Bağçam Valideynlik Forumu

Bağçam Valideynlik Forumu” keçirilmişdir
Azərbaycanın ən böyük özəl bağça şəbəkəsi olan “Bağçam” Uşaq Bağçaları Şəbəkəsi, 15 ildən artıq təcrübəsinə əsaslanaraq valideynlər və təhsil mütəxəssisləri üçün daha bir əhəmiyyətli təşəbbüsə imza atdı. 19 aprel tarixində “Bağçam” Uşaq Bağçaları Şəbəkəsi və “İndigo Academy”nin birgə təşkilatçılığı, “Landau School” və “Paşa Həyat Sığorta” şirkətlərinin sponsorluğu ilə “Bağçam Valideynlik Forumu” “Badamdar Hotel Residences”-də uğurla baş tutdu.
Forumun əsas məqsədi valideynlərə və məktəbəqədər təhsil müəssisələrinin nümayəndələrinə müasir valideynlik metodları, ailə daxilində sağlam ünsiyyətin qurulması və uşaqların fiziki, psixoloji və intellektual inkişafına dair praktik və elmi biliklər təqdim etmək idi.
Tədbirdə “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinə daxil olan bağçalarla yanaşı, “Brave”, “My Garden” və “Mandarin” uşaq bağçaları da tərəfdaş qismində iştirak edirdi. Forum 500-dən çox valideynin, təhsil müəssisəsi rəhbərlərinin və sahə üzrə mütəxəssislərin iştirakı ilə keçirildi.
Tədbirin diqqətçəkən hissələrindən biri tanınmış təhsil lideri Rasif Dünyamalının “Gələcəyin insanı” mövzusunda etdiyi çıxış oldu. O, dəyişən dünya reallıqları fonunda uşaqların gələcəyə necə hazırlanmalı olduqlarına dair dəyərli fikirlərini bölüşdü və valideynlərə yeni dövrün çağırışlarına cavab verən fərdlərin necə yetişdirilməsini izah etdi.
Türkiyənin tanınmış psixoloqu, davranış elmləri üzrə mütəxəssis Dr. Ferhat Aslan isə “Analıq və atalıq sənəti” mövzusunda çıxış edərək valideynliyin psixoloji və sosial aspektlərini, analıq və atalığın uşaqların balanslı inkişafındakı rolunu vurğuladı.
Forum çərçivəsində iştirakçılar həmçinin sual-cavab sessiyalarında mütəxəssislərlə birbaşa fikir mübadiləsi aparmaq, öz suallarına cavab almaq və digər valideynlərlə təcrübə mübadiləsi etmək imkanı qazandılar.
“Bağçam” olaraq inanırıq ki, güclü ailə, düzgün valideynlik və sağlam təhsil mühiti gələcəyin xoşbəxt və uğurlu insanının təməlidir. Bu kimi təşəbbüslərlə valideynlərə dəstək olmağa, onları maarifləndirməyə və cəmiyyətə faydalı fərdlər yetişdirmək missiyamıza sadiq qalmağa davam edəcəyik