Bagcam.az Ailem.az-a istinadən loqoped Bəsirə Pənciyevanın məqaləsini təqdim edir.
Bu günün şüarı gec danışanlar, nitqi ləngiyən uşaqlar üçündür…
Sözlər üzərində fokuslaşmayın, səslərlə oynayın!
Körpələrinizə nitqi sevdirin!
Danışmaq qəşəngdir, sən bunu bacarırsan, sən danışa bilirsən, sən çox qəşəng danışırsan!
Hər gün valideynlərdən körpələrinin nitq ləngimələri ilə bağlı təəssüflərini eşidirəm. Qərara gəldim ki, valideynlərin mənlə paylaşdıqlarını sizlərə yazaraq təqdim edim. Çünki günümüzdə bu şikayətləri çox eşidirik. Ümid edirəm ki, hər valideyn üçün əhəmiyyətli olar.
Valideynlər ilk olaraq deyirlər ki, uşaqda problemdən şübhələndiyim vaxt ən böyük səhvim gözləmək olub. Nə edəcəyimi bilmədən gözləyirəm ki, düzələcək. Nəsə edə bilmədiyim zamanda gözləmək mənə ən yaxşı variant kimi görünə bilir.
Əgər sən nitq ləngiməsi olan uşağın valideyni və ya əhatəsindəsənsə, dəstək üçün bunlara əməl etməlisən.
Söz (verbal) rutinləri ilə tanışlıq
Verbal və ya söz rutini nədir?
Müəyyən vaxtda təkrarlar edilməklə biz söz rutinlərini istifadə edirik. Bəs necə?
Mütləq eyni sözlər eyni üsulla eyni vaxtda eyni məqsəd üçün eyni əşyalarla olmalıdır.
Məsələn, əgər uşağınız parka getməyi sevirsə, parka getmək üçün evdən çıxdıqda “Gedək?”, – deyə soruşun. Lakin “gedək” sözünü bir neçə dəfə təkrarlayın və bu situasiyanı təkrar olaraq bir neçə dəfə yaradın. Artıq o qədər soruşacaqsınız ki, həmin situasiyada uşaq özü “gedək” deyəcək.
Danışığı ləngiyən körpələr üçün söz rutini güclüdür. Lakin bir məsələ də var ki, bu rutinlər evdə bir neçə dəfə uşaq öyrənənə qədər və həmçinin sizə sözlə cavab verənə qədər təkrar olunmalıdır. Təəssüf ki, bu, valideynə tapşırldıqda onlar evdə bir dəfə tətbiq edirlər və sonra da “uşağım mənə heç cür söz demir, mənlə danışmır”, – deyə şikayətlənirlər və ya valideynə tapşırdıqda onlar evdə bir dəfə tələb edir, sonra buraxılır və edilmir. Bu, onlara adi gəlir. Lakin bu, rutin şəklində bir neçə dəfə təkrar edilməlidir. Çünki hər dəfə təkrar edildikdə uşaq sizinlə kontakt yaradır və beləliklə də, kiçik ünsiyyətin, dialoqun əsası qoyulur. Belə tətbiq edildikdə təsir daha effektli olur və yalnız bu zaman müsbət nəticəni tez əldə edə bilirik. Bu proses uşağın nitqi açılana qədər davam etdirilməlidir.
Məsələn, hər vaxt uşağı hoppandırmağa (hop, hop, hop) hazır olun və ya aşağı qoyanda 1, 2, 3… deyin. Bunu bir neçə dəfə edin və bir, iki, üç saydıqda üç demədən öncə fasilə verin, bu zaman, uşağınız, sizə baxacaq və sizin nitqinizi tamamlamağa çalışacaq. Yaxud mahnı oxuyun, uşaq mahnını tanıdıqdan sonra isə fasiləylə oxuyun ki, siz dayandığınızda uşağınız davam etdirsin.
Əziz valideynlər, həmçinin uşağınızla normal rutinlərdə də iştirak edin (yemək, oynamaq, maşın sürmək və s).
Nə vaxt ki, uşaq danışmağa başlayır bax, o zaman qətiyyən dərhal sözə fokuslaşıb, ona söz dedirtməyə çalışmayın! Cümlə qurmağa tələsməyin! Bəzən uşaqlar söz deməyə başladıqda valideynlərin uşaqdan gözləntiləri artır, söz və cümlə tələb etməyə başlayırlar. Lakin buna tələsmək lazım deyil. Çünki uşaq yeni-yeni danışmağa başladıqda bu prosesi bir müddət sadə oyun şəklində davam etdirmək lazımdır ki, uşaq danışmaqdan qorxmasın və nitqi sevsin.
Elə isə səslərlə oyun vaxtıdır
Əgər uşağınızın nitqindən erkən sözlər gəlmirsə, oyun səsinizi müəyyənləşdirin;
Süni qışqırmaq – süni asqırmaq
Süni gülmək – süni ağlamaq
Süni boğulmaq – süni yemək və içmək
Süni xoruldamaq – süni istiləşmək
Süni donmaq – süni titrəmək
Süni öskürmək
Ş ş ş – sakit
Maşın səsi (bip, bip, bip, vın, vın, vın)
Süni öskürmək, əsnəmək, köpüyü partlatmaq (part, part, part), meyvəni səsli yemək (nyam, nyam, nyam) və s. Bu zaman körpə məqsədyönlü şəkildə öyrənir və danışmaq ona maraqlı gəlir. Bu oyunlar sayəsində körpələriniz motivasiya olunurlar. Özlərini rahat və güvəndə hiss edirlər. Artıq siz hər dəfə onlarla oynadığınız zaman asanlıqla, səsli şəkildə, sizi təkrar edirlər, sizlə oynayırlar və nəhayət, ilk sözlərini deməyə başlayırlar.