Oğlu olan valideynlər bunları bilməlidir

parents-sonOğlunuzu böyüdərkən oğlan uşaqlarına xas vəziyyətlərlə qarşılaşa bilərsiniz.

Oğlanlar qızlardan fərqlidirlər. Hər uşaq eyni təməl sevgiyə, qayğıya ehtiyac duysa da, qızların və oğlanların maraq duyduqları mövzular fərqli ola bilər. Bagcam.az Ailem.az-a istinadən oğlan uşaqlarının fərqli xüsusiyyətləri barədə məlumat verir.

1. Riskli davranışlara meyllidirlər

Oğlunuz dünyaya gəldikdə ilk öyrənəcəyiniz şeylərdən biri onun riskli davranışlara meylli olmasıdır. Sərhədləri aşmağı çox sevirlər. Yıxılmazdan əvvəl kənara nə qədər yaxınlaşa biləcəklərini görmək istəyirlər. Təbii ki, bütün bu davranış şəkilləri anaların sinir böhranı keçirmələrinə səbəb ola bilər. Bədənlərindəki sıyrıqlar və göyərmələr, hətta bəzən də qırıqlara hazır olmalısınız, bu, onların təbiətində var.

2. Çox söz işlətməyə ehtiyac duymazlar

Oğlanlar çox danışmağa, ya da özləri ilə çox söhbət edilməsinə ehtiyac duymazlar. Oğlanların çoxu kəlmələr istifadə etmək əvəzinə sadəcə səslər çıxarmağı seçirlər, məsələn, avtomobil səsi. Əlbəttə, oğlunuzla danışmalısınız, amma onların bundan qızlar qədər xoşlanacağını düşünməyin.

3. Kirlənməyi sevirlər

Oğlan anaları bilməlidir ki, onlar kirlənməyi sevirlər. Saatlarla palçığın içindən çıxmaya bilərlər. Bəlkə sadəcə həyətə çıxanda geyinməsi üçün paltarlar ayırın. Beləliklə, sizin zövqlə seçib aldığınız paltarlar cırılıb kirlənməz.

4. Açıq havanı sevirlər

Oğlan uşaqları açıq havanı və açıq havada oynana biləcək hər növ oyunu xoşlayırlar. Yaş irəlilədikcə sadəcə dostları ilə danışdıqda belə, açıq havada olmağı seçirlər. İlk illərindən həyatlarının sonuna qədər oğlanlar açıq havanı sevirlər.

5. Nə geyindikləri önəmli deyil

Bir neçə sevimli geyimləri ola bilər, amma geyinmək oğlanlar üçün əsla qızlarda olduğu kimi, əhəmiyyətli bir mövzu halına gəlməyəcək.

6. Təkərləri olan şeyləri sevirlər

Oğlanlar adətən erkən yaşdan etibarən təkərli şeylərə maraq göstəriblər.

7. Analarını çox sevirlər

Bir ana üçün oğlan uşağına sahib olmanın ən yaxşı tərəfi: Onlar həyatları boyu analarına bağlı olacaqlar. Əsla bitməyəcək bir sevgidən bəhs edirik. Mövzu anaları olduqda oğlanların təbii qoruyuculuqları ortaya çıxır.

 

İşləyən ana və övlad münasibətləri

isleyen-anaUşaqlar valideynlərinin daha çox vaxtlarını onlarla keçirmələrini çox sevirlər.

Müəyyən dövrdən sonra isə ananın işləməsinin uşaqlar tərəfindən o qədər də xoş qarşılanmadığınının şahidi olursunuz.  Həm iş karyerasını uğurla həyata keçirmək, həm də ana olaraq övladının inkişafı, təlim-tərbiyəsi ilə məşğul olmaq o qədər də asan deyil.  Hər iki işi uğurla həyata keçirmək üçün necə davranmalı olduğunuzu bilirsinizmi?

0-3 yaş arası dövrdə uşağın anaya daha çox ehtiyacı olur. Bu dövrdə ananın övladı ilə daha çox vaxt keçirməsinin, onların fiziki və psixoloji ehtiyaclarının qarşılanmasının önəmli olduğunu və bu yaş dövründə emosional sferanın inkişafı baxımından övladın ana tərəfindən daha çox diqqətdə saxlanmalı olduğunu nəzərə alaraq bu yaş dövrü üçün ananın  övladına daha çox vaxt ayırması məqsədəuyğun hesab olunur.

Ananın işləməsi və ya işləməməsi deyil, uşağa ayrılan zamanın keyfiyyətli olması daha önəmlidir. Bu ananın övladına qarşı münasibətindən, qayğısından asılı olan bir məqamdır.

Əgər ana çalışırsa və vaxtının müəyyən bir hissəsini işdə, qalan qismini isə ailədə keçirirsə bu zaman uşaqlarda hansı davranışları müşahidə etmək olar?  Sizin iş həyatınızın övladınızın davranış və rəftarına, sizinlə münasibətlərinə mənfi təsir etməməsi üçün necə yanaşmalısınız?

Əgər siz çalışan anasınızsa, övladınız müəyyən davranışları ilə sizin diqqətinizi çəkməyə çalışacaq. Müşahidə olunan davranışlar:

  • Aqressivlik
  • Sevmədiyiniz bir işi irad tutmanıza baxmayaraq yenidən  etməsi
  • Siz işə gedərkən ağlaması
  • Siz evə gələrkən ağlaması
  • Yemək yemə zamanı kaprizləri
  • Qısqanclığı və s.

Övladınızın bu kimi davranışlardan uzaq olmasını istəyirsinizsə, bu zaman övladınızla münasibətlərinizdə nəzərə almalı olduğunuz məqamları unutmamalısınız.

  • İşləməyinizlə bağlı səbəbi övladınızın yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq ona  izah edin.
  • İşdə olduğunuz zaman da onunla maraqlandığınızı, yediyi, oynadıqları ilə bağlı məlumat aldığınızı övladınıza hiss etdirin.
  • İşiniz bitdikdən sonra evə gələcəyinizi, onunla birlikdə xoş vaxt keçirəcəyinizi, oyunlar oynayacağınızı ona bildirin.
  • İşdən sonra övaldınızla keçirdiyinizin zamanın keyfiyyətliliyinə  önəm verin.
  • Suallar verin. Siz işdə olarkən nə işlərlə məşğul olduğu, nə yeniliklər öyrəndiyi, hansı oyunlar oynadığını və s. ilə  bağlı məlumatları ondan soruşmanız övladınıza xoş təsir bağışlayar.
  • Diqqətinizin onda olduğunu hiss etdirin. Danışdıqlarına qulaq asırmış kimi göstərib diqqətinizin başqa nədəsə olması övladınız üçün xoş olmaz.
  • Bir qədər yorğunluğunuz çıxdıqdan sonra birlikdə oyunlar oynayın.
  • Yuxu zamanında nağıl danışın.
  • Həftəsonlarını  gəzintilər təşkil edərək zamanınızı onunla birlikdə  keçirin.

Mənbə: saglamolun.az

“Günlük qəbul sayı az olan dərman seçilməlidir”

ilac

Uşaqlarda hansısa narahatlıq olanda həkimə aparılır və əksər hallarda onlara problemin aradan qaldırılması üçün resept yazılır. Bəzən həmin reseptdə elə dərmanlar yer alır ki, onların birlikdə istifadəsi məsləhət görülmür. Yaxud bir neçə dərmanın bir yerdə istifadəsi uşaqlarda əlavə narahatlıqlara səbəb olur.
Bəs görəsən uşaqlara resept yazarkən həkimlər nələrə diqqət etməlidir? Eyni anda bir neçə dərman içən uşaqların bu hala reaksiyası necə olur?

Bagcam.az  Ailem.az-a  istinadən xəbər verir ki, uşaqlara resept yazarkən düzgün dozalanmaya diqqət edilməlidir. Bu barədə məlumat verən pediatr Günay Rəsulova bildirir ki, : “Qızdırma salıcı da daxil, digər dərmanlar dozalanma düz olmadıqda müalicəvi effekt vermir. Uşaq reseptində mümkün qədər sadəcə müalicə edici dərmanlar olmalıdır. Simptomatik dərmanlar vitamin, öskürək əleyhinə, yersiz kalsium siropları, ağrıkəsici, immunitet artırıcı, qurd dərmanı, göbələk əleyhinə, bağırsaq florasını artıran dərmanlar və s. hamısı eyni arada yazılmamalıdır. Uşaqlar bir neçə dərmanı eyni zamanda içəndə ürəkbulanma, qusma halları baş verə bilər. Beləliklə, müalicə edici dərmanı içmir, yaxud valideyn dərmanlardan birini verməyə məcbur olur və əksər hallarda uşaq içməsi daha vacib olan dərmandan məhrum qalır”.

Həkim məsləhət verir ki, dərman yazarkən bənzər dərmanlardan ən ucuz olanını seçmək lazımdır: “Bahalı dərmanı ya heç almırlar, ya da əskik alırlar ki, bu da müalicəyə mənfi təsir edir. Müalicə kursunu mümkün qədər qısa seçmək lazımdır. Uşaqlara uzun müddət dərman içirmək çətindir. Məsələn, aylarla kalsium dərmanı, vitamin, balıq yağı, 3 günlük qısa kurs əvəzinə uşağa 1 ay bitki tərkibli qurd dərmanını vermək olmaz. Həmçinin homeopatik və ya başqa alternativ effekti sübut olunmamış dərmanların aylarla uşaqlara təyinatı məsləhət deyil. Mümkün qədər günlük qəbul sayı az olan dərman seçilməlidir. Qəbul sayı gündə 1-2 dəfəni keçməməlidir. Uşaqlara dərmanları invaziv yollarla (iynə, şam şəklində) deyil, mümkün qədər ağızdan içmə şəklində təyin etməyə çalışılmalıdlr. Mümkün qədər dadı yaxşı olan seçilməlidir ki, acı dadlı dərmanları uşaqlara içirmək işgəncəyə çevrilməsin”.

    Ailem.az

“Uşaqdan akademik düzəltməyə çalışmayın”

dislessia-3Yeni tədris ilinin başlamasına bir neçə gün qalıb. Artıq şagirdlər və valideynlər məktəblə bağlı son hazırlıqlarını edirlər. Amma bu il ilk dəfə məktəbə gedəcək uşaqlar daha həyəcanlıdır. Çünki onlar bu proseslərlə tanış deyillər. Onların həyatında tamamilə yeni bir səhifə açılır və tanış olmadıqları bir mühitin içərisinə qədəm qoyurlar.

Bəzən bu mərhələdə valideynlər uşaqların psixologiyasına uyğun olmayan davranış göstərir, onları lazım olduğundan artıq dərslərlə məşğul etməyə çalışırlar. Hansısa səhvlərini qabardaraq, mütləq düz etmələri barədə danlayırlar. Bəs birinci sinfə gedən uşaqlarla necə davranmaq lazımdır? Onların psixologiyası ilə bağlı hansı məsələlərə diqqət etmək lazımdır?

Bunlarla bağlı pediatr Vaqif Qarayev deyir ki, məktəb açılan kimi uşağı dərslə yükləmək doğru deyil: “Dərs ili başlayan kimi uşaqdan akademik düzəltməyə çalışmayın. Bir neçə ay məktəbə, mühitə, sinfə, müəllimə, kitab-dəftərə adaptasiya olmağına imkan verin. Yadda saxlamaq lazımdır ki, bütün uşaqların qavrama qabiliyyəti, dərsə həvəsi, diqqət konsentrasiyası eyni cür olmur. Ona görə nə qədər oxuya bilirsə, o qədər oxuyacaq. Dərsə hazırlıq zamanı hər irili-xırdalı səhvə görə uşağın psixikasını zədələmək düzgün deyil. Əksinə, həmişə onları ruhlandırmaq lazımdır”.

Həkim bildirir ki, mövsümlə bağlı havalar tez-tez dəyişəcək, ona görə də uşağın çantasında nisbətən qalın geyim olsa yaxşıdır: “Yağışlı, çiskinli hava uşağın ovqatına da pis təsir edir. Ona görə həmin günlər uşaqla daha mehriban davranmaq məsləhətdir. Əgər uşaq uzun müddət dərsdə olursa, dərsdən sonra mütləq onun istirahətinə fikir verilməlidir. Evə gələn kimi dərs oxutmaq mənasızdır. Hər gün gündüz 2-2,5 saat yatmalı, axşamlar isə saat 21.30-dan gec olmayaraq yatağa girməlidirlər”.

V.Qarayevin fikrincə, dərsdən sonra uşağı müxtəlif dərnəklərə aparmaq düzgün deyil. Çünki uşaq yorulacaq: “Uşaqların hansısa bir sahəyə real həvəsi hələ 5-6 il sonra yaranacaq. Amma fitri istedadı olan uşaqları mütəxəssisin köməyi ilə uyğun dərnəklərə yönləndirmək olar”.

Həmçinin uşağın qidalanmasına xüsusi fikir vermək lazımdır. Uşaq məktəbin bufetində satılanları yox, valideynlərin evdə hazırladığı buterbrod və s. kimi yeməkləri yesə, daha məqsədəuyğundur. Qida rasionunda meyvə – tərəvəz bol olmalıdır. Yaxşı olar ki, meyvəni təbii şəkildə (şirə kimi yox) qəbul etsin. O cümlədən gündəlik menyuda ət yeməkləri də olmalıdır.

“Çanta problemi dəyişilməz olaraq qalır. Əgər özü daşıyacaqsa, çantanın ağırlığı bədən çəkisinin 9 faizi qədər olmalıdır. Yəni altı yaşlı uşaq üçün çantanın ağırlığı 2-2,5 kiloqram olmalıdır. İlk günlərdən uşağa düzgün oturma vərdişləri aşılanmalı, uşağın gözü ilə dəftər-kitab arasında məsafə təqribən 30 sm olmalıdır. Yoxsa qamətində deformasiya yaranacaq. Bütün bunlara əməl edə bilsək, uşağın həm psixikasını, həm də xəstəliklərə müqavimətini qorumuş olarıq”, -deyə V. Qarayev diqqətə çatdırır.

Ailem.az

Uşaqlarda inadlaşma və bununla mübarizə yolları

decel_usaq_000İnadlaşma – hər yaşda qarşılaşdığımız reaksiya şəklidir. Bu davranış uşaqlarda öz “mən”-ini sübut etməyə, şəxsiyyətini inkişaf etdirməyə cəhd etdikləri üçün daha çox rast gəlinir.
Məktəbəqədər yaşlı uşaqlarda yaşanabilən inadlaşma dünyanı kəşf etməyə və azad şəxs olduqlarını dərk etdiklərində başlayır. Bu dövrdə uşaqların valideynləri və ətrafındakılarla münasibətində bir çox hallarda problemləri olur. Biz uşaqların bir inadlaşma prosesində fikir dəyişdirdiklərinə şahid ola bilər, hətta nə istədiyini tam olaraq anlamayacağımız davranışlarını görə bilərik. Misal olaraq, acdır amma verdiyimiz yeməyi yemir;  yatmaq vaxtı olduğunu bildiyi halda, gəzməyə getmək istəyir və s. İnadlaşan iki tərəfdən biri durana qədər bu proses davam edir. Ümumilikdə isə bunun qalibi yoxdur, ağlama ya da kriz ilə sonlanır.

Bir çox ana – ata uşaqlarının inadlaşmasından şikayət edir. Valideynlərinə azad şəxs olduqlarını sübut etməyə çalışan uşaqlar, bu cəhdləri boşa çıxdıqda inadlaşmağa başlayırlar.  Bir çox valideyn bunun fərqində olmadığı üçün uşaqları ilə gərəksiz münaqişəyə girir. Bu prosesdə valideynlərin məqsədi uşağa yardım etmək; uşaqların məqsədi isə deyilənin tam əksini etməkdir. Çünki onlar sadəcə bu yolla özlərinin azad şəxsiyyət olduğunu sübut edəcəklərini düşünür. Bu inadı uşaqlara zərər vermədən, vərdişə çevrilmədən yox etmək mümkündür.

  • Hər şeydən öncə belə vəziyyətdə soyuqqanlılığınızı qorumağa çalışın. Uşağınızla gərəksiz yerə çatışmaya girməyin; inadlaşmanı uzadan tərəf deyil də, bitirən tərəf olun. Əgər inadlaşma hər dəfə uzanarsa, uşağınız belə davranışı vərdiş halına gətirəcəkdir.
  • Uşağınızın zərərsiz davranışlarına göz yumun. Məsələn, gecə paltarını özü geymək istəyir, nəzarətinizlə bunu özünün etməsinə izn verin.
  • Uşağınızın inadlaşdığı mövzularda alternativ variantlar düşünün. Məsələn: istədiyini hansı səbəbdən edə bilməyəcəyinizi aydın şəkildə izah edin. Bunu uşağınızın rahatlaması üçün etdiyinizi unutmayın.
  • Uşaqların öz işlərini etməsini gözləmək valideynləri yorur, məhz bu səbəbdən də bir çoxu uşağını gözləmək yerinə onların işlərini özləri görür. Halbuki, uşaqlar iş gördükləri vaxtda xoşbəxt hiss edirlər, həmçinin bu inadlaşmanı da azaldır.
  • Uşağınıza seçməsi üçün variantlar təqdim edin. Ona seçə biləcəyi variantları bildirdikdə, azad şəxsiyyət olduğunu qəbul etdiyinizi görəcək. Özü ilə bağlı qərar verməsi uşağınızı önəmli və lazımlı hiss etdirəcəkdir.

Ən son olaraq qeyd edim ki, uşaqlarınızı sevin! Ona bunu hiss etdirin. Sevilən uşaq daha çox xoşbəxt hiss edər və xoşbəxt uşaqlar daha az inadlaşar. Ən yaxınında olan insanlardan hörmət və sevgi görən uşağın özgüvəni də, psixoloji inkişafı da sağlam şəkildə formalaşar. Onun öz mən`ini inkişaf etdirməsi üçün eqolarınızı kənara qoymağınız lazımdır.

Zəhra Qorxmaz
Psixoloq

“Mini Lisey” fəaliyyətə başladı

Sentyabrın 9-da  ibtidai sinif şagirdlərinin məktəbdən sonrakı vaxtlarını səmərəli təşkil etmək məqsədilə yaradılan “Mini Lisey” təhsil mərkəzinin açılış tədbiri keçirilib.

Mərkəzin direktoru Samirə Muxtarova qırmızı lenti kəsərək, liseyi açıq elan edib. Sonra isə valideynlər mərkəzdə yaradılan şəraitlə tanış olublar. Açılış mərasimində iştirak edən uşaqlar üçün də maraqlı əyləncələr təşkil edilib.

“Mini Lisey” təhsil mərkəzi haqqında Bagcam.az-a mərkəzin direktoru Samirə Muxtarova məlumat verib. O bildirib ki, liseyi yaratmaqda məqsəd valieynlərin qayğılarını bölüşməkdir:

“Bağçadan məktəbə gedən uşaqların valideynlərinin qayğıları, şikayətləri nəzərimizdə çoxdan var idi. Hazırda məktəblər də inkişaf edir, dərslər də çətinləşir. Ona görə də valideynlər müasir proqramın öhdəsindən gəlməyə çətinlik çəkirlər. Əsas məqsədimiz odur ki, bu çətinliyi öz öhdəmizə götürək və uşaqları sərbəst şəkildə öyrədək ki, özləri ev tapşırıqlarını həyata keçirə bilsinlər”.

Təlim tərbiyə işləri üzrə müavin Nərminə Mustafayeva bu liseydə uşaqların bağçada qazandıqları müvəffəqiyyətləri məktəbə də davam etdirməsinə kömək edəcəyini deyir:

“Zamanın tələbi olan bu “Mini Lisey” öz işinə start verdi. Gözəl tədbirdi, burada əsasən valideynlər nəzərə alınıb. Uşaqlar dərsdən sonra gəlib istirahət edəcəklər. İstirahət güşəmiz var. Boş vaxtlarda gəzintilərimiz var. Uşaqlar burada axşam saat 18:00-a qədər tam məşğul olacaqlar. Bütün vaxtını biz burada səmərəli istifadə edəcəyik”.

6 yaşdan 11 yaşa qədər olan dövrü əhatə edən lisey həftənin 5 iş günü fəaliyyət göstərir. Burada şagirdlər məktəbdə öyrəndikləri bilikləri möhkəmləndirir, milli kurikulum əsasında ev tapşırıqlarını yerinə yetirirlər.

Valideyn İlhamə  Əliyeva “Mini Lisey”də hər şeyin ürəyincə olduğunu qeyd edib:

“Mən istəyirəm ki, mənim övladım dərsdən sonra gəlsin burada rus dili ilə məşğul olsun. Dil öyrənsin. Bütün dərs otaqlarıyla bir-bir tanış oldum. Hər şey çox xoşuma gəldi”.

Valideyn Nigar İbayeva isə işləyən valideyn kimi belə bir mühitin olmasını çox arzuladığını bildirib:

“İnanıram xeyirli olacaq. Uşaqlarımız üçün də çox gözəl olacaq. Yeməkxanasını da çox bəyəndim. Ev ab-havası yaranacaqdır, inanıram buna”.

“Mini Lisey” təhsil mərkəzinin açılış mərasiminin sonunda kollektivlə birgə tort kəsilib.

Qeyd edək ki, Mini lisey Nizami ray. Rüstəm Rüstəmov 32A  ünvanında yerləşir.  Valideynlər ətraflı məlumat üçün 70 715 15 00 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 [maxgallery id=”6264″]

Uşağım dırnağını yeyir, nə edim?!

dirnaqDırnaq yemə davranışı daha çox 3-4 yaşlı uşaqlarda müşahidə edilir.  Bu davranışa əsasən, ailəsindən sevgi və qayğı görməyən, çevrəsi tərəfindən tənqid edilən uşaqlarda; valideynlərin həddindən artıq qoruyucu və qayğılı olması, ailədaxili münasibətdə olan problemlər, dərsdəki uğursuzluğu və uşaqları narahat edən bir çox problem səbəb ola bilər.
Bəzən elə olur ki, belə vəziyyətlərdə valideynlər öz uşaqları ilə necə davranmalı olduqlarını bilmirlər. Yardım etmək istəyərkən, problem içindən çıxılmaz hal alır. Hansı davranışdan tamamilə qaçmaq lazımdır?

  • təhqiredici sözlərdən və ağır cəzalardan isifadə etmək;
  • uşaqlarınızı qorxutmaq, onları dırnaq yeməməsi üçün məcbur etmək;
  • qorxu hiss edəcəyi, narahat ola biləcəyi filmi izləməsinə izn vermək;
  • uşağınızın etdiyi hər səhv davranışa görə tənqid etmək;
  • dırnaq yeməsini normal davranış kimi qəbul edib, görməzdən gəlmək və s.

Bu problemlə üzləşəndə hər bir valideyni “Bəs mən övladımın bu zərərli vərdişdən qurtulması üçün nələr etməliyəm?” sualı narahat edir. Bu problemlə mübarizə aparmaq üçün ilk növbədə, uşağınıza belə davranaraq özünə zərər vurduğunu izah etmək, bunu aradan qaldırmağın çətin olmadığına dair güvən verməyiniz lazımdır. Uşağınız bu davranışdan qurtulacağına inananda motivasiyası yüksələcək və bunun üçün çalışacaqdır. Onun diqqətini başqa yönə cəlb edə bilərsiniz (məs: TV izlərkən və ya dərs oxuyarkən ona ağzını çeynəyəcəyi bir şeylə məşğul etmək). Övladınızı uğurlarına görə mükafatlandırın. Bunu ifrat dərəcəyə gətirmədən etməyə çalışın. Dırnağının kəsilib, təmizlənməsini özünə həvalə edin. Dırnaq baxımı üçün xüsusi alətlərdən istifadə etməsi onu dırnağına qarşı daha diqqətli olmasına yardım edəcəkdir. Bunlardan başqa dırnaqların vaxtlı-vaxtında kəsilməsi problemi aradan qaldırmağa yardım edə bilər.

Unutmayın ki, övladınızın zərərli vərdişlərdən qurtulması üçün onu günahlandırmaq, özünüzdən uzaqlaşdırmaq işə yaramamaqla bərabər, yeni problemlərə yol aça bilər. Məhz bu səbəbdən onunla sağlam münasibət qurmağınız, onu anlamağa çalışmağınız, bu vərdişini aradan qaldırmaq üçün səbrli və qətiyyətli olmağınız övladınızın inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Uşağınıza belə münasibət gələcəkdə onun davranışında problemi olmayan, xoşbəxt və özgüvənli olmasını təmin edəcəkdir.

Övladınıza səbrli yanaşmanız diləyi ilə…

Zəhra Qorxmaz
Psixoloq

Dörd fərqli ana modeli

kitab_oxumaÖvladınızla münasibətiniz necədir? Anlaya biləcəyi hər mövzuda fikrini öyrənib, onun da fikrinə dəyər verdiyinizi hissetdirirsinizmi? Yoxsa “çünki mən belə istəyirəm, mən sənin ananam”, “bunu eləmək məcburiyyətindəsən” kimi cümlələrdən istifadə edirsiniz? Ya da uşağınızı məyus etmək istəmədiyiniz üçün hər istəyinə icazə verirsiz? Bu davranış formalarına əsasən mütəxəssislər 4 fərqli ana modeli olduğunu söyləyir:

Demokratik analar / səmimi, ancaq sərt

  • “Çünki mən elə dedim”, “mən elə istədim” yerinə, uşağınızı dinləyir, onu anlamağa çalışır və fikirlərinə dəyər verirsinizsə;
  • Övladınızın inkişafı üçün müxtəlif fəaliyyətlər həyata keçirir və televizor və ya kompüter qarşısında keçirdiyi müddət kimi bəzi hərəkətlərini məhdudlaşdırırısınızsa,
  • Evin qayda-qanunlarına nəyə görə əməl etməsi, qoyduğunuz qaydaların nə işə yaradığını ona başa salıb, onunla ortaq bir yol tapmağa çalışırsınızsa, lakin qaydalara əməl etmədiyində ona cəza deyil, xəbərdarlıq edirsinizsə,
  • Uşağınız sizinlə rahat şəkildə münasibət qura bilirsə, hər mövzuda düşüncələrini sizinlə paylaşa bilirsə, onu günahlandırmayacağınızı və danlamayacağınızı bilirsə;
  • Müstəqil bir fərd olmasına çalışırsınızsa.

Uşağa təsirləri

Araşdırmalara görə, demoktarik anaların uşaqları mübahisəli məsələləri yaxşı sonluğa gətirə bilirlər. Bu tərzdə valideynlik uşağın sağlam bir mühitdə böyüməsini təmin edir, ana və uşaq arasında məhsuldar münasibət yaradır. Demokratik anaların uşaqlarının sosial cəhətdən yetkin və məsuliyyətli olma ehtimalı daha yüksəkdir.

Avtoritar analar / “Mən belə istədiyim üçün”

  • Şərtlər nə olursa olsun uşağınızın hər zaman sual vermədən qaydalara əməl etməsinin lazım gəldiyinə inanırsınızsa;
  • Ona seçim hüququ vermək yerinə öz gözləntilərinizi ön sıraya qoyursunuzsa;
  • Tez-tez “Mən elə istədiyim üçün”, “çünki mən belə istəyirəm, mən sənin ananam” kimi ifadələr işlədirsinizsə;
  • İstəklərinizi elətdirmək üçün cəza verməyi vasitə olaraq istifadə edib tez-tez cəza verirsinizsə;
  • Övladınıza qarşı az səmimiyyət göstərir, “belə etsən səni sevməyəcəm”, “qardaşın daha ağıllıdır, onu daha çox sevirik”, “səni atıb gedəcəm” kimi cümlələrlə onu günahlandırırsınızsa.

Uşağa təsirləri

Avtoritar formada rəftar görən uşaqların məktəb sevgisinin az olduğu müşahidə edilib. Belə uşaqlar avtoritar davrandığınızda səssiz qalıb, olmadığınızda isə daha təcavüzkar olurlar. Avtoritar anaların uşaqlarının özünə hörməti az, təcavüzkar və ya utancaq, sosial mühitdə çətinlik çəkən və bəzən ana yanında olmayanda uyğun olmayan davranışlara meyilli olurlar. Avtoritar tərzdəki bəzi qaydalar sağlam uşaq böyütmək üçün önəmli olsa da, qaydalar sərt olduqda uşağa zərər verə bilər.

İcazə verən analar / Ana deyil, dost kimi

  • Uşağınızın ruhdan düşməməsi üçün “xeyr”dən qaçırsınızsa,
  • Qaydaları ümumilikdə uşağınızın hiss və istəklərinə görə formalaşdırırsızsa,
  • Ana olmaqdan çox dost olmağa çalışırsınızsa,
  • Övladınızın bir şeyi etməsinə motivasiya etmək üçün şişirdilmiş mükafatlar verir və ya vəd edirsinizsə,
  • Sevginizi göstərməyinizin yolunun onun bütün istədiklərini vermək olduğunu düşünürsünüzsə,
  • “Əgər istəyirsənsə, gec saatlara qədər otura bilərsən”, “Eləmək istəmirsənsə, heç bir şeyi eləmək məcburiyyətində deyilsən” tərzində cümlələr qurursunuzsa.

Uşağa təsirləri:

Bu ana modelinin uşaq üçün zərərli olduğu düşünülür. Bir uşağın ən çox istədiyi ana modeli bu olsa da,verilən bu azadlıq hissi uzun müddətdə uşağa zərər verə bilər. Araşdırmalara görə, bu formada rəftar görən uşaqların alkoqollu içkilərə aludəçiliyi digər uşaqlara görə üç dəfə daha çox olduğu aşkar edilib. Bu da ana-uşaq münasibətlərində sərhəd anlayışının önəmini ortaya qoyur.

Laqeyd analar

  • Övladınızın mənəvi və fiziki ehtiyacları ilə maraqlanacaq zaman tapmır, sadəcə bəsit ehtiyaclarını qarşılayırsınızsa,
  • Uşağınızın ev həyatı xaricində, təhsil və ya sosial həyatı haqqında məlumatınız yoxdursa,
  • İş və ya başqa səbəblərdən dolayı uşağınızı tez-tez yalnız buraxırsınızsa, evdən kənarda çox vaxt keçirir və onunla keçirdiyiniz zaman azdırsa,
  • Uşağınızın ehtiyaclarına, məktəbdəki təcrübələrinə, dostları ilə münasibətlərinə və harada nə elədiyinə münasibətsiz qalırsınızsa.

Uşağa təsirləri

Yuxarıdakılar sizə və ya tanıdığınız bir insana xasdırsa, bu uşağın zərər görmə riskinin yüksək olduğuna işarə edir. Anası ilə tərs münasibətdə olan və ya münasibətdə olmayan uşaqlar yaşıdları ilə və ya digər insanlarla münasibət qurmaqda və qurulan münasibəti davam etdirməkdə çətinlik çəkə bilirlər. Özünüzün və ya bir yaxınınızın laqeyd bir valideyn olduğunu düşünürsünüzsə, uşağın zərər görməməsi üçün məktəbin direktor və psixoloqlarından yardım almanız önərilir.

Ən yaxşısı “demokratik” ana olmaqdır, amma ki…

Mütəxəssislər 4 fərqli ana modelindən  sağlam uşaq inkişafı üçün ən uyğun modelin “demokratik” ana modeli olduğunu qeyd edirlər. Bununla yanaşı bu modelləri birləşdirərək istifadə edən analar da vardır. Məsələn, uşağının dostları ilə tətilə getməsinə icazə verən ana, səbəbini açıqlamadan onun dostlarının sürdüyü maşına minməsinə icazə verməyərək avtoritar modellə demokratik modeli bir arada istifadə edir.

Mənbə: Valideyn.az

“Olmaz”lar və “olar” lar arasındakı sərhəd

danisiqÖvladınız tezliklə sizə öz müstəqilliyini bəyan etmək üçün müxtəlif, heç də həmişə xoş olmayan yollar tapacaq. Bu yeməyə, yaxud yatmağa imtina etməkdən başlamış, siz telefonla danışarkən, yaxud qonaqlıqda olarkən özünə diqqəti cəlb etmək üçün qışqırıqlara qədər fərqli şəkildə özünü biruzə verə bilər. Təxminə 18 aylığında başlayacaq belə hərəkətlərə sizin adekvat münasibətiniz övladınızın gələcək davranışı üçün mühüm əhəmiyyət kəsb edir.

İlk olaraq siz öz əsəblərinizi cilalamağı bacarmalısınız. Heç bir halda qışqıran balacaya çığırmaq olmaz. Sakit qalmaqla siz vəziyyətin sizin nəzarətiniz altında olduğunu ona hiss etdirmiş olacaqsınız.

Dediyinizin üstündə möhkəm durun. Əgər indi yatmaq vaxtıdırsa, demək yatmaq lazımdır, çizgi filmini seyr etmək olmaz.

Hər iki valideynin mövqeyinin eyni olması mühümdür. Bir valideynin qadağan etdiyi hərəkətə digəri icazə verərsə , övladınız buna adət edəcək və həmişə aranızdan zəif bəndi tapmağa çalışacaq. Nəvələrini əzizləməyi sevən nənə, babalarla da bu məqam öncədən razılaşdırılmalıdır.

Qeyd : Bu məlumat Balacalar (1 – 3) yaş üçün nəzərdə tutulub.

Mənbə: Valideyn.az

Övladıma mənə müraciət etməsini necə öyrədə bilərəm?

loqopedBu oyunlar daha çox autizm sindromlu, sosial ünsiyyət pozuntusu, nitq ləngiməsi, daun sindromlu uşaqlar üçün istifadə oluna bilər.

Valideynlər daha çox bu sualları verirlər – Evdə uşağıma mənə müraciət etməsini necə öyrədə bilərəm? Başqa şəxslərin adlarını necə öyrədə bilərəm?

Adlandırma oyunlarından biri də “mama” oyunudur.

Əziz valideynlər, uşaqlarınıza kömək edin sizin adınızı desin və sizə müraciət etsin. Oyun “mama” oyunu adlanır. Bunu belə adlandırıram. Çünki mən, adətən, terapiya sessiyası ərzində anayla və onun uşağıyla işləyirəm. Çünki analar daha çox bir sözü tez eşitmək istəyirlər – uşaqları onlara “mama” desin. Oyunun adını isə ona görə “ana” yox, “mama” adlandırıram ki, “ana” demək üçün ağız artikulyasiyası üç hərəkət yerinə yetirir. Lakin “mama” deyərkən ağız artikulyasiyası iki hərəkət yerinə yetirir. Ona görə də uşaqlara “mama” demək daha asan gəlir. İş təcrübəmdən deyə bilərəm ki, uşaqlar “mama” deyə müraciəti daha tez öyrənirlər. Lakin bəzən bəzi valideynlər uşaqlarının “ana” deməsini istəyir. O zaman valideynlərin istəyinə uyğun olaraq, uşağa “ana” deyə öyrədilir. Amma “mama” sözü xüsusilə də eyni dodaq samitlərinin təkrarlanmasından ibarət olduğuna görə onu demək uşaq üçün çox asan olur.

Əslində bu oyunla biz başqasının adlarını da öyrədə bilərik. Bu oyunda istifadə etdiyimiz bir təlimat “mamanı çağır”, yaxud kiminsə adını öyrədiriksə, məsələn, “atanı çağır”, “əmini çağır” və s.-dir. Uşaq bir şəxsi öyrənmədikcə ikinci şəxsi öyrətməyə çalışmayın!

Oyun uşaq çarpayısında, yerdə, qapı bağlı otaqda aparılır. Əgər oyunu uşaq çarpayısında aparırsınızsa, bu zaman mama gizlənir. Çarpayının altında və ya aşağıya doğru əyilməlidir ki, uşaq onu görməsin. Uşaq mamasını görmür və onu çağırmağa başlayır. Mama gizlənərək, səsiylə uşağa kömək etməlidir – maaaamaaaa, maaaaamaaaaa, maaaaaaaaaaaa, maaaaaaaaaaaaaaaa, mama. Bunu deyərkən emosional, musiqili, əyləncəli şəkildə deməlidir ki, uşaq qorxmasın. Bunun oyun olduğunu anlasın. Əgər bu şəkildə oyunu oynasanız, uşağınız da sizinlə birlikdə təkrar edəcək, səsinizi axtarmağa başlayacaq. Ona maraqlı gələcək, əylənəcək, güləcək.

Oyunu istər yerdə, istərsə də çarpayıda oynaya bilərsiniz. Uşağınız təbii ki, siz yeni oynamağa başladıqda dərhal sizi təkrarlamayacaq. Lakin siz oyun partnyoru olaraq onu buna təhrik etməlisiniz. Və gizləndiyiniz zaman bunu vaxtla edəcəksiniz. 15 saniyədən başlayaraq, 1, 2, sonra 5 dəqiqə və daha sonra daha da ciddiləşdirərək, uşağınız tam şəkildə sizə “mama” deyənə qədər davam etdirməlisiniz. Yəni bu oyunu o qədər oynayacaqsınız ki, hər gün oynadıqca artıq uşaq başa düşəcək ki, siz ondan “mama” deməsini istəyirsiniz və demədikcə otaqdan çıxmayacaqsınız.

Çalışın bu oyundan sonra otaqdan çıxdıqda, onu çox sevdiyi yemək və ya əşya ilə mükafatlandırın. Deyin ki, sən mama oyununu çox qəşəng oynadın. Sən mama dedin. Sən danışa bilirsən. Mama deyə bilirsən. Və sən bunu qazandın. (Məsələn, qatarı sevirsə, qatarı verin sürsün və s) Əgər birdən-birə uzunmüddətli gizlənsəniz, uşağınız oyunu başa düşməyəcək. Nə etdiyinizi anlamayacaq və oyunun təsiri olmayacaq. Uşağınız sizə “mama” deməyəndə belə, onu demiş kimi mükafatlandırın. Daim ünsiyyətə təhrik edin.

Bu zaman siz uşağınızı necə mükafatlandırmalısınız?

Sən çağırdın, mama dedin deyərək, gizləndiyiniz yerdən tez çıxın, onu qıdıqlayın, qucaqlayın, öpün. Mama burdadı deyərək, mama sözünü musiqiylə oxuyun, hətta birlikdə hoppanın.

Lakin onu da qeyd edim ki, uşağı bezdirmək olmaz. Hər gün müxtəlif zamanlarda vaxt ayırın və o vaxt müddətində bu oyunu təşkil edin. Oyun zamanı uşağınızın diqqətini toplaya bildinizsə, siz qəhrəman bir valideynsiniz və müsbət nəticə sizinlədir. İrəli! Lakin oynadıqca hiss edəcəksiniz ki, çox təkrardan uşaq sıxılır və oynamaq istəmir. Bu zaman onu məcbur etməyin, oyunu bitirin və bunu yüksək səslə deyin – “mama oyunu” qurtardı. Uşaq anlamamalıdır ki, siz ona tabe oldunuz və o yoruldu deyə oyunu bitirdiniz.

Lakin hər zaman diqqət etməlisiniz ki, oyunu təşkil etdiyiniz otaqda qapı bağlı olsun. Çünki uşaq yeni oyuna başladıqda sizə tabe olmaya və otaqdan çıxmaq istəyə bilər. Bu zaman siz daim pozitiv şəkildə onu müşahidə etməli və oyunla, emosiyalarınızla uşağı  ünsiyyətə dəvət etməlisiniz.

Onu da qeyd edim ki, oyuna uşağınızın müraciət etməsini istədiyiniz istənilən şəxsi dəvət edə bilərsiniz. Bunu da yaddan çıxartmayın ki, oyunu oynadıqda və ya kimin adını deməsini, kimə müraciət etməsini istəyirsinizsə, həmin şəxs ya otağın kənarında, ya qapının arxasında, ya da çarpayının altında gizlənməlidir ki, uşaq çağırmağı öyrənsin, müraciətin nə demək olduğunu anlasın.