Düşünürəm ki, bizim kimi gənc ailələr övlad sahibi olmaq mərhələsinə əvvəlki dövrdən fərqli hazırlaşır. Mən ana olacağımı biləndə ilk ağlıma gələn sağlam qidalanmaq və sağlam həyat tərzi keçirmək idi. Bunu necə edə bilərdim?
İlk olaraq bu dövrdə sağlam qidaların siyahısını tutdum. Bir az axtarışla o ərzaqlarla yeyə biləcəyim yemək reseptləri tapdım. Artıq mən gündəlik necə sağlam qidalanacağımı bilirdim. Həmçinin bağçada işləməyim bu prosesə böyük təkan verdi. Bildiyimiz kimi bağçada uşaqlar üçün hazırlanan yeməklərin ərzaqları ölçülür və dərəcəsində olur. Bu da ən sağlam qidalanma növüdür. Gündə 5 dəfə az-az qidalanmağa başladım: səhər yeməyi, meyvə saatı, nahar, şirniyyat və axşam yeməyi. Bağçada tətbiq olunan gün rejimi əslində sağlam formalaşmağımız üçün hər birimizə lazım olan mərhələlərdən ibarətdir. Bu gün rejimimizə səhər gimnastikasi, qidalanma, gəzinti, idman, rəqs, musiqi fəaliyyətləri daxildir ki, biz bu prosesi böyüklər olaraq özümüz üçün də tətbiq edə bilərik.
Daha sonra isə gəzinti və təmiz hava. Bunu necə edirəm? Artıq avtomobil deyil, metro ən rahat nəqliyyat növünə çevrildi. Bağçadan metroya parkın içindən gəzərək gedirəm. Parkdakı gəzinti kiçik xoşbəxtliklər yaratmağa şərait yaradır. Metrodan çıxıb evə qədər də eyni məsafədə gəzinti edirəm. Amma bununla kifayətlənmirəm. Bildiyimiz kimi ən hüzurverici məşğuliyyətdən biri də yoqadır. Artıq mənim yoqaya başlamağa səbəbim var idi və yenə də uzun axtarışdan sonra ev yaxınlığında yoqa mərkəzi tapıb dərslərə yazıldım. Bu, bizim əzələlərimizin işinə və nəfəs alma prosesimizə yaxşı təsir edir.
Dostlarla və yaxınlarla vaxt keçirmək də ən yaxşı terapiya üsullarındandır. Həftədə ən azı bir dəfə, xüsusilə həftə sonları sakit, daha çox təbiətə yaxın olan bir yerdə masa ətrafında söhbət edirik və mən özümə kiçik hədiyyə edirəm: sevdiyim, amma çox da məsləhət görülməyən qidadan dadıram. Bura free kartof, çox kalorili şirniyyatlar və fast-food daxildir.
Ən əsası kitab axtarışına çıxdım. Harada bu dövr üçün maraqlı kitab tapa bilərəm? Çox kitab almışam və oxumağa başlamışam və ən maraqlı olanları artıq sevimli kitablarım siyahısına daxil edirəm.
Bu siyahıya əslində çox fəaliyyət əlavə edə bilərəm. Ən rahatladıcı fəaliyyətlərdən biri də yürüyüş zamanı klassik musiqiyə qulaq asmaqdır. Belə olan halda, biz küçədəki artıq səsləri deyil, gözəl musiqi notlarını eşidirik.
Joyful Uşaq Bağçasının meneceri Yeganə Mərdan Ələkbərli