“Balacalar böyüyənədək müəyyən inkişaf və yaş pillələrindən qalxarkən “yaxşı nədir, pis nədir?” kimi sualların cavablarını bilməlidir. Valideynlər uşaqlara davranışın cəmiyyət tərəfindən qəbul olunan çərçivələrini göstərməlidirlər. Bu zaman 2 mexanizm fəaliyyətdə olur: Cəza və mükafat”.
Bu sözləri uşaqların düzgün cəzalandırılması və mükafatlandırılması barədə Bagcam.az – a müsahibə verən “İndigo” Uşaq Bağçasının meneceri və Education Management Network – un Uşaq İnkişafı üzrə Koordinatoru, uşaq psixiatrı Vəfa Şirinova deyib.
Uşağın psixi və fiziki sağlamlığına zərər vermədən onu necə cəzalandırmaq olar?
– Uşağın psixi və fiziki sağlamlığına zərər vermədən onu cəzalandırmaq üçün əvvəlcə qaydalar qoyulmalı, sərhədlər ayırd edilməlidir. Bu qaydalar pozulduğu halda xəbərdarlıq, daha ciddi pozularsa, cəza tətbiq olunur. Cəza əvvəlcədən müəyyən olunmalıdır və uşaq bu haqda məlumatlı olmalıdır.
Bəs, ümumiyyətlə, hansı əməllərə görə uşaqlara cəza tətbiq etmək düzgündür?
– Mən bir psixiatr olaraq düşünürəm ki, uşağın nəyisə etməyini istəmiriksə, bəzən yüngül fiziki cəza tətbiq edilə bilər. Məsələn, əgər o, kağız parçasını və ya karandaşı elektrik yuvasına salırsa, pəncərədən baxmaq üçün ayağının altına stul qoyub qalxırsa, sözlə edilən izahlara və cəzaya məhəl qoymursa, yüngül fiziki cəza tətbiq etmək olar. Oxuduğum bütün kitablarda bildirilir ki, fiziki cəza olarsa, uşaq qorxar, qarşısındakının güclü olduğunu anlayar. Bu səbəblə bəzi situasiyalarda barmaq qaldırmaq lazım olur. Baxın, barmaq dedim, əl deyil. Məncə, bu zaman mütləq “sağ əl” və “sol əl” qaydasını etmək lazımdır (Mənim qaydam). Sağ əl dominant olaraq daim qucaqlayan mükafatlandıran olmalıdır, əgər fiziki cəzadan söhbət gedirsə, sol əl daha zəif və boş olmalıdır. Bir məsələyə görə cəza verirsinizsə, doğru etdiyi zaman mütləq mükafatlandırın.
Cəzalandırma metodları hansılardır?
– Cəzalandırma metodlarına uşağın şirniyyat yeməsinə, sevdiyi oyuncaq ilə oynamasına, cizgi filmi izləməsinə və həyətdə oyun vaxtına qoyulan məhdudiyyətləri nümunə göstərmək olar. Həmçinin “Time out” metodu var. Bu zaman uşağı həmin anda olan aktiv fəaliyyətindən uzaqlaşdırmaq, düşünməsini, səhvini anlamasını və üzr istəməsini təmin edən “Künc” cəza üsuluna bənzər metoddan istifadə etmək mümkündür. Əsas odur ki, uşaq fiziki ehtiyacları ilə sınağa çəkilməsin.
Cəzaların uşaq psixologiyasına mənfi təsirləri nələrdir və bu təsirlərin yaranmaması üçün nə etmək lazımdır?
– Verilən cəzaların uşaq psixologiyasına mənfi təsirlərinin yaranmaması üçün həmin cəzaların səbəbi açıq şəkildə uşağa bildirilməlidir. Əvvəlcədən “olar” və “olmaz” qaydaları balacaya başa salmaq lazımdır. Əgər qaydalar pozularsa, punktlarla məhdudiyyətlər müzakirə olunmalıdır, o da olmazsa, cəzanın növü və üslubu seçilərək tətbiq edilə bilər. Uşağın 5-6 yaşlarına doğru cəza növünü özünün təyin etməsi kimi demokratik üsuldan da istifadə edilə bilər. Məsələn, “əgər mən bunu bir də etsəm, ən sevimli cizgi filmimə 2 gün baxmayacam” (Gülür).
Cəzaların mənfi psixoloji təsirləri qalarsa, uşaqlar üçün gələcəkdə nə kimi problemlər yarana bilər?
– Valideyn üslubu düzgün seçməli, uşağa aydın və dəqiq izahat verməlidir. Bu zaman uşaq valideyninin haqlı olduğunu qəbul edərək bu vəziyyətdən düzgün həll yolunu tapacaq, nəticə çıxarmağı öyrənəcək və gələcəkdə dostlarına danışmaq üçün maraqlı uşaqlıq xatirələri olacaq.
Cəza müddəti nə qədər olmalıdır? Cəzanın müddətindən asılı olaraq uşaq üçün təsirləri necə dəyişir?
– Cəza müddəti hər yaşa uyğun olaraq 1-1,5 dəqiqə kimi müəyyən olunur. Məsələn, uşağın 3 yaşı varsa, onun cəzanı dərk etməsi üçün 3 dəqiqə kifayətdir. Digər məsələ cəzanın tətbiqi müddəti Yəni uşaq iki gün və ya iki ay əvvəl törətdiyi əmələ görə indi cəza çəkməməlidir. Bu zaman cəza mahiyyətini və səmərəliliyini itirir.
Cəza müddətində valideynin uşağa laqeyd yanaşmasının nə kimi fəsadları ola bilər?
– Cəza 3 mərhələdən ibarət olmalıdır: edilən səhvin dərk edilərək düzəldilməsi, bir daha təkrarlanmayacağına dair zəmin yaradılması və cəzanın aradan qaldırılması. Ümumiyyətlə, valideyn uşağa laqeyd yanaşmamalıdır, sadəcə özündən kənarlaşdıraraq səhvini anlaması üçün ona vaxt verməlidir.
Uşağa cəza tətbiq edən zaman hansı tərzdə reaksiya vermək lazımdır? Yəni aqresiv yoxsa sakit səs tonu ilə uşaqlara cəzalandığını söyləmək lazımdır?
– Bəzən həyat üçün təhlükəli hallarda vəziyyətin ciddi olduğunu anlamaları üçün “qışqırmaq” lazımdır. Digər hallarda isə uşağın bizi eşitməsi üçün hər zaman sakit səs tonu ilə danışmalıyıq.
Cəza müddəti bitdikdən sonra valideyn uşağa necə davranmalıdır?
– Səhvini başa düşən uşaq bağışlanmasını sizdən elə istəyəcək ki, o an başqa çıxış yolunuz yoxdur, öpməli, qucaqlamalı, səhvini anladığı üçün çox sevincli olduğunuzu göstərməlisiniz.
Uşaqları necə cəzalandırmaq olmaz?
– Mənəvi, onun şərəf və ləyaqətinə, şəxsiyyətinə xələl gətirən cəzalar yol verilməzdir. Əgər siz cəzalandırarkən o ağlayaraq üzr istəyirsə, onu utandırmamağınızı xahiş edirsə, özünüzü sakitləşdirin və layiqsiz sözlər işlətməyin. Unutmayın, siz onu pis olduğuna görə deyil, hərəkətinin yanlış olduğuna görə cəzalandırırsınız. Sərhədləri ayırd edin.
“Olmaz” dediyiniz bu cəzalarla uşaqları cəzalandıran zaman nə kimi problemlər yarana bilər?
– Özünə inamsız, qorxaq, çəkingən və ya emosional davamsız, yəni psixopata bənzər şəxsin sizin övladınız olmasını istəmədiyinizə əminəm.
Uşağı nə zaman rəğbətləndirmək lazımdır?
– Hər zaman, atılan hər doğru addımda, qoyduğu hər məqsədinə çatdığı zaman, hər kiçik çətinliklərdən bacarıqla çıxmasına və ya cəhdinə görə uşağı rəğbətləndirmək lazımdır. Rəğbətləndirmə ən böyük stimul və motivasiyadır. Onu uşaqlarınızdan əsirgəməyin.
Rəğbətləndirmə metodları hansılardır?
– Hər bir sualın açarı qəlbimizdə saxlanılır. Sizi uşaq olarkən necə rəğbətləndirsəydilər, xoş olardı? Bu da sizin sualın cavabıdır. (Gülür)

Valideyinlər və uşaqlar arasındakı anlaşılmazlıqlar hər zaman olduğu kimi bu gün də bir çox ailələrdə problem olaraq qalmaqdadır. Bəs bu problemlərin əsas səbəbləri nələrdir? Valideyin övlad münasibətlərinə təsir edən əsas amillər nələrdir? Bu zaman insanların hadisələr qarşısındakı davranışlarını incələmiş Ellis qavramından faydalanmaq olar. Ellis qavramına qısaca ABC deyilir.
Uşaqlar rəsm çəkməyi çox sevir. Onlar şəkillər vasitəsilə hisslərini, valideynlərinə, həmyaşıdlarına olan münasibətlərini ifadə edirlər. Adətən, uşaqlar cızma-qara etməyə, üfüqi xətlər, dairə və s. çəkməyə 3 yaşında başlayırlar. Rəsm çəkmək uşaqlarda kiçik motorikanın (əllər) və psixi proseslərin (diqqət, təxəyyül, təfəkkür) inkişafına müsbət təsir göstərməklə yanaşı, özgüvəninin formalaşmasına da zəmin yaradır.
Uşaq psixologiyasını öyrənmək üçün ən gözəl vasitələrdən biri də onun çəkdiyi ailə rəsmidir. Valideynlər övladının bacı-qardaşlarına olan münasibətini aşkar etmək üçün balacadan ailə şəkli çəkməsini istəyə bilər. Bu şəkil uşağın hər bir ailə üzvünə olan münasibətini əks etdirir. Uşaq özünə daha yaxın bildiyi ailə üzvünü hər zaman öz yaxınında çəkir. Ailə üzvlərinin əl-ələ tutmuş, gülərüz formada çəkilməsi uşağın onları sevdiyini bildirir. Bəzən uşaq şəkildə özünü və ya hər hansı bir ailə üzvünü çəkmək istəmir və onu müxtəlif bəhanələrlə izah edir. Məsələn, “Yadımdan çıxdı, çəkmədim, kağıza yerləşmədi” və s. Bu zaman uşaq həmin ailə üzvü ilə olan soyuq münasibətini bildirmək istəyir. Məsələn, balaca yeni anadan olmuş bacı və ya qardaşını çəkməyibsə, onu qısqandığını bəyan edir. Digər maraqlı məqam isə, uşağın özünü və ailə üzvlərini hansı ölçüdə çəkməsidir. Bəzən uşaq özünü hamıdan böyük ölçüdə və yaxud ən yüksəkdə çəkir. Bu zaman o özünə ailədə çox dəyər verildiyini, sevildiyini diqqətə çatdırmaq istəyir. Olmayan ailə üzvünün rəsmə daxil edilməsi isə, uşağın ünsiyyətə olan tələbatıdır. Şəkildə təbiət mənzərələrinin olması da müsbət emosional vəziyyətin göstəricisidir.
Bagcam.az Aile.lent.az-a istinadən uşaq həkimi Şəhla Rüstəmovanın məqaləsini təqdim edir.
Qış mövsümündə uşaqlar arasında yuxarı tənəffüs yolu infeksiyaları halları tez-tez baş verir. Soyuqdəymə, qrip, təkrarlanan sinusit, badamcıq, boğaz əti və orta qulaq iltihabları soyuq hava günlərində ən çox rast gəlinən xəstəliklərdəndir. Uşaqlıq çağında ildə 5-6 dəfə keçirilən bu xəstəliklərdə vaxt itirmədən və təsirli müalicəyə başlamaq çox əhəmiyyətlidir. Çünki gecikdirildikdə infeksiya yayıldığı bölgədə hərarət, orta qulaq iltihabı və sətəlcəm kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Qısası, uşağınızı yuxarı tənəffüs yollarından müəyyən qədər qorumaq mümkündür. Bunun ən təsirli yolları isə qrip peyvəndi etdirmək və əlləri tez-tez yumaqdır. Bəs başqa hansı tədbirlər görülməlidir? Bagcam.az Aile.lent.az-a istinadən uşaqları xəstəliklərdən qorumaq üçün valideynlərə bəzi məsləhətlər verir.
Uşağın tərbiyəsi hövsələ, sevgi, müəyyən güc tələb edən kifayət qədər mürəkkəb və uzunsürən prosesdir. Amma tərbiyə zamanı valideynlər sonradan düzəlməyən nəticələrə gətirən bir çox səhvlərə yol verirlər. Tərbiyə prosesini düzgün təşkil etmək üçün uşaq psixoloqları tərəfindən tətbiq olunmuş prinsiplər var. Həkim Şəhla Rüstəmova uşağın tərbiyəsində 15 qızıl qaydanın əsas olduğunu deyib. Bagcam.az Aile.lent.az-a istinadən həmin qaydaları sadalayır.
Mütəxəssislərin hesablamaları 5 uşaqdan birində allergiyanın olduğunu qeyd edir. Allergiyanın əmələ gəlməsinə səbəb olan amillərdən biri də uşaqların düzgün qidalanmamasıdır. Bagcam.az Aile.lent.az-a istinadən uşaqlarda allergiyaya səbəb olan 8 qida növünün adını təqdim edir.