlərdən istifadə edərək “Sağlam ailə”də daha dəqiq müayinələrdən keçmə şansları var və lazım gələrsə bu uşaqlara eynək təyin olunacaq”.

Stomatoloq Aydan Niyazova müayinələrin uğurla başa çatdığını deyib.  

“Stomatoloq olaraq biz körpələrin ağız boşluğunu, dişlərini, selikli qişalarını və dişləmlərini müayinə etdik. Uşaqlar azyaşlı olduqlarında o qədər də ciddi problemlərə rastlanmadı. Hətta uşaqlar artıq diş həkimində olublar. Bu çox müsbət haldır”.

“Sağlam Ailə” Tibb Mərkəzinin pediatrı Xanım Əhmədova deyib ki, bu yaxınlarda valideynlərlə də görüşlərin keçirilməsi gözlənilir:

“Mən “Sağlam ailənin” pediatrı olaraq bu gün “İndigo” Nərimanov uşaq bağçasında uşaqları müayinədən keçirdim. Bəzi uşaqlarda allergik olan prosesləri gördük. Yaxınlarda bizim valideynlərlə bir görüşümüz olacaq. Həmin uşaqlara dair olan tövsiyələrimizi valideynlərə çatdırmağı  planlaşdırırıq”.

Qeyd edək ki, tezliklə “Sağlam Ailə” Tibb Mərkəzinin həkimləri  “Education Management Network” Təhsil İdarəetmə şəbəkəsinə daxil olan digər uşaq bağçalarında da tibbi müayinələr aparacaq. Bundan əlavə, əməkdaşlıq çərçivəsində Tibb Mərkəzi ehtiyac yarandığı zaman şəbəkəyə daxil olan bütün uşaq bağçalarını təcili tibbi yardım ilə təmin edəcək. Bağçaların illik qida menyusuna “Sağlam Ailə” Tibb Mərkəzinin həkim-dietoloqları tərəfindən nəzarət ediləcək.  Həmçinin bağçaya qəbul zamanı tələb olunan müayinələrin və sağlamlıq haqqında arayışın təqdim edilməsi də Tibb Mərkəzi tərəfindən həyata keçiriləcək.

Ev işləri görmək uşaqları daha məsuliyyətli edir

image-2Uşaqlar ev işlərində kömək edəndə həm işə yaradıqlarını hiss edirlər, həm də məsuliyyətli olmağı öyrənirlər. Bu işdə əsas məsələ isə ev işlərinin uşağın yaşına görə təyin edilməsidir.

3 yaşlı uşaqlar üçün ev işləri.

  • Oyuncaqları yığışdırmaq;
  • Yemək zamanı salfet, boşqab, çəngəl və ya qaşığı süfrəyə qoymaq (xüsusi səliqə olmasa da olar);
  • Əli çatan asqılara gödəkçə, pencək asmaq.

4 yaşlı uşaqlar üçün ev işləri.

  • Süfrəni hazırlamaq;
  • Tozsoranı tutmaq, yerləri silmək, tozları almaqda kömək etmək;
  • Şirniyyat bişirərkən mikseri tutmaq;
  • Oyun oynadıqdan sonra oyuncaqları və özünə aid əşyaları yığışdırmaq.

5 yaşlı uşaqlar üçün ev işləri.

  • Yeməkdən əvvəl süfrəni səliqə ilə hazırlamaq;
  • Yemək yedikdən sonra qabları yığışdırmaq;
  • Yatağını yığışdırmaq, çirkli geyimlərini ayrıca səbətə qoymaq;
  • Ayaqqabının ipini bağlamağı öyrənmək.

6 yaşlı uşaqlar üçün ev işləri.

  • Güllərə su vermək;
  • Paltarlarını dolaba qoymaq;
  • Tərəvəzləri təmizləmək;
  • Asan hazırlanan yeməkləri böyüklərin köməyi ilə bişirmək.

7 yaşlı uşaqlar üçün ev işləri.

  • Bağçanı sulamaq;
  • Bazarlıq zamanı kömək etmək;
  • Səhərlər zəngli saat ilə sərbəst oyana bilmək;
  • Məktəbdə yemək üçün öz yeməyini hazırlamaq.

 8-9 yaşlı uşaqlar üçün ev işləri.

  • Salfetləri səliqə ilə qatlayıb süfrəni hazırlamaq;
  • İstifadəsi asan olan elektrik avadanlıqlarının (mikser, şirə çəkən və s.) sərbəst istifadə edilməsi;
  • Ev tapşırıqlarını sərbəst etmək.

10 yaşlı uşaqlar üçün ev işləri.

  • Yataq dəstini sərbəst dəyişmək;
  • Günlük planını qurub, cədvəllə işləmək;
  • Hazır keks, xəmir və digər məhsular ilə asan yeməklər hazırlamaq.

11 yaşlı uşaqlar üçün ev işləri.

  • Evdə tək qala bilmək;
  • Öz işlərində məsuliyyətli olmaq;
  • Evə gələn qonağı qarşılaya bilmək;
  • Sərbəst olaraq dərslərini hazırlamağa davam etmək.

DİQQƏT:  İşləri bölüşdürərkən qız və oğlan uşaqları arasında fərq qoymayın.

 

 

 

“Körpələr məhəbbət və qayğı ilə böhrandan çıxır”

img_5938-2Psixoloqların fikrincə, insanın müxtəlif yaş dövründə aldığı travmalar, ailənin verdiyi tərbiyə üsulu, həmin yaş dövründə insanın keçirmiş olduğu hiss və həyəcanlar, psixoloji gərginliklər və digər səbəblər özünü yetkin yaş dövründə biruzə verir. Bu barədə uşaq bağçasının direktoru Samirə Muxtarova Bagcam.az saytına müsahibə verib.

Bildiyimiz kimi, müxtəlif dövrlərdə uşaqlarda yaş böhranı baş verir. Bəs siz uşaqlarda baş verən yaş böhranına necə tərif verərdiniz?

– Mühit dəyişkənliyi, xarakter dəyişkənliyi uşaqlarda yaş böhranını yaradan əsas amillərdəndir. Böhran sərhəd bitdiyi an yaranır.

Bu böhran əsasən hansı yaşlarda yaranır?

– Uşağın doğulma anını ilk böhran hesab edən Bolqar psixoloqu L. Pernu yazıb ki, çağanın böhranı doğulduğu çətin dəqiqələrdən başlanır. O, 20 kiloqrama bərabər itələyici təzyiqlə 370oC temperaturu olan isti su mühitindən hava mühitinə atılır. Bu da çəkisizlik vəziyyətində və havanın 8oC temperaturunun 200oC olduğu kosmonavtın vəziyyətinə bənzəyir və o, belə şəraitdə tənəffüs etməlidir. Təzə doğulan uşağa ananın və atanın qayğısı, məhəbbəti artdıqca körpədə inam hissi yaranır. Fiziki ehtiyacları düzgün qarşılandıqca körpə də böyüyür. Məhəbbət və qayğı ilə bu böhrandan çıxırlar və həyata uyğunlaşırlar.

Sonra isə uşaqlarda müstəqillik meyli gücləndiyi vaxt 3 yaş böhranı başlayır. Eqo yaranır. Uşaq bu eqo ilə necə davranacağını bilmir. “Mən, mən, özüm edəcəm” kimi ifadələri artır. O zaman biz böyüklər uşaqla düzgün cümlələr seçib düzgün ünsiyyət qurmalıyıq. “Olmaz”lar çox olduqda uşaq kaprizini artırır, özünü yerə yıxır, ağlayır, qışqırır və s.


Untitled-1Valideynləri narahat edən bir məsələ var ki, o da bu yaşlarda olan uşağa hər istədiyini vermək və ya ona “olmaz” qadağaları ilə çərçivəyə salmaq arasındakı orta yoldur. Bu məsələdə valideyn orta yolu necə tuta bilər?

– Ən gözəl üsul qaydadır. Hər müəssisə, bağça və qrupda olduğu kimi hər ailənin də qaydası olmalıdır. Ailə üzvləri bir gün əyləncəli şəkildə öz evinin qaydalarını müəyyən edir və buna bütün ailə birlikdə əməl etməyə başlayır. Hər qaydanın mütləq böyük deyil, kiçik hədiyyəsi də olmalıdır.

“Olmaz” dəməyə tələsmək lazım deyil. Bəzən uşaqlar haqlı olurlar, amma valideyn inadla ona “olmaz” deyir. Niyə olmaz? Bir dəfə “olar” bir dəfə “olmaz” deyən analar var. Valideyn birinci özü  üçün müəyyən etməlidir  ki, “olmazlar” nədir və niyə olmaz? Həmçinin uşaqlara neqativlə, “ma-mə” ilə, etmə ilə olan cümlələr qurulmamalıdır. Əvəzində alternativ vermək lazımdır. “Telefonla oynamaqdansa, bəlkə kitab oxuyaq. Sən bilirsən sənin yaşındakı uşaqlar cizgi filminə 15 dəqiqə baxmalıdır. Bizim 15 dəqiqə bitdi, əzizim. Mən sənə maraqlı oyun düşünmüşəm gəl mənimlə oynayaq” kimi cümlələr işlədilməlidir. Bu zaman o sevinərək gələcək və sizə qoşulacaq.

Samirə xanım, sizin iki oğlunuz var. Bəs siz övladlarınızda ilk böhran dövrünü necə keçirmisiniz?

– Düzünü desəm, böyük oğlumda üç yaşı rahatlıqla keçirdik. Biz hər gün birlikdə bağçaya gəlirik. Mən işimə, oğlanlar bağçaya. Axşamlar isə birlikdə evə gedirik. Ortaq söhbətlərimiz çoxdur. Onlara nə qədər uşaq kimi baxsam da, böyük kimi davranıram, günümüzü birlikdə müzakirə edirik. Aramızda bir üçlük yaranıb, komanda kimiyik. Bəzən balaca oğlum böyüyə məsləhət verir. Böyük oğlum iki yaşına kimi nənəsigil ilə çox vaxt keçirməli oldu. Mənim işlərim çox idi. İki yaşında bağçaya başlayanda çox çətin anlarımız oldu. Nənədən, evdən ayrılmaq istəmirdi. Gecələr məni sevmir deyə gizli-gizli ağlayırdım. İlk analıq təcrübəm idi. Amma sevgi, səbr və birlikdə keçirdiyimiz zaman bizi birləşdirdi.

dsc_0130Balaca oğlum doğulanda qorxdum ki, böyüklə olan münasibətimiz dəyişər, amma qardaşını çox gözəl qəbul etdi. Balaca oğlum Muradı bağçaya çox tez apardım. Səkkiz ayından dayə bağçada yanımda baxmağa başladı və bir yaş yarımlıq qrupa qatıldı. Amma Muradın üç yaş krizləri oldu. “Mən niyə böyük deyiləm?”, “Mən niyə bağçaya getməliyəm?”, “Sən niyə evdə qalmırsan!” “Niyə istədiyimiz zaman istədiyimizi etmirik?” kimi suallar verirdi.

Bir valideyn kimi nə məsləhət görərdiniz, bu dönəmdə nə etmək lazımdır?

– Bu dönəmdə səbrli olmaq lazımdır. Mümkün olduqca uşaqla söhbət etmək, kitab oxumaq, gəzmək ananın köməyinə gəlir. Onun yersiz ağlamaqları və s. başladığı zaman mən görməzlikdən gəlirdim. Qəribə budur ki, Osman (böyük oğlum) da eyni reaksiyanı verirdi. Beş dəqiqə sonra heç nə olmamış kimi özü yanımıza gəlirdi. Mən nə qədər övladlarımı çox sevsəm də, sevgimi də qədərində bildirən anayam. Həddindən artıq dərəcədə müdafiəçi deyiləm. “Üç yaş böhranı”mız 3-4 ay davam etdi. Bir ara çarəsiz qalıb həkimə yoxsa psixoloqa müraciət edim deyə düşündüm, çünki böyük oğlumda üç yaş böhranı yaşamamışdıq. Amma həkimimiz də, psixoloqumuz da sadəcə bir söz dedi: “Səbrli ol”.

Uşaqların ikisində də mənə məxsus analiz etmək qabiliyyəti var. (Gülür) Çətinlik çəkərkən axşamlar hansısa nağılın istiqamətini dəyişib onlara nağıl danışıram, sonra analiz edirik. Bu, onlara gündüz etdiyi səhvləri xatırlamaq imkanı yaradır. Hər uşaq fərdidir. Bir ailədə iki oğlan var, ikisinin də hadisələrə baxışı fərqlidir. “Bu işdə məhz belə davranmalıyıq” – deyə bir şey yoxdur. Birində davrandığımız hal digərində keçərli olmaya da bilər.

img_5953-2İlk böhran dövrü eyni zamanda uşağın bağça dövrünə təsadüf edir. Bağçalar bu məsələdə hansı rolu oynayırlar?

– Bağçada üç yaş böhranı evə nisbətən, yüngül keçir. Əvvəlcə, uşaqların kaprizləri valideynlərini gördükləri zaman daha çox yaranır. Tərbiyəçi necə davranacağını düzgün bilirsə, bu çox gözəl olur, amma istənilən anda 3-4 yaş qrupunda digər qruplara nisbətən, nizamsızlıq, qaydalara tabe olmamaq halları baş verir.

“Üç yaş böhran dövrü”nü normal keçirməyən uşaqlar gələcək mərhələlərdə hansı problemlərlə qarşılaşırlar?

– Ünsiyyət problemi yaranır. Kaprizlər təəssüf ki, vərdiş halını alır. Bəzən fikir vermizinizsə, böyük uşağa “Sən özünü bəbə kimi aparırsan” deyilir. Bu üç yaş böhranını yaxşı keçirməməklə əlaqəlidir.

Çox müdafiəçi ailələrdə böyüyən, yıxıldığında tez qaldırılan, tərləyən kimi dərhal alt geyimi dəyişdirilən uşağın hər anını kontrolda saxlayan ailələrdə uşaqlar sonralar daha çox əsəb böhranı keçirirlər. Eyni zamanda avtoritar ailələrdə yetişən uşaqlar da cəzadan qorxduqlarına görə, bu böhran tam yaşanmır və onlarda bu böhranın müəyyən izləri qalır. Demokratik ailələr qayda tərtib edib qaydalara özləri də əməl etdikləri zaman, cəza yerinə mükafatlandırıldığında, təbii ki, böhran yüngül formada ötüşür.

img_5963-2Uşaqların keçirdiyi növbəti böhran isə 6-7 yaşlarda olur. Bu böhranın əsas əlamətləri nələrdir?

– 6-7 yaşlarından uşaq yeni mühitə yelkən açır. Bağça, məktəbəqədər dönəm bitir. Evdə, ətrafda, cəmiyyətdə hər kəs ona böyük kimi davranır. “Sən artıq böyüksən”, “ Sən artıq məktəblisən” deyərək uşaqda qorxu yaradırıq. Oyun və oyuncaq dönəminin tamamilə bitdiyini zənn edən uşaq üzülür. Ağır portfel, səhər tezdən oyanmaq onu yorur. Hər gün evə verilən tapşırıqlar, dərslər, tanımadığı məktəb mühiti, müəllimlər yeni böhrana səbəb yaradır.

Valideynlərin bu böhran zamanı yaşadığı ən böyük problem nə olur?

– Valideynlər uşaqlarına ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çətinlik çəkir. Valideyn uşaqla dərs zamanı səbirsiz davrandığı, uşağın da onu müəllimi kimi qəbul etmədiyi üçün problemlər yaranır. Uşağa dərslərini sərbəst yerinə yetirmək vərdişi aşılanmalıdır. Eyni zamanda uşağa məktəbli yaşıdlarının təsiri daha çox olur. Bu yaşda uşaqlar dostlarının sözlərinə böyük əhəmiyyət verir, onların hərəkətini təkrarlayırlar. Evə yeni vərdişlər gətirirlər. Bu da valideyinləri qıcıqlandırır.

img_5947-2Uşaqların məktəbəhazırlıq dönəmində bağçanın üzərinə hansı vəzifələr düşür?

– Bağça məktəbəqədər dönəmi düzgün təşkil etməlidir. Uşaq 3-4, 4-5, 5-6 yaşın standartlarına uyğun, mərhələ-mərhələ hər şeyi anlayaraq öyrənməlidir. Bağçada tualet vərdişindən başlayaraq, düzgün gün və yuxu rejiminə əməl olunur. Uşaqlar müstəqilliyə alışır, öyrənməli olduqları məlumatların 70 faizini yeddi yaşına qədər tam öyrənirlər. Öyrənmə bacarığı məktəbəqədər dövrdə inkişaf edir. Bağçanınuşağın həyatında əsas rolu odur ki, onlar dünyagörüşü qazanır, paylaşmağı öyrənir, sosiallaşır, başqa dostları ilə birgə oynamağı öyrənir, dost qazanır və ən əsası da hər uşaq bir-birinin xüsusiyyətlərinə uyğun davranmağı öyrənir. Bu da məktəbdə ona kömək olur.

Bəs bu mərhələdə məktəb rəhbərliyi nələr etməlidir?

– Hesab edirəm ki, bu müddətdə məktəb ibtidai siniflər üçün əyləncə və dincəlmək üçün otaqlar ayırmalıdır. Uşaqların məktəbə, yeni müəllimə, yeni dostlara uyğunlaşmaq üçün şərait yaradılmalıdır. Ciddi dərs rejiminə keçid yüngül olmalıdır.

Samirə xanım, ətraflı müsahibənizə görə təşəkkür edirik.

 

Bağça gələcəyin şahmatçılarını yetişdirir

Şahmat oyunu uşaqlarda dünyagörüşünün artmasına, zəkanın inkişafına, diqqətli olmağa və gələcək addımları əvvəlcədən görməyə kömək edir.

Bunu nəzərə alan “İndigo” Nərimanov uşaq bağçası da balacalar üçün mütəmadi olaraq şahmat dərsləri təşkil edir. Şahmat üzrə xüsusi dərəcəli təlimçilər tərəfindən aparılan dərslərdə uşaqlara oyunun qaydaları, şahmat fiqurlarının adları və  gediş istiqamətləri haqqında məlumat verilir. Bununla yanaşı uşaqlar öyrəndikləri yeni məlumatları praktiki olaraq dərs boyu tətbiq edir, şahmat oynayırlar.

Qeyd edək ki, şahmat dərsləri “Education Network Management” təhsil şəbəkəsinə daxil olan bütün bağçalarda tətbiq olunur.

 

Uşaqlarda həkim fobiyası

hekimUşaqlarda rast gəlinən fobiyalardan biri də həkim fobiyasıdır. Bu, uşağın həkim adını eşidərkən qorxması, həyəcanlanması ilə özünü biruzə verir. Eyni zamanda uşaqlar lazımi zamanlarda həkimə getməli olduqlarında ağlayaraq, müxtəlif xoşagəlməz davranışlarla valideynlərinin narahatlığına səbəb olurlar. Bəs uşaqlarda rast gəlinən bu fobiyaya səbəb nədir? Uşaqlarda həkimdən qorxu nə zamandan başlayır?

Yəqin ki, övladınızı körpəlik dövründə həkimə rahat şəkildə apardığınıza diqqət etmisiniz. Səbəb isə onların hələ həkim haqqında heç bir təsəvvürlərinin olmamasıdır. Artıq ətrafı dərk etməyə başlayan uşaq həkimə gedərkən orada ona iynə vurulmasının şahidi olduqdan sonra həkimə getməkdən qorxar. Eyni zamanda, övladınız dəcəlliklər edərkən, sizi dinləmədiyində, yatmadıqda, “Sakit dur, yoxsa həkimə apararam”, “Belə etsən, həkimi çağıracağam, iynə vursun”, “Yat, yoxsa həkim gələcək” kimi ifadələriniz övladınızda həkim haqqında yanlış təsəvvürlər yaranmasına və bu təsəvvürlərin mənfi istiqamətdə inkişafına səbəb olur.

Diqqətli davranın. Övladınızda bu kimi qorxular qalıcı ola bilər ki, bu da həyatı boyu bu hissin onu izləməsinə, travma şəklində yaddaşında qalmasına səbəb olar. Bunun üçün diqqətli olmağınız və həkim haqqında övladınızda qorxulu bir insan təsəvvürü yaratmamağınız tövsiyyə olunur.

Rollu oyunlar oynayın. Bu zaman bəzən onun, bəzən isə sizin həkim rolunda olmanızı təmin edin. Həkim çantası alsanız bu onun xoşuna gələr və həmçinin həkimi bu əşyalardan istifadə edərkən qorxu hissi yaşamaz. Rollu oyunlar zamanı övladınızın həkim barəsində olan təsəvvürünü müsbətə doğru dəyişməyinə yardımçı ola bilərsiniz.

Aldatmayın. Övladınızı həkimə apararkən onu parka, əyləncə mərkəzinə apardığınızı deyərək evdən çıxarmağın yaxşı üsul olduğunu düşünürsünüzsə yanılırsınız. Bu üsulunuz övladınızın sizə olan inamının itməsinə, eyni zamanda həkim haqqında mənfi və yanlış fikirlərinə səbəb olar.

Məlumat verin. Kitabda, jurnalda həkim haqqında verilmiş bilgiləri övladınıza çatdırın. Bu zaman onların şəkilləri (ağ geyimli, gülər üzlü) ilə də tanış etməyiniz və necə bir peşəyə malik olmaları, insanları sağaltmaları və s. haqqında məlumatları verməyiniz övladınızda xoş təsəvvür yaradar.

Həkim dəstəyi. Əgər övladınız hər dəfə həkimə gedərkən çox narahatlıq keçirirsə bu məlumatı övladınızın həkiminə bildirməyiniz faydalı olar. Həkimin övladınızla fərqli davranışı onun qorxusunun aradan qaldırılmasında daha yaxından kömək olar.

Həkim fobiyanız varmı? Bildiyiniz kimi, uşaqlar valideynlərini təqlid etməyi sevirlər. Bəzən özləri də fərqində olmadan valideynlərinin hisslərini öz üzərlərinə köçürürlər. Əgər sizin həkim fobiyanız varsa, bunu övladınıza yansıtmamalısınız.

Narahatlığınızı aradan qaldırın. Övladınızı həkimə apararkən onun üçün hədsiz narahatlıq hissi keçirisinizsə bu zaman övladınızın da narahatlığına səbəb olacaqsınız. Bunun üçün çalışın ki, övladınızı həkimə apararkən rahat olasınız və övladınızı da bu rahatlıq duyğusu ilə təmin edə biləsiniz.

Uşaq arabasının üzərinə tülbənd örtməyin

arabaSiz də körpənizi günəşdən, ağcaqanaddan qorumaq üçün  arabasının üzərinə tülbənd örtürsünüz? Bunu qətiyyən etməyin!

Bir çox ana uşaq arabasının üzərinə tülbənd örtür və bununla uşağı qoruduğunu düşünür. Ancaq isveçli həkimlərin fikrincə, arabanın üzərinə tülbənd atmaq istiliyi qat-qat yüksəldərək, ani körpə ölümü sindromu riskini artırır.

Uşaq həkimi Svanet Norgren nazik tülbəndin belə, hava sirkulyasiyasını əngəlləyib içəridə istiliyə səbəb olduğunu açıqlayıb.

İsveçli araşdırmaçıların gəldiyi qənaətə görə, üzəri örtülü olan körpə arabasının içərisindəki istilik bayırdakından 15 dərəcə daha yüksək olur.
Körpə özünü ana bətnindəki kimi hiss edir və anidən nəfəs çatışmazlığı yaşaya bilər.

Həddən çox isti ani körpə ölümü sindromuna səbəb ola bilər.

Uşağı istidən qorumaq istəyirsinizsə, arabanı bürümək yerinə, çox isti olan saat 11:00-17:00 arasında bayıra çıxarmayın.

Ailem.az

Uşaqlar və depresiya

Uşaqlarda görülən depressiya yetişkinlərə nisbətən daha ağır keçir. Aparılan tədqiqatlar uşaqlardakı depressiyanın əsas səbəbinin “günahkarlıq” hissinin olduğunu deyir. Uşaqların həyatına pis təsir edə biləcək hər cür hadisə onlar üçün depressiyaya riski daşıyır. Bunlara boşanma, ölüm, xəstəlik, ağır maddi vəziyyət və s. misal göstərmək olar.

Özünə inam əskikliyi

Uşaqların depressiyaya girməsində ailənin təsiri böyükdür. Ailədaxili  mübahisələr uşaqlarda depressiya riskini artıran əsas səbəblərdən biridir. Valideyinlərindən biri depressiyada olan uşaqlarda bu risk daha çoxdur. Məktəbdə baş verən uğursuzluqlar da depressiyaya təsir edir. Öznə inamı az olan, özünü bəyənməyən, müxtəlif bacarıqlara sahib olmadığını düşünən uşaqlarda da bu risk mövcuddur.

Məktəb dövründə depressiya

Məktəbli uşaqlarda depressiyanın xüsusiyyətləri fərqlidir. Uşaqların sosial fəaliyyətinin aşağı düşməsi, narahat davranışları və bu kimi digər xüsusiyyətləri depresiyada olduğuna işarə edir. Depressiyada olan uşaqların bəziləri problemlərini ailəsi ilə paylaşır, bəziləri isə içlərinə qapanır.

Yeniyetməlik dövrü

Bu dövürdə olan depressiya, yetişkin insanlarda olan depressiyaya bənzəyər. Depressiyada olan şəxsin xarici görünüşündə dəyişikliklər yaranmağa başlayır. Kənardan kədərli, baxımsız, durğun halı diqqəti cəlb edir. Şəxsin sosial fəaliyyəti zəifləyir, danışıqları yavaşlayır. Hətta ağır vəziyyətlərdə ümumiyyətlə danışmır. Tez-tez ağlamaq, həvəssizlik, heç bir şeydən zövq ala bilməmək, tez əsəbiləşmək və digər xüsusiyyətlər özünü göstərir.

 

Uşaq bağçasında əyləncəli inglis dili dərsi

Mütəxəssislər bildirir ki, xarici dil öyrənməyə başlamaq üçün ən uğurlu dövr kiçik yaşlar hesab olunur. Belə ki, azyaşlıların qavrama qabiliyyəti və yeniliklərə həvəsi yetkinlərə nisbətən daha çox olur.

Uşaq bağçası uşaqların erkən yaşlarından dərin biliklərə yiyələnməsinin, onların gələcək həyatında daim yaşıdlarından bir addım öndə olmasına kömək edəcəyinə inanır.  Elə buna görə də bağçada Azərbaycan və rus dili qrupları ilə yanaşı, ingilis dili qrupu da fəaliyyət göstərir. Həmçinin, bütün qruplar üzrə uşaqlara xüsusi qrafiklə ingilis dili dərsi tədris olunur. İnteraktiv formada keçirilən dərslərdə bütün danışıqlar ingilis dilində aparılır və yeni sözlər müxtəlif oyunlar vasitəsilə öyrədilir. Bundan əlavə, dərsləri daha da maraqlı etmək üçün uşaqlarla birgə müxtəlif eksperimentlər aparılır.