Uşaqların tərbiyəsində etdiyimiz ən adi səhvlər

Hər bir valideynin istəyi və vəzifəsi uşağını sağlam dünyaya gətirmək və gözəl tərbiyə verməkdir. Ancaq bəzi mövzularda məlumatsızlıq düzgün tərbiyə veməyə mane olur. Bəzi uşaq davranışları var ki, adi adlandırılsa da, əslində, mənbəyində böyük davranış pozğunluğu dayanır.

Psixoloq pedaqoq Əyyubova Zeynəb bu məsələlərdən danışıb:

Zeynəb xanım, uşaqların tərbiyəsinə nə zamandan başlanılmalıdır?

– Buna iki aspektdən yanaşmaq mümkündür: Birincisi, ana bətnindən başlayır. Belə ki ana 9 ay sakit hamiləlik dövrü keçirtməlidir. Ruhən və fiziki cəhətdən rahat 9 ay yolu keçməlidir. İkincisi isə doğulan gündən etibarən biz bunu 0-3 yaşa bölürük. Zehni, bədən, nitq inkişafını izləyicisi ola bilərik. Uşaq 6-cı ayda hansısa bir səsi çıxartmırsa və ya kiminsə qucağına getdikdə ona müsbət reaksiya vermirsə, yaxud tanış adamları tanımırsa, bu zaman bilirik ki, nəsə problem var. Buna görə də uşaq doğulandan onun hər hərəkətini diqqətlə izləmək lazımdır.

Əksər uşaqlar valideynlərinin və ya evə edilən söhbəti qonaq yanında deyirlər. Bunu normal hal qəbul etmək olarmı? Uşağın bunu tərgitməsi üçün nə edilməlidir?

– Uşaqların hansısa evin sözünü qonağın yanında deməsi valideyndən asılı olan bir məsələdir. Uşaq dünyaya gəlir və robot deyil. Ana soruşursa ki “müəllim məktəbdə nə dedi” və ya “Nənəngilədə nə danışdılar, nə yedin?” bu zaman uşaq başa düşmür ki, bunu anaya demək olar, amma başqasına demək olmaz. Başqasının sözünü anasının yanında deyirsə, anasının da sözünü başqasının yanında deyəcək. Ona görə də tərgitmək istəyirlərsə, bunu düzəltməyə özümüzdən başlamalıyıq. Problemə öz aspektimizdən yanaşmalıyıq.

Həkim, bəzi valideyn və ya qohumlar azyaşlıya tez-tez hədiyyə alırlar. Bu məqamda isə bəziləri “Uşağı pis öyrədirsən” deyir. Bu deyimdə həqiqət varmı?

– Uşaq əgər, layiq olmadığı halda (məsələn, məktəbdə oxumursa, evdə qanunlara riayət etmirsə, böyüklərlə münasibətində yaxşı deyilsə) valideyn günaşırı hədiyyə alırsa, bu baxımdan demək olar ki, uşağı pis öyrədirsən. Amma uşağı rəğbətləndirmək, mükafatlandırma niyyətinə alınan hədiyyələrin heç bir problemi yoxdur.

Uşaqlarda diksinmə, səsdən qorxma halları çox olur. Valideynlər isə bundan narahat qalırlar. Psixoloq kimi nəyi məsləhət görərdiniz?

– Uşaqlarda diksinmə, səsdən qorxma halları çox olur. Bu baxır hansı yaş etabından başlayır. Məsələn, 4 yaşı varsa və qorxursa, diksinirsə, burda fobiya, problemdən yaranan qorxu, nevroloji səbəblər və s ola bilər. Valideyn bunu araşdırmalıdır. Yəni hansı zamandan başlayıb, nədən və niyə qorxur və s. sualların cavablarını tapmalıdır.

Mənbə: Medicina.az

Uşaqların bədən dili bizə nə deyir?

Bir uşağın bədən dilini anlamaq onun işarət dilini anlamaqdır. Bu, tamamilə yeni bir dünyadır. Ana və atalar uşaqlarına olan yaxınlıqlarından dolayı onların dilini başa düşürlər. Bir müddət sonra isə uşaqlarını müşahidə etmək ən sevdikləri məşğuliyyətə çevrilir və zamanla işarələri, mimikaları anlayıb onlara reaksiya bildirirlər. Beləliklə uşaq ilə ana-ata arasında yaxşı bir əlaqə inkişaf edir.

Uşaqlar ən çox üzə baxmağı sevirlər. Üzünüz uşağınızdan 20-25 sm-ə qədər məsafədədirsə, sizi rahatlıqla görə bilər. Üzünüzə baxdığında ürək döyüntüləri sürətlənir, ona görə də onunla danışın və bol-bol gülümsəyin.

Ağlamaq

Bir uşağın ilk ağlaması onun nəfəs alması və güvənsiz, bilmədiyi bir mühitə girməsi deməkdir. Uşağınız acdığı və uyğun olmayan formada yatdığı zaman ağlayacaq.

Çığıldamaq

Bir uşaq çığıldayır və göyərçin kimi səs çıxarırsa, deməli xoşbəxtdir.

Anidən qışqırmaq

Bu zaman uşaq həyəcanlanmış ola bilər. Ağlamağa başlamamışdan öncə daha sakit yerə aparın. Başını çevirdiyində ya da gözlərini bağlayıb sıxanda ağlamaq üzrə olduğunu anlaya bilərsiniz.

Ağzıyla axtarmaq

Bu zaman yeməyə nəsə axtarır. Yanağını oxşasanız, anasanın sinəsini axtarmaq üçün başını çevirəcəkdir.

Əmmək

Ağlayan uşaqlar üçün əmmək ən sıx qarşılaşan rahatlama üsuludur. Uşaq özünü rahatlatmaq üçün belə bir şey edəcək. İstədiyi verilsə belə yenə də bunu edə bilər.

Başını vurmaq

Bu, ailələri narahat edə bilər. Çox uşaq özlərinə olan zərəri və ya acısını düşünmədən belə bir şey edirlər. İrəli-geri ritmik şəkildə getməyi rahatlamaq üçün edirlər. Bu hal çox uzun müddət davam edərsə, həkimə aparın.

Təpikləmək

Bu, qazdan, çirklənmiş bezdən qaynaqlana bilər. Əvvəlcə bunları yoxlayın. Bundan əlavə uşağın xoşbəxt olduğu və oynamaq istədiyi anlamına gələ bilər ya da  uşaq sadəcə olaraq ayaqlarını təpikləməyi sevir.

Yumruq sıxmaq

Aclığın işarəsi ola bilər. 3 aydan çox davam edərsə, həkimə göstərin.

Qulaqlarını çəkmək

Uşaq diş çıxartdığında qulaqlarını çəkir. Diş çıxarırsa, sərinləşdirici diş halqası ya da çiynəməsi üçün alma verin.

Dizlərini çəkmək

Bu, qarın nahiyəsində yaranan rahatsızlığın işarəsi ola bilər. Məsələn: ana südündən butulka südünə keçiş ya da 6 aylıqkən qatı yeməyə keçiş kimi dönəmlər.

Uşağım erkən oyanır.

“Uşağım hər gün erkən oyanır. Nə etməliyəm?”

Erkən oyanan uşaqlar yorucu ola bilərlər, ancaq cəsarətiniz qırılmasın. Uşağınız ayıq olur, çünki sizi sevir və dostluğunuzun həsrətini çəkir, sizin səsinizi eşitməyi çox sevir. Bu, sizi yuxunuzdan məhrum etməsi mənasına gəlmir. Sadəcə sosial, xoş söhbət olmaq istəyir. Sizinlə oyaq qaldığı hər dəəqiqədə yeni bacarıqlar öyrənir, dünyayla yeni bağlantılar qurur.

Uşaqlar üçün bədən dili təklifləri:

  • Tez oyanar və təkrar yatmaq istəməzsə, sizi görə biləcəyi formada öz oturacağına otuzdurun. Bir müddətliyinə onunla danışın və ya oynayın. Sonra onu beşiyinə qoyun, yuxuya gedənə qədər mahnı zümzümə edin.
  • Tez oyanmaq kimi bir vərdişi varsa, gecələr onu bir az daha gec yatırdın və gün ərzində yatmamasına diqqət edin.
  • Bədən temperaturunu qoruyun, çox isti və ya çox soyuq olub-olmadığını yoxlamaq üçün ona toxunun. Otaq temperaturunu yoxlayın, 18 dərəcə normaldır.
  • Bezi su və ya çirklidirsə, dəyişdirin və ehtiyac varsa, bez hissəsinə krem vurun.
  • Yellənən beşik seçin və ya uşaq arabasında yelləyin.
  • Uşağınız ana bətnindəykən dinlədiyiniz musiqiləri yenidən qoşun.
  • Sizin və həyat yoldaşınızın səs qeydlərini zəif səslə dinlədin.
  • Oyandığında izləyə biləcəyi bir şey olması üçün beşiyinə hərəkətli oyuncaqlar asın.
  • Hər gecə eyni saatda yatdığına diqqət edin. Gün içində çox yatırsa, yuxusunu bölməyə çalışın.

Mənbə: ustunzekalilar.org

Uşağınızla bağlı sizi narahat edən suallar varsa…

Valideynlər üçün hamiləlik prosesi hər zaman maraqlı və streslidir. Doğumdan sonra valideynlər, xüsusilə gənc analar körpənin inkişafı, qidalanması və ümumi sağlamlıq vəziyyəti ilə əlaqədar bir çox mövzuda qərarsız qalır.

Ailələrin həyatını kabusa çevirən bir çox suallar var ki, uşaq həkimləri artıq bu sualları və bu sualların cavablarını əzbər bilirlər. Uşağınızla bağlı sizi narahat edən suallar varsa, bu məqaləni diqqətlə oxuyun. Türkiyənin tanınmış uşaq həkimi dos. Mustafa Taşkəsən valideynlərə tövsiyyə edir.

Valideynlər tərəfindən pediatrlara ən çox verilən 10 sualı və cavablarını təqdim edirik:

Uşağımı necə geyindirməliyəm?

Bütün körpələrin əlləri və ayaqları bədənin digər hissələrinə nisbətən daha soyuq olur. Lakin bu, heç də hər zaman onların üşüdüyünü göstərmir. Başın ənsə hissəsindəki saçları və geyimlərin altında qalan hissələr (qolları, ayaqları, boğazı, sinəsi) kifayət qədər istidirsə, narahat olmağa dəyməz. Valideynlər bəzən uşaqları olduqca çox geyindirir. Bu, heç də onlara xeyir etmir. Qış aylarında geyimləri uşağa geyindirməzdən əvvəl müəyyən qədər isitsəniz (qızdırıcının, radiatorların üzərində) daha yaxşı olar. Çalışın uşaqları gündüz 24-25 °C, gecə isə 22-23 °C olan otaqlarda saxlayın.

Uşağın doyduğunu necə bilməli?

Əgər uşağınız hələ körpədirsə və ana südü ilə qidalanırsa, əmizdirmə zamanı körpənizin süd içdiyindən əmin olun. Onun udqunmasına diqqət edin. Bundan başqa, gün ərzində bezini dəyişdirdiyinizdə nəcis və sidik miqdarı ilə də müşahidə etmək olar. Gündəlik 5-6 dəfə dolu bez dəyişirsinizsə, 3-5 dəfə yumşaq nəcisə çıxırsa, bu halda körpələrin kafi bəsləndiyini qəbul etmək olar. Digər uşaqlarda isə, yaşa və aya uyğun olaraq xüsusi miqdar göstərilir. Artıq normal yeməklərə keçmisinizsə, uşağınız yemək yeməkdə çətinlik çəkirsə, ona özü yediyi qədər yemək verin. Yemədiyinin əvəzinə isə, meyvə və peçenye pürəsi, çay, yediyi yeməyə uyğun olaraq meyvə soku da ola bilər. Bunlar qida rasionundakı boşluğu tamamlayır.

Uşağın göbəyi düşmədən çimdirmək olarmı?

Körpələri yaz aylarında hər gün, mövsüm dəyişən zamanlarda günaşırı, soyuq aylarda isə həftədə 2 dəfə yuyundurmaq normaldır. Həkimlər suyun temperaturu 37 °C olmaqla normal hesab edir. Suyun istilik dərəcəsini isə dirsəklə yoxlamaq olar. Əgər uşağın göbəyi hələ düşməyibsə. qaynadılmış suyla onu çimizdirmək olar. Lakin yaxşı olardı ki, uşağın göbək nahiyyəsinə su keçməməsi üçün iri həcmli plastrlar bağlayasınız. Normalda uşağın göbəyi təxminən 7-14 günə düşür. Göbək baxımı üçün heç bir xüsusi müalicə tələb olunmur. Göbək ətrafının təmiz və quru saxlanılması kifayət edir.

Əmzik istifadə etməsi nə vaxt başlayıb nə vaxt bitməlidir?

Həkimlərin fikrincə, uşaqların əmzik istifadə etməsi xüsusilə yuxu zamanı olduqca faydalıdır. Belə ki, yuxu zamanı körpənin əmzik sorması ölüm sindromu riskini xeyli azaldır. Hətta uşaqların əsəb sisteminin də sakitləşməsinə xidmət edir. Ancaq körpələrin ilk 1-3 ay içərisində əmzik istifadə etməsi, onları ana südündən tez ayrılmasına səbəb ola bilir. Lakin qəti şəkildə 11 aydan sonra uşaqların əmzik istifadəsinə yol verməyin. Bu onlarda dişlərin çıxmasına mane olacaq, ağız boşluğunda dişlərin düzənsiz formada inkişaf etməsinə gətirib çıxaracaq.

Uşağın normal yuxu rejimi üçün nələrə diqqət etmək lazımdır?

Əvvəla bütün valideynlər uşaqları yatırdan zaman ayaqlarına qoyub yelləyirlər, qucaqlarında gəzdirirlər və ya yatana qədər lay-lay deyirlər. Bu tamamilə yanlışdır. Normal yuxu rejimi üçün uşağın yorulana qədər oyuncaqları ilə oynaması kifayətdir. Daha sonra uşağınızı yarı yuxulu vəziyyətdə yatağına qoyub öz-özünə yuxuya getməyə öyrəşdirin. Gecə bəzən uşağın ani hərəkətlərini oyandı zənn edib yenidən beşiyi yelləmək, lay-lay demək olmaz. Ümumiyyətlə, uşağı yatırtmaq üçün əmzdirmək də yanlışdır. Yatdıqdan sonra uşaqların yerini dəyişdirmək düzgün deyil.

Gündüz uşağın çox yatması tövsiyə edilmir. Gecə isə bəzən valideynlər uşağı gec saatlara qədər oyaq saxlayır ki, gecə yuxudan durub onları narahat etməsin. Bu özü də yanlışdır. Uşaqlar axşam yeməyindən 1-2 saat sonra, rejimli şəkildə eyni vaxtda yatmalıdırlar. Uşaq otağının isə mütləq hər gecə 1 saat yatmazdan əvvəl havası dəyişdirilməlidir.

Kenquru və “Xodunok” uşaqlar üçün zərərlidirmi?

Körpələrin 5-6 ayına qədər kenqurudan istifadə olunması normaldır. Lakin gün ərzində uzun müddət kenquruda saxlanmaları onların sümük inkişafına, ayaqlarına ziyandır. Kenqurudan çox istifadə etmək uşaqların yeriməsini gecikdirir. “Xodunok” isə yerimə ərəfəsində olan uşaqlarda istifadə edilir. Lakin bu halda da yaxşı olardı ki, körpələri əllərindən tutub yavaş-yavaş addım atmalarına kömək edəsiniz. Çünki, “Xodunok” uşaqlarda onurğa sümüyünün əyilməsinə, müxtəlif deformasiyalara səbəb olur.

Uşağı hansı dövrdə “qarşoka” öyrətmək lazımdır?

Bəzən valideynlər maddi vəziyyətlərinə görə, uşaqları daha erkən yaşlarından “qarşok”a öyrətməyə çalışırlar. Lakin 18 aydan tez uşaqları buna məcbur etmək lazım deyil. Bu onları stressə salır. Uşaq 2 yaşını tamamladıqdan sonra ona tualeti öyrətmək lazımdır. Çünki, bu yaşdan sonra uşaqlar özlərini tualet mövzusunda ifadə edə bilirlər.

Peyvəndlərin ziyanı varmı? Vurulmazsa, ciddi fəsadlar yaşanarmı?

Peyvəndlər valideynlərin ən çox narahat olduğu mövzulardan biridir. Dünyanın istənilən yerində bu problem var. Vaksinlərin keyfiyyətindən narahatlıq bu problemin əsas səbəblərindən biridir. Ümumiyyətlə, bütün dərmanların yaş faktorundan asılı olmayaraq, insanlarda əks reaksiya verə bilmə ehtimalı var. Lakin əgər peyvəndlərə qarşı orqanizm kəskin reaksiya verirsə, onu ikinci dəfə təkrarlamaq qadağandır. Ciddi fəsadlar (şoka düşmə ehtimalı ən yaxşı halda) verə bilər. Peyvənddən sonra uşaqlarda qızdırma olursa, mütləq həkimə bu barədə məlumat verin.

Oğlan uşaqlarını hansı yaşda sünnət etdirmək lazımdır?

Sünnət edilmək cərrahi prosedur olduğu üçün onu yalnız və yalnız xəstəxana şəraitində etmək lazımdır. Bu əməliyyat üçün ən uyğun vaxt 6-9 aydır. Həkimlər bu ərəfələrdə sünnətin fəsadsız və daha rahat keçirildiyini bildirir. 2-6 yaş arası uşaqlarda cinsi inkişaf prosesləri başladığı üçün bu dönəmlərdə sünnət edilməsi risklidir və tövsiyyə edilmir.

Mənbə: saglamolun.az

O, dünyanın ən gözəl uşağı seçildi

Qərb KİV-ləri dünyanın yeni ən gözəl uşağını tapıblar. Bu, 6 yaşlı rus qızı Anastasiya Knyazevadır. Qızcığaz sosial şəbəkə istifadəçilərini “mələk baxışları” və “gəlinciyə bənzər xarici görünüşü” ilə heyran qoyub.

Anastasiyanın 500 min izləyicisi olan İnstagram səhifəsini anası idarə edir. Yeri gəlmişkən, uşağın anası Anna Knyazeva əvvəl model kimi çalışıb. Qızının 4 yaşı olanda onun adına İnstagramda səhifə açıb. 5 yaşında artıq Anastasiyanın model kimi ilk müqavilələri imzalanıb.

6 yaşlı Anastasiya hazırda Rusiya agentliklərindən birində çalışır və eyni vaxtda bir neçə brendin siması sayılır. İndi o da Tilan Blondo və Kristina Pimenova kimi “dünyanın ən gözəl uşağı” tituluna layiq görülüb.

Anna Knyazeva qızının çəkilişlərdəki fotoları ilə yanaşı, gündəlik şəkillərini də paylaşır. Şərhlərdə bəzi insanlar bu yaşda uşağın modellik etməsini düzgün saymırlar. Bəzi şərhçilər çəkiliş zamanı 6 yaşlı qızcığaza makiyaj etməyə icazə verdiyi üçün ananı qınayırlar. Ancaq əksəriyyət uşağın gözəlliyini tərifləyirlər.

Bagcam.az Ailem.az-a istinadən dünyanın ən gözəl qızı seçilən 6 yaşlı Anastasiya Knyazevanın fotolarını təqdim edir.

 

660 valideyn uşaqlara görə cəzalandırılıb

Son 3 il ərzində Azərbaycanda uşaqlarını bilərəkdən baxımsız qoyduğuna görə 660 valideyn məsuliyyətə cəlb edilib.

Bagcam.az trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev bildirib.

2016-cı ildə uşaqlarını bilərəkdən baxımsız qoyduğu üçün polis orqanları tərəfindən 240 nəfər, 2015-ci ildə 200 nəfər, 2014-cü ildə 220 nəfər valideyn barəsində protokol tətib olunub və məsuliyyətə cəlb edilib.

Onun sözlərinə görə, uşaqların baxımsız qoyulmasına, onların tərbiyə və təlimi vəzifələrinin valideynlər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə görə, az hallarda valideyn hüququ məhdudlaşdırılır. Belə hallara görə valideynlər daha çox cərimələnirlər.

P. Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə görə, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə, 100 manatadək məbləğdə cərimə edilirlər.

Azərbaycanda uşaqların baxımsızlığı ilə bağlı Dövlət Komitəsinin bir necə dövlət orqanı ilə əlaqəli şəkildə işlədiyini deyən P. Əliyev qeyd edib ki, 2016-cı ildə avaraçılıq və dilənçiliklə məşğul olan 512, 2015-ci ildə 450, 2014-cü ildə isə 502 uşaq polis orqanları tərəfindən aşkarlanıb:

“Uşaqların baxımsızlığı ilə bağlı vəziyyətə baxdıqda görmək olar ki, ötən illərlə müqayisədə vəziyyət dəyişməyib. Göstəricilər 500 civarında olan rəqəmlərdir. Əgər uşaq valideyn məsuliyyətsizliyi nəticəsində avaraçılıq və dilənçiliyə sövq olunursa, onda həmin uşaqların valideynləri də məsuliyyətə cəlb olunurlar. Bu uşaqların böyük əksəriyyəti sonradan təhsilə cəlb edilib”.

P. Əliyev əlavə edib ki, dilənçiliklə məşğul olan uşaqların çoxu 14-15 yaşlılar olur: “16-18 yaşlı uşaqlar dilənçilikdən daha çox küçədə hansısa əməyə cəlb olunurlar”.

P. Əliyev onu da deyib ki, uşaq küçə həyatı keçirib, təhsildən yayındıqdan sonra hər hansı tədbirlərin görülməsi o qədər də effektiv deyil.

Nənə-baba himayəsində böyüyən uşaqlar

Demək olar ki, əksəriyyətimiz nənə və babalarımızın verdiyi tərbiyə ilə böyümüşük. Onların isti qucağında nağıllarını dinləyə-dinləyə yatmışıq. Hazırda isə valideynlərin əksəriyyəti uşaqların nənə-baba himayəsində böyüməsinə razı olmur. Bunu da onunla izah edirlər ki, nənə və babalar nəvələrinin hər istədiyini yerinə yetirdiyi üçün onlar ərköyün olurlar. Bəs görəsən uşaqları necə tərbiyə etmək lazımdır ki, ərköyün olmasınlar? Doğrudanmı nənə və babaların himayəsi ilə uşaq böyütmək yanlışdır?

Bagcam.az-ın verdiyi  xəbərə görə, Psixoloq Aydan Talıbova deyir ki, son vaxtlar bu cür suallarla tez-tez rastlaşır. Əksər gənc valideynlər uşaq ərköyün olar deyə onu nənə-baba yanına yox, bağçaya qoymağa üstünlük verir: “Uşaqlar nənə və babaları tərəfindən aşırı qayğı ilə əhatə olunurlar. Onlar deyir ki, uşağı ağlatma, qoy nə istəyir etsin. Biz bu hallarla çox rastlaşırıq. Baxmayaraq ki, mən bir mütəxəssis olaraq ailədə böyüklərin olmasının tərəfdarıyam. Sadəcə olaraq onlar yaşlı insanlardır, biz isə gənclərik. Onlar keçmişin qayda-qanunu ilə gedirlər, biz müasir zamanın. Keçmişdə uşaqları cəzalandırmaq üçün küncə qoyardılar, amma indi küncə qoymağın tərəfdarı deyilik. Biz müəyyən məhrumetmə cəzaları veririk uşaqlara. Ona görə də nənə-babalarımız bizim uşağa tətbiq etdiyimiz məhrumetmələrin tərəfdarı deyillər. Biz uşağı cəzalandırırıqsa, deyirik, hansısa oyuncaqla oynamayacaqsan, televizora baxmayacaqsan. Uşaq da başlayacaq kapriz göstərməyə. Ağlayacaq, qışqıracaq. Yaxud inadkarlıq edəcək, aqressiyasını göstərəcək. Bunu da yaşlılar qəbul etmirlər. Düşünürlər ki, uşağa daha çox zərər yetiririk. Amma bununla biz uşağa olar-olmazı öyrədirik. Elə nənə-babalar var ki, uşağı alırlar qucaqlarına, yalandan ya ananı, ya atanı vururlar. Amma bu, uşaq psixologiyasının inkişafı üçün mənfi istiqamətlərdir. Kimsə deyə bilər ki, əvvəllər hər birimizi nənə-baba böyüdüb, heç bir problem olmayıb. Bu, doğrudur, amma onların metodikası artıq bu zaman üçün keçərli deyil. Artıq bizim cəmiyyətimiz qloballaşmağa, Avropalaşmağa doğru gedir. Ona görə də biz heç vaxt keçmişlə indini bərabər tuta bilmərik. Keçmişin davranış pozuntusu ilə indinin davranış pozuntusu bir deyil. Yaxud keçmişin hiperaktivi ilə indinin hiperaktivi heç vaxt eyni ola bilməz. Bəzi oxşar əlamətlər ola bilər, amma ümumi fərqi çox böyükdür. Buna görə uşaqların tərbiyəsində ana və atalara bu istiqamətdə yaşlılar da dəstək olmalıdır”.

Psixoloqun sözlərinə görə, uşağa sevgi və qayğı hər zaman göstərilməlidir, amma bunun da öz həddi var: “Biz uşaqların hər dediyini etməməliyik. Onlara mükafat sistemini təqdim etməliyik. Məsələn, sən bu işi etdin, buna görə bu mükafatı qazandın. Yaxud haradasa məni utanc vəziyyətinə salmadın, buna görə də səni mükafat olaraq filan yerə aparıram. Bu zaman uşağın ən sevdiyi yerə apara, ən sevdiyi nəyisə ala bilərik. Biz uşağın hər istədiyini edərək, ona qayğı göstərmiş kimi oluruq. Amma həmin uşaqda kaprizlər, davranış pozuntuları yarana bilir. Onun qarşısını almaq üçün vaxtlı-vaxtında düzgün tərbiyə etməliyik. Uşaq nə olar, nə olmaz, nə zaman olar, nə zaman olmazı mütləq bilməlidir”.

Mənbə: ailem.az

Uşaqların yuxudan doymamağının səbəbi nədir?

Qadjetlərin insan yuxusuna təsiri istiqamətində aparılmış tədqiqatların əksəriyyətinin nəticələrinə görə, uşaq və yeniyetmələrin sağlamlığına ən çox zərər verən smartfonlar, noutbuklar və planşetlərdir.

“Beynimizin əsas xronometri işıqdır. Axşam saatlarında işığın gözümüzün tor qişasına daxil olması nəticəsində melatonin qatılığı kəskin şəkildə azalır və beləliklə yatmaq istəyi aradan qalxır, dövri ritmlərdə pozğunluq baş verir. Uşaqların göz bəbəyinin böyüklərə nisbətən daha iri, göz büllurunun isə daha şəffaf olduğu üçün, uşaqlarda işığa qarşı həssaslıq daha çoxdur”, – tədqiqatın müəlliflərindən olan, Boulderdə yerləşən Kolorado universitetinin fiziologiya bölməsinin dosenti Monik LeBurjua (Monique K. LeBourgeois) izah edir.

Ekranlı qurğuların 5 yaşdan 17 yaş arası uşaqların sağlamlığına təsirinə həsr olunmuş 50-dən çox elmi işin nəticələrinə görə, ekran qarşısında daha çox vaxt keçirən uşaqların yuxusunda pozuntular baş verir.

LeBurjua həmçinin qeyd edir ki, əvvəlki təcrübələrin nəticələrinə əsasən, eyni işıq mənbəyinin təsiri nəticəsində uşaqlarda melatonin qatılığının böyüklərə nisbətən iki dəfə daha sürətli azalır. “Yuxu hormonunu” daha çox pozan bütün mobil qurğulardan gələn qısadalğalı “mavi işıqdır”.

Özü də dövri ritmlərin pozulması təkcə qadjetlərin göz önündə saxlanılması nəticəsində baş vermir: yataq otağında telefon və ya noutbukun olması belə kifayətdir.

Məsələn, səkkiz yaşa qədər olan uşaqlar orta hesabla gündə 48 dəqiqə ekran qarşısında keçirir. Valideynlər çox vaxt buna etiraz etmir, hətta əksinə, yatmazdan əvvəl uşaqlar üçün cizgi filmləri qoşurlar.

Məktəbəqədər yaş dövrü uşaq inkişafının son dərəcə həssas dövrüdür. Rəqəmsal medialar getdikcə uşaqların həyatına daha çox sirayət edir və tədqiq olunmamış hələ çox məqamlar var.

Yeniyetmələrdə isə yuxudan doymama əksər hallarda yatmazdan əvvəl, məsələn, zorakılıq kimi “aqressiv elementi” olan səhnələrə baxmalarından irəli gələ bilər. Yuxunu həmçinin müxtəlif messencerlərdə dostlarla yazışma da ləngidir.

Alimlər valideynlərə uşaqlarına yatmalarına bir saat qalmış mobil telefon verməməyi, yuxu və istirahət dövründə özününküləri də daxil olmaqla, bütün elektron qurğuları söndürməyi, onları başqa otaqda enerji ilə yükləməyi və uşaqlar yatdığı otaqlarda heç bir qadjet saxlamamağı tövsiyə edir.

Mənbə: Saglamolun.Az

Uşağınız yuxuda ağlayır, danışır, gəzirsə…

Alimlər uzun illərdir yuxuların real həyatla nə dərəcədə bağlı olduqlarını araşdırırlar.

Yuxuda gördüyümüz fantastik hadisələr gün boyu yaşanan hadisələrin insan beynində şüurlatı yerləşməsi və bunun yuxu zamanı ortaya çıxması kimi qəbul edilir. Bəs görəsən, yuxuda danışmaq hansısa xəstəlik göstəricisi hesab edilə bilərmi? İnsan beyni 8 saat normal yuxu rejimində dincəlir. Bu zaman görülən yuxular, qarabasmalar psixologiyamıza necə təsir edir?

Bagcam.az xəbər verir ki, bu barədə Publika.az-ın suallarını tanınmış nevropatoloq Hüseyn Soltanov cavablandırdı.

Həkim yuxu rejiminin pozulmasını əhəmiyyətsiz sayan insanlara səslənərək, bunun bir sıra psixi xəstəliklərin, eləcə də epilepsiyanın başlanğıcı ola biləcəyini dedi:

“Yuxu çox dərin prosesdir. Əsasən 4 fazadan ibarət olan yuxu pozuntularına uşaqlarda 50%, böyüklərdə isə 5% rast gəlinir. Bəzən sadəcə yorğunluğun, depressiyanın səbəb ola biləcəyi düşünülür. Lakin bu problem olduqca ciddi fəsadlar yarada bilər. Məsələn, gec saatlarda ağır həzm olunan qidalar yedikdə belə yuxu problem yaşana bilir. Mədədə həzm prosesi getdiyi üçün beyin oyaq olur və beləliklə yuxu rejimi pozulur. Bunu nəzərə alsaq, demək olar ki, yuxu sisteminin öyrənilməsi hər zaman alimlərin diqqət mərkəzində olur. Normal yuxu 8 saat olmalıdır. Lakin bu da insan orqanizminə görə dəyişir. Yuxunun birinci fazası “yuxuya getmə” adlanır və bu yalnız bir dəfə baş verir. Digər 2,3,4-cü fazalar isə (delta yuxu) ola da bilər, olmaya da. İnsan var ki, 8 saat yatır, yenə də doymur, çünki heç bir halda yuxu görmür. Yuxu strukturu pozulmuş olur. İnsan da var ki, 30 dəqiqə yatır və tamamilə gümrah oyanır. Bu individual olaraq dəyişir. Sovet alimlərindən biri iddia edirdi ki, yuxu ağrı, yuxu və depressiyadan ibarət üçbucaqdır. İnsan bu bucaq altında minimum 8 saat yatır. Əgər ağrınız varsa, yuxu rejiminiz pozulur, pozulursa, depressiyaya düşürsüz və depressiyada olan insan yuxunun birinci fazası olan “yuxuya getmə” prosesini normal yerinə yetirə bilmir. Ona görə də yuxu strukturunun pozulmasının müalicəsi birbaşa psixoloji və digər irsi xəstəliklərin aradan qaldırılması ilə bağlıdır”.

O bildirib ki, yuxuda olan insanın beyni kliniki üsullara ensefaloqrafiya edildiyi zaman normal yuxu rejimində olan şəxsdə delta yuxu dalğaları öz normasında hərəkət edir:

“Yuxu Monitorinqi” və ya ensefaloqrafiya zamanı ortaya çıxan nəticələrdən fərqli olaraq, bəzi insanlarda yuxu strukturunun pozulması müxtəlif gizli proseslərdən də xəbər verə bilər. Ümumiyyətlə yuxu zamanı danışmaq, hərəkət etmək, ağlamaq, diksinmək qeyri-adi hərkətlər və s. bunlar yaş həddinə görə dəyişir. Bir neçə dəfə müşahidə olunursa, bu o qədər də riskli vəziyyət hesab olunmur. Ümumiyyətlə belə olan hallarda həmin insanları oyatmağa çalışmayın. Çünki onlar sizi hiss etmirlər. Belə deyək, siz hər hansı ciddi bir işlə məşğul olduğunuz zaman sizə mane olan insanlara qəzəblənirsiz. Hətta ciddi mübahisələr belə yaşana bilər. Eynilə yuxuda danışan, hərəkət edən insanları da narahat etmək olmaz. Onlar sizə qəfildən qeyri-ixtiyari xəsarət yetirə bilərlər”.

Həkimin sözlərinə görə, 4-14 yaş arası uşaqlar yuxuda danışır, ağlayır və ya gəzirsə, bu gizli epilepsiya əlaməti ola bilər: “Əksər hallarda epilepsiya xəstəliyinin yeganə və ilkin simptomu yuxu pozğunluğu olur. Epilepsiyanın bütün parsial formaları arasında ən çox (80-85%) rast gəlinəni “gicgah epilepsiyası”dır. Digər epilepsiya növlərindən fərqli olaraq, bu zaman heç bir qıcolma müşahidə olunmur. Bəzən illərlə bu proses inkişaf edir və ağır formaya gəlir. Gizli şəkildə yayılan şəkər xəstəliyi kimi orqanizmdə böyrəkləri sıradan çıxarana qədər inkişaf edir və valideynlər çox zaman bunu diqqətə almırlar. Dediyimiz yaş həddi arasında olan uşaqlar gecə yuxuda ağlayırsa, danışırsa, aqressivləşirsə (bu hallar ard-arda 1 ay ərzində 5-6 dəfə müşahidə edilirsə) mütləq həkimə müraciət olunmalıdır. Belə hallarda ensefaloqrafiya zamanı epilepsiyaya xas spesifik dəyişikliklər, fenomenlər müşahidə edilir. Bu zaman dəqiq diaqnoz qoyulur və gecikmədən müalicə edilir.

Bəzən yuxu prosesinin təsiri altında qalan insanlar olur ki, oyandıqdan sonra da reallıqla yuxunu bir-birindən ayıra bilmir. Hərdən belə insanlarda ciddi psixi problemlər də müşahidə olunur ki, belə olan halda həmin insanlar cəmiyyət üçün olduqca təhlükəli hesab edilirlər.

Təəssüf ki, belə hallar mövcuddur. Lakin tibb bunu daha əvvəl müşahidə edə bilmir. Yuxuya görə, insanı mühakimə etmək olmaz. Cəmiyyətdə bu cür insanlar müxtəlif hadisələr törətdikdən sonra aşkarlanır və o zaman da çox gec olur. Birmənalı olaraq, yuxuda gördüyünü gerçək həyatda təkrarlamaq olduqca təhlükəlidir. Normal yuxu strukturuna görə insanı qabaqlaya bilməz. İnsan oyaq vaxtı müxtəlif hadisələrlə üzləşir, insanlarla ünsiyyətdə olur və yuxu zamanı həmin proseslər təkrarlanır. Qısa müddətli yaddaş uzun müddətli yaddaşa köçürülür. Təbii ki, bu beynin dincəlməsinə mane olur və daim aqressiya, stress yaradır”.

Saglamolun.Az

Övladınız hələ dil açmayıb?

Mütəxəssislər uşaqların dil inkişafının 3 yaşına qədər tamamlanmalı olduğunu söyləyirlər. Uşaqların rəqəmsaal cihazlarla  çox vaxt keçirməklərini isə danışma probleminin səbəbi olaraq görürlər.

Uşaq Nevrologiya Uzmanı Dr. Adnan Ayvaz, elektronik cihaz istifadə edən uşaqların hissləri, ekrandakı sürətli axışa nisbətən aşağı olduğundan onların gördükləri şeyləri qavraya bilmək üçün böyük səy göstərdiklərini deyib.

Uşağınızı sakitləşdirmək üçün telefon verməyin

Ağlayan uşağı susturmaq üçün ona telefon verən valideynlər, fərqində olmadan uşaqlarını təhlükəyə atırlar. Adnan Ayvaz isə bu mövzu haqqında bunları bildirib:

“Uşaqların ekrana diqqət cəmləməyi beyni yorur və onların sağlam inkişafının qarşısını alır. Televizor qarşısında vaxt keçirən uşaqlar, valideynlərindən və sosial mühitdən almalı olduğu sağlam məlumatlardan da məhrum qalır”.

Mənbə: qadin.net

Kral ailəsi övladlarını necə böyüdür?

Kral uşaqlarının tərbiyəsinə dair ənənəvi üsullara üstünlük verən kraliça Yelizaveta balaca Corca uşaqlıqdan şahzadə və gələcək kral olduğunun təlqin olunmasının, Şarlottaya isə nəcib davranış qaydalarının aşılanmasının tərəfdarıdır. Keytlə Uilyamın onunla həmfikir olmaması isə kraliçada ciddi narazılıq doğurur…

Keyt Middltonla şahzadə Uilyamın iki övladı var – 2013-cü ildə dünyaya gəlmiş oğulları Corc və ondan iki yaş kiçik olan qızları Şarlotta.

Keytlə Uilyam artıq çoxdandır ki, ingilis krallığının dəbdən düşmüş ənənələrilə hesablaşmayan qiyamçılar kimi tanınır. Övladlarının tərbiyə məsələsində də özləri bildiyi kimi davranırlar. “Puritan kral protokolunu” təqib etmək niyyətində olmayan ər-arvad övladlarına xoşbəxt uşaqlıq təmin etməkdə və onları ən adi uşaqlar kimi böyütməkdə israrlıdırlar.

Ailə dəyərləri

Adətən, kral uşaqları kifayət qədər təmkinli və ciddi üsuli-tərzdə, aşırı sevgi və həssaslıq nümayiş edilmədən tərbiyə olunur. Keytlə Uilyamın ailsəində isə vəziyyət tamamilə fərqlidir – onların valideyn sevgisində bəslənən uşaqlarına öz duyğularını, emosialarını ifadə etmək qadağan olunmur.

Keytlə Uilyam uşaqları ilə mümkün qədər çox vaxt keçirməyə çalışırlar. Anasını erkən çağlarından itirən Uilyam uşaq üçün ailənin nə demək olduğunu yaxşı başa düşür.

Corc atası ilə söhbət etməyi çox sevir, anasının hər hərəkətini təkrar edən Şarlotta isə onun yanından əl çəkmir.

Ailənin gündəlik həyatı

Bu ailənin həyat tərzi heç də məzmunsuz deyil. Uilyam gündüzlər işə gedir – o, təcili tibbi xidmətinin aviasiyasında çalışır və uşaqlar artıq atalarının işlədiyini bilirlər. Keytin də qayğıları kifayət qədərdir – o, ailəsinin yeməyini özü hazırlayır, uşaqları çimizdirir, onları gəzintiyə çıxarır. Evdə bir köməkçi dayələri olsa da, ona yalnız zərurət yarandığı halda müraciət olunur. Təbii ki, bu da kral ailəsi üçün adət olunmuş bir hal deyil.

Yuxarıda deyilənlər uşaqlara da aiddir. Balaca Corc adi uşaq bağçalarından birinə gedirdi və valideynləri onunla şahzadə Corc deyil, bütün digər uşaqlardan biri olan sadəcə Corc kimi rəftar olunmasını xahiş etmişdi. Corc orada hamı kimi qab yuyur, döşəmə süpürür, paltarlarını asmağı, qatlamağı, ayaqqabısının qaytanlarını bağlamağı öyrənirdi.

Başqalarının əməyinə hörmət

Bu ailədə uşaqlar erkən yaşdan başqalarının əməyinə hörmətlə yanaşmağa öyrədilir. Bəzən onlar masa arxasında dəcəllik edir, hansısa yeməyi istəməyəndə, onu masaya və ya yerə atırlar. Belə hallarda onlar güzəşt edilmədən masa arxasından uzaqlaşdırılır və həmin gün ala biləcəkləri bircə stəkan süd olur.

Bundan əlavə, onlar dağıtdıqları hər şeyi yığışdırmaq məcburiyyətində qalır və bu təkidində Keyt qətiyyətlidir. Ona görə də uşaqlar analarının hazırladığı yeməkdən imtina etməməyə çalışırlar. Lakin bu, heç də onların hər gün yulaf sıyığı yedikləri anlamına gəlmir, hərdən valideynləri onları faydalı olmayan yüngül qəlyanaltı və ya şirniyyatlarla da əzizləyir.

Uşaq oyuncaqları

Müasir dövrdə dəbdə olan qadjetlər isə bu uşaqlardan uzaqdır. Ketrin qadjetlərin heç də oyun üçün deyil, təhsil və ya iş üçün nəzərdə tutulduğunu hesab edir. Uşaqlar üçün valideynlərinin uşaqlıqda oynatdıqları kimi top, maşınlar, kuklalar, yumşaq heyvanlar və s. bu kimi kifayət qədər sadə oyuncaqlar alınır və uşaqlar o oyuncaqları sevirlər.

Televizorda uşaqların yalnız əksəriyyətinin ingilis istehsalı olan və şübhəsiz ki, o qədər də uzun olmayan cizgi filmləri seyr etməsinə icazə verilir. Evdə uşaqlar atılıb-düşür, dəcəllik edir və buna görə qətiyyən danlanmırlar. “Hələ bir yerlərini zədələməyiblər, amma daim buna çalışırlar. Corc ora-bura qaçır, rastına çıxan ev əşyalarını itələyir, evin içində atılıb-düşür”, – Uilyam uşaqların bir zaman təmkinli hərəkət davranacaqlarına ümid bəsləyir.

Küçədə gəzinti

Lakin havadan asılı olmayaraq, uşaqlar ən çox küçədə gəzməyi sevirlər. Orada onlar, bütün uşaqlar kimi velosiped sürür, poninin belindən yıxılır, ağıllarına gələn yerlərə dırmaşır, çəmənlikdə uzanır, gölməçələrə tullanırlar…

Uşaq dəcəllikləri

Uşaqlarının nə isə tələb edərkən çığırıb-bağırması, ayaqlarını yerə vurması, bəzən hətta yerə uzanıb ağlaması, çətin ki, hansısa valideynin ürəyincə olar. Corcla Şarlotta da müstəsna hal deyil. Lakin Keytin bu kimi hallarda ağlayan uşağın fikrini yayındırmaq və sakitləşdirmək üçün sınaqdan keçmiş üsulları var. O, şapalaq və ya uşağı küncə qoymaq kimi ənənəvi “cəzalardan” yararlanmır. Belə ki, ağlamaq əlaməti yaranan kimi, Keyt dərhal uca səslə sevilən mahnılardan oxumağa başlayır, uşaq qeyri-ixtiyari sürətdə diqqətini anasının səsinə yönəldir və isterikasının kimsəni maraqlandırmadığını görüb sakitləşir. Bəzi hallarda söhbətin digər, daha maraqlı mövzuya keçirilməsi də işə yarayır.

İctimai yerlərdə davranış

Evdə uşaqlara çox şeyə icazə verilib, dəcəllikləri bağışlanılsa da, ictimai yerlərdə, camaat yanında bunun qarşısı ciddi şəkildə alınır. Belə ki, hər camaat içinə çıxmazdan öncə Keyt onlara özlərini pis aparacaqları təqdirdə dərhal evə qayıdacaqlarını xatırladır və bir neçə dəfə sözünün üstündə duraraq, məcburi sürətdə Corcu ağlaya-ağlaya evə qaytarıb.

Cütlük artıq, protokolun tələb etdiyi kimi, övladlarını özləri ilə müxtəlif mərasim və bayram şənliklərinə aparır. Təbii ki, uşaqlar əksər hallarda belə yerlərdə darıxır və bir müddətdən sonra dəcəllik etməyə başlayırlar. Valideynləri buna anlayışla yanaşır və belə hallarda uşaqlarını danlamaqdan daha çox, diqqətlərini yayındırmağa və ya başlarını qataraq sakitləşdirməyə çalışırlar.

Şarlotta xarakterini göstərir

Camaat qarşısında ilk, kiçik də olsa, ifa baxımından parlaq isterikasını Şarlotta Qamburq aeroportunda, helikopter nərdivanının yanında nümayiş etdirib. Balaca şahzadə öz ədasını ağlayıb, ayaqlarını yerə vurmaqla və yekun olaraq yerə yıxılmaqla nümayiş etdirirdi. Lakin valideynlər vəziyyətdən çıxmağı bacarıblar.

Məntiqli sərfiyyat

Hersoginyanın cəmiyyət arasında təkrar-təkrar eyni qiyafətdə görünməsi dəfələrlə qeydə alınıb və müzakirə olunub. Uşaqlarına dair də eyni şəkildə davranmaqla, onların paltarlarını yox, özlərini tanıtdırmağa üstünlük verir. Onların paltarlarını özü seçir və israfçılığa yol vermədən, kifayət qədər sadə geyindirir.

Şahzadə Corc artıq bir neçə ildir ki, cəmiyyət arasında göy rəngli kardiqan-pencəklər və ya sviterlərdə, göy və ya tünd qırmızı rəngli şortlarda görünür.

Şarlottanın da geyim üslubu kifayət qədər sadədir – açıq mavi və ya çəhrayı rəngli, üzərində gül bəzəkli don və kardiqanlar.

Təhsil

Özləri təhsilli insanlar olan Keytlə Uilyam, təbii ki, uşaqlarını da savadlı böyütməyi planlaşdırırlar. Vaxtilə onlarla öz ana dilində danışan ispan dayələri olduğu üçün, uşaqlar artıq ispan dilində kifayət qədər rahat danışırlar. İndi növbədə fransız dilidir.

Bu il dörd yaşı tamam olan Corc məktəbə getdi. Keytin təkidi ilə onu kral ailəsinin bütün yetişdirmələrinin təhsil aldığı “Weatherby school” məktəbinə qoymadılar. Uilyamla qardaşı Harri də həmin məktəbi bitiriblər.

Beləliklə, Keyt oğlunun 4-13 yaş arası adi əhalidən olan 560 nəfər uşağın təhsil aldığı “Thomas’s School” məktəbində təhsil almasını məsləhət bildi.

Məktəbə getdiyi ilk gün gözlərini qamaşdıran çoxsaylı fotokameraları xatırlayan Uilyam həyat yoldaşının seçimini dəstəklədi. Təbii ki, qayınana kraliça Yelizaveta onların bu qərarını bəyənməmişdi.

Odur ki, uşaqların təhsil-tərbiyə məsələsində Keytlə Uilyam bütövlüklə özlərinə güvənir.

Mənbə: qadin.net