“Bağçanın heyətinə övladımızı rahatlıqla etibar edirik”

DO4P2754“Qızımla aramızda böyük bir pərdə var. Buna baxmayaraq, dostluq münasibətimizi də saxlayırıq” – bu sözləri Azərbaycanın tanınmış bəstəkar-müğənnisi Nazim Məmmədov bagcam.az saytına verdiyi müsahibədə deyib.

Söhbətimizə məşhur ata olmağın məsuliyyətindən danışmaqla başlayırıq:

Məşhur ata və həyat yoldaşı olmaq necə hissdir?

– Məşhur olmaq sadəcə olaraq, ətrafdakı insanların qarşısında məsuliyyəti artırır. Düşünürsən ki, sənə kənardan baxanlar üçün övlad-ata münasibətində nə cür nümunə ola bilərsən. Ümumilikdə, işimi, məşhurluğumu ailədaxili münasibətlərə qatmıram.

Məşhurluğun sizin üçün müsbət və mənfi tərəfləri nələrdir?

– Müsbət tərəfi budur ki, ailə üzvləri ilə gəzintiyə və ya tədbirə gedərkən bizi tanıyan insanlar tərəfindən çox hörmətlə qarşılanırıq. Mənfi tərəfi isə, bəzən insanlar arasında tanınmış biri olduğumuzu unudub hansısa səhvə yol verə bilərik. Buna görə də cəmiyyət arasında rahat, sərbəst olmaq kimi şansımız yoxdur.

Həm bəstəkar, həm müğənnisiniz, işlərinizin çox olduqda övladlarınıza nə qədər vaxt ayıra bilirsiniz? İstirahət günlərini necə keçirməyin tərəfdarısınız?

DO4P2776– Tək həftəsonları deyil, həftəiçi günlərdə də ailə üzvlərimlə birlikdə olmağı çox sevirəm. Demək olar ki, bizim üçün “həftəsonu” deyə bir anlayış qalmayıb və hər gün bir-iki saat birlikdə keçiririk, əyləncə mərkəzlərinə, restoranlara gedirik. Yaxud da evə tez gəlib onlarla evdə vaxt keçirirəm, ruhən dincəlirəm.

Övladlarınızın tərbiyəsində kimin rolu daha çoxdur? Sizin, yoxsa həyat yoldaşınız Gülnarə xanımın?

– Məncə, övladların tərbiyəsində ata və ana eyni rolları bölüşürlər. Əlbəttə ki, həyat yoldaşım uşaqlarla daha çox məşğul olur. Çünki qızlarımızın yeməyi, sağlamlığı, geyimləri və təmizliyi ilə həyat yoldaşım məşğul olur. Eyni zamanda yoldaşım onlara böyüklərə, bağça yoldaşlarına qarşı necə davranmalı olduqlarını da öyrədir. Biz birlikdə övladlarımıza yaxşı və pisin nə olduğunu aşılayırıq ki, gələcəkdə müxtəlif mühitlərə uyğunlaşarkən bütün bunları müəyyənləşdirə bilsinlər.


Ata ilə qız övladı arasında münasibətlər necə tənzimlənməlidir?

– Buna çox ciddi nəzarət edirik. Qızımla aramızda böyük bir pərdə var. Buna baxmayaraq, dostluq münasibətimizi də saxlayırıq. Ata və qız münasibətimizi Azərbaycan mentalitetinə, dinimizə uyğun tənzimləyirik. Eyni zamanda qızım bir baxışımla nəyisə bəyənmədiyimi anlayır və dərhal onun məsuliyyətini dərk edir. Azyaşlı olduğuna baxmayaraq, etdiyi səhvi başa düşür və məyusluğunu bildirir.

Sizcə, övladlarınızın sizdə sevdiyi və ya sevmədiyi cəhətlər nələrdir?

IMG_0615– Həyat yoldaşımla mən onların istəklərini yerinə yetirir, onları motivasiya edir, sürprizlərlə sevindirir, qayğı göstərir və istədikləri zaman onların yanında oluruq. Məncə, bu cəhətlərimizi sevirlər. Onların bizdə sevmədiyi cəhətin olduğunu hiss etməmişəm. Ola bilsin ki, bəzən analarının onlara qoyduğu müəyyən qadağaları sevmirlər. Amma böyüdükcə analarını anlayacaqlarına inanıram.

Uşaqlara nə dərəcədə sərbəstlik verilməlidir? Bunun üçün sizin hansısa çərçivələriniz varmı?

– Balaca qızım Nur hələ bir yaş altı aylıqdır. Böyük qızım Fatiməyə isə sərbəstliyi o zaman veririk ki, onun gələcəyi üçün zərərli olmasın və onu ərköyünlüyə sürükləməsin. Hərdən həyat yoldaşım onun hər istədiyini yerinə yetirdiyimizə görə məni qınayır.  Amma Fatimə zəkalı uşaqdır. Ona “yox” kəlməsini deyəndə bizimlə dərhal razılaşır. Məsələn, mağazadan imkanım çatan bir şeyi almağımı istədiyi zaman onu bir dəfə alıramsa, növbəti dəfə almıram ki, “yox” kəlməsinə alışsın. Uşağa 7 yaşına qədər hansı sərbəstliklərin verilməli olduğunu dinimizdən öyrəndiklərimizlə tənzimləyirik.

Övladlarınızın təhsilinə nə dərəcədə fikir verirsiniz? Onları bağçaya əmanət edirsinizmi?

– Bütün valideynlər kimi biz də övladlarımızın təhsili ilə yaxından məşğul oluruq. Balaca qızım Nur hələ balaca və çox dəcəl olduğu üçün bağçaya getmir. Amma böyük qızım Fatimənin tərbiyəsini bağçaya etibar edirik. Çox sevinirik ki, Fatiməni əmanət etdiyimiz “İndigo” uşaq bağçasının işçi heyətinin uşaq psixologiyası haqqında bilikləri yüksək səviyyədədir. Onlara qızımızı rahatlıqla etibar edə bilirik.

IMG-20161221-WA0027Qızlarınızı bağçaya göndərərkən xüsusi diqqət etdiyiniz məqamlar nələrdir?

– Qızımız bağçaya təzə getdiyi vaxtlarda uşaqların və bağçanın təmizliyi, tərbiyəçilərin uşaqlara olan münasibəti bizim üçün çox vacib məqamlar idi. Artıq bu məsələlərə görə narahat olmuruq. Övladımızın etibarlı əllərdə olduğuna inanırıq.

Dərsdən əlavə, qızlarınızın hansı məşğələlərlə məşğul olmalarını istəyirsiniz? Bunun üçün hansı şəraitləri yaradırsınız?

– Anası ilə birlikdə Fatiməyə rus dilində, müxtəlif şəkillərdən ibarət, uşaqlara sayları öyrədən kitablar almışıq. Hər gün daha çox anasının köməyi ilə bu kitablardan yeni biliklər qazanır. Bəzən İnternetdə ingilis dilində olan cizgi filmlərinə, eyni zamanda tərbiyəedici video-çarxlara da baxır. Düşünürəm ki, bunlar şüuraltı olaraq Fatimənin yaddaşına yazılır. Fatimə dərslərdən əlavə, bağçada uşaqlar üçün təşkil edilən pantomim məşğələlərində də iştirak edir. Bu məşğələlərin keçirilməsindən çox razıyıq. Gələcəkdə rəqs məşğələlərində iştirak etməsini də istəyirik.

Övladlarınız üçün hansı sənəti uyğun görürsünüz? Sizin sənətinizi davam etdirmək istəsələr, münasibətiniz necə olardı?

– Əlbəttə, Fatimə onun üçün nəyin yaxşı olub, olmadığını özü gələcəkdə anlayacaq. O, özünü hansı sənətdə xoşbəxt görsə, ona razılıq verəcəm. Mən musiqi sənəti ilə məşğul oluram, bəstəkaram, bəstəkar olmağı ona qadağan etmərəm. Eyni zamanda onda bu istedad varsa, onun gözəl skripka ifaçısı, not yazarı, pianoşünas olmasına da əngəl olmaq istəmərəm.

 

Övladım məktəbə hazırdırmı? – Mütəxəssisdən məsləhətlər

mektebÖvladım məktəbə hazırdırmı?  

Uşağın məktəbə hazır olmasının kriteriyaları və valideynlərə məsləhətlər.

Bagcam.az “İndigo” uşaq bağçasının tərbiyəçisi İlhamə Quliyevanın uşağın məktəbə hazır olmasının kriteriyaları barədə yazdığı məqaləni təqdim edir:

Bu sual valideynləri çox düşündürür. Övladım məktəbə hazırdırmı? Onun məktəbdə yeni qaydalara yaxşı adaptasiya olması üçün nə etməliyəm?

Əvvəlcə qeyd edim ki, məktəbə hazırlığın üç əsas növü var:

Birinci mərhələ uşağın ümumi inkişaf mərhələsidir. Uşaq məktəbli olana qədər ümumi inkişaf səviyyəsində olmalıdır. Burada ilk növbədə inkişaf dedikdə yaddaşın, diqqətin və intellektin inkişafı nəzərdə tutulur.

İkinci mərhələ isə uşağın özünü sərbəst ifadə etməsi və idarəetməsi qabiliyyətidir. Ola bilsin ki, o böyüklərin onun diqqətini cəlb eden hər hansı bir söhbətini ətraflı və detallı şəkildə yadda saxlasın. Lakin o marağını cəlb etməyən mövzularda müəyyən zaman ərzində diqqətini həmin mövzu üzərində cəmləməkdə çətinlik çəkə bilər. Məktəbəqədər yaşlı uşağın yaddaşı güclüdür, qavrayışı aydındır. Bu yaşda uşağın yaddaşını və diqqətini inkişaf etdirmək mütləqdir.

Üçüncü mərhələ isə öyrənmək üçün motivasiyanın olmasıdır. Motivasiya dedikdə uşağın yalnız məktəbə getmək həvəsi deyil, həmçinin onun oxuması, bilik alması üçün həvəsləndirilməsi nəzərdə tutulur.

Uşağın məktəbə hazırlığının eyni zamanda ayrı-ayrı hissələrini də qeyd etmək olar:

Fiziki hazırlığı– Uşağın ümumi fiziki hazırlığı: normal boyu, çəkisi, görmə və eşitmə qabiliyyəti, böyük və kiçik motorikası;

İntellektual hazırlığı – Yalnız nitqin inkişafı deyil, eyni zamanda psixi proseslərin inkişafı;

Sosial-psixoloji hazırlığı – Onun yeni sosial mühitə öyrəşməsi, özünün daxilində yeni bir “mən”in formalaşması, məktəbli pozisiyasına psixoloji olaraq hazır olması, uşaqlararası  münasibət, dərsə olan həvəs;

Emosional hazırlığı – Uşağın sərbəst qərar verməsi, qarşısına məqsədlər qoyması, məqsədlərə doğru irəliləməsi və s.

Uşağın məktəbə hazırlığının kriteriyalarını aşağıdakı kimi dəyərləndirmək olar:

  • Normal fizioloji xüsusiyyətlər və hərəkətlərin koordinasiyası – əzələlərin inkişafı, kist və karandaşdan düzgün istifadə etmək bacarığı, əl hərəkətlərinin inkişafı, gözlə görmə;
  • Oxuma həvəsi – bir və ya bir neçə dərsliklərə həvəsli olma, tapşırıqları yerinə yetirmə, oxuduqlarını qavramaq;
  • Öz hərəkətlərini idarə etməsi – uşaq öz hərəkətlərini necə idarə edir, dərsdə özünü necə aparır, məktəb rejiminə necə öyrəşir;
  • Müstəqillik nümayiş etdirmə bacarığı – uşaq problemin həlli üçün yeni yollar axtarmalı, öz fikirlərini, təkliflərini irəli sürməyi bacarmalıdır;
  • Həmyaşıdları və böyüklərlə olan münasibətləri – uşaq kollektivdə işləmə qabiliyyətinə malik olmalı, öz yaşıdları ilə maraqlarını bölüşməli, böyüklərlə olan ünsiyyətini kiçiklərlə olan ünsiyyətindən ayırd etməyi bacarmalıdır;
  • Əməyə olan münasibət – əməklə bağlı həvəsli olmalı, ona verilən tapşırığı məsuliyyətlə yerinə yetirməyi bacarmalıdır.

Bundan başqa uşağın psixi proseslərinə görə, bacarıqlarını qiymətləndirsək, 5-6 yaşlı uşaq diqqət, yaddaş, təfəkkür, nitq inkişafı və riyazi biliklərinə əsasən aşağıdakıları bacarmalıdır:

Diqqət – uşaq 15 dəqiqə ərzində 5-6 fərqli şəkilləri, fərqli predmetləri tapmalıdır. Eyni zamanda 8-10-dək bu predmetləri çoxaltmaq olar. Ayrı-ayrı hissələri tapıb birləşdirməli, verilmiş predmetin əskik hissələrini tamamlamalıdır.
Yaddaş – uşaq 8-10 şəkli yadında saxlamalı, eyni zamanda həmin şəkil əsasında kiçik mətn qurmağı bacarmalıdır. 3-4 cümlədən ibarət mətni ona diqqətlə oxuduqdan sonra o, həmin cümlələri söyləməyi,  nümunəyə uyğun olaraq şəkli rəngləməyi bacarmalıdır.  Şəklə baxaraq fərqli xüsusiyyətləri yadda saxlamalı və onları söyləməlidir.
Təfəkkür – 9-10 hissəli kəsilmiş şəkilləri tapmalı və quraşdırmalı, onlar arasındakı oxşar və fərqli cəhətləri söyləməlidir. Verilmiş nümunə üzrə ardıcıllığı tamamlamalı, predmetləri müqayisə etməyi, şəkildəki uyğunsuzluğu tapmalı və seçimini izah etməyi bacarmalıdır.
Riyazi biliklər – rəqəmləri tanımalı, düzünə və geriyə doğru saymağı bacarmalı, rəqəmə görə predmetlərin sayını deməli, arifmetik biliklərini nümayiş etdirməli, tapşırığı verilmiş müddətdə yerinə yetirməlidir. Əşyaları iki bərabər hissəyə bölməyi, predmetləri qruplaşdırmalı, müqayisə etməli, 10 dairəsində toplama və çıxma əməlinə aid misalları həll etməli, sərbəst şəkildə sadə məsələlər qurmalıdır. 100-dək on-on saymalı, həndəsi və fəza fiqurlarını ayırd etməlidir.
Nitqin inkişafı – bütün səsləri düzgün şəkildə tələffüz etməli, sözdə səslərin yerini ayırd etməyi, sözləri hecalara bölməyi bacarmalıdır. Nitqində mürəkkəb cümlələrdən istifadə etməli, eyni zamanda 6-7 cümlədən ibarət mətn qurmalı, 5-6 sözdən ibarət cümlə qurmağı bacarmalıdır. Yaxınmənalı, əksmənalı sözləri tapmağı, sözləri cəm halında işlətməyi bacarmalıdır. Hərf və səsin fərqini bilməlidir. Sait və samit səsləri ayırd etməli, sözləri hecalara bölməli, verilmiş hərflərdən sözlər düzəltməli, cümlədə sözlərin sayını təyin etməlidir.
Kiçik motorikanın inkişafı – uşaq karandaşı sərbəst tutmalı, fırçadan sərbəst şəkildə istifadə etməli, dəftərdə damanın və ya sətrin daxilində işləməyi bacarmalı, haşiyədən kənara çıxmamalı, koordinasiyanı düzgün təyin etməlidir.

Ətraf aləmlə tanışlıq-öz adını, soyadını, ata adını, öz doğma şəhərini, ölkəsini, vətənini, dövlət rəmzlərini, ilin fəsillərini, saatı, həftənin günlərini, nəqliyyat vasitələrini tanımalı, təbiət hadisələrini ayırd etməli, günün hissələrini adlandırmalı, canlı və cansız aləmi fərqləndirməli, bədən hissələrini, geyimləri fəsillərə uyğun olaraq tanımalı, musiqi alətləri və idman növlərini bilməlidir.

5-6 yaşlı uşaq aşağıdakı suallara cavab verməyi bacarmalıdır. Bu suallar əsasında biz onun ətraf aləmə, məktəbə olan münasibətini aşkara çıxara bilərik:

1. Adını, soyadını, ata adını söyləyə bilərsən?

2. Sənin neçə yaşın var?

3. Valideynlərinin adını və soyadını deyə bilərsənmi?

4. Sənin yaşadığın şəhər necə adlanır?

5. Harada yaşayırsan?

6. Sənin bacın və qardaşın varmı?

7. Sənin valideynlərin harada işləyir?

8. Sənin dostların varmı, adlarını deyə bilərsən?

9. Dostlarınla yayda və qışda hansı oyunları oynayırsan?

10. Sən hansı qız və oğlan adlarını tanıyırsan?

11. İlin fəsillərini və həftənin günlərini deyə bilərsənmi?

12. İndi ilin hansı fəslidir?

13. Qış fəsli yay fəslindən hansı xüsusiyyətləri ilə fərqlənir?

14. İlin hansı fəslində ağaclar yarpaqlarını tökür?

15. Hansı ev heyvanlarını tanıyırsan?

16. Toyuğun balası necə adlanır?

17. Şəhər və kəndin fərqi nədir?

18. Vəhşi heyvanların ev heyvanlarından fərqi nədir?

19. Qışlayan quşların köçəri quşlardan fərqi nədir?

20. Sən məktəbdə oxumaq istəyirsən?

21. Oxumaq nə üçün lazımdır?

22. Hansı peşə növlərini tanıyırsan?

23. Sən böyüyəndə kim olacaqsan?
24. Hansı peşəni daha çox xoşlayırsan?

Nəticənin qiymətləndirilməsi:

Əgər uşaq 20 suala düzgün cavab veribsə, bu, yüksək intellektin göstəricisidir, 18-11 orta, 10 və daha az suala cavab isə aşağı göstəricidir.

        Övladınızın məktəbə sevinərək getməsini istəyirsinizsə, o zaman aşağıdakı qaydalara nəzər salın:

  1. Ondan hər şeyi tez bir zamanda tələb etməyin. Onun qavrama sahəsini nəzərə alın. Bu prosesdə sizin ona dəstəyiniz lazımdı.
  2. Uşağa səhv etməyə imkan verin. Elə etməlisiniz ki, o səhv etməkdən qorxmasın. Uşağın hər kiçik uğurunu qiymətləndirməyə çalışın. Hər hansı bir tapşırıqda çətinlik çəkdiyi zaman ona kömək edin, lakin köməklik edən zaman bütünlükdə onun işini yerinə yetirməyin.
  3. Uşağın ev tapşırıqlarını yerinə yetirməsi üçün lazım olan bütün ləvazimatları alın.
  4. Yorulduğu zaman ona istirahət etməyə vaxt verin.
  5. Uşağın istirahəti ilə təhsilinə paralel şəkildə yanaşın.
  6. Uşağın günlük rejiminə diqqət edin.
  7. Çalışın övladınızla düzgün ünsiyyət növünü seçin. Yəni asta, sakit tempdə onunla söhbət aparın, əsla aqressiv davranmayın.
  8. Övladınızla daha çox ünsiyyət qurmağa çalışın, bu zaman onun sizə daha çox suallar verməsinə şərait yaradın və həmin sualları ətraflı cavablandırmağa çalışın.
  9. Əgər uşaq ev tapşırığını yerinə yetirmək istəmirsə, bu zaman siz valideyn kimi öz fantaziyanızı işə salmalısınız. Əsla onu qorxutmağa və yaxud cəzalandırmağa cəhd etməyin.
  10. Uşağın dünyagörüşünü artırmaq üçün ətraf aləmdə gördüyü hər bir şey barədə ondan məlumat almağa çalışın. Bunu oyun formasında da etmək olar.
  11. Məktəb haqqında onda müsbət fikirlər oyatmağa çalışın.
  12. Uğurun və uğursuzluğun tərəflərini düzgün izah edin.
  13. Övladınızla olan hər saniyənizdən səmərəli şəkildə istifadə etməyi bacarın.

Kiçik inkişafetdirici oyunlar:

  1. Uşağın kürəyinə barmağınızla hər hansı bir fiqur, hərf yaxud rəqəm yazın. Uşaq bunu tapmağa çalışmalıdır. Bu, diqqətin inkişafına yüksək təsir göstərir.
  2. Sehirli söz oyunu-həm diqqətin inkişafına təsir göstərir, həm də uşağı nəzakətli sözlər işlətməyə motivə edir. Məs: Mənə dəftər ver. Zəhmət olmasa mənə dəftəri verə bilərsən?
    Uşaq bu zaman diqqətli olmalıdır ki, birinci təlimatı yox, ikinci təlimatı yerinə yetirsin.

Sonda isə valideynlərə demək istərdim ki, çalışın övladınıza müəllim rolunu deyil, sevimli valideyn obrazını nümayiş etdirəsiniz. Heç vaxt uşağın nailiyyətlərini sinif yoldaşları, özündən böyük bacı, qardaşı ilə müqayisə etməyə çalışmayın. Bu uşağın özgüvəninin aşağı düşməsinə və motivasiyasının olmamasına səbəb olacaq.  Övladınızın həyatının ən gözəl illərində ona dəstək olmağı unutmayın. Bu yolda hər birinizə uğurlar!!!

 

Məktəbəqədər Təhsil Müəssisələri Rəhbərlərinə təlimlər keçirilir

14364688_980345808778858_6097334323926469532_n

“Education Management Network” və “Edu.Co” tərəfindən “Master Pre-School” Məktəbəqədər Təhsil Müəssisələri Rəhbərlərinin Hazırlıq Proqramı keçirilir.

Proqramın tərəfdaşlarına 5 illik təcrübəsi olan Uşaq Bağçası, “İndigo” Əhmədli Uşaq Bağçası, “İndigo” Nərimanov Uşaq Bağçası, “Baby Star” Uşaq Bağçası, “Peter Pan” Uşaq Bağçası və “Yuvam” Uşaq Bağçası daxildir.

Bu barədə Bagcam.az-a layihənin rəhbəri Sevda Babanlı müsahibə verib. O, bildirib ki, proqram çərçivəsindəki  təlimlər praktiki formada aparılır:

“Master Pre-School” Proqramı təhsil müəssisələri menecerlərini hazırlamaq üçün təşkil edilir. Proqram müddətində iştirakçılar 5 istiqamət üzrə 5 təlim və 10 seminarda iştirak edəcək, 5 uşaq bağçasında 5 menecerin yanında 100 saatlıq təcrübəyə cəlb olunacaq və ən yaxşı nəticə göstərən 2 iştirakçı ilə 1 illik əmək müqaviləsi imzalanacaq.

Proqram müddətində təlim istiqamətlərinə –  İnsan Resurslarının İdarə Edilməsi: İşçi seçimi proseduru, işçilərin sənədləşməsi prosesi, işçilərin motivasiya sistemləri və işçilərin inkişaf fəaliyyətləri; Marketinq Menecment: Müştərilərin davranışı, bazar seqmentləşdirilməsi, qiymətqoyma strategiyaları, marketinq kommunikasiyaları, marketinq planlaması;  İctimaiyyətlə Əlaqələrin İdarə Olunması: PR-ın istiqamətləri, PR alət və vasitələri, Media ilə əlaqələr, Qara PR, Böhran idarəçiliyi, PR analiz, PR plan, PR strategiyanın qurulması; Maliyyənin İdarə Olunması: Maliyyə Hesabatlarının Məzmunu və Məqsədləri, Mühasibat Uçotunun Əsasları, İkili Qeydiyyat Sisteminin Tətbiq Edilməsi və Mühasibat Uçotu Sistemi, Maliyyə Əməliyyatlarının və Hadisələrinin Qeydiyyatı, Yoxlama Balansının Tərtib Edilməsi, Əsas Maliyyə Hesabatlarının Tərtib Edilməsi; Məktəbəqədər Tədris Proqramı – Kurrikulumu: Məktəbəqədər təhsilin əhəmiyyəti və rolu, təlimin məqsəd və vəzifələri, ümumi inkişaf və təlim nəticələri, inkişaf standartlar və sahələri, tədrisdə inteqrasiya və onun əhəmiyyəti, məzmun standartı, təlim məqsədinin müəyyənləşdirilməsi, təlim strategiyaları, təlimin təşkilinə verilən əsas tələblər, təəlim zamanı iş formaları, fəal təlim üsulları, təlim üsulu seçilən zaman nəzərə alınan meyarlar, fəal məşğələnin mərhələləri, motivasiyanın yaradılması yolları, təlim zamanı planlaşdırmanın növləri, cari planlaşdırma, təlim nəticələrinin qiymətləndirməsinin növləri, qiymətləndirmə zamanı istifadə olunan metodlar aiddir.

Seminarlar isə – Konfliktlərin idarə edilməsi və ünsiyyət bacarıqları; Məktəbəqədər təhsil və uşaqla bağlı qanunvericilik; Stresin idarə edilməsi; Liderlik və komanda işinin qurulması; Uşaq inkişafı sahələri, xüsusiyyətləri, qiymətləndirilməsi və hesabatlılığı; Natiqlik və özünü təqdim etmə bacarığı; Müştəri əlaqələrinin qurulması və idarə edilməsi; Sosial Media vasitələrinin idarə edilməsi; Öyrədici mühit və onun yaradılması, oyun və oyun təşkili formaları; Təchizat işinin qurulması və idarə edilməsi; Zamanın idarəsi istiqamətində keçirilib”.

Sevda Babanlı “Master Pre-School” Proqramının təlimçiləri barədə də məlumat verib. Bildirib ki, layihəyə öz ixtisasının peşəkarları cəlb edilib:

“Proqrama təlimçi qismində Şəmsi Bayramzadə – marketinq üzrə mütəxəssis; Rasif Dünyamalı – idarəetmə üzrə mütəxəssis; Azər Nəzərov – ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis; Orxan Rzayev – sosial media marketinqi üzrə mütəxəssis; Sevinc Səmədzadə – konflikt menecment üzrə mütəxəssis; Qasımlı Nərgiz – insan resursları idarəedilməsi üzrə mütəxəssis; Vəfa Şirinova – psixiatr; Tofiq Sadıxov – şəxsi İnkişaf üzrə Təlimçi; Fəxri Ağayev – biznes təlimçi; Qasımlı Sübhan – maliyyə idarəedilməsi üzrə mütəxəssis; Natavan Quliyeva – kurrikulum üzrə mütəxəssis; Xalidə Rzayeva – təlim üzrə mütəxəssis; Cavid İmamoğlu – şəxsi inkişaf üzrə təlimçi dəvət olunub.  “Master Pre-School” Proqramı çərçivəsində keçirilən təlimlərdə pedaqoji təhsilli, bu sahə üzrə fəaliyyətini davam etdirmək istəyən 18 nəfər iştirak edir. Qeyd edim ki, ümumi treninqlər zamanı maraqlı testlər və oyunlar keçirilir”.

Qeyd edək ki, Proqram Education Management Netvvork və Edu.Co Şirkəti tərəfindən həyata keçirilir. Hər iki qurum məktəbəqədər təhsil sahəsində biznes layihələrin işlənib hazırlanması, həyata keçirilməsi və idarəedilməsi sahəsində 5 ildən artıq təcrübəyə malikdir. Hər iki qurumun biznes portfelinə 10 özəl uşaq bağçasının və 2 uşaq inkişafı mərkəzinin layihələndirilməsi və qurulması, hazırda isə 6 özəl uşaq bağçasının idarəedilməsi və 1 özəl uşaq bağçasına məsləhət xidməti göstərilməsi daxildir.

 

Yaxşı uşaq kitabı necə olmalıdır?- 7 məsləhət

foto4Yaxşı uşaq kitabı necə olmalıdır? Bagcam.az bu məqaləsində 7 məsləhəti sizə təqdim edir:

1. Övladınıza seçdiyiniz kitab əvvəlcə sizin üçün zövqlü və əyləncəli olmalıdır ki, siz də onu övladınıza yorulmadan oxuya biləsiniz.

2. Kitab mətni hər səhifədə bir ya da iki cümlə şəklində olmaqla  qısa və konkret  olmalıdır ki, uşaq üçün kitabı izləmək asan olsun.

3. Hekayənin ritmi də olduqca əhəmiyyətlidir. Hekayələr düz yazı şəklində ya da dərs izahı kimi olmamalıdır. Əgər düz yazı şəklindədirsə, heç olmasa hekayənin axıcı olduğuna diqqət edin.

4. Kitabın görünüşü də çox önəmlidir. Uşaqlar hekayəni izləmək və başa düşmək üçün daha çox şəkillərdən istifadə edirlər. Şəkillərin uşaq üçün diqqətçəkici  olması lazımdır. Kiçik uşaq üçün böyük və canlı rənglərin istifadə edildiyi şəkillər olmalıdır. Şəkillər çox sıx və anlaşılmaz olmamalıdır.

5. Uşağın maraq dairəsi xaricindəki kitabları almayın. Əgər uşaq maşınları sevirsə, sehirli pəri nağılları kitabı almaq onun xoşuna gəlməyəcək.

6. Kitabın bahalı olması onun məzmun baxımından mütləq keyfiyyətli olacağına qarantiya vermir.

7. Uşaqlar üçün seçdiyiniz kitablar onların indi və həyat boyu mütaliəni sevmələrinə kömək edəcək.

Mənbə: oncecocuklar.com

Uşaq bağçalarında interaktiv riyaziyyat dərsi

Mütəxəssislərin fikrinə görə, uşaqların məntiqi təfəkkürünün inkişafı üçün bağça yaşından başlayaraq onlarda ilkin riyazi təsəvvürlər yaranmalıdır. Bura say, miqdar, həcm, forma, məkan və zaman anlayışları daxildir. Erkən yaşlardan riyazi biliklərə yiyələnən uşaqlar sonrakı təhsil həyatında təkmilləşən riyazi anlayışları asanlıqla mənimsəyirlər.

“Education Management Network”a daxil olan  uşaq bağçasında davamlı olaraq riyaziyyat dərsləri təşkil edilir. Bagcam.az burada keçirilən riyaziyyat dərsinin video çarxını Sizə təqdim edir:

“Motivasiya zamanı həvəsləndirmə və mükafat çox önəmlidir”

xalide-rzayevaBagcam.az Education Management Network-un təlim-tərbiyə  işləri üzrə mütəxəssisi Xalidə Rzayevanın uşaqları  təlimə motivasiya  etməyin yolları haqqında müsahibəsini təqdim edir:

Müasir dövrdə uşaqların təlimə olan marağını necə dəyərləndirirsiniz ?

– Uşaq təbiəti elə qurulub ki, demək olar bütün uşaqlar daxilən motivasiyalı olurlar. Onlar var gücü ilə çalışırlar,  uğur əldə etmək istəyi isə onlarda daxildən gəlir. Bu baxımdan uşağı uğura motivasiya etmək üçün xüsusi kəşflər etməyə ehtiyac yoxdur. Uşağın özünü qiymətləndirməsi birbaşa onun uğurlarından asılıdır. Ona görə də kiçik yaşlarında  “uşaq depresiyasının” yaranmaması olduqca vacibdir. Onlar uğur əldə etmək üçün bütün şanslarının olduğunu biləndə var gücü ilə çalışırlar.

Uşaqlarda təlimə marağı artırmaq üçün məsləhətləriniz nələrdir ?

– Məqsədyönümlü uşaqlar daha rahat idarə olunurlar və öyrənirlər. Ona görə də valideynlər və müəllimlər bu imkanlardan istifadə etməlidirlər. Düzgün təlim strategiyası və qiymətləndirmənin nəticəsi belə uşaqlara  möcüzəvi təsir edir.

Amma bəzi uşaqlar yüksək motivasiyalı və məqsədyönlü olmurlar. Onlar  çətinliklə öyrənirlər və yavaş-yavaş uğur əldə edirlər. Belə uşaqların inkişafına  dəstək olmaq üçün  valideynlər  xüsusi şərait yaratmalıdırlar və öz övladlarını  daim motivasiya etməlidirlər. Valideynlər uşaqları motivasiya etmək üçün onlara yaxşı kommunikasiya bacarığı aşılaya bilərlər.  Uşağın yaxşı oxumağı üçün, onun ünsiyyətcilliyi yüksək səviyyədə olmalıdır.

Bunun üçün xüsusi təlim strategiyaları varmı? Hansı metodlardan istifadə edilməlidir ?

– Ən birinci çalışmaq lazımdır ki, təlim uşaq üçün şən keçirilsin.  Təlim prosesi uşağa hər şeydən əvvəl xoş əhval ruhiyyə bəxş etməlidir. Belə halda xarici motivasiyanın köməyi ilə uşağın təlim prosesinə olan marağını uzun müddət saxlamaq mümkündür.  Eləcə də uşaqların  diqqətini  kompüter texnologiyası, oyunlara, maraqlı əyləncələrə cəlb etmək mümkündür. Bu zaman uşağın yaşı, inkişafı, bilik və bacarıq səviyyəsi mütləq nəzərə alınmalıdır.

Ümumiyyətlə bağça yaşında olan uşaqlara hansı növ təlimlər keçirilməlidir?

– Bağça yaşlı uşaqların hərtərəfli inkişafı üçün onlara  inkişaf sahələri üzrə müxtəlif təlimlər keçirilir. Bunlar fiziki fəaliyyətlər üzrə  – idman məşğələləri, oyunlardır. İdrak fəallığı üzrə – nitq inkişafı, bədii fəaliyyət, riyazi təfəkkür,  informasiya, müsahibə, ekskursiyalardır. Estetik, yaradıcı fəaliyyət üzrə – musiqi fəaliyyəti, təsviri fəaliyyətdir. Sosial – emosional fəaliyyət üzrə  uşağın özünü ifadə etməsi , sosial bacarıqlaını inkişaf etdirən təlimlərdir.

Motivasiya hansı prinsiplər əsasında qurulur ?

– Motivasiya zamanı Həvəsləndirmə və Mükafat çox önəmlidir. Ata və ananın dilindən söylənilən adi həvəsləndirici ifadələr onların diqqətini cəlb edərək, çalışan uşağa böyük stimul verə bilər. Lakin buna baxmayaraq, bəzi uşaqlara təlim materiallarını mənimsətmək üçün daha güclü motivasiya tələb olunur. Belə hallarda  uşağı mükafatlandırmaq yaxşı nəticə verir.  Amma  valideynlər bu mövzuda diqqətli olsunlar. Mükafat böyük olmamalıdır. Çünki əsas mükafat deyil, təlim fəaliyyəti öndə tutulmalıdır. Mükafat uşağın şəxsi maraqlarından qaynaqlansa yaxşıdır. Məsələn, mükafat dostları ilə daha artıq vaxt keçirmək, sevdiyi oyun, cizgi filmi ola bilər.  Bəzən valideynlər bu baxımdan böyük səhvlərə yol verirlər. Mükafat heç bir halda  pul formasında olmamalıdır.

Zəif motivasiya edilmiş uşaqla güclü motivasiya edilən uşağın arasındakı fərqlər nədən ibarətdir?

– Güclü motivasiya edilmiş uşaq, zəif motivasiya edilmiş uşağa nisbətən özünü ifadə edə bilən, məqsədyönümlü, gücünə inanan, uğur əldə etməyə can atan biridir.  Zəif motivasiya edilmiş uşaq isə əksinə utancaq, qorxaq, ünsiyyətdən çəkinən olur.

Motivasiyanın iki növünün olduğu deyilir. Daxili və xarici motivasiya. Sizcə bu iki növ arasında fərqlər nələrdir ?

– Əlbəttə, daxili motivasiyanın olması gözəl haldır. Uşaq prosesin özünə və nəticəsinə maraq göstərir. Yeni informasiya almağa daim can atır və inkişaf edir. Lakin  xarici motivasiyanın təsirini də olduqca vacib hesab edirəm. Belə ki xarici motivasiya vasitəsi ilə bir sıra müsbət keyfiyyətlər əldə etmək mümükündür.

Siz çalışdığınız uşaq bağçasında  hansı  motivasiya üsullarından istifadə edirsiniz?

– Motivasiya üsulları kimi təlimin qeyri standart formada  təşkili,  uşaqda prosesə maraq oyatmaq, təlim prosesini musiqili, ritmik hərəkətli fəaliyyətlə əlaqələndirmək, hayati bacarıqların  mənimsənilməsinə yönələn fəaliyyətlər ola bilər.

Bəzən uşaqlar bağçada bilmədikləri və ya çətinlik çəkdikləri fəaliyyətlərdən yan keçmək istəyirlər. Bu bir növ özünü müdafiə metodudur. Belə situasiyalarda təlimin nəticəsinə görə deyil,  uşağı göstərdiyi  səylərə  görə  həvəsləndirmək vacibdir.

Təlimə motivasiya prosesində hansı hallarda bu  növlərdən istifadə edirlər?

– Təlim prosesi mütləq motivasiya ilə başlamalıdır ki, uşaqda prosesə maraq oyatsın. Bu zaman  tərbiyəçi uşaqlarda  yüksək  əhval ruhiyyə yaradaraq  onları təlim prosesinin fəal iştirakçısına çevirir. Çalışın təlimi  uşağın şəxsi maraqları ilə mütləq əlaqələndirəsiniz. Bu, onlarda motivasiya hissini gücləndirir.

Təlimdə motivasiyanın təsiri necə olur? Hansı nəticələr əldə edilir?

– Uşaqda ilk motivasiya yaradan şəxs valideyndir.  Uşaq səhvlərinə görə daim danlanmamalıdır.  Təlim prosesində qarşılaşdığı çətinliklərin öhdəsindən gələ bilməyən uşaqlar tədricən  təlimə qarşı həvəsləri azalır. Bu baxımdan  uşağı hər zaman öz gücünə inandırmaq vacibdir.  Uşağı daim motivasiya edərək çətinliklərin öhdəsindən gəlməyə alışdırmaq lazımdır. Əks  halda  bu uğursuzluq uşağı məktəb illərində və gələcək həyatında müşayiət edəcəkdir.

Demək belə nəticəyə gəlirik ki, uşağın beyninə hazır məqsəd və motiv qoymaq deyil, uşaq üçün özünün öyrənə biləcəyi rahat şərait yaratmaq lazımdır ki, o, öz imkanlarından istifadə edərək şəxsi maraqlarını reallaşdıra bilsin.

 

“Balacaların nağıllar aləminə səyahəti”

Nağıllar uşağın zehni inkişafı üçün əhəmiyyətli sayılır. Nağıllarla böyüyən uşaqlar həm zəngin söz ehtiyatına, həm də səlis nitq qabiliyyətinə sahib olurlar. Bunlarla yanaşı balacalar nağıllar vasitəsilə yaxşını pisdən, doğrunu yanlışdan ayırd etməyi öyrənirlər.

“Education Management Network”ə daxil olan “Baby Star” uşaq bağçasının tərbiyəçiləri də nağılların uşaq inkişafına müsbət təsirlərini nəzərə alaraq balacalara tez-tez nağıl oxuyurlar. Daha sonra həmin nağılı uşaqlarla birlikdə səhnələşdirərək onların aktyorluq bacarıqlarını da inkişaf etdirirlər.

Qeyd edək ki, “Education Management Network”ə daxil olan digər bağçalarda da mütəmadi olaraq uşaqlara nağıllar oxunur və səhnələşdirilir.

Uşağınızın yaddaşını belə yoxlayın – TEST

yaddasBagcam.az Aile.lent.az istinadən həkim Şəhla Rüstəmovanın uşaqlarda yaddaş problemi ilə bağlı məqaləsini təqdim edir.

Bu gün uşaqlarda diqqətsizlik və yaddaşın zəifləməsi hallarına tez-tez rast gəlinir. Həkimə müraciət edərkən, valideynlər uşaqlarında sonradan yaranmış yaddaş zəifləməsi, halsızlıq, yorğunluq kimi şikayətləri qeyd edirlər. Uşaq məktəb proqramının mənimsənilməsində çətinlik çəkir, bu isə valideynlərin narahatçılığına səbəb olur.

Gəlin uşağın yaddaş və diqqətinin sonradan hansı səbəblərdən pozula bilməsi hallarını araşdıraq.

İnsanda beynin normal fəaliyyəti, həmçinin yaddaşı üçün ilk öncə balanslanmış, yəni vitamin-mineral-zülal ilə zəngin qida çox vacibdır. Rasiona gündəlik qoz, yağlı balıq, alma, sitrus meyvələri, qaragilə, yumurta kimi ərzaqların daxil olması yaddaşın möhkəmlənməsinə müsbət təsir edir. Amma uşağın həzm sistemində problem olduqda, qəbul olunan qida normal mənimsənilmir, nəticədə beyin hüceyrələri aclıq hissi keçirir və yaddaşın zəifləməsi, diqqətsizlik əmələ gələ bilər.

Mədə-bağırsaq fəaliyyətinin pozulmasının səbəbləri:

– Həzm sisteminin xəstəlikləri (qastroduodenit, xora xəstəliyi, enterokolit, xolesistit və s.)

– Qurd invaziyası

– Lyamblioz

– Disbakterioz zamanı və sairə.

Yaddaşın pozulmasının digər səbəbləri:

– Kəllə-beyin travması

–  Xroniki stress, xroniki yorğunluq

– Hipovitaminoz

– Onurğa sütununun əyriliyi (skolioz, kifoz, lordoz) nəticəsində beyin qan dövranının pozulması və sairə.

Uşağın yaddaşını yoxlayıb qiymətləndirmək üçün bu xüsusi testdən istifadə edə bilərsiniz.

20 saniyə ərzində cədvələ baxın.

Sonra üzərini örtün və yaddaşda qalan rəqəmləri yazın.

Əgər 10 rəqəmi yaddaşda düzgün saxlamısınızsa, sizi təbrik etmək olar: siz maksimum resurslardan istifadə edirsiniz – yaddaşınız əladır! Çünki qısamüddətli yaddaşa ancaq 10 rəqəm yerləşir.

Normal yaddaşı olan insan 6-7 rəqəm yadda saxlamalıdır.

Daha az rəqəm – aşağı yaddaşdan xəbər verir.

Qeyd: test 10 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulub.

Uşaqlarda özgüvən inkişafı mərhələsində valideynlərin rolu böyükdür

cocukta_ozguven_gelisimiUşaqlarda özgüvən inkişafı mövzusunda ən önəmli proseslər qəbul etmək və rədd etməkdir. Uşağın istəklərini mütəmadi qəbul etmək özgüvəni inkişaf etdirsə də, onu ərköyün də edə bilər. Eyni zamanda, tez-tez rədd edilən uşağın özünə inamı zəifləyir, səhvlər etməyə və cinayətə meyilli olur.

Uşaqlara qadağa qoymaq onlarda özünə qapanıqlıq halları ilə nəticələnir. Lakin hər istədiyi yerinə yetirilən uşaqlarda məsuliyyət hissi inkişaf etmir və uşaq bir müddət ən bəsit ehtiyaclarında valideynin köməyindən istifadə edir. Buna görə də, hər iki üsul yanlışdır.

Uşaqlarda özgüvən inkişafı mərhələsində valideynlərin rolu böyükdür. Özgüvən yaratmaq üçün ailələr təzyiq etmədən nəzarəti ələ almalıdırlar. Valideynlərin uşağa təzyiq göstərməsi, yeniyetməlik və ya yetkinlik dövründə ciddi problemlərə səbəb olur və belə uşaqlar adətən əsəbi və nadinc olur.

Həmçinin uşağın dost çevrəsi və digər mühitlər də onun özgüvən səviyyəsini müəyyən edir. Bununla yanaşı, valideynin düzgün yönləndirməsi nəticəsində, uşaq özünə güvənir və şəxsiyyət olmaq yolunda irəliləyir.

Uşaqlara səhv etmək azadlığı verilməlidir. Yalnız çətinliklərlə mübarizə aparmağı öyrənən uşaq düzgün formalaşa bilər. Valideynlərin müdaxiləsi isə onun qorxaq böyüməsi və özgüvən əksikliyi ilə nəticələnir.

Uşaqlarını müdafiə edən valideynlər bilmədən onlara pislik edirlər. Özgüvəni inkişaf etmədiyi üçün özünü ifadə edəbilməyən uşaq yetkinlik zamanı eyni problemlərlə qarşılaşmağa davam edir.

Valideynlərin uşaqlarına həddindən artıq qayğı göstərməsi yanlış olduğu kimi, uşaqların qayğısız qalmaları da ciddi problemlərə səbəb olur.

Uşaqlara qiraəti sevmək üçün necə kömək etməli?

 cocuklara-kitap-okuma-aliskanligi-nasil-kazandirilir1. Seçməyi təklif et. Bir çox şagirdlər və gənclərin qiraətdən zövq almamasının əsas səbəbi, onlara heç seçim verilməməsi və “Bu” lazımdır deyilməsidir. Onların maraqlarını nəzərə alaraq seçmələrini təklif etsəniz, bu onlarda qiraət etməyə qarşı sevgi yaradacaq.

– Necə oxumağı seçmək də kömək edə bilər. Bəzi uşaqlara sinifdə, digərlərinə isə evdə diqqət cəmləyərək oxumaq daha faydalı ola bilər.

– Seçim etmək uşaqlara qiraətin darıxdırıcı olmadığını anlamaqda,  kömək edəcək. Klassik qaydaya əlavə olaraq, jurnal və komiks variantlarından da istifadə etmək olar.

2. Qiraətdə təşviq edən mühiti təmin etmək. Əgər sizin evdə oxu üçün materiallar və kitablar yoxdursa, sizin övladınızı qiraəti zövq verici bir iş kimi görməkdə çətinlik yaranacaq. Maraqlı və əyləncəli kitabları evdən əksik etməyin.

– Öz qiraətnizi yaxşılaşdırın. Əgər övladınız,  sizin oxumaqdan zövq aldığınızı görsə, o da bunu etməyə başlayacaq.

– Ailəniz ilə birlikdə qiraət etməyə cəhd edin. Ailənin əyləncə vaxtı ilə qiraət vaxtı arasında əlaqə olması, uşaqların oxu vərdişini artıra bilər.

– Evdə və ya sinifdə xüsusi “ qiraət yeri” yaradın. Bu yer, diqqət yayındıran yer olmamalıdır. Uşaqların qiraətdən zövq alması üçün kiçik xoş yer olmalıdır.

– Kitabları mükafat kimi istifadə edin. Məktəbdə və ya evdəki hər hansı işdəki uğuruna görə uşağınızı mağazaya aparın və bir neçə kitabı mükafatı olaraq seçməsinə izn verin.

3. Yaradıcılığı təşviq edin. Uşaqlara oxudakı yaradıcılığı tutmağa təşviq edin.

– Məsələn, siz şagirdlərinizi və ya övladınızı oxduğu səhnəni  rəsm dəftərinə çəkməsi üçün təşviq edə bilərsiniz.

– Qiraət edərkən obrazları məzəli səslərlə səsləndirin, bacardıqca oxudakı səhnələşdirməni yüksək həddə çatdırın.

– Növbəti hekayədə, nə baş verəcəyini onlardan soruşun yaxud onların öz fikirlərini əsərin davamı olaraq yazın.

– Kitabdakı hansı elementlərin vacib olduğunu onlardan soruşun, sonra bu haqqda divar kağızı düzəldin.

4. Təşviq edici və dəstəkləyən olun. Uşaqlar çox vaxt oxuduqlarını başa düşməməkdən yaxud “səhv” cavab verməkdən narahat olurlar.

– Gənc oxuculara heç vaxt rəylərinin “yalnış” olduğunu deməyin. Bunun yerinə, uşaqdan bu rəyə necə gəldiyini soruşun. Bu ona fikirlərini formalaşdırmaqda kömək olacaq.

– Əgər gənc oxucu çətin qavrama qabiliyyətinə malikdirsə, səbrli olun. Uşağa özünü axmaq və heç bir materialı qavraya bilmirmiş kimi hiss etməsinə icazə verməyin. Bunun yerinə, uşağınız üçün aydınlanma yolunda bələdçi olun.

– Hər rəyi qəbul et, hətta qeyri-dəqiq görünənləri belə, əməkdaşlığa dəyər ver. Qeyri-dəqiq olan rəyi imtina etmək yerinə, daha çox sual verərək, onu aydınlaşdır.

Mənbə: http://qadin.net/