Uşaq yeni doğulan körpəni qısqanıb, şiddət göstərirsə…

Dünyaya planlı şəkildə ikinci uşaq gətirmək istəyən valideynlər adətən düzgün qərarın hansı zamanda veriləcəyi ilə bağlı tərəddüd edirlər: ya birinci övlad çox kiçikkən dünyaya gətirirlər, ya da birinci uşaq kifayət qədər böyüdükdən sonra qərar verirlər ki, bu da bəzən problemlərə yol aça bilir.

Bundan əlavə, ailəyə ikinci uşağın gəliş xəbəri adətən birinci övladda qıcıq hissi yaradır. Bu hisslər isə çoxuşaqlı valideynlərə yad deyil. Valideynlər əsas problemi də bu zaman yaşayır.

Ailə və uşaq psixoloqu Ruhiyyə Rüstəmova medicina.az-a müsahibəsində bu məsələlərdən danışıb. Bagcam.az həmin müsahibəni təqdim edir.

Ruhiyyə xanım, problem olmaması üçün ailədəki uşaqlar arasında neçə yaş fərq olmalıdır?

– Birinci uşaqla ikinci arasında 3 yaşa qədər fərq olmalıdır. Əgər ailə dünyaya uşaq gətirməyi planlı şəkildə həyata keçirmək istəyirsə, 3-6 yaş arası eqosentrizm dövrü olduğundan, ikinci uşağın birinci uşaqdan 6 il sonra olması məsləhətdir. Çünki uşaq şüurlu şəkildə ikinci övladın gəlməsinə hazırlıqlı olmalıdır.

Uşaq ikinci gələn körpəni qısqanırsa, bunu adətən hansı formada biruzə verir?

– Qısqandığı zaman uşaq aqressivləşir, gecələr yerini islatmağa, dırnaq yeməyə, yeni doğulan körpəyə şiddət tətbiq etməyə başlayır. Və yaxud öpmək adı ilə uşağı möhkəm sıxa, çimdik götürə bilər. Bundan başqa iməkləməyə, uşaq kimi hərəkət etməyə başlayır. Bəzən butulkadan yemək istəyə də bilər.

Doktor, valideynlər bu zaman nə etməlidir?

– Valideyn bu zaman hər iki uşağa diqqəti bərabər ayırmalıdır. Birinci uşağın qısqandığını görürsə, onu daha çox öpməyə, əzizləməyə əl atmamalıdır. Özünə vicdan əzabı yükləməməlidir.

Yeni doğulan uşağa diqqət ayrılan zaman birinci övladın qısqanmaması üçün nə etmək lazımdır?

– Uşağı qısqandırmamaq üçün ona ya ana, ya da ata obrazını yükləmək lazımdır. Məsələn, qızdırsa ona kiçik ana vəzifəsi verilir. “Bacının (qardaşının) pampersini gətir. Yeməyini gətir. Ağıllı qızım, afərin” və s. motivasiya verərək danışmaq lazımdır. Hərəkətini alqışlamaq mütləqdir. Oğlandırsa, eyni formada ona da ata obrazını verərək eyni şəkildə davranmaq lazımdır. “Sən 5 dəqiqə yanında dur, ağıllı balam” deyərək qısqanclıqdan uzaq saxlanılmalıdır. Uşaq onu rəqibi kimi görməməlidir. Bu şəkildə davranılsa, heç bir qısqanclıq olmayacaq və azyaşlı “işini” sevə-sevə görəcək.

Bəs həyəcan təbili nə zaman çalınmalıdır?

– 3 ay ərzində ana müşahidə aparmalıdır. Çünki qeyd etdiyim kimi valideyn kimi davranarsa, bu qısqanclıq hissi azalmalıdır. Yox, əgər valideyn bu davranışların azalmaq əvəzinə artdığını görərsə, aqressiya, davranış pozğunluğu müşahidə edərsə, bu zaman həyəcan təbili çalmağın zamanıdır, yəni uşağı uşaq psixoloquna yönləndirməlidir.

Uşağın tez dil açması üçün onunla bu oyunları oynayın

“Əziz valideynlər, komplekslərinizi atın! Körpələrinizlə oynayın!”

Son vaxtlar mütəxəssislər tərəfindən iki anlayış istifadə edilir. Bunlardan biri erkən inkişaf, digəri isə erkən müdaxilədir. Erkən müdaxiləni ləngimə hiss edilən körpələrimizlə bağlı, erkən inkişafı isə körpələrimizin yeni doğulduqları çağalıq dövründən etibarən istifadə edirik.

Əziz valideynlər, uşaqlarınızın erkən inkişafı üçün körpələrinizə oyuncaqlar alın. Oyuncaqları seçərkən körpələrinizin yaş göstəricisini mütləq nəzərə alın.

Körpələrinizin sosiallığı və sosial ünsiyyəti, kiçik dialoqları oyunlarla yaranır. Oyuncaqlar körpələrinizin ilk fəallığı, ilk işləridir. İlk fəallıqlarını maraqlı edərək, körpələrinizin erkən inkişafına nail ola bilərsiniz. Uşaqlarla tez-tez işləyən, məşğul olan hər kəs ən yaxşı oyun və oyuncaqların evdə olduğunu və evdən başladığını yaxşı bilir. Evdə sizə lazım olmayan qutularınızı belə, oyun üçün əyləncəli formaya sala və uşağınızla oyun zamanı istifadə edə bilərsiniz. Çünki ev şəraitində əl işi, əllə düzəltdiyimiz oyuncaqlar bizim üçün daha doğma sayılır.

Öncə bir neçə normativə diqqət yetirək;

Oyuncaqlarla oynamaq uşağın böyüməsində və inkişafında vacibdir…

Oyuncaqlar uşaqlar üçün təhlükəsiz olmalıdır. Oyuncaq alarkən nədən hazırlandığına, suya davamlı olub-olmadığına, kənarlarının kəskinliyinə diqqət edin. Çünki körpələr oyuncaqları ağızlarına salırlar.

Oyuncaqlar inkişafda olan sahələrə stimul verə bilər

Vizual motor oyuncaqlar – əl-göz koordinasiyasına müsbət təsir edir və körpələrimiz həm bədən üzvünü, həm ağlını istifadə edir. (kağız üzərində rəngləmək və s.)

Dil – nitq əsaslı oyuncaqlar nitqin inkişafına kömək edir (səsli oyuncaqlar və s.)

Ümumi (böyük) motor bacarıqları – (məs; qaçmaq, dırmaşmaq, top atmaq, hoppanmaq və s.) qollar, ayaqlar kimi gövdə sistemini inkişaf etdirir.

Kiçik motor bacarıqları – (qayçı ilə kəsmədə, fırça və ya əllə boyamada istifadə olunur) əllər, barmaqlar kimi xırda motorikanı inkişaf etdirir.

Sensor oyuncaqlar  – toxunma, hissetmə bacarıqlarını stimullaşdırır, uşağın bədən üzvlərilə ağılın birlikdə istifadəsinə cəlb edir (toxuma parçalar və ya yumşaq heyvanlarla oyunlar).

Evdə istifadə etmədiyiniz qutularınızı atmayın, oyun üçün əyləncəli formada istifadə etmək üçün saxlayın:

– Müxtəlif ölçülü şokolad qutuları, plastik qutular

– Kəsik parçalar (kleylə yapışdırmaq)

Ümumi məişət əşyalarını, istifadə etmək üçün ideyalar;

– Qazan, tava, qaşıqlarla (bıçaq, çəngəl, qayçı kimi əşyalarla 2 yaşdan sonra müşahidə və ehtiyatla istifadə edərək, öyrədə bilərsiniz) uşağınıza böyük, kiçik pozisiyaları (məs; qazan hardadır? Stolun üstündə. Qaşıq hardadır? Stolun altında), həmçinin, yanında, içində, sağında, solunda, arasında, önündə, arxasında kimi pozisiyaları da öyrədə bilərsiniz. Həmçinin, qazan və ya tavaya qaşıqla vuraraq, səsləri öyrətmək olar. Tuk-tuk, tak-tak və s. səsləri emosional çıxarın ki, körpənin diqqətini cəlb edə biləsiniz.

– Lobya, noxudla işləyə bilərsiniz. Lobya ilə noxudu bir qaba tökün. Sonra 2 ayrı qutu və qab qoyun ki, uşaq lobyanı bir qaba, noxudu digər qaba yığsın. Bu eyniləşmə, çeşidləmə sayılır. Lakin yaxşı olardı ki, bunu 2 yaşdan sonra edəsiniz. Çünki uşaq çiy olan noxud və lobyanı ağzına ala bilər.

– Uşağınız oturmağa başlayanda 5-6 ayından etibarən salfetka, qəzet, kağız verin cırsın və ya əzsin. Beləliklə, o, hiss edəcək. Amma daim nəzarət edin ki, kiçik salfetka və kağız qırıqlarını ağzına almasın. Həmçinin, sensor, hissetmə qabiliyyətini inkişaf etdirmək üçün evdə parçanın arasına noxud və ya mərci, lobya yığaraq, parçanı tikin ki, içindəkilər tökülməsin. Hazırladığınız bu kiçik yastıqcanı oynatması üçün övladınızın əlinə verin. Oynadıqca bərkliyi hiss edəcək.

Yaşa görə oyuncaqlar

0 – 3 ay

  • Qırılmaz güzgü
  • Ağ və qara rəngli həndəsi fiqurlar (zəka kartlarından əldə edə bilərsiniz)
  • Təhlükəsiz, yumşaq çeynəmə oyuncaqlar
  • Səsli oyuncaqları yuxarıdan sallayaraq oynayın. Əlini uzatsın, götürmək istəsin və həmin səsli oyuncağı sağa-sola hərəkət etdirin ki, gözləri ilə izləsin. Bununla da körpəniz sizinlə göz kontaktı yaradacaq.
  • Parçadan hazırlanmış şəkilli kitablar

3 – 6 ay

Yataqda gimnastika: Səsli oyuncaqları beşiyindən asın, ona əlini uzadıb dartsın. Bunu yerdə də edə bilərsiniz. Xalçanın üzərinə əlavə bir adyal sərin, uşağı qarnı üstə yerə uzadın, oyuncağı önünə qoyun, dartına-dartına götürməyə çalışsın. Mümkün qədər çalışın, uşağınız iməkləsin. Qarın üstə iməkləmək uşağın bütün inkişafına çox müsbət təsir edir.

  • Silkələmək: Yenə səsli oyuncağı əlinə verin. Silkələməsi üçün köməklik edin.
  • Parçadan hazırlanmış şəkilli kitablar.
  • Yuyula bilən, balaca çıxan hissəcikləri olmayan (uşaq ağzına ala bilər) yumşaq oyuncaq heyvanlar
  • Çeynənilməsi üçün təhlükəsiz oyuncaqlar
  • Ana, ata və uşağın öz şəkli (ailə şəkillərinizi həm birlikdə, həm ayrı çıxarın və uşağın görə biləcəyi yerlərə qoyun)

6 – 12 ay

  • Piramida kimi üst-üstə və iç-içə yığılan qutular
  • Kubiklər, leqolar
  • İçində meyvə, tərəvəz, hərəkətlər (əl çalma və s), bədən üzvləri olan karton kitablar
  • Valideynlə birlikdə köpüklə oynamaq (yalnız köpüyü verməyin, uda bilər)
  • İpli (dartması üçün) və düyməli (basmaq üçün) oyuncaqlar, maşınlar (itələmək üçün)

12 ay və yuxarı yaşlar

  • Karton şəkilli kitablar
  • Deşikləri olan kartonlu, ipli oyuncaqlar (uşaq ipi kartonlu şəklin deşiyindən keçirir)
  • İri düyməli oyuncaqları qutunun içinə yığmaq və deşikli qutunun deşiyindən içinə atmaq kimi oyunlar
  • Kartla puzzle
  • Şəkilli kartlar
  • Kubiklər, leqolar
  • Eyniləşməli, çeşidləmə kartlar
  • Barmağa, ələ keçirilən heyvan və ya qız-oğlan oyuncaqları və s.

 Loqoped Bəsirə Pənciyeva

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq?

Havaların kəskin soyuması orqanizmdə bir çox xəstəliklərə və narahatlıqlara səbəb olur. Xüsusilə də südəmər və azyaşlı uşaqlarda bu hallara daha sıx rastlanır. Onların əksəriyyətində burun axması, öskürək, yüksək hərarət müşahidə olunur. Bəs azyaşlıları bu soyuq aylarda infeksiya və viruslardan qorumaq üçün valideynlər nələrə diqqət etməlidir? Bagcam.az Ailem.az-a istinadən bununla bağlı pediatr Günay Rəsulovanın fikirlərini təqdim edir.

Həkim bildirir ki, soyuq havalarda uşaqlarda bəzi infeksion xəstəliklərin görülmə riski yüksəlmiş olur: “Uşaq orqanizmində yay fəslindən payız fəslinə keçərkən ümumiyyətlə, kəskin hava dəyişiklikləri zamanı immunitet aşağı düşür və asanlıqla virus və bakterial infeksiyaya yoluxurlar. Xüsusilə bağça və məktəbə gedən uşaqlar günlərinin çoxunu qapalı mühitdə keçirdiklərinə görə, bu hallar daha da çoxalır. Çünki qapalı mühitlərdə infeksiya və virusların yayılma ehtimalı çox olur”.

G. Rəsulovanın sözlərinə görə, bu ərəfədə uşaqlarda kəskin infeksion xəstəliklərə də rast gəlinir: “Xüsusən koksaki, suçiçəyi virusu olur. Həmin virusun əlamətləri yüksək qızdırma, halsızlıq, daha sonra səpkidir. Səpkilər daha çox qaşınan və narahat edən səpkilərdir. Bu xəstəliklərdən də qorunmaq üçün sağlam uşaqları xəstə uşaqlarla kontaktdan qorumaq lazımdır. Bu yolla adətən çox yayılan epidemiya halını almış bəzi infeksion xəstəliklərdən uşağı qorumaq olar. Kəskin infeksion xəstəliklərin xüsusi müalicəsi yoxdur, sadəcə simptomatik müalicə aparılır. Uşaqda ağırlaşmaların olmaması üçün həkim nəzarətində olmalıdır. Qaşınmanı götürmək üçün də antihistamin dərman preparatı istifadə oluna bilər. Bu viruslu infeksiyalar zamanı uşağa bol maye verilməlidir. Burun tıxanıqlığını aradan qaldırmaq üçün dəniz suyu damcıları ilə burunu yuyaraq, açıq tutmaq lazımdır. Həmçinin uşağa bol vitaminli qidalar verilməlidir. İştahsız uşaqları isə qidalanmaya məcbur etmək olmaz. Onların özlərinin yemək istəməsini gözləyin”.

Pediatr söyləyir ki, bu viruslara yoluxmamaq üçün uşaqlar açıq havada mümkün qədər çox olmalıdırlar. Pəncərələr açılaraq, tez-tez otağın havası dəyişdirilməlidir. Valideynlər mümkün olduğu qədər, xəstə uşaqları bağçaya, məktəbə göndərməməlidirlər. Onlar evdə saxlanılaraq müalicə edilməlidir. Əgər uşaq xəstə halda bağçaya, məktəbə gedərsə, qoruyucu tənziflərdən, maskalardan istifadə olunmalıdır: “Xəstəlik hallarında qızdırma varsa, qızdırmasalıcı dərmanlardan istifadə etmək olar. Burun damcılarından, boğaz spreylərindən istifadə edə bilərlər. Virus əleyhinə xüsusi bir müalicələr yoxdur. Əgər ağırlaşmalar varsa, həkim nəzarətində bir sıra dərman preparatları ilə müalicə edilməlidir. İstənilən növ virus infeksiyaları bakterial infeksiya ilə ağırlaşa bilər. Məsələn, üst tənəffüs yolunun infeksiyası varsa, bu, rinitə, pnevmaniyaya, sinusitə və sair keçir. Bəzi viruslar var ki, beyinə təsir edərək, meningit yaranmasına səbəb olar. Mədə-bağırsaq infeksiyaları uşaqlarda ağırlaşaraq, bağırsaq qanamalarına və ishala, susuzlaşmaya gətirib çıxara bilər”.

Mütəxəssis xəbərdarlıq etdi ki, südəmər uşaqları mümkün qədər xəstə insanla təmasdan uzaq tutmaq lazımdır. Çünki hər hansı virus infeksiyası onlarda asanlıqla ağırlaşma verə bilər: “Ona görə də südəmər körpələr mütləq həkim nəzarətində olmalıdır. Südəmər uşaqları evdə təbii üsullarla müalicə etmək qətiyyən düzgün deyil. Bu, bir sıra fəsadlara gətirib çıxara bilər. Bir də ən əsası, körpəni ana südü ilə qidalandırmaq lazımdır. Çünki ana südündə müəyyən qədər uşaqları qoruyan maddələr var”.

Əksər hallarda valideynlərin uşaqlara vitamin preparatları verməsinə də münasibət bildirən həkim deyir ki, bu üsul xəstəliklərə qarşı qorumur: “Bu vitaminləri konkret olaraq hansısa vitaminin çatışmazlığı zamanı həkimin məsləhəti ilə vermək olar. Yerli-yersiz vitamin komplekslərindən istifadə həm xəstəliklərdən qorumur, həm də uşaqlarda bir sıra allergik reaksiyalar verir. Uşaqlara zorla müəyyən bir preparatı vermək onlarda psixoloji narahatlıqlara gətirib çıxarır. Yəni vitamin preparatlarının hər hansı bir xəstəliklərə qarşı qoruyucu, immunitet gücləndirici təsiri sübut olunmayıb.

Bundan başqa, uşaqda hər hansı virus infeksiyası əlaməti aşkar etdikdə həkim məsləhəti olmadan gedib antibiotik və yaxud güclü dərmanlar alınmamalıdır. Balanslı qidalanma olmalıdır. Uşağın qida rasionunda mümkün qədər zülallar, ət və ət məhsulları, süd və süd məhsulları, meyvə, tərəvəz olmalıdır. Maye qəbulu artırılmalıdır. Mümkün qədər süni şəkərlər, karbohidratlardan, orqanik olmayan qidalardan uzaq durulmalıdır. Həftədə 2-3 dəfə minimum balıq məhsullarından istifadə etməlidirlər. Heyvani ət və ət məhsulları da qida rasionunda olmalıdır ki, dəmir çatışmazlığı yaşanmasıın. Dəmir əskikliyi uşaqlarda immunitetin aşağı düşməsinə, ümumi halsızlığa, xəstəliklərə qarşı müqavimətin azalmasına gətirib çıxarır”.

Divara çəkilən şəkli sənət əsərinə çevirən ailə

Evin divarına uşağınız sizdən xəbərsiz şəkil çəkərsə, necə reaksiya verərdiniz? Əyləncəli valideynlər övladının divara çəkdiyi rəsm qarşısında görün necə “ustalıqla” hərəkət edib.

Evə gəldiklərində 6 yaşındakı oğullarının yaşıl keçə qələmlə divara kiçik ev çəkdiyini görən bu cütlük, uşaqlarına cəza vermək ya da hirslənmək əvəzinə, rəsmi çərçiləvələməyə qərar veriblər. Eynən qalereyalardakı sənət əsərləri kimi…

Beyin cərrahı və Toronto Universitetinin professor Dr. Eric Masicotte bu rəsmin şəklini “Uşaqlarınız etməməli olduğu şeylər edəcəklər. Mizah anlayışı olan biriylə evli olmaq işə yarayır” başlığıyla Twitterdə paylaşıb.

Ana və ata uşaqlarının rəsm əsəri üçün açıqlama belə hazırlayıblar. Rəsmin adını “Dağılmış ev” qoyublar. Açıqlamada isə belə yazılıb: “Lateks boya üzərində keçə. Sənətçi tərəfindən ailəsinə hədiyyə edilib. 13 noyabr”.

Mənbə: egitimpedia.com

 

Uşaqların ayağı hansı səbəblərdən ağrıya bilər?

Maraqlıdır, uşaqlarda ayaq ağrısı şikayəti eşidən kimi, bəzi həkimlərin və valideynlərin ağlına ilk “Revmatizma” xəstəliyi gəlir. Qəbula gələn xəstələrin çoxu artıq evdən bu “diaqnoz”la gəlir. Əllərində “təsdiqlənmiş” müsbət revmotestlər. Yalnız bu analiz cavablarına əsasən, aylarla boşuna Bicillin vurulan sağlam uşaqlar da gördük. Nəzərinizə çatdırım ki, Revmatizm diaqnozu sadəcə qan analizi ilə qoyulmur, xüsusi diaqnostik kriteriləri var ki, onu da işinin mütəxəssisləri bilir.

Bəs uşaqlarda ayaqda ağrı hansı səbəblərdən görülə bilər?

– Oynaq, sümük, əzələ ağrıları bir sıra Revmatik xəstəliklərin əsas əlamətidir. Yanaşı olaraq əsas və ciddi şikayətlər olur ki, bunu da mütəxəssislər aydınlaşdırır.

– Ayaq ağrıları bəzi ortopedik xəstəliklərdə də görülə bilər (onurğa əyrilikləri, yastıpəncəlilik, Perthes xəstəliyi və.s)

– Travma sonrası ola bilər (sınıq, çıxıq, burxulma, əzilmə və s.)

– Ayaq ağrıları qan xərçəngi və bəzi onkoloji xəstəliklərdə (sümük şişləri) ola bilər. Bu xəstəliklərdə təkcə ayaq ağrı mır, həmçinin basqa ciddi simptomlar da görülür.

– 3-12 yaşarası uşaqların böyümə prosesində də ayaqlarının ağrımasından şikayət edə bilər.

Pediatr Günay Rəsulova

Körpələrə yuxu təhsili necə verilməli?

Bagcam.az mütəxəssislərin körpələrin yuxu problemi ilə bağlı analara tövsiyələrini təqdim edir.

Körpələrin yuxu nizamını təmin etməkdə ən vacib şərtlərdən birinin sağlamlıq olduğunu söyləyən mütəxəssislər, 0-24 ay aralığında edilməsi lazım olanları belə sıralayıb:

-Onu yataqda ağladaraq yuxu təhsili verməyin. Bu, körpəni duyğusal olaraq kövrəldəcəkdir.

-Əsassız saatlarda, “bəlkə yatar” deyə körpəni yatızdmağa çalışmayın.Bu, bir-birinə uyğun olmayan mesajlar, problemlər gətirəcək.

-Körpəyə anası tərəfindən tərk edildiyi hissi verilməməlidir.

-Ana və atanın yatağından və ya ananın qucağından öz yatağına keçiş yumşaq şəkildə təmin edilməlidir.

-Ananın körpəyə, körpənin də anaya öyrəşmə müddətində, yəni ilk 3 ayda, ana və körpə arasındakı güvən münasibəti pozulmadan, körpə yavaş-yavaş yatağına öyrəşdirilməlidir.

Mənbə: qadin.net

“Mavi balina” oyunundan necə qurtulmalı?

Rusiyada bir gənc tərəfindən yaradılan və internet şəbəkələri tərəfindən gizli linklə ölüm tələsi quran “Mavi balina” (Blue whale) oyunu bütün dünyanı həyəcana salıb. Yüzlərlə yeniyetməni intihara sürükləyən bu oyun artıq ölkəmizdə də tanınır. Adıçəkilən oyunun insanlara təsir edən və hətta ölümə aparan psixoloji məqamlarına aydınlıq gətirmək üçün Ailem.az psixoloq Səbinə Bayramovanın fikirlərini öyrənib.

Bəli deyirsinizsə, artıq tələyə düşmüsünüz

Psixoloq deyir ki, bu oyun hər kəsin istifadə etdiyi Appstore və ya Play marketdən telefona yüklənən oyun deyil: “Sosial media platformu var. Oradan istifadə edənlərə mesaj şəklində gəlir. Məsələn, Facebookda tanımadığınız bir adamdan sizə mesaj gəlir: “Oyun oynamaq istəyirsənmi?” Əgər siz ona “bəli” cavabı versəniz, artıq tələyə düşmüş sayılırsınız. Başlayırlar sizə sıra ilə 50 tapşırıq, vəzifə verməyə. Vəzifələr də elədir ki, həmin tapşırıqları idarə edən şəxsə sübut etməlisən. Misal üçün, orada deyir ki, əlinin içinə, ya da barmaq ucuna ülgüclə cızıqlar at, onun şəklini çək, göndər. Yaxud əlinin içinə F57 yaz, qanlı şəkli çəkib göndər ki, səndən razı qalım. Uşaq başlayır özünü ona sübut etməyə. Beləcə, səviyyələri keçə-keçə gedir. Məsələn, 6-cı missiyada çox yüksək bir binanın damına çıxıb oturmalı, ayaqlarını yelləməlisən. Bu, psixoloji şeydir, şəxs intihara öyrəşdirilir. Ona görə edilir ki, bu hal ona adi gəlsin, özgüvən yaransın. Yəni özündə intihar etmə gücü toplasın”.

Gecə saat 4-də əcaib musiqilər…

S.Bayramova bildirir ki, əslində bu, elmi baxımdan qurulmuş bir oyundur: “Təsəvvür edin, 16-cı missiyadan sonra uşaqları, yeniyetmələri gecə saat 4 radələrində oyadıb, qorxulu mahnılar, əcaib səslərdən ibarət musiqi dinlətməyə, videolar izlətməyə başlayırlar. Burada elmi məqam odur ki, gecə 3-dən sonrakı saatlarda yuxuda olan uşaqlarda, yeniyetmələrdə böyümə hormonunun inkişaf etmə saatlarıdır. Uşağı həmin saatda oyadıb ayaq üstdə saxlayırlar. Hətta bəzi missiyalarda deyir ki, evin yaxınında olan dəmir yoluna get, uzan relsin üzərinə və qatar gəlib çatana yaxın oradan dur. Yəni risk etməyi, intihara hazırlaşmağı öyrədir”.

İntihar mükafat kimi təqdim edilir

Oyunun 50-ci missiyasında intihar etmək tələb olunur. Hətta tələb olmasa da oyunçu elə bir vəziyyətə gətirilir ki, artıq özü intihar etmək istəyir: “İntiharı ona mükafat kimi təqdim edirlər. Mesaj verirlər ki, bu dünya sənlik deyil, sənə layiq deyil. Sanki ona nicat yolu göstərilir ki, sənin çıxış yolun intihardır. Hətta bu cür intihar edənlərin sayı Türkiyədə 200-ü keçib. Bu oyunun yaradıcısı tutulan zaman sual veriblər ki, niyə bu cür iş görürsən? Deyib, bu oyuna qoşulub intihar etmiş olanlar cəmiyyətin bioloji tullantılarıdır. Onlar onsuz da ölməli idi. Onun yanaşmasına görə, guya bu yolla cəmiyyəti təmizləyir. Düzdür, oyunun yaradıcısı şikayətlər əsasında həbs olunsa da, oyunun istifadəsi, yayımı dayandırılmayıb. Ona görə hələ də şübhəli qalıb ki, görəsən həbs edilən həqiqətən əsas başçıdır? Yoxsa onun köməkçilərindən kimsə tutulub və əsas başçı azadlıqdadır? Hazırda Türkiyədə və bir çox başqa ölkələrdə hüquqşünaslar tərəfindən şikayətlər olunduğu üçün bu oyunun qarşısı alınıb. Oyun ingilis, rus, türk dilində istifadə olunur”.

Mərdi qova-qova namərd edərsiniz

Psixoloq deyir ki, bu oyun səbəbindən intihar edənlər əsasən 12-16 yaş arası yeniyetmələrdir: “Biz həmişə deyirik ki, yeniyetmələrə anlayışla davranmaq lazımdır, tez-tez otağına girib, balaca uşaq kimi nəzarətdə saxlamamaq lazımdır. Çünki bu, ona qıcıq verir, valideyn gözündə düşmənə çevrilə bilər. Məsələn, oyunda missiyaların birində deyilir ki, 2 gün boyu otağından çıxma, heç kimlə danışma. Uşaq bunu edir və valideyn də təəccüblənmir. Düşünür ki, yəqin otağında dərslə məşğuldur, ya da oyun oynayır. Bu, onun yetkinlik yaş dövrü olduğu üçün valideyn anlayışla qarşılayır. Ona görə də məlumatlı olmur. Valideyn övladının bədənindəki cızıqlara, izlədiyi sosial şəbəkələrə diqqət etməlidir. Amma elə etmək lazımdır ki, uşaq bunu hiss etməsin. Nə badə bildirəsiniz. Əgər belə olsa, uşaq daha da soyumağa başlayır. Elə hiss edir ki, mən güvənilmirəm, valideynim məni izləyir və sair. Yəni mərdi qova-qova namərd edərsiniz”.

Valideyn uşağı mükafatlandırmalıdır

Mütəxəssis valideynlərə bəzi məsləhətlər də verib. Vurğulayıb ki, valideyn daha çox övladına güvəndiyini bildirməlidir. Onunla vaxt keçirməli, mükafatlandırmalıdır: “Oyunların hamısına fikir versəniz görərsiniz ki, psixoloji qurulub, hamısının sonunda mükafatlar var – qızıl, gümüş səviyyə verir. Bunlar artıq bir şirnikləndirmədir. Valideyn isə bunu etmir, daha çox cəzalandırmağa meyllənir. Bunu etmədiyi üçün uşaq virtual aləmə qapanır. Görür ki, mən burada özümü təsdiq etdim, birinci yerə çıxdım. Oyun ona özünü sübut etmə şansı yaradır. Uşaq da bundan zövq alır. Elə mərhələlər var ki, valideynlər də uşaqları mükafatlandırmalı, rəğbətləndirməlidir. Cəzalandırma metodu təbii ki, psixologiyanın təlim-tərbiyə metodları arasında var. Amma həddən artıq istifadə məqsədə uyğun deyil. Yaxud valideyn özü uşağı uzaqlaşdırır. Deyir ki, hər hansı bir məsələdə bu, sənlik deyil, get otağına, sən nə bilirsən ki, bu nədir? Çox zaman da onları bayıra qoymurlar ki, qoy otursun gözümün qabağında, kompüterlə məşğul olsun. Bu da yanlışdır. Əslində uşaq bayıra çıxmalı, yoldaşları ilə oynamalıdır ki, enerjisini xərcləsin. Təəssüf ki, valideynlər özləri uşağı kompüterə öyrəşdirdikdən sonra psixoloqa müraciət edirlər”.

Uşaqların boyu nə zaman uzanmalıdır?

Yeniyetməlik dövrünün əvvəlində 5-6 sm qədər bir fərqlə boy atan uşaqlar, yeniyetməlik dövrünə girdiyi zama daha böyük bir dəyişiklik göstərir. Bu dövrdə uşaqlar tez bir şəkildə böyüyərək inkişaflarını tamamlayırlar.

Bəziləri erkən yaşda yeniyetməlik dövrünə girərkən, bəziləri gec yaşlarda girə bilirlər. Erkən yaşda yeniyetməlik dövrünə girən uşaqlar digər uşaqlara görə daha tez inkişaf etdikləri üçün birdən boya ata bilirlər.

Ancaq, böyümə hormonları tez sona çatdığı üçün boy qısalığı göstərə bilirlər. Bu, erkən yaşda yeniyetmə olan uşaqların sağlam olmadıqları mənasına gəlmir. Uşağında erkən yeniyetməlik dövrünə girdiyi ilə şübhələnən valideynlər, uşağını mütləq endokrin mütəxəssisinə aparsınlar.

 

Beş yaşlı Sofiyanın arzusu

5 yaşlı Sofiyada genetik ürək xəstəliyi var.

Həkimlər onun 2 yaşdan çox yaşamayacağını desə də, o, hələ də işıq saçmağa davam edir.

Yaxınlarda 4-cü dəfə ürək əməliyyatına girməli olan bu qız, əməliyyatdan əvvəl xəyallarını reallaşdırmaq istəyib.

O, arzuladığı kimi toy etmək və ən yaxın dostu Hunterlə “evlənmək” istəyib.

Sofiyanın anası Kristy Hunterin ailəsindən də razılıq aldıqdan sonra, onlar üçün toy fotosessiyası təşkil edilib.

Sofiya hələ də həyatla mübarizə aparmağa davam edir.

Uşağınıza kitab oxumağı sevdirin

Hər valideyn övladının kitab oxuma vərdişlərinin olmasını istəyir. Ancaq uşağa söz olaraq kitab oxumasını söyləmək əvəzinə, onlara nümunə olmaq üçün kitab oxumaq daha yaxşı üsuldur. Sizlərə uşaqlarınıza kitab oxumaq vərdişi qazandırmaq üçün etməli olduqlarınızı söyləyirik:

  1. Övladınızla birgə kitab seçərkən onun yaşını və zövqlərini nəzərə alın.
  2. Ona uşaq olarkən sevdiyiniz kitabları göstərin.
  3. Onu, kitab yarmarkası, imza günləri kimi fəaliyyətlərə aparmağınız kitaba olan marağını artıracaqdır.
  4. Uşağınıza günün müəyyən bir saatında kitab oxumağı tövsiyə edin. Lakin o saatda mütləq siz də kitab oxumalısınız.
  5. Kitablarınızı bitirdikdən sonra ailəliklə kitab haqqında danışmağınız, həm aranızdakı bağı möhkəmləndirəcə, həm də ona kitab oxumağı sevdirəcək.
  6. Uşağınıza oxuduğu kitablardan dostlarına  danşmağını tövsiyə etməlisiniz. Bunun sayəsində dostları ilə arasındakı bağ daha güclü olacaq və özünə inamı artacaq.

Mənbə: qadin.net