Uşağın nəqliyyatda ürəyi bulanırsa…

Uşağın nəqliyyatda ürəyi bulandığı zaman, nə etmək lazım olduğunuzu bilmirsiniz? Buyurun, bu qeydlərimiz məhz sizin üçündür:

  1. Dəniz səyahəti edirsinizsə, mümkün olduğu qədər uşağınızı az yellənən yerdə oturdun.
  2. Təyyarə ilə səyahət edirsinizsə, qanadlar tərəfdəki oturacaqlara bilet alın.
  3. Uşağınıza arada kitab oxudun.
  4. Yola çıxmadan əvvəl mədəsinə təsir dəcək ağır qidalar verməyin.
  5. Bulantı əsnasında bir neçə dənə duzlu kraker yeyərsə, bulantı azaldacaq.
  6. Maşın tutmasına qarşı ən yaxşı üsullardan biri zəncəfildir. Zəncəfili uşağınıza istər ilıq bir çay olaraq, istər də çiy olaraq verə bilərsiniz.

Uşaqlarda boy qısalığının səbəbi

Çox valideynlərin “hələ balacadır, uzanacaq” dediyi boy qısalığı əslində bir xəstəlik deyil, bir çox xəstəliklərin göstəricisi ola bilər.

Bu səbəbdən inkişafın hansısa dövründə uşağının öz yaşıdlarından boy və ya çəkidə geri qalması müşahidə olunarsa, həkimə müraciət etmək mütləqdir.

Bagcam.az Azertag.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının II uşaq xəstəlikləri kafedrasının pediatrı, endokrinoloq Günay Cəbrayılova universitetin mətbuat xidmətinə müsahibəsində bildirib.

Həkim deyib: “Uşaqlıq dövrünün ən böyük xüsusiyyəti, davamlı böyümə prosesidir. Təəssüflər olsun ki, hər bir uşaqda sağlam böyümə və inkişaf prosesi müşahidə olunmur. İstər xəstəliklərə, istərsə də qida çatışmazlığına bağlı olaraq uşağın inkişafının dayanması, ən çox boy uzanmasına təsir göstərir. Uşaqlıqda böyümədə dayanma və ya boy qısalığı hansısa xəstəliyin ilkin əlaməti ola bilər. Genetik, konstitusional boy qısalıqları, cinsi inkişafın gecikməsi, skelet sistemi xəstəlikləri, uşağın doğulduğu çəkinin aşağı olması, qidalanma pozuntuları, ürək, böyrək, qan xəstəlikləri kimi xroniki problemlər, uzun müddətli dərman istifadəsi, Turner sindromu, qalxanabənzər vəzin hormon çatmazlığı ilə gedən xəstəliklər, böyümə hormonu çatışmazlığı və uşağın az qayğı və ya sevgi görməsi inkişafa təsir edən səbəblərdəndir. Turner sindromunun bu gün daha çox qız analarını narahat edir. Bu xəstəlik hər 2500 qız uşağından birində təsadüf edilir. Xəstəliyin başlıca əlaməti erkən yaşlarda boy qısalığı və sonrakı yaşlarda cinsi inkişafının başlamaması ilə xarakterizə olunan genetik pozuntulardır. Böyümə hormonu çatışmazlığı hər 3500-dən bir uşaqda görülür. Xəstəliyin əsas əlaməti boy qısalığı və ya böyümədə dayanmadır. Hipotireozun rast gəlmə tezliyi isə 3500-də birdir. Problemin anadangəlmə növü müalicə olunmadıqda boy qısalığından əlavə, əqli inkişafda da geriləməyə səbəb ola bilər.

Onu da qeyd edim ki, 50 santimetr olaraq dünyaya gələn sağlam körpənin boyu 3 aylığında təxminən 60 santimetr, 6 aylığında 67 santimetr, 9 aylığında 72 santimetr, 1 yaşında ikən isə 75 santimetr olmalıdır”.

Uşaq yeməyi çeynəyib, uda bilmirsə…

Bagcam.az Ailem.az-a istinadən loqoped Bəsirə Pənciyevanın növbəti məqaləsini təqdim edir.

Disfaqiya nədir?

Udma, çeynəmə, sorma, əmmə pozuntuları disfaqiya adlanır. Əmmə problemlərinə qidanın qəbulu, çeynənilməsi, sorulması və udulması sahəsində olan çətinlikləri daxildir. Məsələn, uşaq qidanı qəbul etməyi, yəni əgər bərk qidadırsa, onu dişləməyi və ya əzilmiş haldadırsa, onu ağzına qoymağa etiraz etməsi və ya mayedirsə udmağı bacarmamağı deməkdir. Yaxud da çağanın süd əmdiyi zaman ananın döşünü götürdükdə ağzını tam bağlaya bilməməsi, dodaqları açıq saxlaması və bununla da süd əmmədə çətinlik olması və s. Bu zaman uşaqlarda əmmə pozuntusu da ola bilər.

Udma prosesləri aşağıdakı mərhələləri əhatə edir;

Oral (ağızın içi, dodaq, dil, diş, damaq) mərhələsi; Bura sorma, çeynəmə, qidanın dil vasitəsiylə ağızda hərəkəti və diş, damağın köməyilə əzilmiş qidanın və ya mayenin boğaza ötürülməsi.

Pharyngeal (faringil) mərhələ; Udmağa başlamaq, qidanın hava yoluna daxil olmaması (aspirasiya) hava yolunu bağlamaq və boğazdan aşağı ötürülməsi.

Esophageal mərhələ; Boğazda yemək borusunun üst və alt boşluqları rahatlaması və yeməyi qida borusundan mədəyə ötürmək.

Uşaqlarda əmmə, udma pozuntularının əlamətləri hansılardır?

Uşaqlarda əmmə, udma pozuntularının geniş və müxtəlif əlamətləri var. Bütün əlamətlər hər uşaqda mövcud deyil!

Uşaqlarda, əmmə və udma problemlərinin əlamətləri aşağıdakılardır;

1. Qidalanma zamanı bədəni bərkitmək

2. Qidalanma zamanı qıcıqlanma və həssaslığın olmaması

3. Qida və mayedən imtina

4. Müxtəlif yeməklərin qəbul edilməməsi (məsələn, yalnız saflaşdırılmış qidalar və ya gevrək taxıl)

5. Uzun əmmə və ya uzun yemə (30 dəqiqədən çox)

6. Çeynəmədə çətinlik

7. Döş əmmədə çətinlik

8. Yemə zamanı öskürmək və qusmaq

9. Ağızdan və ya burundan çıxan həddən artıq qida və maye

10. Yemək yemə, su içmək və nəfəs almaq aktlarında çətinlik

11. Yemək zamanı boğulmaların artması

12. Tez-tez tüpürmək, qusmaq

13. Təkrarlanan sətəlcəm (pnevmaniya) və ya hava (tənəffüs yolu ilə) ilə yoluxucu infeksiyalar

14. Normal kilo artımından az olması

Əmmə və udma pozuntularının səbəbləri aşağıdakılardır:

  • Sinir sistemi xəstəlikləri (Uşaq serebral iflici meningit ensefalopatiya),
  • Mədə-bağırsaq problemləri,
  • Problemli doğuş,
  • Yarıq dodaq və ya damaq,
  • Hava yolu ilə keçən infeksiyalar,
  • Autizm sindromu,
  • Baş, boyun anomaliyaları,
  • Üz və boyundakı əzələ zəifliyi,
  • Tənəffüs problemləri.

Əmmə və udma pozuntularına necə diaqnoz qoyulur?

Əziz valideynlər, sizin səhiyyə mütəxəssisiniz, pediatrınız uşağınızı yoxlayacaq. Müəyyən testlərlə yoxlanışdan sonra metabolik problemlərini qeyd edəcək, lazım bildiyi halda loqopedə yönləndirəcək.

Loqoped qiymətləndirir;

Uşağın anamnezini, yəni bu günə kimi uşağın bütün tibbi müayinəsi və loqopedik təlimləri ilə bağlı məlumatları soruşmalıdır;

Udmaya cəlb olunan əzələlərin hərəkətliliyinə, gücünə baxmalıdır;

Yemək yemə və su içmə zamanı əzələlərin vəziyyəti, duruşu, hərəkətini müşahidə etməlidir. Bəzən uşaq Usi (Uşaq serebral iflici) və ya Disfaqiya diaqnozu ilə gəlir. Ağızdan su axır. Anadan soruşuram. O, bildirir ki, mən çeynəmədən razıyam, yemək yeməsi yaxşıdır. Lakin təcrübəmdən deyirəm ki, valideynin sorğusu ilə yanaşı, yenə də uşaq müayinə edilməlidir. Uşağın sevdiyi yumşaq qidayla başlamaq lazımdır. Çünki çox olub ki, valideyn razılıq bildirir, lakin yoxlayanda uşağın düzgün yemədiyini, balaca qabdakı yeməyin 4/1 ni ancaq yediyini, qaşığı dodağı yumaraq ağzına almadığını müşahidə edirəm. Bəzən valideyn başa düşmür, ona normal gəlir. Amma uşaq iki yaşındadırsa və bu şəkildə yeyirsə, bu da ağız suyu ifrazına səbəb olursa, demək, problem var.

Müəyyən müşahidələrlə, testlərlə əmmə, yemə, udma aktları qiymətləndirmək;

Barium yoxlanışı – Uşaq nəsə içdikdə boğazdan mayenin qəbulu zamanı maye və ya qidanın boğazdan aşağı keçməsi səhiyyə mütəxəssisiniz tərəfindən yoxlanılır.

Endoskopik müayinə – Uşağın udma aktı izlənilir.

Hansı müalicə üsulları mövcuddur?

  • Tibbi müdaxilə (reflux üçün dərman),
  • Fərdi ehtiyacları qarşılamaq üçün yemə terapiyası aparmalıdır,
  • Həkim nəzarəti ilə qida qəbulu və qida seçimi,
  • Getdikcə qida qəbulunu artırmaq (çünki disfaqiyalı uşaqlar seçici olurlar, daha çox yumşaq maye şəklində yeməklərə üstünlük verirlər)
  • Ərzaq temperaturunu dəyişdirmək (yenə də həkim məsləhəti ilə),
  • Müxtəlif oturma vərdişləri yaratmaq (məsələn, uzanaraq əmzik şüşəsi ilə yeyirdisə, oturtmaq, qaba qoymaq, qaşıqla yeməyə cəhd etmək, ailə ilə bir stol arxasında oturması, böyüklərin yeməsini izləməsi və s.)
  • Davranış və sosial bacarıqları qazandırmaq üçün psixoloqa müraciət edin,
  • Aktivliyi artırmaq üçün fizioterapevtik məşğələlərə yazılın,
  • Həmçinin, stomatoloji müayinədən keçirməyiniz də məsləhətdir.

Loqopedik müdaxilə nəticəsində:

  • Ağız əzələlərini daha da gücləndirir,
  • Dilin hərəkətliliyi artır,
  • Çeynəmənin yaxşılaşdırılması,
  • Müxtəlif qidaların və mayelərin qəbulunun artırılması,
  • Sorma və içmə qabiliyyətini yaxşılaşdırmaq,
  • Təhlükəsiz udmanı təmin etmək üçün loqopedik məşğələlərdə udma zamanı boğulma yaratmayacaq qidalar seçmək lazımdır. Bunun üçün qida seçimi önəmlidir.

Loqopedik qiymətləndirmədən sonra ailə üzvləri ilə əlaqə saxlanılmalıdır. Yemə, udma problemlərini anlamaq üçün suallar verilməlidir. Müalicə planını başa düşdüklərinə əmin olmalıyıq. Çünki evdə də yemə terapiyasını yerinə yetirməlidirlər. Bu, təkcə ana ilə deyil, həmçinin, uşağın ətrafında olan hər kəs yemə ilə bağlı problem və əldə edilən irəliləyişlə bağlı məlumatlanmalıdır.

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – Foto fakt

Texas Uşaq Xəstəxanasının psixiatrı Bruce Perrynin paylaşdığı görüntülər uşağın beyin inkişafında ətraf faktorların nə qədər təsirli olduğunu ortaya çıxarıb.

Bagcam.az Ailem.az-a istinadən bildirir ki, 3 yaşlı 2 ayrı uşağın beyninin rentgen görüntüləri uşaqlıqda qayğı və sevginin əhəmiyyətini ortaya qoyub.

Soldakı görüntü yaxşı qayğı göstərilən 3 yaşlı uşağın beynini göstərir. Sağdakı isə şiddətli duyğusal travma yaşayan və qayğı görməyən 3 yaşlı uşağın beynidir. Göründüyü kimi, soldakı beyin daha böyükdür.

Sağdakı beyinə sahib uşaq ciddi duyğusal yoxsulluq yaşadığı üçün beyni kifayət qədər inkişaf etməyib. Üzərində bulanıq izlər yaranıb. Uşağın hər cür səs, qoxu və toxunma təcrübəsindən məhrum olduğu, ciddi səviyyədə istismara məruz qaldığı düşünülür.

Bu tip pozuntu uşağın inkişafında gerilik və hafizə problemləri olacağı anlamına gəlir. Bəzi fiziki istismar faktlarının uşaq beynində ani və birbaşa qalıcı xəsarətlərə səbəb ola biləcəyi bilinir. Bu pozuntular qalıcı problemlərə və ölümcül nəticələrə yol aça bilər. Məsələn, bir uşağı şiddətli şəkildə sarsıtmaq beyin toxumasına zərər verə və damarların yırtılmasına səbəb ola bilər. Bu da iflic, yaddaşın itirilməsi, hətta ölümə gətirib çıxara bilər. Erkən yaşda başlayan istismar uşağın duyğusal inkişafında uzun müddətli təsir yaradar.

Qayğı göstərilməyən uşağın beyni digərlərinə nisbətən 2 qat daha zəif inkişaf edir.

Daha əvvəl aparılan bir araşdırmada da uşağın necə yetişdirilməsinin beyin inkişafında əhəmiyyətli rol oynadığı ortaya çıxıb. Amerikalı elm adamları diqqət göstərilməyən uşaqların beyinlərinin 2 qat daha yavaş inkişaf etdiyini ortaya qoyub.

 

Övladınızın davranışı xoşunuza gəlmirsə, səhvi özünüzdə axtarın

Bagcam.az Ailem.az-a istinadən həkim Ülviyyə Qasımovanın “Düşünmək zamanıdır” yazısını təqdim edir.

Ana, nəyə görə ağac yetişdirmək, onlara qulluq etmək lazımdır?

– Çünki onlar bizim yaşamağımız üçün böyük önəm daşıyır.

Necə yəni?

– Biz yaşamaq üçün nəfəs almalıyıq, bu zaman biz xeyirli qaz olan oksigeni uduruq, zərərli qaz olan karbonu isə nəfəslə ətraf mühitə ötürürük.

Bəs bu prosesdə ağacın nə rolu var?

– Bizə lazım olan oksigen məhz ağacların yarpaqlarında əmələ gəlir. Bilmək istəyirsən bu proses necə adlanır?

Əlbəttə

– Fotosintez

Sonra ana, ataya üz tutaraq, “Devid, bu mövzuda sənin fikrin necədir bəs?” soruşur.  Devid isə öz növbəsində Stivenin sualına belə cavab verir:

– Sara, mən səninlə tamamilə razıyam. Onu da əlavə edim ki, bu, həm də təbiətə gözəllik verir. Sən isə bizimlə hər həftə sonu bu ağacların olduğu parklarda piknikə getməyi çox sevirsən, düzdür?

Sara və Devid Stivenin sualına məhəl qoymaya da bilərdi. “Bilirsən nə var, götür bu planşeti, başını qat, məni də yorma”, – deyə bilərdi. Amma onlar anlayırlar ki, bir valideyn olaraq Stiveni gələcəkdə necə şəxsiyyət kimi görmək istəyirlərsə, bu gün ona həmin şəxsiyyət kimi davranmalıdırlar. Bu gün məlumat verdikləri bu mövzu Stivenin yaddaşında bəlkə ona 5-6-cı sinifdə biologiya dərsində veriləcək informasiyadan daha yaxşı qalacaq. Stivenin 5 yaşı var, müxtəlif mövzulardan saysız-hesabsız suallar vermək, böyüklər üçün çoxdan marağını itirmiş mövzulara hədsiz maraq göstərmək normal haldır. Bundan narahat olmaq, onu susdurmağa çalışmaq, marağına su töküb yerlə bir etmək lazım deyil.

Və ya Sara onun sualına mühazirə şəklində cavab verə bilərdi. Amma o bunu etmədi.  Çünki o, Stivendə sual vermək, maraqlanmaq həvəsini daha da artırmaq istədi. Və ya heç atasının fikrini soruşmaya da bilərdi. Amma bunu etməklə Stivendə bir mövzu haqqında müxtəlif rəylər almaq refleksinin bünövrəsini qoymağa başladı.

Devid isə öz növbəsində “Məni bu boş-boş suallarla yormayın, mən sizə çörək pulu qazanıram”, – deyə bilərdi. Amma nə qədər yorğun olsa da, bu suala cavab verməklə balaca Stivenin şüuraltında xanımına qoyduğu hörmətlə insansevər və ən əsası sülhsevər olmanın qığılcımını alovlandırdı.

Bu valideynlər başa düşürlər ki, indi onların bir-birlərinə və ya Stivenə qarşı münasibətdə atdıqları yanlış addım onun necə şəxsiyyət kimi formalaşmağında geridönülməz qüsur yarada bilər.

Avtobusdan enməzdən öncə üzümü onlara tutub “təşəkkür edirəm”, – dedim. Onlar isə mənə maraqla baxaraq nə üçün deyə soruşdular.

– Cəmiyyətə belə şəxsiyyət yetişdirdiyiniz üçün…

Onların üzündəki o mülayim təbəssüm yəqin ki, uzun müddət yaddaşımda qalacaq.

Ötən dəfə maraqlı bir deyim oxudum: “Əgər gül yetişmirsə, biz gülə toxunmuruq, onun olduğu mühiti dəyişməyə çalışırıq”.

Əziz valideynlər, cəmiyyətimiz üçün gözəl şəxsiyyətlər yetişdirməyə calışın. Övladlarınızı əhatə edən mühit isə məhz sizsiniz. Əgər övladınızın hansısa davranışı sizə xoş gəlmirsə, özünüzdəki səhvi axtarın və onu aradan qaldırın.

Çətin tərbiyə olunan uşaqlarla necə davranmaq lazımdır?

Yəqin ki, küçədə, parkda, metro və ya avtobusda uşağının üstünə qışqıran, hətta vuran valideynlərə rast gəlmisiniz. O görüntü heç birimizə xoş təsir bağışlamır. Dərhal da valideyni qınamağa başlayırıq. Fikirləşirik ki, küçədə, camaatın içində belə edirsə, gör, evdə neyləyir?! Bəs görəsən bu cür şiddətə məruz qalan uşaqların psixologiyasında hansı dəyişikliklər olur? Doğrudanmı şiddətə məruz qalan uşaqlar sonradan daha yaxşı davranış sərgiləyirlər? Ümumiyyətlə, valideynlərinin sözünə qulaq asmayan, çətin tərbiyə olunan uşaqlarla necə davranmaq lazımdır?

Mövzu ilə bağlı danışan psixoloq Aydan Talıbova deyir ki, bir çox valideynlər çıxış yolunu uşaqları döyməkdə görürlər. Elə bilir şiddət göstərməklə uşaq onların sözünə qulaq asacaq. Halbuki bu, doğru üsul deyil: “Valideyn deyir, uşağı döyəcəm, ona cəzalar verəcəm, şantaj edəcəm ağıllanacaq. Çox hallarda ana uşağı hədələyir ki, gözlə, atan gələndə deyəcəm döysün səni. Bu cür şantaj edərək, uşağı döyməyə, şiddətə meylləndirir. Şiddət dedikdə təkcə fiziki şiddətdən söhbət getmir. Sözlü şiddətdən, daha çox neqativ söyüşlərdən, təhqiramiz ifadələrdən də istifadə edirlər”.

Psixoloqun sözlərinə görə, ümumiyyətlə, uşaqları döymək düzgün metodika deyil. Bu,  uşaqlarda aqressiyaya gətirib çıxarır: “Uşağı hədələyib qorxutmaq da onların psixologiyasına mənfi təsir edir. Məsələn, uşağa deyirlər ki, səni qoyub gedəcəm, yaxud uşaq evinə verəcəm. Ya da qaranlıqda saxlayacam, gecə qoyacam qapıda qalasan. Bu kimi ifadələr uşaqları daha çox qorxutmağa yönləndirilir. Belə uşaqlarda artıq qorxular yaranmağa başlayır. Bu yaxınlarda Amerikada bir hadisə oldu. Ata 3 yaşlı uşağını cəzalandırmaq üçün onu bayırda qapının ağzında qoyur. Bir müddət keçdikdən sonra görür ki, uşaq orada yoxdur. Sonradan uşağın ölüsü tapılır. Üç yaşlı körpə nə bilsin ki, neyləmək lazımdır və yola düşüb gedib. Yəni bu cür cəzalar düzgün deyil. Uşaqları belə cəzalandırmaq olmaz. Bu, əksinə, onlara mənfi təsir göstərir”.

A. Talıbova vurğulayır ki, övladına şiddət göstərən valideynlərlə çox rastlaşır. Onlara niyə uşağı döyürsünüz sualını verəndə isə qəribə cavab eşidir: “Deyirlər, mənim valideynlərim də uşaq olanda məni döyüblər. Mən də atamdan, anamdan belə görmüşəm. Görürsünüzmü? Uşağa kiçik vaxtından bu nümunəni göstərəndə o da böyüyəndə eyni cür davranır. Buna görə də həmişə valideynlərə səslənirik ki, əgər uşaqlarınızla bacara, onu düzgün yönləndirə bilmirsinizsə, mütəxəssisə yönləndirin. Bu sahədə öz sözünü demiş psixoloqlar var”.

A.Talıbova təəssüflə qeyd edir ki, valideynlərin çoxu uşağını psixoloqa aparmaq istəmir. Çünki elə bilirlər ki, psixoloq psixlərin həkimidir: “Onların düşüncəsində belə bir fikir yer alıb – mənim uşağım dəli deyil ki, onu psixoloqa aparım. Psixoloq sözündə psix sözü olduğu üçün düşünürlər ki, biz dəlilərlə çalışırıq. Amma psixoloq insanların ruhi vəziyyətinə, emosional yaşına dəstək olur. Məsələn, özlərini pis aparan, dəcəllik edən, digər uşaqları döyən, yəni davranış pozuntuları olan uşaqlara psixoloji dəstək mütləqdir. Daha çox hiperaktiv davranış pozuqluğu olan uşaqlarda bu hallara rast gəlirik. Bu isə ailədən gələn bir durumdur. Hiperaktivlik genetikaya dayanır, davranış pozuntusu isə sonradan, ətraf mühitin təsirindən yaranan bir pozuntudur. Bir çox hallarda valideynlər özləri uşaqları təhrik edir ki, bu cür davransınlar. Məsələn, uşaq ikən xırda kaprizlərinə göz yumuruq. Uşağın 3 yaşı var, bağçaya getmək istəmir, ağlayır. Ana da deyir ki, yaxşı, getmə. Və şüuraltı olaraq uşaq böyüdükcə daha artıq narahatlıqlar yaratmağa başlayır. Sabah o, gedib kiminsə şüşəsini, qapısını qıracaq, kiminsə uşağını döyəcək və s. Əgər uşaqların davranışında xırda bir qüsur görürüksə, zamanında onun üzərinə düşməliyik”.

Həkim onlara müraciət edənlər arasında böyük yaşlı uşaqların çoxluq təşkil etdiyini bildirir. Çünki zamanında müdaxilə olunmayıb və indi də uşaq böyüyüb, artıq valideynin ona gücü çatmır: “Yanımıza 5-6-7 yaşlı uşaqlar gəlir, adamı dişləyir, əlinə nə keçirsə, adamın başına atır. Bir uşaq nənəsinin saçını yolduqdan sonra ailə bizə müraciət etmişdi. Mən bir mütəxəssis olaraq böyük uşaqlara acıyıram. Çünki cəmiyyətin belə uşaqların üzərində qurulmasını istəmirəm. Belə uşaqlar gələcəkdə avtoritet olurlar, daha çox türməyə düşürlər, polis bölmələrində olurlar. Mən istəmirəm, uşaqlarımızın axırı belə olsun”.

A.Talibova qeyd edir ki, uşaqlar düzgün yönləndirilməsində əsas və böyük iş məhz valideynlərin üzərinə düşür: “Evdə valideyn 3 yaşına qədər uşağı düzgün yönləndirməlidir. 3 yaşından 5 yaşına qədər bağça yaş dövrü gəlir. Bağçada müəllimlər, təlimçilər düzgün yönləndirməlidir. Ondan sonra məktəbəqədər hazırlıq və məktəb dövrü başlayır. Burada da biz artıq cəmiyyətə yönlənirik, sosiallaşırıq. Valideyn görsə ki, övladı ilə bacarmır, onun daha qlobal bir iş törətməsini gözləmədən mütləq mütəxəssisə müraciət etsinlər”.

Mənbə: ailem.az

Uşaqların xəyal dünyası

Məktəbəqədər (4-6) yaş dövründə uşaqların təsəvvürü yeni təkanla inkişaf etməyə başlayır. Kiçik balanız rollu oyunları sevəcək və sizi də tez-tez müxtəlif rollara girməyə dəvət edəcək. Onun xəyali dostlarının yaranması təbiidir. Övladınız xəyali dostları ilə oynaya, onun fikirlərini sizə çatdıra, onunla küsüb barışa bilər. Bu dost sizə xeyli boş vaxt təmin edəcək; belə ki, o adətən sizinlə bölüşdüyü əhvalatları dostuna etibar etməyə üstünlük verəcək. Övladınız bununla özünü əyləndirməyi, təklikdə belə xoş vaxt keçirməyi öyrənir.

Xəyali aləmlə ünsiyyət bu yaş dövrünə xas xüsusiyyətdir. Lakin bu sizi, yaxud övladınızı narahat edəcək səviyyəyə çatırsa, pediatrla və uşaq psixoloqu ilə məsləhətləşin.

Beləliklə, tezliklə övladınız sizi əjdaha, özünü isə qəhraman elan edib sizinlə döyüşə girişəndə öz rolunuzu mahir ifa etməyə səy göstərin.

Mənbə: valideyn.az

 

İşləyən analar üçün məsləhətlər

Doğum məzuniyyəti bitdikdən sonra uşağınızı baxıcıya ya da ailə böyüyünün yanına qoyub getmək çox çətindir. İşə adapasiya olmaq uzun bir vaxt alır. Uşağınızı yanına qoyduğunuz şəxsə güvənsəniz belə, ağlınız onun yanında qalır. Bir yanda karyeranız, uşağınıza daha yaxşı gələcək verə bilmək üçün yaşadığınız bu qaçhaqaç, bir yanda da uşağınızın yanında olmaq hissi sizi daim tərəddüd içində saxlayır.

Həyatınızı asanlaşdıracaq bir neçə məsləhətlərimiz var. Ən önəmlisi özünüzü yetərsiz bir ana olaraq görməyin. Pis olduğunuzu düşünməyin. Əgər işə getmək sizin üçün bir məcburiyyətdirsə, bunu daha da dramatikləşdirib iş həyatınızı özünüzə zəhər etməyin. Üstəlik siz nə qədər xoşbəxt olsanız, uşağınıza o qədər müsbət enerji verərsiniz. Beləcə, bütün gün sizdən uzaq qalan uşağınız axşam verdiyiniz enerji ilə sizə duyduğu ehtiyacı dolu-dolu qarşılayacaqdır. Sırf ona yetəri qədər vaxt ayıra bilmirsiniz deyə, onun hər istədiyini etməyin. Uşağınızın sağlam inkişafı üçün qaydalar qoymalısınız. Əgər bu qaydaları yanında ola bilmirəm, heç olmasa sərhəd qoymayım desəniz, uşağınızı xoşbəxt olmayacaq. Sizin zəifliyinizdən faydalanmağı öyrənən uşaq, hər istədiyi edildiyi vaxt gələcəkdə davranış pozuntuları sərgiləyəcək.

Övladınız özünəqulluq bacarıqlarını əmanət etdiyiniz şəxs vasitəsilə qarşılayır. Bu mövzuda narahatlıq keçirməsəniz, daha hüzurlu, daha stressiz və daha xoşbəxt olarsınız. Beləcə, uşağınıza yansıtdığınız ruh halı onun da özünü güvəndə hiss etməsinə səbəb olacaqdır. Çünki uşaqlar analarının xoşbəxtliklərini, üzüntülərini çox asan hiss edə bilirlər. Birlikdə keçirdiyiniz zamanı saat ilə ölçməyin. Bunu ölçsəniz, onsuz da həftənin neçə saatı, neçə günü yanında ola bilirəm düşüncəsinə qapılarsınız.

Bu isə özünüzü yetərsiz hiss etməyinizə səbəb olur. Önəmli olan birlikdə keçirdiyiniz vaxt içərisində uşağınızla birbaşa ünsiyyət qura bilməyinizdir.  Məsələn, hər axşam mütləq birlikdə uşağınızın istədiyi bir oyun oynayın.

Yatmadan öncə uşağınıza hekayə oxuyun. Hər şey mükəmməl olmalıdır fikirdən əl çəkin. Çünki nə etsəniz də həmişə nəsə əskik qalacaq. Siz onsuz da əlinizdən gələnin ən yaxşısını edirsiniz. Yenə də bunun bəs eləmədiyini düşündüyünüz anlarda həyat yoldaşınızdan dəstək almaq sizi rahatladacaq. İşə getməklə uşağınızı tərk etmirsiniz. Özünüzü günahkar hiss etməyin. Əgər siz bu şəkildə düşünür və bu şəkildə davransanız, uşağınızın da özünü tərk edilmiş hiss edə bilər. Uşağınıza niyə işə getdiyinizi düzgün şəkildə izah etsəniz, o, bu vəziyyəti normal şəkildə qarşılayacaq.

Mənbə: e-psikiyatri.com

Tərbiyədə doğru bildiyimiz yanlışlar

Bütün valideynlər düşünürlər ki, onlar övladlarından ağıllı və uzaqgörəndirlər. Bu cür təfəkkür tərzinə elə alışmışıq ki, əksini heç cür qəbul edə bilmirik və bu cür düşünənləri də qınayırıq. Yaş səviyyəsi baxımından və valideynlərin həyati təcrübəsi nöqteyi-nəzərindən yanaşdıqda övladın ata-anasına nəsihət verməsi normal qarşılanmaz. Çünki uşaqların görüb–götürməli, öyrənməli olduqları hələ çox şeylər var. Amma onların saf və böyük hissləri ilə müqayisədə bizim düşünərək atdığımız addımlar heç nədir. Xülasə, uşaqlar böyüklərdən böyükdür. İnanmırsınızsa, müşahidələr aparın, fərqi görəcəksiniz. 

Bəzən çox yazıçının demədiyi sözü uşaqlar deyir, aqillərin göstərmədikləri yolu uşaqların göstərdikləri anlar olur. Qəribədir, bu gün uşağı döyüb – söyüb, heysiyyətinə toxunub, böyüyəndə isə onu qürurlu bir şəxsiyyət kimi görməyi arzulayırıq. Düşünmürük ki, o qüruru bu gün “burnun girməyən yerə başını soxma” deyərək öldürürük. Böyüklərə aid məsələləri uşaqlara səbrlə, daha yumşaq, onun başa düşə biləcəyi şəkildə izah etmək lazımdır. Bir çox ailələrdə uşaqlarla heç də düzgün olmayan şəkildə davranılır. Uşaqları qorxaqlığa alışdırırlar, sərbəst düşünmələrinə hər vasitə ilə mane olurlar. Az-çox cəsarətli uşaqların etirazına isə “üzə ağ olma” kimi pis qiymət verirlər. Valideynlər özlərinin buraxdıqları səhvlərin fərqində olmadan hər an övladlarında nöqsan axtarır, hər şeyin üstündə onları danlayırlar.

Bütün hisslərimizlə uşaqlara bənzəsəydik, hər şeyi onların gözü ilə görsəydik həyatda bu qədər çirkinliklər olmazdı. Bu dünya özü belə bir uşaq aləmi qədər gözəl deyil. Parkdakı heyvan fiqurlarına onu incitməmək üçün minməyən saf uşaqlardan ibrət götürsəydik…

Çoxları özünü öyür ki, mən övladlarımı yaxşı tərbiyə edirəm. Bu yaxşı sözünə nələrin daxil olduğu məlumdur. Təbii ki, hər bir valideyn övladına oğurluğun, əxlaqsızlığın, adam öldürməyin pis əməl və yaxud cinayət olduğunu daima təbliğ edir. Bu əməlləri övladlarına yasaq etməklə tərbiyə sistemini çoxları məhdudlaşdırır. Lakin – “heç kəsin  cibinə göz dikmə”, “ucuz şöhrət dalınca qaçma”, “başqasının işinə qarışma”- kimi tövsiyələri isə elə-belə xırda şeylər hesab edirlər. 

Çünki uşaq ikən hamının anası ona- “ye yoxsa başqası yeyəcək”- söyləyir. Ona görə də bu gün hamı çox yeməyə çalışır, hamı sahib olduğu hər şeyi başqası ilə bölüşmək istəmir (təkcə kədərindən başqa)

Bir də dəcəllik edən uşaqları həkim və iynə ilə qorxutmağı doğru sanmaq olmaz. Bu pis təbliğatdır, uşaqları tibbdən uzaq salır. “Sakit dur, yoxsa həkim gəlib iynə vuracaq”-bu da bizim millətə məxsus tərbiyə üsullarından biridir. Uşaqlara həkimi və iynəni xeyirxahlığın, sağlamlığın rəmzi kimi təbliğ etmədiyimizdən də həkimliyi yalnız gəlirli peşə kimi sevirik.

Fərdi keyfiyyətləri ilə başqalarına nümunə ola biləcək övlad böyütmək üçün gərək özümüz onlara gözəl nümunə olaq. Ailəmizdə övladlarımızçün gözəl mənzərə yaratmalıyıq ki, onlar hər şeyi öz tablolarına al-əlvan rənglərdə köçürsünlər. Valideynlər özləri nəzakətli və mülayim davranmalıdırlar ki, övladları da öz yoldaşları ilə bu cür rəftar etsinlər. Ata – anasını qonşu ilə savaşan görməyə adət edən uşaqlar da məktəb yoldaşları ilə yola getmirlər. Övladı ilə dost olmayan valideynlərin uşaqlarının yanlış dost seçməsi çox asandır. Bu cür böyüyən uşaqlar əsl dostun necə biri olduğunu anlamayacaq, bəlkə də, onu uçuruma aparan birinə əl uzadacaq. Analarından qorxub sirrini rəfiqəsinə açan qızlar sonda tənha qalırlar.

Mənbə: qadin.net

Sözlərimiz və nəsihətlərimiz övladlarımıza necə təsir edə bilər?

Etdiyiniz nəsihətlərin, dediyiniz sözlərin övladlarınıza necə təsir etdiyini düşünmüsünüzmü? Verdiyiniz nəsihətlərin onlarda xoş təsir buraxmasını istəyirsinizsə, qeyd etdiyimiz məsləhətlərdən faydalana bilərsiniz:

1. Zərurət miqdarı ilə kifayətlənin. Ard-arda olunan nəsihət övladların tərsliyinə səbəb olur və onlarda nadürüst, bəyənilməyən rəftarın möhkəmlənməsinə gətirib çıxarır. Diqqətinizdə saxlayın ki, hətta yetkin yaşlı insanlar da nəsihəti çətinliklə qəbul edirlər.

2. Nəsihətlərinizə əvvəlcə özünüz əməl edin və daha sonra övladlarınıza tövsiyə edin.

3. Nəsihətin təsirli olması üçün özünüzlə övladlarınız arasında hissi və emosional rabitə qurmalısınız. Övladın qəlbi yalnız valideyninin onunla ünsiyyət qurduğu, ona munis olduğu zaman meyl edir. Qəlb əlaqəsinə mane olan amillər sanki dəmirin üzərini örtən pasa bənzəyir. Belə ki, bu paslıq dəmirin parlaqlığının qarşısını alır.

4. Nəsihət verərkən üzünüz gülsün. Üzü turşutmaq nəsihətin təsir dərəcəsini aşağı salır.

5. Danışarkən yumşaq səslə danışın. Sözləri, xatırlatmanı aram şəkildə başa salın.

6. Sizin gənclərə etdiyiniz nəsihət və məsləhət gizli olmalıdır. Diqqət etmək lazımdır ki, adətən yeniyetmələr müəyyən xüsiyyətlərinə görə camaat arasında olunan nəsihəti eşitmirlər.

7. Nəsihət və tövsiyələrdə bunun övladın mənfəət və məsləhəti üçün olduğuna diqqət yetirin. Daha öz mənfəət və çıxarlarınız naminə nəsihət etməyin. Əgər övladlarınız etdiyiniz nəsihətlərin sizin mənafeyinizə uyğun olduğunu hiss etsə, bu nəsihət onda elə də təsir buraxmayacaqdır.

Mənbə: qadin.net