Kifayət qədər yaxşı valideyn, ən yaxşı valideyndir

valideynKifayət qədər yaxşı valideynlər, uşağın  gələcəyindən daha çox, onun uşaqlıq həyatıyla maraqlanırlar.

Bütün valideynlərin uşaqlarının gələcəyindən ötrü narahat olması təbiidir. Hamımız uşaqlarımızın özlərinə və başqalarına baxa bilən yaxşı, xoşbəxt, əxlaqlı, sağlam insan olmasını istəyirik. Ancaq kifayət qədər yaxşı valideynlər uşağın gələcəyindən valideynlərin deyil, uşağın özünün məsuliyyət daşıdığını bilirlər. Həyatdakı hədəflərini və bunlara nail olma yollarını təyin edən uşaqdır, valideyn deyil. Valideynlərin vəzifəsi övladının uşaqlığını doya-doya yaşamasını təmin etməkdir.

Kifayət qədər yaxşı valideynlər uşaqlarının gələcəkdə “doyurucu” həyat yaşamalarına dəstək olmaq üçün edə biləcəkləri ən yaxşı şeyin, “doyurucu” uşaqlıq üçün lazımlı şərtləri etmək olduğunu bilirlər. Valideynləriylə əlaqələrində özlərini etibarlı,  özünə güvənildiyini və bu səbəbdən etibarlı biri olduğunu hiss edən, nəzarət edilmək yerinə dəstəkləndiyini bilən, içində oyun oynaya biləcəyi, kəşfedəbiləcəyi və öyrənə biləcəyi kifayət qədər yaxşı bir mühiti olan uşaq, öz gələcəyini ən yaxşı özü quracaqdır.

Kifayət qədər yaxşı valideynlər uşaqlarının yalnız ehtiyac duyduğu və istədiyi köməyi onlara təqdim edirlər, ehtiyac duyduqlarından ya da istədiyindən artığını deyil.

Kifayət qədər yaxşı valideynlər uşaqlarının səhvlər etməsinə və uğursuz olmasına icazə verir, çünki səhvlərin və müvəffəqiyyətsizliklərin öyrənmənin əsas komponentləri olduğunu bilirlər. Uşaqlarına kömək etdiklərində, bunu, uşağın əlindəki işi tamamilə boynuna götürərək deyil, uşağın öz səylərini dəstəkləyərək və tamamlayaraq edirlər.

Kifayət qədər yaxşı valideynlər, kifayət qədər yaxşı valideyn olmağın kifayət qədər yaxşı olduğundan əmindirlər.

Uşaqları istidən qoruyun

istiYay mövsümü uşaqlar üçün hovuz və dənizə girmək, açıq hava oyun məkanlarında sərbəst oynamaq və gəzmək mənasına gəlir. Yeni uşaq sahibi olan valideynlər də, körpələri ilə birlikdə gözəl havaların dadını çıxartmaq istəyir. Ancaq uşaqları bütün fəaliyyətlərdən, xüsusilə, günəşin mənfi təsirlərindən qorumaq lazımdır.

Kondisionerdən uzaq saxlayın.

Kondisionerdən uzaq durmağın faydalı  olduğunu söyləyən həkim Reyhan Erol bildirir ki, əgər istifadə ediləcəksə, bakteriya filtirinin olması şərtdir. Kondisionerin soyuq hava üfləyən hissələri uşaqlarla birbaşa təmasda olmamalıdır.

15 dəqiqə günəşləndirin.

Günəş şüalarının birbaşa düşdüyü 11:00 – 16:00 saatları arasında  uşaqları həyətə çıxartmamağa diqqət  göstərmək lazımdır. Günlük 15 dəqiqə günəş işığı lazım olan D vitamininin qəbulu üçün kifayətdir.

Turşulu içkilərdən uzaq tutun.

Uşaqların yaz-yay mövsümündə bol miqdarda su içməsi lazımdır. Təzə meyvə suyu və ayran tövsiyə olunana içkilər sırasındadır. Sağlamlıq problemlərinə səbəb olan turşulu içkilərdən isə uzaq durmaq lazımdır. Həkim Reyhan Erol, “isti mühitdə mikrobların çoxalması tez olduğu üçün, təzə qida və qidalanma gigiyenasına da ayrıca diqqət edilməlidir” deyir.

Pambıq paltarlar geyindirin.

Uşaqları geyindirərkən paltarlar rahat, açıq rəngli və pambıq parçadan seçilməlidir. Hava keçirən pambıq parçalar, eyni zamanda tərləmənin də qarşısını alır.

Mənbə: qadin.net

Bağça balacaları məzun oldular

İyun ayının 3-də Bağçam Uşaq Bağçaları Şəbəkəsinə daxil olan “İndigo” Nərimanov uşaq bağçasında 4-cü məzun günü keçirilib. Tədbir müddətində balacalar müxtəlif şeir və mahnılar söyləyərək müəllimlərinə təşəkkürlərini ifadə ediblər. Məzunlar bağça və məktəb dövrünü əhatə edən səhnəcik və rəqslər nümayiş etdirərək bu günü daha da yaddaqalan ediblər.

Tədbir haqqında ağızdolusu danışan “İndigo” Nərimanov uşaq bağçasının meneceri Sevda Babanlı deyib ki, balacaların məzun olması sevincli olduğu qədər, həm də duyğulu hadisədir:

“Bugün çox möhtəşəm bayramımız oldu. Bayramımız iki hissədən ibarət idi. Birinci hissədə uşaqlarımızı sanki bir gəmidə oturdub  bağça adasından məktəb adasına yola saldıq. Balaca balalarımıza arzu edirəm ki, xoşbəxtlik küləyi hər zaman onları uğura aparsın. İkinci hissədə isə balacalarımız Qara Qarayevin möhtəşəm “Vals” əsərinin sədaları altında gəldilər. Gözəl vals oynadılar və biz Education Management Network bağçalar şəbəkəsi olaraq uşaqların hər birinə diplom və vinetkalar təqdim etdik, gözəl xatirə şəkilləri çəkdirdik. Son olaraq, balaca balalarımıza, məzunlarımıza uğur arzulayıram. Arzu edirəm ki, ailələrinin fəxri olsunlar, istədikləri peşənin sahibi olsunlar, xoşbəxt olsunlar, sağlam olsunlar, çoxlu kitab oxusunlar, ətraf aləmlə tanış olsunlar, hər zaman istədikləri yaxşı şeylərə nail olsunlar”.

Övladları bağçadan məzun olan valideynlər də hisslərini bagcam.az ilə bölüşüblər.

Elmirin anası Elvira Qəhrəmanova bağçanın övladına qazandırdığı dəyərlərdən söhbət açıb, mükəmməl təhsil və tərbiyə üçün bağça kollektivinə minnətdarlığını bildirib.

“Sehrli Dayə” uşaq bağçası övladıma ilkin ünsiyyət qurma bacarığı, yaradıcı düşünmə bacarığı, hörmət etməyi aşılamaqla yanaşı, həm də Elmirin erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına, onun məktəbəqədər təhsillə təmin olunması üçün də şərait yaratdı. Çox sevinirəm ki, yolumuz bu bağçadan keçdi”.

Digər məzun Fərəhin valideyni Gülçöhrə Musayeva tədbirdən xoş təəssüratlarla ayrıldığını deyib. O, qeyd edib ki, bağça sistemli təlim və tədris tətbiq etməklə yanaşı, övladının sosiallaşmasına da yardım edib:

“Övladım məzun oldu, buna görə çox sevincliyəm. Məktəbə ilk addımını atacaq. Bağça uşağıma çox şey qazandırdı. Ən çox sosiallaşmağı qazandırdı. Artıq övladım sərbəst şəkildə özünü idarə edə bilir. Təbii ki, mükəmməl şəkildə bilikləri öyrənib. Bu məni çox sevindirir”.

Tədbirdən sonra balaca məzunlardan Toğrul Cəfərli məktəbə getmək üçün hazır olduğunu deyib.

“Mən indi məzunam. Birazdan bağçanı qurtarıb məktəbə gedəcəm. Müəllimələrim və dostlarım  üçün çox darıxacağam”.

Digər məzun Xədicə Əliyeva da bağçanı çox sevdiyini və bağça həyatı üçün darıxacağını deyib:

“Mən bağçanı çox xoşlayıram. Məktəbə gedəndə müəllimələrim və dostlarım üçün çox darıxacam”.

Qeyd edək ki, bu il “Sehrli Dayə” uşaq bağçasından 13 nəfər uşaq məzun olub.

Uşaqları yelləyərək yatırtmayın

emzikUşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? Bagcam.az  valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb.

Uşaqları yelləmək nələrə səbəb olur?

Bədən yelləndiyində gözlər bir nöqtəyə baxdığından beyinə hərəkət olmadığı siqnalı gedir. Bu siqnal gicəllənmə ilə yanaşı yuxu gətirir. Yuxu isə tam olaraq beyninin ehtiyacı kimi ortaya çıxır. Buna görə körpə beşikdə yırğalanaraq yatızdırılarkən hipnoz halında olur.

Nevroloq Aynur Zeynalova deyir ki, körpələri yatızdırarkən yelləmək, havaya atıb-tutmaq olmaz. Bu, uşağın sağlamlığında ciddi fəsadlar yarada bilər. Daxili qulaqda bədənin müvazinətini nizama salan mürəkkəb sistem – vestibulyar aparatı yerləşir. Bu vestibulyar aparatında xüsusi maye – labirint mayesi olur. Burdakı hüceyrələr başın ən kiçik hərəkəti ilə çalxalanan daxili qulaq mayesinin çırpıntıları ilə oyandırılaraq, başın hərəkətini beyinə itələyir. Çox sürətlə fırlandıqda ordakı maye hələ də fırlandığından baş gicəllənməsi deyilən bir hal ortaya çıxır. Uşaq yellənən zaman da gözləri sabit bir nöqtəyə baxır və vestibulyar labirintdəki hüceyrələr silkələnərək, körpənin baş gicəllənməsi kimi bir hisslə yuxuya getməsinə səbəb olur. Uşaq yatmaq ehtiyacından çox sərsəmlik hissiylə yatmağa başlayır. Körpənin ağlamasını dayandıra bilmədikdə get-gedə daha güclü formada bir yerdən digər yerə itələnirmiş kimi yellənməyə başlayır. Bu cür həddən artıq yellənmə təhlükəli nəticəyə səbəb ola bilər: “Körpələrin başı bədənə nisbətən böyükdür. Buna görə başın önə-arxaya atılması və ya sağa-sola çevrilməsi zamanı ciddi fəsadlar yaranar. Məsələn, boyundan beyinə gedən damarlar yırtılaraq, baş beyinə qan sızar. 1 yaşa qədər körpələrlə daha ehtiyatlı davranmaq lazımdır. Körpələri sevmək məqsədiylə silkələmək, atıb-tutmaq də qəti qadağandır. Körpələri silkələyən zaman tək beyin qanaması deyil, beyindən qarın boşluğuna yönələn azan sinirin qopması, nəticədə tənəffüs dayanması baş verir. Ən çox rast gəlinən hal budur”.

Həkimin sözlərinə görə, yuxu problemi olan uşağı saatlarla silkələyib yatırtmağa çalışmaqdansa həkimə aparmaq lazımdır. Uşağın həkim tərəfindən müayinə edilərək hər hansı bir sağlamlıq problemi olub-olmadığı araşdırılmalıdır.

Körpələri necə yatırtmaq lazımdır?

Yuxuya getmə üsulları hər körpədə fərqlidir. Xüsusən də uşağın qaz sancıları keçdikdən sonra ona yatma vərdişi aşılanmalıdır. Körpəni yatırtmağa çalışan zaman onun tox, altının təmiz, mühit istiliyinin və geyiminin uyğun olub-olmadığına nəzarət etmək lazımdır. Əgər bütün bu şərtlər təmin edilibsə və körpə yenə ağlayırsa, demək, körpənin ağlaması yatmaq ehtiyacından yaranıb. Körpə hər axşam eyni saatlarda öncə qucaqda sakitləşdirilməlidir. Daha sonra zəif işıqda, öz yatağında uzadılmalıdır. Onun kürəyini sığallamaq, əlindən tutmaq olmaz. Bir az böyüdükdən sonra “yatmaq dostu” kimi bir oyuncaq yuxuya getməsini asanlaşdıra bilər. Lakin bu oyuncaq sadəcə yataqda verilməlidir.

Mənbə: Ailem.az

Uşaqların məqsəd seçiminə necə kömək etmək lazımdır?

usaq-meqsed

Övladlarınız hər hansı bir işə və ya sahəyə maraq göstərəndə onlara kömək etməyin ən yaxşı yollarından biri nəyi necə edəcəklərini aydınlaşdırmağınız ola bilər. Valideynlər bununla yanaşı fərqli şəkildə də yollar göstərə bilər. Bagcam.az həmin yollardan bir neçəsini sizə təqdim edir:

Hərəkətə yavaş-yavaş  keçin:

Deyirlər, “Uşağınız üçün həyat ssenarisi yaza bilməzsiniz”. Bu, xüsusilə, rəqabəti sevən  valideynlər üçün çətin olacaq, amma bir az geriyə çəkilib uşağınızın bu yolda addımlarını izləmək, ona ən böyük köməyiniz olacaq.

İşinizin nə qədər önəmli olması ilə bağlı uşaqlarınızla danışın:

Uşaqlar valideynlərinin işlərini həvəslə görməklərinə səbəb olan şeylərin nələr  olduğunu çox nadir hallarda hiss edirlər. Böyüklər üçün çox vaxt işləri pul qazanmağı ifadə etməklə yanaşı, başqalarına kömək etmək, özünü ifadə etmək və ya ailələrini dolandırmaq kimi mənalar daşıyır.

Onlarla davamlı olaraq söhbət edin:

Gələcəklə bağlı ildə bir dəfə sual-cavab etmək övladınızın zehninin bir məqsədə yönəlməsi üçün kifayət etmir. Valideynlər gündəlik hadisələrlə bağlı övladlarının fikirlərini öyrənməyi vərdiş halına gətirməklə, həm öz dinləmə bacarıqlarını inkişaf etdirə bilər, həm də uşaqlara dəyərlərini göstərmiş olarlar. Aktiv dinləmə yolu ilə tez-tez “niyə?” sualını verərək uşaqları üçün nələrin daha vacib olduğunu da öyrənə bilərlər.

Pozitiv olun, bildiklərinizi paylaşın:

Valideynlər uşaqlarının sağlam düşüncəli maraqlarına qarşı çıxmamalıdır. Əvəzində onlara daha çox kəşf etmək üçün fürsətlər verməlidir.

Mənbə: egitimpedia.com

 

“Bağçalarda uşaqların inkişafı üçün xüsusi otaqlar olmalıdır”

Adətən xoşbəxt uşaq anlayışı uğurlu uşaqla əlaqələləndirilir. Balacaların xoşbəxt və eyni zamanda uğurlu olması üçün isə onların sosial emosional bacarıqlarının inkişaf etməsi və özünə xidmət bacarıqlarını mənimsəməsi vacib şərtlərdən hesab olunur.

Bu barədə “Education Management Network”un (EMN) Uşaq İnkişafı üzrə Koordinatoru, uşaq psixiatrı Vəfa Şirinova  Bagcam.az-a müsahibə verib. O, uşaqları şərtsiz qəbul etmək, onlarda özünə inam hissini yaratmaq və pozitiv yanaşmanı tətbiq etmək lazım olduğunu söyləyib:

“Xoşbəxt uşaq olmaq üçün onun sərbəstliyi olmalıdır, sərbəst ailəsi olmalıdır. O, çərçivə daxilində özünü sərbəst və özünü ifadə edə biləcək qədər göstərə bilməlidir. Yenilikdən və uşaqlarınıza yenilikləri göstərməyə qorxmamalısınız”.

“Uşaq nə qədər xoşbəxtdirsə, onun dərsləri də, ətrafla münasibətləri də bir o qədər inkişaf edəcəkdir” deyən Vəfa xanım, uşaqların dərslərini daha yaxşı öyrənməsi üçün xüsusi şərait olmasının vacibliyini vurğulayıb:  

“Ola bilər ki, sizin çox otağınız, uşağınızın ayrıca otağı olmasın, amma onun dərslərini öyrənməsi üçün xüsusi bir güşəsi olmalıdır. O bilməlidir ki, ora onun dərslərini öyrənməsi üçün bir mərkəzdir və o mərkəzdə hər şey ona aid olmalıdır. Bu zaman uşaq dərslərində daha keyfiyyətli nəticələr verəcəkdir”

Bağçam Uşaq Bağçaları Şəbəkəsinə daxil olan “İndigo” uşaq bağçasında menecer vəzifəsində də                                                                                                                                                                                     çalışan Vəfa xanım bağça yaşlı uşaqların öyrənməsi üçün yaradılmalı olan imkanlardan bəhs edib:

“2-6 yaşlı uşaqlar həyatı daha çox gördükləri ilə qavradıqlarına görə, onlar nə qədər rəngarəng əşyalar görərsə, daha çox maraqlı, fərqli hissiyatlara toxunarlarsa, onların görmə bucağı genişlənir.. Hansı ki, biz o standartları qoruyuruq. Bundan başqa da oyuncaqlar keyfiyyətli olmalıdır, ələ xoş dəyməlidirlər və rəngarəng olmalıdırlar. Bunların hamısını ardıcıl olaraq qoruyuruq”.

Sosial emosional bacarıqların uşaqların inkişafına təsirindən də söhbət açan Vəfa xanım balacaların bu sahədə ola biləcək hər hansı bir ləngimənin onların öyrənməsinə də mane olacağını bildirib:

“Çünki sosial emosional bacarığında problem yaşayan uşaq bölüşmə hissində də problem yaşayacaq. Hər hansı bilmədiyi mövzunu soruşa bilmir və yaxud soruşarkən onu dinləməyi ona problem yaradır. Bağçalarda uşaqların daha doğru inkişafı üçün standartlardan biri də odur ki, otaqlar geniş və işıqlı olmalıdır

Adətən bağçaya gələn uşaqlar 2-3 yaşında olurlarsa, artıq  onların yetəri qədər hər hansı bir bacarıqları formalaşmış olur. Əgər onların hər hansı bacarıqları formalaşmayıbsa, biz mütləq onun hansı yaş sosial emosional bacarıqda olduğunu yoxlayırıq, qiymətləndirməsini aparırıq. Əgər qiymətləndirmə öz yaşı ilə, yəni ki, uşağın fiziki yaşı ilə onun sosial emosional yaşı uyğun gəlmirsə, həmin yaşı onun  öz fiziki yaşına uyğun  eləməyə çalışırıq”.

Uşaqların xoşbəxtliyinə təsir edən amillərdən biri də özünə qulluq bacarıqlarıdır. Vəfa xanım qeyd edib ki, əgər bu bacarıqlara uşaq vaxtı-vaxtında əməl edərsə , digər bacarıqlar da ondan asılı olaraq inkişaf edəcək:

“Özünə qulluq bacarığına hər şey aiddir. Yəni bu yemək, istər geyinmə, istər tualet bacarıqları olsun – bunlar vacib bacarıqlardır. Bağçaya təzə gələn uşağa mütləq 3 yaşından etibarən sərbəst yeməyə öyrədirik və hətta məcbur edirik ki, onlar sərbəst yeməyi öyrənsinlər. Qaşığı düz tutsunlar, çəngəldən, 4 yaşından etibarən artıq bıçaqdan istifadə etsinlər”.

Qeyd edək ki, Bağçam Uşaq Bağçaları Şəbəkəsinə daxil olan “Baby Star”, “Peter Pan” və “İndigo”  Nərimanov uşaq bağçalarında da  uşaqların özünü xoşbəxt hiss edib, uğur qazanmaları üçün sosial emosional və özünəqulluq bacarıqlarının tədrisinə xüsusi yer ayrılır.

 

Uşağınız üçün mənası böyük olan 10 kiçik jest

Bəzən valideynlər öz kiçik jestləri ilə övladlarının həyatında böyük izlər qoyurlar. Bagcam.az övladınızı xoşbəxt edəcək kiçik jestlərin siyahısını sizinlə bölüşür:

  1. Övladlarınızdan hər dəfə biri ilə gəzintiyə çıxın
  2. Yemək çantasına onu həvəsləndirəcək sözlər yazın
  3. Parkda ən az onlar qədər əyləndiyinizi göstərin
  4. Uşaqlıq fotolarını dərc edin, beləliklə onların inkişafını göz önünə gətirmiş olacaqsınız
  5. Otağında “aləm bir-birinə dəysə” belə qapını örtüb öz işlərinizlə məşğul olun
  6. Azyaşlı uşağınızın uzunboğaz çəkmələri olmasa belə, yağış suyu ilə dolmuş dərələrdə atılıb-düşməsinə icazə verin
  7. Övladınızın evcil hevan bəsləməyinə icazə verin
  8. Uşağınızdan sizə nələrisə öyrətməsini istəyin, bununla yanaşı, onun çox yaxşı müəllim olduğunu övladınıza bildirməyi unutmayın
  9. Övladınızı ondan xəbərsiz tərifləyin və elə edin ki, onun da bundan xəbəri olsun
  10. Ev tapşırıqlarını edərkən, qəfildən musiqini qoşun və onunla birlikdə rəqs edin

Mənbə: egitimpedia.com

Övladlarınızı daha yaxşı tərbiyə etmək üçün “yox” deyin

Valideynlərin bəzən  məcbur qalıb uşaqlarına “hə” dedikləri məqamlar olur. Adətən, uşaqlar başqasında gördüyü yeni əşyanı israrla ağlayıb istədikdə valideyn övladının daha çox ağlamaması üçün buna razılıq verir. Araşdırmalar isə bunun uşaq üçün ziyanlı olduğunu, gələcəkdə  təmin olunmayacaq  əskiklik duyğuları yaratdığını bildirir. Uşaqlar əvvəlcə oyuncaq ayını, sonra aksesuarları istəyirlər. Beləcə istəklər böyüyərək onlar üçün  təhlükəli nəticələr ortaya çıxarır.

Buna görə də, hərdən “yox” deməyi bacarmaq lazımdır.

“Yox” demək uşağın ərköyün böyüdülməsinin qarşısını alır. Hər istəyinin yerinə yetirilməyəcəyini elə kiçik yaşlarından öyrənən uşaq, hər iş üçün əlində mükəmməl vasitələr olmadığını da anlayır.

Övladlarımızın bizdən istədikləri hər şeyi onlara pulla aldığımız zaman əslində onları əllərində olan qaynaqların məhdud olduğuna inandırmış oluruq. İstədiklərinin arabir rədd edilməsi onların fərqli tərəfdən düşünmələrinə səbəb olacaq.

Araşdırmalar göstərir ki, zənginlik içində  böyüməyən insanlar əlində olanlardan  çox gözəl şəkildə  istifadə etməyi daha yaxşı öyrənirlər. Əlbəttə ki, uşaqların ehtiyac duyduğu sağlam qidanı, geyimi və  sevgini azaldaq demirik, amma uşaqlarımızın istəklərinin çoxunu həyata keçirdikdə onlara  səhv mesajlar vermiş oluruq.

Mənbə: egitimpedia.com