Həkimlərdən valideynlərə xəbərdarlıq

Hazırda dünyada azyaşlı uşaqlar arasında onkoloji xəstəliklərin sayı artmaqdadır. Uşaqlar üçün bədxassəli şişə yoluxmağın əsas mərhələsi 2-7 yaş arasıdır. Uşaqlar aktiv olduğundan, orqanizmdə gedən dəyişikliklərə özləri vaxtında diqqət yetirmədiyindən, analar simptomları bəzi digər xəstəliklərlə səhv saldığından çox zaman şiş böyük ölçüyə çatanda həkimlər bu xəstəliyin diaqnozunu qoya bilirlər.

Bəs uşaqlarda xərçəng əlamətlərini əvvəlcədən necə müəyyən etmək olar?

Bagcam.az Medicina.az-a istinadən valideynlərin diqqət yetirməli olduğu simptomları təqdim edir:

  • Uşağın bədənində səbəbsiz göyərmələr, qançırların yaranması: məsələn uşaq gecə yatır, səhər ayaqlarında, qollarında göy ləkələr əmələ gəlir;
  • Bədən və üzdə assimmetriyanın yaranması: bu o deməkdir ki, şiş böyüyür. Məsələn üzdə əyrilik, gözün birinin balaca, digərinin iri olması;
  • Temperaturun qrip olmadan qalxması-düşməsi;
  • Qəfil çəki itkisi, dərinin ağarması;
  • Kiçik cızıq və yaralarda belə güclü qanaxma;
  • Tez yorulma, həvəsin olmaması, iştahsızlıq;
  • Səhərlər yerindən qalxan kimi ürəkbulanma, qusma. Qusmadan sonra uşaq özünü yaxşı hiss edir, yeyir, məktəbə gedir. Bununla da valideyn çaşır;
  • Yerişin dəyişməsi, əyilməsi;
  • Görmənin zəifləməsi, gözlərdə qəfil çəplik;
  • Tez-tez baş ağrıları;
  • Yenidoğulmuş və körpələrdə başın ölçüsünün böyüməsi; Bu artıq şişin ölçüsünün 4-5 dəfə artması deməkdir.

Uşaqlar xərçəng müalicəsinə tez reaksiya verir, dözümlü olur və güclü mübarizə aparırlar. Əgər şiş 1 sm olanda tapılsa, onların yaşama şansı qat-qat artır. Uşaqlarda xərçəngin gec diaqnoz olunmasında birinci səbəbkar valideynlər, ikincisi isə sahə pediatrlarıdır. Uşağı azı 2-3 aydan bir tam, dəqiq müayinələrdən keçirmək lazımdır.

Erkən yaşda uşaqları oxumağa məcbur etmək

Dünyanın bəzi ölkələrində (xüsusən, Amerikada) bir inanc var: hələ ibtidai sinifdən uşaqlara oxumağı, yazmağı, hecalamağı öyrətməyə başlasaq, həyata yaşıdlarından bir addım öndə başlayarlar. Uşaqlarımızı erkən yaşda oxumağa məcbur etməyin onları daha uğurlu edəcəyini düşünürük.

Amma işlər bu cür irəliləmir, hətta bu, uşaqlar üçün zərərli belə ola bilər.

Niyə?

Uşaqların oxumaq, yazmaq və hecalamağa yönəldilmiş nevroloji yolları erkən yaşlarda yaranmır. Yəni bunun üçün lazım olan bazaya sahib deyillər. Uşaq inkişafında nələrisə gözardı etmək, qısa yoldan və ya tez-bazar həll etmək olmaz. Bunların heç biri işə yaramır.

3-7 yaş arasında, əsasən, beynin sağ tərəfi inkişaf edir. Beynin sağ tərəfi sözləri oxumağın reallaşdığı yer deyil. Sağ tərəf şəkilləri görür və bir hekayəni anlamaq, beynimizdəki “film”i yaratmaq üçün zehni görüntüləri istifadə edir. Beynin sol tərəfi isə kəlmələri oxuduğumuz yerdir və kəlmələri hərflərinə görə kodlamağımıza və fonetik olaraq səsləndirməyimizə kömək edir. Doğru kəlmə oxumaq forması budur.

Uşaqları oxumağa məcbur etdikdə onlara sözləri səsləndirməkdənsə, kəlmələrin nəyə bənzədiyini əzbərlətməyə çalışırıq. Bu, doğru oxumaq üsulu deyil. Həm də uşaqlar sözlərin formaca nəyə oxşadığını əzbərləməyə fokuslandıqlarında, beyinlərindəki “filmi” yaratmaq üçün sağ beyinlərini istifadə etmirlər. Bu da onlara oxuduqlarını qavramada çətinlik yaradır.

Xahiş edirəm, məni səhv başa düşməyin, yaxşı oxucu olmağın və oxumağa çox vaxt ayırmağın önəmli olduğunu mən də düşünürəm. Oxumaq bacarığı, çox böyük ehtimalla, cəmiyyətimizdə öyrənilən ən önəmli bacarıqdır, amma oxumağı öyrənməyə gedən yol, ümumi nəticənin əksinə, daha fərqli bir yoldur. Uşaqları oxumağa nə qədər erkən başlamağa məcbur etsək, ibtidai sinifdə uğurlu olmaqları üçün ehtiyacları olan “zəhmətsiz oxumaq” bacarığını qazanmaqları onlar üçün o qədər çətin ola bilər.

Bəs bu vəziyyəti necə düzəldə bilərik?

Yavaşlayın. Qoyun uşaqlar bədənlərini istifadə etsinlər və bol-bol tarazlamaq bacarığı tələb edən oyunlar oynasınlar. Bundan əlavə, onlara bol-bol kitab oxuyun. Onlara nə qədər çox kitab oxusanız, özlərini rahat hiss etdikləri bir yerdə zehni canlandırma bacarıqlarını bir o qədər təcrübə edə bilərlər. Onlara kitab (xüsusən, yanıltmaclar) oxuduğunuzda kəlmələr arasındakı ən kiçik fərqlilikləri belə hiss etmək məsələsində qulaqlarını hazırlaşdırarlar. Gələcəkdə hərflərin səslərini öyrənəndə, kəlmələri səsləndirəndə və hecalayanda bu, onların çox işlərinə kömək edəcək. Televizor və videolar onlara bu bacarığı qazandırmaz.

Bu çalışmaları etməsəniz, oxumaq, yazmaq və hecalamaq məsələsində ustalaşmaq cəhdləriniz uğursuzluqla nəticələnəcək.

Mənbə: www.egitimpedia.com

 

Uşaqları erkən yaşda göz müayinəsinə aparın

Dünyagöz Ataköydən həkim Tülay Kılıç, hər üç uşaqdan birində görmə probleminin olduğunu və bu uşaqların 70%-nin bu problemlərdən xəbəri belə olmadığını söyləyir.

Görməyin öyrənməyə təsiri

Göz problemlərinin məktəb uğurundan, davranış pozulmasına qədər uşaqların həyatına bir çox tərəfdən mənfi təsir etdiyini bildirən həkim Tülay Kılıç, “Valideynlərin uşaqlarının öyrənməsilə bağlı yaşadıqları problemlərin təməlində, öyrənmə bacarıqlarının aşağı olmasında görmənin təsiri 83%-dir. Uşaqlar erkən yaşdan etibarən nizamlı olaraq öz müayinəsinə aparılmalıdır” deyir.

Göz sağlamlığı üçün bu yaş aralıqlarına diqqət

Həkim Tülay Kılıç, “Ailələrin, xüsusilə, doğumdan sonra və 2-4 yaş aralığından etibarən hər il bir dəfə göz müayinəsinə getməlidirlər” bildiri.

Tez-tez rastlaşılan problemlər:

  • Göz quruluğu;
  • Baş ağrıları;
  • Gözlərdə sulanma və qaşınma;
  • Televizora yaxından baxma;
  • Gözlərini qısaraq baxma;
  • Göz sürüşməsi;
  • Yazılı cümlələrin əl ilə izlənilməsi.

Mənbə: qadin.net

Uşağı yeməkdən küsdürən 6 söz

Son zamanlar analar övladlarının yaxşı yemək yeməmələrindən, iştahlarının olmamasından şikayətlənirlər. Təəssüflər olsun ki, yemək prosesinin özü də uşaqlar üçün stress mənbəyinə çevrilib. Bunun səbəbi isə yemək boyu ananın, atanın və nənənin danışması və ya qışqırmasıdır.
Yemək zamanı uşağın qarşılaşdığı bu və ya digər amillər onun psixologiyasına mənfi təsir edərək iştahını öldürür.
Bagcam.az Medicina.az-a istinadən bu gün analara uşaq yemək yeyərkən deyilməməli 6 kəlməni açıqlayır:
1. Hamısını yedin? Ağıllısan!
Uşaq elə düşünür ki, valideynləri onu yeməyinin hamısını yediyinə görə sevirlər. Ona görə də doysa və yemək dadlı olmasa belə, tərif eşitmək üçün axırıncı tikəyə qədər yeməyə çalışırlar. Bu isə uşağın həddən çox qidalanmasına və mədəsi üçün əlavə yükə səbəb olur. Bu hal əlbəttə ki, yaxşı deyil.
2. Bu nə cür yemək yeməkdir? 
Kişik yaşlı uşaqların motorikası və hərəkət koordinasiyası kifayət qədər inkişaf etmədiyi üçün onlar səliqəli yeməyi bacarmırlar. Əlbəttə ki, uşağı şorbanı masaya tökdüyü üçün qışqırmaq və danlamaq yox, ona səliqəli olmağı öyrətmək daha yaxşı olardı.
3. Hamısını yemədən masadan qalxmaq olmaz! 
Bu ifadə ancaq uşağın iştahının və əhval-ruhiyyəsinin korlanmasına səbəb olacaq. Buna görə də, yemək prosesi uşaq üçün bir cəzaya çevriləcək.
4. Pis yesən böyüməyəcəksən!
Əgər uşaqda yeməyə qarşı sevgi yaratmaq istəyirsinizsə, o zaman onu qorxutmaq yerinə ruhlandırın.
5. Dostun (bacın, qardaşın) bu şorbanı çox sevir. Sən niyə yemirsən? 
Uşaq bu cümləni belə başa düşür: “Başqa uşaq məndən yaxşıdır! Mən də yaxşı olmaq üçün bu şorbanı yeməliyəm!” Nəticədə uşağın özünə inamı azalır. Beləliklə də uşaq vaxt keçdikcə özünə qapana bilər.
6. Axıra kimi yesən, sənə konfet verəcəm. 
Uşağa yaxşı yemək yediyi üçün şirniyyatla mükafatlandırmaq düzgün deyil. Bu, həm də gələcəkdə bir sıra mədə-bağırsaq pozulmalarına səbəb ola bilər.

Oğlan uşaqlarının rəhbərliyimizə ehtiyacı var

Oğullarımızın bizə ehtiyacı var. Bəziləri uşaqlıqdan yetkinliyə keçid mərhələsində yolunu itirməyə başlayır. Bəziləri isə uzun müddətli, qorxunc təsirləri olan yanlış seçimlər edir. Esquire jurnalında yayımlanan məqalə insanı təşvişə salan bir məsələyə diqqət çəkir: “Oğlan uşaqlarının məktəbi atmaq, universitetə girməmək, içkiyə qurşanmaq, həbsə girmək və intihar etmək ehtimalları sinifdə yanında oturan qızlardan daha yüksəkdir”.

Müəllimlər olaraq biz nə edə bilərik?

İlhamverici bir nümunə olun

Məktəb günü hələ başlamadan əvvəl tez oyana bilər, peşəkar insan kimi geyinə bilər və işimizlə nə qədər qürur duyduğumuzu şagirdlərimizə göstərə bilərik. “Dəmir Adam” ləqəbli məşhur beyzbol oyunçusu Cal Ripken bunu keçən illərdə edib. Beyzbol formasını ardıcıl olaraq 2632 oyun üçün geyinib. 16 il ərzində bir dəfə belə məsuliyyətsizlik etmədən və şikayətlənmədən etməli olduğu işi yerinə yetirib.

Biz də şagirdlərimizə cəsarətli olmaq üçün özünü göstərməyə gərək olmadığını öyrədə bilərik. Cəsarət bəzən hollandiyalı yəhudi bir qızın almanlardan qaçmaq üçün tavan arasında gizlənəndə yaşadığı səssizlikdir. Bəzən də məktəbə getməyi çox istədiyi üçün Talibana qarşı gələn pakistanlı bir qız uşağının, yəni Malala Yusufzayın iradəsi olaraq aşkara çıxır. Şagirdlərimizə Yusufzayın sui-qəsdlə üz-üzə gəlsə də, həyatda qalmağa müvəffəq olaraq Nobel mükafatını alan ən gənc insan olduğunu öyrədə bilərik.

İdman komandalarına məşqçilik, klubların idarəetməsində kömək edə bilər və məktəb rəqslərində onlara partner ola bilərik. Kim bilir, bəlkə, birini hətta dövlət başçısı olmağa ruhlandıra bilərik?!

Hot Springs Liseyinin orkestr rəhbəri Virgil M. Spurlin liseydə illik turnirlər olanda Amerika Birləşmiş Ştatlarının əvvəlki dövlət başçısı Bill Clintona turnirlərin necə təşkil olunacağını və mənbələrini necə istifadə etməli olduğunu öyrədib. Clinton “Spurlinlə keçirdiyim illər məni bir şeylər təşkil edə biləcəyimə və idarə edə biləcəyimə inandırdı. İstədiyim hər şeyi, həqiqətən də, edə biləcəyimi və insanları öz izimlə apara biləcəyimi – bu siyasət üçün çox önəmli bir xüsusiyyətdir – o illərdə anladım,” deyə söyləyir.

Onlara hər insanın yanlışlarını düzəltməli olduğunu öyrədə bilərik. Dinamiti kəşf edərək böyük sərvətə malik olan Alfred Nobel vəsiyyətində Nobel mükafatının yalnız “insanlığa ən böyük faydanı verən” insanlara veriləcəyini xüsusilə qeyd edib. Bunun sayəsində məhvedici bir ünsür icadçısı olmasına baxmayaraq, ölümündən sonra tibb, ədəbiyyat, kimya, fizika və fiziologiya sahələrində və ən önəmlisi də, sülh adına böyük bir miras qoymağı bacarıb.

Rəhbərlik etməyə erkəndən başlayın

Oğullarımıza əgər pis hiss edirlərsə, tək olmadıqlarını bilmələrini öyrətməliyik. Selincer “Çovdarlıqda uçurumdan qoruyan” adlı kitabında Antolininin Holden Caulfielda dediyi kimi:

“İnsanların davranışları qarşısında ağlı qarışan, qorxan və hətta xəstə olan ilk insanın sən olmadığını görəcəksən. Bu hisslərində heç də yalnız deyilsən və bunu bilmək üçün böyük həyəcan, istək duyacaqsan. Bir çox kişi eynilə sənin indi vəziyyətin kimi əxlaqi və ruhi sıxıntılarla qarşılaşmaq məcburiyyətində qalır. Nə xoş ki, bəziləri sıxıntılarını kağıza tökür. Əgər istəsən, onlardan çox şey öyrənə bilərsən. Eynilə bir gün sənin təqdim edəcəyin bəzi şeyləri başqalarının gəlib səndən öyrənməsi kimi. Bu, çox gözəldir: qarşılıqlı razılaşmadır. Və bu, təhsil, tədris deyil. Bu, tarixdir. Bu, şeirdir”.

Bütün bunları etməliyik, çünki uğurun tələb etdiyi bacarıqlar “İnformasiya dövrü”ndə dəyişdi. Artıq əzbər deyil, maarif hökm sürür. Ancaq təəssüflər olsun ki, oğlan uşaqları təhsil həyatlarına zərərlərlə başlayırlar. Araşdırmalar məktəbə başlayanda qız uşaqları ilə müqayisə edildikdə oğlanların sosial və humanitar bacarıqlarının daha az inkişaf etdiyini və qızlardan daha aktiv olduqlarını aşkara çıxarır. Əgər yaşadıqları bu xəyal qırıqlıqları illər içində toplanarsa, öyrənmək istəklərini öldürə bilər.

Oğlan uşaqlarına təhsil həyatlarının ən əvvəlindən yol göstərməliyik. Onlara tədris planından daha çoxunu öyrətməliyik. Kitablarla əhatələndirməliyik. Bütün bunları edərkən onlarla eyni bərabərlikdə olmalı, gözlərinin içinə baxmalı və onlardan ən yaxşısını gözlədiyimizi deməliyik.

Onlar yanlarında olduğumuzu, məsuliyyətlərini yerinə yetirməklərinin bizim üçün nə qədər önəmli olduğunu bilməlidirlər.

Mənbə: egitimpedia.com

 

Araşdırma: Sinif dizaynında diqqət edilməli məqamlar

Yeni araşdırmaya əsasən həddindən artıq çox bəzəkli olan sinif otaqları şagirdlərin yaddaşlarına və fokuslanmaq bacarıqlarına təsir edir.

Bu araşdırma sinif mühiti ilə şagirdlərin yaddaş, diqqət və özünü tənzimləmə bacarıqlarını da özündə daşıyan idarəetmə bacarığı arasındakı əlaqəni təhlil edən ən yeni çalışmadır. Müəllimlər sinifləri bəzəyərkən bunu çox xoş qarşılasalar da, bir çox sinif uşaqların dərrakəsi üçün “çox oyadıcı” bir hal alır və bu durum “uşaqların öyrənmə qazanclarını inkişaf etdirmək yerinə, əngəlləyir”, – bunu araşdırmanı edən psixoloqlar Pedro Rodrigues və Josefa Pandeirada deyir.

Bəzəklərin öyrənmək bacarığına necə təsir etdiyini anlamaq üçün Rodrigues və Pandeirada yaşları 8-12 yaş arası  64 uşağı iki qrupa ayıraraq, onlardan diqqət və yaddaş tələb edən çalışmaları yerinə yetirmələrini istəyiblər. Qruplardan birinin olduğu sinfin divarları maşın, musiqi alətləri və ağaclar kimi adi əşyalar və mənzərələrdən ibarət olan çoxsaylı rəsimlərlə bəzədilib. Digər tərəfdən isə nəzarət qrupunun olduğu sinfin divarları boş saxlanılıb.

Uşaqlar diqqətlərini və yaddaşlarını test etmək üçün onlara verilən çalışmaların bir hissəsini yerinə yetiriblər. Məsələn, uşaqlara diqqətlərini ölçən testdə stolüstü kompüterin ekranına diqqətlə baxmaları, ekranda X hərfi görən zaman klaviaturaya basmaları və K hərfini gördüklərində isə heç bir şey etməməkləri tapşırılıb. Yaddaşlarını ölçən testdə isə uşaqlardan fərqli aralıqlarda sarı rəngə dönüşən doqquz dənə mavi kvadratı təhlil etməyi və sonra bu görüntünü təkrar etmələri gözlənilib. Uşaqlar iki yaddaş və iki diqqət ölçən test olmaq üzərə, 4 test işləyiblər.

Bəzəksiz divarları olan otaqdakı şagirdlərlə qarşılaşdırıldığında divarları bəzəkli olan otaqdakı uşaqlar bütün testlərdə daha aşağı səviyyədə performans sərgilədilər. Bu, həddən artıq vizuallığın diqqətdağıdıcı ola biləcəyini göstərir.

“Ümumiyyətlə, bu araşdırmalardan əldə edilən nəticələr uşaqların ətraflarındakı vizual diqqətdağıdıcı ünsürləri göz ardına vurmaqda çətinlik çəkdiyinə işarə edir”, – araşdırma komandası bu halı belə açıqlayır.

Siniflər diqqətdağıdıcı yox, maraq yaradan olmalıdır

Bəs araşdırmalar müəllimlərin nə etməyini tövsiyə edir?

  • Şagirdlərin işlərini sərgiləyin. Şagirdlər öyrənmək məsələsində daha çox məsuliyyət hiss etməklə qalmayıb, eyni zamanda, dərs mövzularını da daha yaxşı xatırlayacaqlar.
  • İlhamverici rol modellərdən istifadə edin. Lövhəyə bəzi qəhrəman və liderlərin şəkillərini, ya da sözlərini asmaq, xüsusən, şagirdlərin keçmişləri və maraq dairələrini də əhatə edirsə, onlara ilham duyğusu aşılayacaqdır.
  • Qarışıqlıqdan qaçın. Divarınızın ən az 20%-ni boş qoyun və fərqli sərgilərin arasında kifayət qədər boşluq saxlayın ki, səliqəsiz görünməsinlər. Daha çox bəzəmək istəyinizə qalib gəlib, divarı doldurmaq yerinə, lazımsız olanlardan imtina etmək daha yaxşı olacaq.
  • Xəritə, diaqram kimi vizual köməkçilərdən istifadə edə bilərsiniz. Diqqətinizi yayındırmayan maarifləndirici mahiyyətə sahib olan posterlər öyrənməyə kömək edə bilər.
  • Bal, yaxud qiymət cədvəllərindən uzaq durun. Bir çox müəllim qiymətləri açıqlamaq üçün onu divara asır. Bu, yaxşı qiymət alan şagirdlər üçün ruhlandırıcı olsa da, daha aşağı qiymətə sahib şagirdlərin utanmasına və keflərinin pozulmasına səbəb olur.
  • Gün işığından faydalanın. Göz qamaşdırıcı parıltı, ya da çöldən gələn diqqət yayındırıcı ünsürlər kimi bir probleminiz yoxdursa, pəncərələrinizi gərəksiz bəzəklərlə örtməyin. Sinifləri daha çox gün işığı alan şagirdlər daha qaranlıq siniflərdə olanlardan daha yaxşı performans göstərirlər.
  • Divar rənglərini balanslaşdırın. Dört ağ divar ilə qalmaq məcburiyyətində deyilsiniz. Tək divarı parlaq, digərlərini də mat rəngə boyamağı yoxlayın.

İnkişaf edən beyinlər

Divarları bəzəmək bir çox müəllim üçün əyləncəli olsa da, azyaşlı şagirdlər buna gözlənildiyi qədər maraq göstərmirlər.

Araşdırma komandası bu vəziyyəti “araşdırmalarımız uşaqların idrak bacarıqlarının hələ inkişafda olduğunu göstərir” deyə açıqlayır. Bir müəllim bər-bəzəklə dolu divarı görməzdən gələ bilsə də, şagirdlər buradan gözlərini çəkə bilməyib dərsə fokuslanmaqda çətinlik çəkirlər.

Hardvarddakı Uşaq İnkişaf Mərkəzinə əsasən uşaqlar tamamilə inkişaf etmiş özünüidarə bacarıqları ilə doğulmurlar, bunları zaman içində inkişaf etdirməlidirlər. Qayğısızlıq, istismar və ya şiddət kimi neqativ təcrübələrə, ya da öyrənmək pozuqluğuna sahib olan uşaqlar diqqət əskikliyi və inkişaf etməmiş özünüidarə bacarıqları məsələsində daha böyük risk altındadırlar. Yəni sinif əhatəsində diqqət dağıdan amillər ən çox da bu uşaqlara zərər verir.

Üçüncü müəllim

Bu araşdırma sinfi valideynlərdən və müəllimlərdən sonra üçüncü müəllim kimi görən və sinif daxilini öyrənməni dəstəkləmək üçün lazım olan ən təməl ünsürlərdən biri kimi qəbul edən yeni bir axına dair ən son araşdırmadır. Bu fikir, əslində, çox da yeni sayılmır; daha əvvəl Reggio Emilia və Montessori kimi təhsil yanaşmaları pedaqojinin ön plana çıxmasını təmin edərək, siniflərin şagirdlərin öyrənməsini genişləndirməkdə önəmli rol oynamasını təmin edib. Son araşdırmalar da siniflərin öyrənmək bacarıqlarında oynadığı rolun nə qədər böyük olduğunu sübut edir. Məsələn, 2014-cü ildə aparılan araşdırma azyaşlı şagirdlərin divarlar çox bəzəkli olduğu üçün sinifdə çalışmaları yerinə yetirməyərək daha çox vaxt sərf etdikləri qənaətinə gəlib. Digər bir yandan, başqa bir araşdırmada siniflərdəki işıq, rəng və partaların qoyuluşu kimi fiziki xüsusiyyətlər yaxşılaşdırıldığında şagirdlərin akademik göstəricilərinin 16%-ə qədər artdığı göstərilib.

Əsas fikir: Sinif divarları çox qarışıqlıq yaratmadan səmimi və canlı hiss etdirməlidir. Divarların 20-50%-lik bir hissəsi mütləq şəkildə boş olmalıdır. Geri qalan hissələri isə şagirdlərinizin işləri ilə, ilhamverici rəsmlərlə və öyrənməyə kömək edə biləcək ünsürlərlə doldurun!

Mənbə: egitimpedia.com

 

 

“Ot biçən aparat” kimi davranan valideynlər

Hamımız “helikopter valideynlər”i artıq tanıyırıq. Bu ana və atalar daim uşaqlarının ətrafında dolanır, hər hərəkətlərini izləyir və nə vaxt bir problem çıxsa, həmin an uşağın əvəzinə hadisəyə müdaxilə edirlər. Bu valideynlər biz müəllimlər üçün çox yorucu və hətta bəzən baş ağrısına səbəb ola bilirlər. Ancaq dünyada getdikcə yayılan başqa “kabus ola biləcək” valideyn tipi də var: “Ot biçən aparat” kimi davranan valideynlər

Helikopter valideynlər sadəcə uşaqlarını incidəcək nələrinsə baş verdiyini hiss etdiklərində müdaxilə edirlər, “ot biçən aparat” kimi davranan valideynlər isə hər cür maneni aradan qaldırırlar. Müəllimlər üçün bu, çox pis vəziyyətdir. Bir müəllim olaraq uşaqlarının sıxıntısına üzülən valideynlərlə bacara bilərəm. Valideynlərin uşaqlarını qorumaları çox təbiidir. Ancaq uşaqlarının qarşısına pis ola biləcəkləri heç bir şey çıxmaması üçün “yolu həmişə düzləşdirməyə” çalışan valideynlərlə təəssüf ki, bacara bilmərəm.

Bütün yaxşı müəllimlərin şagirdləri üçün ən böyük hədəflərindən biri dərsləri tam öyrənmələri deyil, gələcəkdə hansı işi edirlərsə etsinlər, həmişə ehtiyac duyacaqları komanda işi və nizam-intizam kimi dəyərli bacarıqları öyrənmələridir. “Ot biçən aparat” kimi davranan valideynlərlə bu önəmli bacarıqlar təəssüf ki, real yox, uzaq bir xəyal olur.

Əgər bütün çətinlikləri ortadan qaldırsaq, işlər istədikləri kimi getmədikdə ehtiyac duyacaqları əzmi necə öyrənəcəklər?

“Ot biçən aparat” kimi davranan valideynlər şagirdlərimizi uğursuzluğa aparacaq saxta bir xəyal dünyası yaradırlar. Gələcək nəsil münasibət problemləri, maddi problemlər və bununla əlaqəli sıxıntılar yaşayacaqlar. Ən dəyərli dəstəyimiz (amma bəzən də əzəli düşmənimiz) olan valideynlər uşaqlarına çətinliklərlə başa çıxma bacarıqlarını öyrətməyəcəklərsə, gələcək nəsil başına gələn problemlərin öhdəsindən necə gələcək? Belə valideynlər təəssüf ki, həyatın çətinlikləri qarşısında çox şansı olmayan uşaqlar böyüdürlər. Bu, əvəzi olduqca ağır olan bir şeydir.

“Ot biçən maşın” kimi davranan valideynlərin təsirini ilk əldən şahid olmuş birisi olaraq sizə danışmaq istəyirəm… Nahar üçün beş dəqiqə gözləmək məcburiyyətində qaldığında, bir top dizlərini siyirdiyində və parkı uzaqdan görüb o an oynaya bilmədikləri üçün ağlayan uşaqlar gördüm. Bu şagirdlərin hər birilə çətinliklər qarşısında daha çevik və dayanıqlı olmaq haqqında uzun-uzun danışıram və hər dəfəsində mənə iri və dəhşətli gözlərlə baxırlar. Daha yaxşı və özgüvənli bir insan olmaq fikri onlara heç bir məna ifadə etmir. Bəllidir ki, nələrləsə necə mübarizə aparmaq lazım olduğu ilə bağlı birinci dəfədir ki, nəsə eşidirlər. Və hər dəfəsində də eyni şeyi düşünürəm: “Ot biçən maşın” kimi davranan valideynlər, kaş ki, mənə köstək olmaq əvəzinə, dəstək olasınız.

Uşaqlarınızın səhv etməyə, uğursuz olmağa və təkrar necə ayağa qalxacaqlarını anlamağa ehtiyacları var. Onlara lazımlı bilikləri verə bilərik əlbəttə, amma eyni zamanda bu önəmli bacarığı yoxlamalarına da icazə verməliyik. Müəllimlər olaraq bizim vəzifəmiz şagirdlərimizi gələcəkdə onları daha irəliyə aparacaq şəxsi xüsusiyyətlərlə təchiz etməkdir. Əziz valideynlər, xahiş edirəm yolumuzdan çəkilin. Keçilə bilməyən kimi görünən manelər qarşısında “əzilən” uşaqlar böyütməyinizə icazə vermək istəmirik. Bizi əzib keçmək istəyə bilərsiniz, ancaq çətinlikləri aşmaq bizim işimizin bir parçasıdır.

Mənbə: egitimpedia.com

Yumşaq oyuncaqları yumaq olarmı?

Uşaqlar yumşaq oyuncaqlarla oynamağı çox sevir, bütün günlərini onlarla keçirərək, hətta birlikdə yuxuya gedirlər. Yatdıqları zaman oyuncağın tükləri onların üzünə, ağzına, burnuna dəyir. Sintetik materialdan hazırlanmaqdan əlavə, bu oyuncaqlar toz yığır və tez-tez çirklənir. O zaman sual yaranır: yumşaq oyuncaqları necə və hansı vasitələrin köməyilə təmizləmək lazımdır?
Bagcam.az Medicina.az-a istinadən yumşaq oyuncaqların təmizlənmə qaydalarını təqdim edir:
Bütün yumşaq oyuncaqlar çox miqdarda toz yığır, buna görə də gənə, mikrob və bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.
Çoxlarınız elə düşünə bilər ki, yumşaq oyuncaqları təmizləməyin ən etibarlı yolu onları yumaqdır. Amma yanılırsınız. Çünki bəzi materiallar var ki, onlara su və yuyucu toz vurulmamalıdır. Yapışdırlmış detallar, içərisində musiqili mikrosxemi və batareyaları olan təbii parçalardan tikilmiş, həmçinin də içində lələk, qarabaşaq qabığı, ağac yonqarı olan oyuncaqlar qətiyyən su ilə yuyulmamalıdır.
Əgər bütün bu sadalananlar yoxdursa, o zaman oyuncağı ya əldə, ya da paltaryuyan maşında yuya bilərsiniz. Bu zaman bəzi məqamlara diqqət etmək lazımdır:
•Ləyəni təxminən 30 dərəcə isti, oyuncağın tamamilə içərisində qalması şərtilə su ilə doldurun;
•Oyuncağı suda isladaraq sabunlayın. 20-30 dəqiqə saxlayın;
•Daha sonra fırça ilə sürtün;
•Yaxşı yaxalayaraq sıxın;
•Oyuncaqda olan yağlı ləkələri etil spirti ilə təmizləyin;
•Yuyucu toz kimi təbii uşaq vasitələrində istifadə edin. Unutmayın ki, bu sizin övladınızın sağlamlığı üçün vacibdir.
Картинки по запросу washing toys
Oyuncağı paltaryuyan maşında yuyarkən xüsusi torbaya qoyun və incə materialları yumaq üçün rejimi seçin. Həmçinin əllə yumaq rejimini də seçmək olar. 
•Suyun temperaturu 30 dərəcədən yuxarı olmamalıdır. Əks halda oyuncağın parçası  tiftiklənə bilər.
•Mütləq əlavə yaxalama rejimindən istifadə edin. Çünki yuyucu toz oyuncaqdan tamamilə təmizlənməyə bilər.
•Təmiz yuyulduqdan sonra yaxşı olar ki, oyuncaqları açıq havada və günəş şüaları altında qurudun.
Bəs yuyulması qeyri-mümkün olan oyuncaqları necə təmizləməli? 
•Oyuncağı böyük polietilen paketə yerləşdirin;
•Orta boy oyuncağı təmizləmək üçün paketə bir stəkan kartof nişastası tökün;
•Paketin ağzını yaxşıca bağlayın, möhkəmcə silkələyin;
•Daha sonra oyuncağı paketdən çıxararaq nişastanın qalıqlarını fırça ilə təmizləyin;
•Əgər oyuncağın tükləri çox uzundursa, o zaman onu tozsoranla təmizləyin.
Amma yaxşı olar ki, bu cür oyuncaqları kimyəvi təmizləmə məntəqəsində təmizlədəsiniz.

“Uşaq 1 yaşda azı 10 söz deməlidir”

Ölkəmizdə gec dil açan və danışıq problemi yaşayan uşaqların sayı günü-gündən artmaqdadır. Əsasən oğlan uşaqlarında meydana çıxan bu problemi çox vaxt valideynlər etinasızlıqla qarşılayaraq, “öz-özünə düzələcək”, “onun atası da gec danışıb”, “oğlan uşaqları gec dil açır” deyib, uşağı həkimə aparmaqdan yan keçirlər.

Bagcam.az xəbər verir ki, Medicina.az-a uşaqların hansı səbəblərdən gec dil açmaları və bunun aradan qaldırılma yolları haqda Defektoloq-Loqoped Nərmin Vəli Qızına bir sıra suallar ünvanlayıb:

Nərmin xanım, uşaqlarda nitq qüsurları hansı səbəblərdən yaranır?

– Uşaqlarda müşahidə olunan gec dil açma və danışıq geriliyi bir sıra nevroloji problemlərin o cümlədən də autizm xəstəliyinin əlaməti kimi ortaya çıxır. Baş beynin inkişaf qüsurları zamanı nitq mərkəzinin də inkişafdan qalması halında da gec dil açma və ya dildə danışıq qüsurları yaranır. Vaxtında üstünə düşülərsə, yəni 2 yaşından defektoloq-loqopedə müayinə edilərək müalicəyə başlanarsa, o zaman uşaqda yaşanan bu problemləri vaxtında aradan qaldırmaq mümkündür.

Danışıq problemləri neçə yaşına qədər müalicə ilə aradan qaldırıla bilər?

– Analar çox diqqətli olmalı, övladlarının səhhəti ilə maraqlandıqları kimi onların danışıq qabiliyyətlərini də yaxından təqib edərək, bir şübhə yarandığı halda həkimə müraciət etməlidirlər. Çünki danışıq geriliyi olan 2 yaşında bir uşağı müalicə etmək bu problemdən əziyyət çəkən 6 yaşlı uşağı müalicə etməkdən daha rahat olur. Belə olduqda qısa zamanda uğurlu nəticə əldə etmək mümkündür. 1 yaşda uşağın lüğət ehtiyatında ən az 10 söz olmalıdır. Bu sözlərə ana, ata, gəl, get, apar, gətir və s. misal çəkmək olar. Valideynlər fikir verməlidirlər: əgər, uşaq 1 yaşını tamam edərək 2 yaşına doğru irəlilədikcə söz ehtiyatı artmır və uşaq əlavə sözlərdən istifadə etmirsə, o zaman vaxt itirmədən loqoped həkimə müraciət etməlidirlər. Bu qüsurun aradan qaldırılması isə nitq geriliyinin ağır, orta və yaxud yüngül formada olmasından aslı olaraq həkim tərəfindən müalicə metodları təyin edilir. Əgər uşaqda yüngül nitq geriləməsi varsa, o zaman 2-3 ay içərisində intensiv məşğul olmaqla tam nəticə əldə etmək mümkündür.

Uşaqlarda dil-dodaq qüsurları səbəbindən nə kimi danışıq pozğunluqları yarana bilər? Bunları aradan qaldırmaq mümkündürmü?

– Bir çox hallarda kəllə-beyin təzyiqi ilə doğulmuş uşaqlarda dil gərginliyi olur ki, bu zaman onlar danışmaqda çətinlik çəkirlər, sözləri düzgün tələffüz edə bilmirlər. Bu problemləri loqoped həkimlər müxtəlif alətlərin köməyi ilə dil kökünü və dilin özünü masaj edərək yumşaldır. Və ya bir sıra dil gimnastikaları da var ki, bu hərəkətlər də dilin əzələsində olan gərginliyi aradan qaldıraraq, onun elastikliyini bərpa edir. Bundan əlavə uşaqlarda anadangəlmə dovşandodaqlıq müşahidə oluna bilər ki, bu zaman da danışıq problemi yaranır. Bu xəstəliyi yalnız cərrahi əməliyyat vasitəsilə aradan qaldırmaq mümkündür. Əməliyyatla uşağın dodağı normal vəziyyətinə qaytarıldıqdan sonra artıq defektoloq-loqoped uşağı müalicə etməli, bir sıra masajların köməyi ilə nitqdə yaranmış qüsurları aradan qaldırmalıdır.

Baş beyində olan nitq mərkəzinin zədələnməsi uşağın nitq qabiliyyətinə təsir edə bilərmi?

– Uşaqlarda nitq geriləmələri və ya nitq qüsurlarının əsas səbəbləri hamiləlik vaxtı ana bətnində olan dölün oksigen çatışmazlığna məruz qalması, doğuş zamanı yaşanan travlamar, periferik nitq aparatı zədələnməsi, baş beynin inkişafına bağlı olaraq nitq mərkəzində geriləmə kimi hallar müşahidə edilir. Həmçinin baş beynin zədələnməsi zamanı da nitq pozğunluğu, nitqin təmamilə itirilməsi kimi hallar yaşana bilər. Lakin hətta autizm xəstəliyindən əziyyət çəkən uşaqlarda belə defektoloq-loqoped həkimlərin köməyilə danışığı bərpa etmək və inkişaf etdirmək mümkündür.

8 yaşındakı uşağın oyuncaq ayısını əməliyyat edən həkim

Doktor Daniel McNeelynin əməliyyat masasında qeyri-adi bir xəstə var idi: oyuncaq ayı.

Kanadalı beyin cərrahı üzərində əməliyyat geyimi və əlində qayçısı ilə 8 yaşındakı pasiyentinin oyuncaq ayısının qolunun altındakı yırtığı müalicə etdiyi əməliyyatın fotolarını şəxsi Twitter hesabından paylaşıb.

“Xəstə, yatırılmadan əvvəl oyuncaq ayısını müalicə etməyimi istədi… Necə yox deyə bilərəm?” qeydilə paylaşılan foto qısa müddət ərzində sosial mediada böyük marağa səbəb olub.

Doktor Daniel McNeely bu sevimli hadisə yaşandığı an, körpəliyindən bəri hidrosefali (beyində su toplanması) xəstəsi olan 8 yaşındakı xəstəni əməliyyata aparmaq üzrəydi.

“Bu balaca oğlanın əməliyyatına girmək üzrəykən mənə oyuncaq ayısını göstərdi və hazır əməliyyatxanada ikən onun yırtığını da düzəltməyimi xahiş etdi”, deyə danışır Dr. McNeely.

Xəstənin əməliyyatı bitdikdən sonra tibb bacıları balaca uşağın yanına balaca bir masa qoydular və artıq qalan tikişlər, balaca uşağın tüklü dostunu “əməliyyat” etmək üçün istifadə edildi. “Balaca Uşaq” adlı oyuncaq ayıya əməliyyat müddətində oksigen maskası belə taxılıb.

“Qeyri-adi bir istəkdi, amma xəstəni bir az olsun rahatlada bildiyim üçün çox xoşbəxtəm”, deyə həkim əlavə qeyd edib.

Oyuncaq ayının əməliyyatının şəkillərini xəstənin ailəsilə paylaşan həkim “Şəkillərdən çox xoşları gəldi. Bu hadisələr onları çox xoşbəxt etdi” deyib.

Uşağın atası oyuncaq ayını uşaqları hələ doğulmamışdan öncə aldıqlarını söyləyib.

Mənbə: egitimpedia.com