Azərbaycanda uşaq bağçasını necə açmaq olar? – ARAŞDIRMA

Uşaq bağçası biznesi Azərbaycanda çoxluğun maraqlandığı investisiya sahəsidir. Bu gün gündəlik həyatında hər on nəfərin azı beşi “Uşaq bağçasını necə açmaq olar?”, “Lisenziya üçün nə qədər rüsum tələb olunur?”, “Bu yöndə biznes-planı haradan əldə etmək olar?” kimi suallarla rastlaşmamış deyil.

Mövzuya aydınlıq gətirmək üçün kiçik bir araşdırmaq apardıq. Məlum oldu ki, məktəbəqədər təhsil müəssisələrinin sayının artırılmasını təmin etmək məqsədilə dövlət, doğrudan da, sahibkarlar üçün investisiya qoyuluşu prosedurlarını asanlaşdırıb.

Nəticədə, bu sahəyə maraq artıb. Hətta o qədər ki, bazarda bunu ailə, qohum biznesinə çevirənlər də var.

Belə ki, binaların birinci mərtəbəsində 50-60 kvadratmetrlik ərazini, yaxud da fərdi evi kirayələyib, qohumlardan, dost-tanışlardan ibarət işçi heyəti toplayıb, uşaq bağçası açanların sayı az deyil.

Bir sözlə, vaxtilə şadlıq evi biznesi nə dərəcədə aktual və dəbdə idisə, hazırda seçim uşaq bağçaları üzərindədir.

Sektora marağın artdığını rəsmi statistik rəqəmlər də göstərir. Konkret olaraq, 2009-2010-cu tədris ilində Təhsil Nazirliyi tərəfindən cəmi dörd məktəbəqədər təhsil müəssisəsinə lisenziya verilmişdisə, 2011-ci ildə 21 sahibkar bu fəaliyyət üçün icazə alıb.

2011-2012-ci ildə isə daha 11, 2012-2013-cü ildə 6, 2013-2014-cü ildə 12, 2014-2015-ci ildə 17, 2015-2016-cı ildə 3 uşaq bağçası və məktəbəqədər tərbiyə müəssisəsinin fəaliyyətinə  lisenziya verilib.

Bununla belə, hazırda Azərbaycanda uşaqların məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi aşağıdır. Belə ki, 1-5 yaşlı uşaqların cəmi 14 faizi məktəbəqədər təhsil müəssisəsinə gedə bilir.

Deməli, sektorda biznes fəaliyyəti üçün imkanlar hələ də genişdir.

Uşaq bağçası açmaq üçün nə lazımdır? 

Uşaq bağçası açmaq üçün ilk növbədə hansı addımı atmaq lazımdır?

2016-cı ildə Azərbaycan prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr tarixli, 650 nömrəli fərmanı ilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə xüsusi razılıq (lisenziya) verilməsi aidiyyəti dövlət orqanlarının rəyini almaqla, İqtisadiyyat Nazirliyinə həvalə edilib.

Həmin fərmanla təsdiq edilən “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” məktəbəqədər təhsil müəssisələri üçün 1250 manat təsdiqlənib. Bundan əvvəl həmin qiymət 2500 manat idi.

O ki qaldı lisenziyaların alınması üçün tələb olunan sənədlərə, icazələrin elektron informasiya portalına əsasən, məktəbəqədər təhsil müəssisəsi açmaq üçün müvafiq formada ərizə tələb edilir.

Eləcə də, sahibkara məxsus dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti, obyektlərdən hər biri üçün istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsaslar) təsdiq edən sənədin surəti, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əlavə şərtləri əks etdirən sənədlər (təhsil müəssisəsinin pedaqoji, elmi-pedaqoji işçiləri haqqında məlumat; maddi-texniki baza və təlim-tərbiyə prosesinin təminatı haqqında ətraflı məlumat), dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin təqdim olunması istənilir.

Yuxarıda qeyd olunanlara əsaslansaq, məktəbəqədər təhsil müəssisəsi yaratmaq su içmək kimi asan bir prosesdir. Amma bu, aysberqin görünən tərəfidir.

Təhsil eksperti Kamran Əsədov Oxu.Az-a açıqlamasında bildirdi ki, məktəbəqədər təhsil müəssisələri vergidən azaddırlar:

“Azərbaycanda bir neçə sahə var ki, sahibkarlıq subyektləri lisenziya aldıqları zaman vergidən azad edilirlər. Onlardan biri də uşaq bağçalarıdır. Sadəcə, lisenziyalaşma prosesi çətin olduğundan, bu sahədə subyektlərin ortaya keyfiyyətli iş qoymaları xərc tələb etdiyindən uşaq bağçası biznesi populyarlaşmayıb.

Bu gün ölkədə dövlət uşaq bağçalarının sayı ümumi uşaqların 25 faizini əhatə edir. Azərbaycanda 1600 dövlət bağçası var. Lisenziya almış özəl uşaq bağçalarının sayı isə 90-dır”.

Lisenziyaların verilməsində Təhsil Nazirliyinin rəyi mühümdür

Ekspert deyir ki, Təhsil Nazirliyindən lisenziya almış uşaq bağçaları ilə yanaşı, Vergilər Nazirliyindən qeydiyyatdan keçməklə (sadələşdirilmiş vergi ödəyicisi, yaxud məhdud məsuliyyətli cəmiyyət kimi) fəaliyyət göstərən uşaq bağçaları da var:

“Qeyd etdiyim sadələşdirilmiş vergi ödəyicisi, yaxud məhdud məsuliyyətli cəmiyyət kimi fəaliyyət göstərən uşaq bağçaları üçün hər hansı sənədləşmə prosesinə ehtiyac yoxdur.

Azərbaycanda hətta xaricilər də gəlib uşaq bağçası aça bilərlər. Yəni dünyada elə bir ölkə yoxdur ki, bu istiqamətdə prosedurlar Azərbaycandakı kimi asan olsun”.

K.Əsədovun sözlərinə görə, ölkədə biznes mühiti üçün geniş şərait yaradılan sahələrdən birincisi məktəbəqədər təhsil müəssəsidir:

“İstənilən vətəndaş standartlara cavab verən obyekti icarəyə götürüb, vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə uşaq bağçası yarada bilər”.

Ekspert hesab edir ki, bu biznesin geniş yayılmamasının daha bir səbəbi kadr problemidir:

“Təkcə parta qoyub, uşaqları bir yerə yığmaqla xidmət göstərmək olmur”.

K.Əsədov deyir ki, lisenziyaların verilməsində Təhsil Nazirliyinin rəyi mühümdür:

“Vergi ödəyicisi kimi lisenziyaların verilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib. Nazirlik “ASAN xidmət”lə bərabər bu xidməti reallaşdırır. Lisenziyanın verilməsinəqədərki prosesə Təhsil Nazirliyi tərəfindən baxılır.

Lisenziya almaq üçün Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Şöbəsinin rəyi vacibdir. Sahibkarın müraciətindən sonra nazirliyin xüsusi komissiyası hər bir detalı araşdırır. Şöbə müsbət rəy verməzsə, sahibkar İqtisadiyyat Nazirliyindən lisenziya ala bilməyəcək”.

Biznesə başlamaq üçün sahibkarın ilkin xərcləri 

Bəs 1-5 yaşlı uşaqlar üçün uşaq bağçası açmaq üçün sahibkarın ilkin kapital xərcləri nə qədər təşkil etməlidir?

Suala aydınlıq gətirən “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin qurucusu, təhsil menecmenti üzrə ekspert Rasif Dünyamalıyev deyir ki, ilkin kapital müəssisənin seqmenti ilə əlaqəlidir:

“Əgər  vətəndaş orta, yuxarı seqment, yaxud “low cost” bir bağça açırsa, bunların ilkin kapitalı da fərqli olacaq. Çünki hər gəlir səviyyəsinə uyğun valideynlərin görmək istədikləri fərqli şeylər var.

Üç istiqamət üzrə investisiya edilir. Təmir istiqaməti üzrə sıfır quru divardan təmirə başlanılarsa, 150 000 AZN, təczihat hissəsinə 100 000 AZN,  ümumi biznes prosesinin qurulması və marketinq fəaliyyətlərinə isə əlavə 30 000 AZN investisiya qoyuluşu tələb olunur”.

Mütəxəssis hesab edir ki, ilk başdan lisenziyanın şərtlərinə uyğun müəssisə qurulmalıdır. Bunu isə biznesə başlamaq istəyən şəxs ya professional şirkətə həvalə etməli, ya da normativləri əldə edib, ciddi şəkildə oxuyaraq tətbiq etməlidir:

“Əks təqdirdə, müəssisəyə baxış zamanı biznesə başlayan şəxs problemlərlə qarşılaşacaq. Hətta yenidən təmir, söküntü işlərinə ehtiyac yaranacaq.

Əvvəla, uşaq bağçası qeydiyyatdan keçməlidir. Qeydiyyatı təhsil müəssisələrinin qeydiyyat bölməsi aparır. Bunun üçün təhsil sahəsi üzrə İcra Hakimiyyətinin, yəni Təhsil Nazirliyinin rəyinə ehtiyac var.

Digər tərəfdən, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş nizamnamə forması var, ona uyğun hər bir müəssisə özünün nizamnaməsini hazırlamalıdır. Rəy üçün həmin nizamnamə Təhsil Nazirliyinə göndərilməlidir.

Nizamnaməyə müsbət rəy verildikdən sonra Vergilər Nazirliyinə müraciət olunmalıdır. Vergilər Nazirliyi üç gün müddətində həmin qeydiyyatı həyata keçirir və şəhadətnaməni müəssisəyə təqdim edir. Bundan sonra artıq müəssisə hüquqi şəxs statusu qazanır və təmir, təchizat işləri də həyata keçirildikdən sonra lisenziyaya müraciət edə bilir.

Onu demək lazımdır ki, lisenziya olmadan bağçaların fəaliyyətə başlanması Azərbaycan qanunvericiliyinə görə qadağandır. Lisenziyaya müraciət etmək 5 nömrəli “ASAN Xidmət” mərkəzində həyata keçirilir. Lisenziya verən orqan İqtisadiyyat Nazirliyidir. Uşaq bağçaları üçün lisenziyaya rəy bildirən orqan isə Təhsil Nazirliyidir”.

R. Dünyamalıyev uşaq bağçası yaradıb sektora daxil olmağın müddətini də açıqladı. Onun sözlərinə görə, altı ay ərzində mükəmməl uşaq bağçası qurmaq mümkündür.

“Standart bağçanın təmir işlərinə üç ay vaxt tələb olunur. Bu müddət ərzində 900-1000 kvadrat sahənin təmiri həyata keçirilə bilir. Təczihat hissəsinə iki ay müddət tələb olunur, biznes proseslərinin qurulması isə digər işlərlə paralel olaraq gedə bilər.

Bunlara isə ümumilikdə aytı ay müddət kifayət edir. Altı ay ərzində mükəmməl uşaq bağçası qurmaq mümkündür. Bizim iki, altı ay, bir il müddətinə də qurduğumuz uşaq bağçası var. Əlbəttə ki, burada seqment, investisiya səviyyəsi çox önəmli məsələlərdir. Ona görə də sahibkar necə bağça açmaq istədiyini əvvəlcədən dəqiqləşdirməlidir”.

Ekspert deyir ki, ümumiyyətlə, bağça, təhsil müəssisəsi açmaq və onu idarə etmək məsuliyyət tələb edən sahədir. Çünki burada uşaqdan, gələcəyimizdən, uşaqların sağlamlığından, təhlükəsizliyindən, inkişafından söhbət gedir:

“Ona görə də bu məsələyə ciddi yanaşmaq, təmir zamanı hər seçilən materialı, alınan hər əşyanı ciddi şəkildə analiz etmək lazımdır. Məsələnin ən çətin tərəfi isə biznes prosesinin qurulması, pedoqoji heyətin toplanmasıdır.

Çünki hazırda Azərbaycanda uşaq bağçaları üçün peşəkar, savadlı pedoqoji heyət tapmaq çox çətindir və çətinləşməkdə davam edir.

Pedoqoji sahəni bitirənlərin əksəriyyəti bu sahədə çalışmaq istəmirlər. Ona görə də biz müəllimlərin toplanması prosesində çətinlik çəkirik. Rəhbər tapmaq, rəhbəri hazırlamaq, iş prinsipini qurmaq çox çətin prosesdir”.

Biznesə başlayan sahibkarın diqqət etməli olduğu normativlərə gəlincə, Rasif Dünyamalıyev bildirir ki, normativlərə, əsasən, hər yaş qrupunun tədris, yataq otağı və sanitar qovşağının olması daxildir:

“Bu, hər yaş qrupuna aiddir. Hər bir sahibkar diqqət etməlidir ki, mütləq şəkildə əgər beş müxtəlif yaş qrupu varsa, beş sanitar qovşağı, beş tədris otağı, beş yataq otağı olsun.

Digər məsələ qidalanma bloku ilə bağlıdır. Sizin mətbəxiniz varsa, həmin mətbəxin içərisində qida anbarı, çirkli qabların yuyulması sahəsi, qidanın hazırlanması üçün sahə olmalıdır. Əgər bunlardan hansısa biri yoxdursa, o zaman problem yaşanır. Yəni bu, lisenziyanın şərtlərinin pozulması hesab olunur.

Digər məsələlərdən biri həyətyanı sahə ilə bağlıdır. Həyətyanı sahələri Bakı ərazisində tapmaq getdikcə çətinləşir. Amma bağça quran adam bunu nəzərə almalıdır ki, bu, əsas normativ göstəricilərindən biridir. Həmin həyətyanı sahədə günəşlik, qumluq sahə və yaşıllıq, oyun meydançası olmalıdır”.

Bağçaların aylıq ödənişləri və yatırılan xərclərin geri götürülməsi

Həmsöhbətimizin sözlərinə görə, aylıq ödənişlər investisiya əsasında formalaşır və investisiya səviyyəsi, həddi sahibkarın o müəssisədən gözləntisini yaradır:

“Sahibkar beş il müddətində o investisiyanı geri qaytarmaq istəyəcək. Bu da aylıq ödənişlərin həddini müəyyən edir. Bundan əlavə, xərclər də aylıq ödənişə təsir edən əsas amillərdəndir.

Xərclər isə bunlardır: təsərrüfat, qidalanma, rabitə, dəftərxana, kommunal, təmir, sağlamlıq, nəqliyyat, tanıtım və bu kimi digər xərclər.

100 nəfərlik uşaq bağçasını idarə etmək üçün 10 min manatlıq əməkhaqqı büdcəsinə ehtiyac var. Bunların üzərinə vergi və rüsumları əlavə etsək, bu da əlavə üç min manat ödəniş deməkdir. Bunları ümumiləşdirib toplasaq, təxmini 20 minlik xərc yaranır.

Burada sahibkarın mənfəəti yoxdur. Ona görə də sahibkar yatırdığı ilk kapitalı geri qaytarmaq üçün aylıq ödənişi formalaşdırır.

Biz artıq çoxillik təcrübəmizə əsaslanaraq, aylıq ödənişlərin sadə üsulla təyini üzrə strategiyalar hazırlamışıq. Bu strategiyaları istənilən seqmentə uyğun yeni bağçada tətbiq etmək mümkündür”.

Uşaq bağçaları ilə bağlı biznes-planlar 

Qeyd edək ki, bəzi şirkətlər bu xidməti göstərirlər. Biznes-planın dəyəri sahibkarın görəcəyi işin kiçikliyi və böyüklüyünə görə dəyişir. Biznes-planlar əksər zamanlarda sifariş edilir. Bəzi hallarda isə satışa çıxarılır. Məsələn, “Lalafo”da uşaq bağçası ilə bağlı biznes-plan elanı yerləşdirilib. Layihənin qiymət 15 min manat təşkil edir.

Leyla Əliyeva
www.oxu.az

Uşağınıza tərəvəzləri sevdirin

Övladlarınıza tərəvəzləri belə sevdirə bilərsiniz:

1. Tərvəzləri bişirmə üsulunuzu dəyişdirin.

Qaynadılmış tərəvəzlər vitamin və minerallarını itirdikləri kimi dadlarını da itirirlər. Bunun yerinə tərəvəzləri sobada və ya buxarda bişirin. Xüsusilə, tərəvəz sevməyən uşaqlar, sobada bişmiş, üstü xırçıldayan, içi yumşaq tərəvəzləri sevəcək.

2. Ədviyyatlardan qaçmayın.

2 yaşından böyük uşaqlara bir çox ədviyyatı rahatlıqla verə bilərsiniz. Tərəvəzlərə əlavə edəcəyiniz bir az adi cirə kimi ədviyyatlar, sadə tərəvəz dadını sevməyən uşağınıza çox çəkici gələ bilər.

3. Souslar və pürelər.

Uşağınıza tərəvəzləri sevdirmək üçün souslarla təqdim etməyi yoxlayın. Buxarda bişirilmiş brokolinin üzərinə gəzdirilmiş bir pendir sousu, uşağınıza çox ləzzətli gələcək. Eyni şəkildə, uşağınıza çiy kök, xiyar, kərəviz sapı kimi tərəvəzləri də təqdim edə bilərsiniz. Uşağınızın kartof püresi kimi sevdiyi pürelərə bir az brokoli və ya brüsel kələmi qatmaq, onlara bu qidaların dadını çox təzyiq yaratmadan sevdirəcək, irəlidə bu cür qidaları yeməyə hazırlayacaq.

4. Alış-verişə uşağınızı da aparın.

Uşağınız haradan gəldiyini gördüyü və seçim müddətində tapdığı qidaları yeməyə çox daha istəkli olacaq. Ondan xoşu gələn tərəvəzləri göstərməsini istəyin və göstərdiyi tərəvəzlərdən ona yemək hazırlayın.

Mənbə: qadin.net

 

Vakansiya: Pedoqoq

“Bağçam” uşaq bağçaları şəbəkəsi yeni tədris ili üçün aşağıdakı vakansiyalar üzrə işçi qəbulu elan edir:

  • Psixoloq
  • Müştəri təmsilçisi
  • Tərbiyəçi
  • Tərbiyəçi köməkçisi
  • Dayə

Tələb: Müraciət edən şəxsin rus dilli olması mütləqdir.

Arzu edən şəxslər öz CV-lərini karyera@bagcam.az ünvanına göndərə bilər.

Ətraflı məlumat üçün 0552607471 nömrəsi ilə əlaqə saxlayın.

Uşağın inkişafı üçün bunlar vacibdir

Uşaqlara bəzi vərdişlər kiçik yaşlarından öyrədilməlidir. Əks təqdirdə bunları öyrənmək gələcəkdə onlar üçün daha çətin hala gələ bilər.
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, psixoloq Günay Babazadənin sözlərinə görə, valideynlər körpəlik dövründə (1-3 yaş) uşaqlara bəzi vərdişlərin öyrədilməsi zamanı diqqətli olmalıdırlar:
“Bu dövrdə əmzik, pampers tərgidilməlidir. Nitq inkişafı başlamalıdır. Bunun sayəsində dil xəritəsi əmələ gələcək. Uşaq əvvəlcə sözlər, daha sonra cümlə tələffüz edir. Azyaşlı bədən üzvlərini tanımalıdır. Uşağa təlimatlar verib, nəzarət etmək lazımdır”.
Mütəxəssis uşağa əşyaların adlarını öyrətməyin vacib olduğunu qeyd edib:
“Onlara əlavə ad qoymaq olmaz. Körpənin söz bazasının düzgün inkişafı üçün bu, əsasdır”.
Psixoloq körpənin dağıtdığı əşyalarını valideynlərin toplamasının düzgün olmadığını, bu işi birlikdə etməyin onların inkişafı üçün əsas şərt olduğunu dilə gətirib.
“Uşaq dağıtdığı əşyaları yerinə qoymalıdır. Həmçinin nağıl terapiyası aparmaq bu yaş dövrünə uyğundur.
Güvəcdə otura bilmə bacarıqları formalaşmalıdır”,- deyə G. Babazadə vurğulayıb.

Ayaqyalın gəzmək beyin inkişafı üçün faydalıdır

“Ayaqqabılar, bədənimizin sinir sistemi baxımından ən zəngin hissəsindən birinin, çevrəmizdən beyinlərimizə önəmli mesajlar göndərməsini və bu səbəblə beyin inkişafını əngəlləyir”.

Bu sözləri şiroteropiya mütəxəssisi və Beynəlxalq Şiroterapiya Pediatrları Dərnəyinin üzvü Kacie Flegal deyir.

Uşaqlar, ətraflarından aldıqları geridönüşləri beyinlərinə göndərmək və sinir yolları yaratmaq üçün 5 əsas duyğu orqanından istifadə edirlər: Toxunma, dadma, görmə, eşitmə və qoxlama.

Ancaq haqqından az danışılan iki duyğu sistemimiz də var:

Proprioseptiv və vestibular sistem

Proprioseptiv, bədənimizin kosmosdakı hərəkətini və mövqeyini qəbul etməmizi təmin edərkən, vestibular sistem tarazlıq və koordinasiyadan cavabdehdir.

“Bu hissiyyat orqanlarının hər ikisinin də inkişafı, böyük ölçüdə yalın ayaqla qəbul etdiyimiz duyğusal girişlərə əsaslanır. Xüsusilə körpəlik və uşaqlıq illərində”, deyə Doktor Flegal əlavə edir.

“Valideynlər adətən uşaqları gəzməyə başladığı andan etibarən, hətta yeriməmişdən də əvvəl ayaqlarına ayaqqabı geyindirir. Belə edərək proprioseptivlərin xəbərdar edilməsinə mane olur, uşaqların hərəkətlərini qısıtlayır və tarazlıq və koordinasiyalarını pozurlar. Çünki ayaqlardakı kiçik əzələlər və oynaqlar, dəyişən yerə uyğunlaşa bilmirlər”.

Əlbəttə uşaqlarımızın ayaqlarını ağır və sərt mühitlərdən qorumağı istəyərik. Ancaq Doktor Flegal uşaqların çəmən, torpaq, qum ya da sulu yarpaqlar kimi təbii ərazilərdə mümkün olduğu qədər yalın ayaqla qaçmalarına icazə verməyimizi söyləyir.

Mənbə: egitimpedia.com

 

Uşaqlarla izdihamlı yerlərə gedənlər üçün tövsiyələr

Yayda əksər valideynlər uşaqlarını park, festival, konsert kimi geniş kütlənin olduğu açıq hava tədbirlərinə aparırlar.

Amerikanın Kaliforniya ştatındakı polis mərkəzi bu cür izdihamlı tədbirlərdə uşaqlarıyla ayrı qalmağa hazır olan valideynlər üçün bir neçə tövsiyələr verib.

Facebookda azyaşlı uşağı olan ailələr üçün paylaşılan tövsiyələr bunlardır:

“Uşağınızı geniş bir tədbirə, parka və ya sıxlıq, hərəkətli bir yerə aparırsınız? Bir-birinizdən ayrıldığınız təqdirdə telefon nömrənizi övladınızın biləyinə yazın və üzərinə rəngsiz kağız bağlayın. Tədbirdən öncə övladınızın şəklini çəkin, beləliklə uşağınızın həmin gün nə geyindiyinin və saç formasının görüntüsü əlinizdə olacaq”.

Clovis Polis Mərkəzi bu təklifi sosial şəbəkələrdən bir neçə dəfə paylaşıb.

Əlbəttə ən pis ehtimalı heç bir valideyn düşünmək istəməz. Ancaq yenə də uşaqlarla izdihamlı yerlərə getmək fikrinin valideynlər arasında əks-səda yaratdığını görmək mümkündür. Əlbəttə bu cür tədbirlər almaq, ailələrin diqqəti əldən buraxmamaları mənasına gəlmir.

Mənbə: egitimpedia.com

Uşağın çəkisi niyə artmır?

Çəki artımının zəif olmasının 3 qrup səbəbi olur. Birinci qrup səbəblər – qeyri-adekvat, balanslaşdırılmamış qidalanma.

Ana südü ilə qidalanan uşaqlara ananın südü, sadəcə olaraq azlıq edə, yəni ananın südü uşağa tələb olunan miqdardan az ola bilər. Ana südünün çatmadığı aşkar edildiyi hallarda uşağa əlavə qida (ana südünü əvəz edən adaptasiya olunmuş qida qarışığı) verilməlidir.

İkinci qrup səbəblər – qidanın mədə-bağırsaq sistemi tərəfindən pis mənimsənilməsi.

Bu zaman qidalanma düzgün və miqdar etibarı ilə kifayət qədər olsa da bağırsaqda olan problemlər səbəbindən (laktaz çatışmazlığı, seliakiya və s.) qəbul edilən qidalar pis mənimsənilir. Əgər çəki artımının az olmasının səbəbi bağırsaq olarsa, bu, nəcis ifrazının pozulması (əksər hallarda nəcis duru, köpüklü, kütləsi çox və pis həzm olunmuş olur) və qarında olan ağrılarla müşayiət olunur.

Üçüncü qrup səbəblər – maddələr mübadiləsinin pozulması səbəb ola bilər

Pediatr Dr. Günay Rəsulova

Azyaşlı uşaqlara bal verməyin

Pediatrlar 1 yaşına kimi olan uşaqlara bal verməyi tövsiyə etmirlər.
 
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, buna səbəb balda Clostridium botulinum bakteriyasının mövcud ola biləcəyidir. Bu bakteriya botulizmin inkişafına səbəb ola bilər. Çox ağır xəstəlik olan botulizm nəfəsalmanın çətinləşməsi, iflic və hətta ölümə gətirib çıxarda bilər.
Daha böyük yaşda uşaqların və böyüklərin orqanizminə düşən sporlar orqanizm tərəfindən zərərsizləşdirilir və onların sonrakı inkişafının qarşısı alınır. Lakin 1 yaşına qədər olan uşaqların immun sistemi hələ çox zəif olur ki, onların orqanizminə düşən sporlar inkişaf edə və çoxala bilər. Bu isə botulizmin inkişafına səbəb olacaq.

Bağça həyətləri üçün yaradıcı fikirlər

Təhsil müəssisənizin həyətində və ya oyun meydançasına tətbiq edə biləcəyiniz sadə, sərfəli və yaradıcı fikirlər dünyanın müxtəlif yerlərindən olan məktəb və bağçalardan tərtib edilib.

Bunların bəziləri çox sevilən klassik dizaynlar, bəziləri isə ilham verən olduqca yenilikçi fikirlərdir.

Amma hamısının ortaq nöqtəsi az büdcəli olmalarıyla yanaşı, təkcə bir az boya və xəyal gücünə ehtiyac duymasıdır. Əgər siz də məktəbinizdə və ya bağçanızda tənəffüs zamanının keyfiyyətini artırmaq istəyirsinizsə, bu fikirlərdən bəzilərini təhsil müəssisənizin həyətinə tətbiq edə bilərsiniz.

Niyə uşaqların sıxılmağından qorxuruq?

Can sıxıntısı marağın, yaradıcılığın və özünü kəşf etməyin xəbərçisidir.

Bəzi insanlar, dərsə getmək məcburiyyəti olmayan, uşaqların vaxtlarını istədikləri kimi dəyərləndirə bildikləri bir məktəb olduğunu eşitdiklərində bunun dünyanın ən asan məktəb olduğunu düşünürlər. Həyat çətindir və məktəb də elə olmalıdır, elə deyil?

Həqiqət budur ki, dünyanın ən yaxşı demokratik məktəblərindən olan Sudbury Məktəbləri olduqca çətindir. Şagirdlərə nə etmələri lazım olduğunu söyləmədiyimiz üçün, vaxtlarını necə keçirəcəklərinə özləri qərar vermək məcburiyyətində olurlar. Əksər vaxtlarda edəcək bir şey tapmayıb sıxılırlar. Bu məktəb daha da asan olan məktəbdən daha pis olmalıdır: Nə etmələri olduqlarına qərar verə bilmədikləri üçün canları sıxılan şagirdlərin olduğu çox çətin bir məktəb!

Can sıxıntısını daha yaxşı başa düşmək

Can sıxıntısı pis bir şey ola bilər. Maraqlı bir şey etmək məcburiyyətində qaldığınızda, sıxılarsınız. Xüsusilə də işi başınızdan atmadığınızda daha da qorxunc hiss olur bu.

Beyinlərimiz təşviq edilməyə ehtiyac duyur. Yəni maraqlı şeylər öyrənməyi və təcrübələri sevirik. Buna görə də “yavan” şeylər haqqında düşünməyə çətinlik çəkdiyimizdə özümüzdən çıxırıq. Bu cür can sıxıntısı – “məcburi can sıxıntısı” deyək buna – məcburi dərsləri və tapşırıqları olan ənənəvi məktəblərdə geniş yayılıb.

Ancaq başqa cür də can sıxıntısı var. İstədiyiniz hər hansı bir şeyi etməkdə sərbəst olub, amma nə etmək istədiyinizi bilmədiyinizdə yaşadığınız sıxıntı. Buna da “sərbəst can sıxıntısı” deyək.

The Open School-da ( “açıq məktəb” ) bir şagird, adi Lila olsun, musiqi alətləri ifa etməkdən məktəbdə öz dükanını işlətməyə və məktəb görüşlərini idarə etməyə qədər bir çox fəaliyyətlərlə məşğul olurdu. Zaman keçdikcə bu məşğuliyyətlərinə olan marağını itirdi və can sıxıntsından get-gedə daha çox şikayət etməyə başladı. “Edəcək heç bir şeyim yoxdur”, deyirdi. Edəcək əlbəttə çox şey var, dünya Lilanın ayaqları altındaydı. Riyaziyyat çalışa bilər ya da məqalələr yaza bilərdi, bir Youtube kanalı aça bilər, video oyunu dizayn edə bilər ya da daha əvvəl kimsənin etmədiyi, hətta ağlının ucundan belə keçirmədiyi bir şey edə bilərdi.

Lila, “sərbəst can sıxıntısı”ndan əziyyət çəkirdi. Bu haldaykən, normalda etdiyiniz şeylər o an üçün yavan görünür. Dostlarınız ya da ailəniz sizə təkliflər etsələr də hamısı eyni dərəcədə qulağınıza sıxıcı gəlir. Məcburi vəzifələriniz sizi məşğul edə bilər, ancaq can sıxıntısından xilas etməz; sadəcə “sərbəst can sıxıntısı”ndan “məcburi”yə çevirər.

İnsanlar bəzən məcburi can sıxıntısını sərbəst can sıxıntısından üstün tutarlar. Məcburiyyət onları sıxışdırsa da, ən azından günahı başqalarına ata bilirlər. Bunun sayəsində “Müəllimim mənə ilham verməliydi, amma elə olmadı, buna görə də kədərli olmağımın səbəbi müəllimimdir”, deyə bilərlər.

Mütəmadi məşğul olma “xəstəliyi”

Hər birimiz bənzərsizik və hamımızın bir-birindən fərqli maraq dairələri, bacarıqları, meylləri var. Nə edəcəyinizə qərar vermək ömür boyu davam edən və tək başınıza öhdəsindən gəlməli olduğunuz bir işdir. Kimsə sizin nəyin marağınızı çəkdiyini deyə bilməz. Kimsə bunu təxmin belə edə bilməz.

“Sərbəst can sıxıntı”sı pis bir şey deyil. Naxoş bir hissdir sadəcə, aclıq hiss kimi. Ancaq pis deyil. Aclıq kimi, sərbəst can sıxıntısı da bizi hərəkət etməyə yönləndirir. Bizi yeni şeylər yoxlamağa, yeni suallar verməyə və daha əvvəl düşünmədiyimiz mövzular haqqında düşünməyə məcbur edir. Maraq duyğusunu və yaradıcılığı təşviq edir.

Sudbury Məktəbləri boş binalardan ibarət deyil. Maraqlı şeylərlə, öz maraqları üçün çalışan müxtəlif insanlarla doludur. Kitablar, musiqi alətləri, kompüterlər var. Öz işləriylə məşğul  olan ya da məktəb komitəsinin işlərini aparan, ianə toplamaqdan pulun necə xərclənəcəyinə, kimin işə götürüləcəyindən məktəb qaydalarının müzakirəsinə qədər hər şeyi edən hər yaşdan insan var. Buradakı şagirdlər, ənənəvi bir məktəbdə hər hansı bir insanın edə biləcəyi hər şeyi və daha çoxunu edə bilərlər.

Bütün bu cəlbedici şeylərə baxmayaraq, uşaqların çox vaxt canı sıxılır. Edəcək bu qədər çox şey varsa niyə sıxılırlar? Öz maraq dairələrini hələ kəşf etmədikləri üçün.  21-ci əsrdə böyümənin ən böyük tələblərindən biridir bu və uşaqlarımızı bundan qorusaq, onlara yaxşılıq etmiş olmayacağıq.

Mənbə: egitimpedia.com