Uşaqlara kiçik yaşdan məqsəd, hədəf qoymaq vacibdir, çünki məqsədlərə nail olmaq insanı yaxşı hiss etdirir və həyatda əldə etmək istədikləri üçün daha çox çalışmağa motivasiya edir. Faydalı vərdişləri necə qazanmalı, övladlarımıza necə düzgün məqsəd qoymalıyıq kimi sualların cavabını “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin Qurucusu Samirə Dünyamalıyeva şərh etdi.
Valideynlər olaraq biz uşaqlara yaşına uyğun, ölçülə bilən, konkret məqsədlər qoymalıyıq. Yaxşı insan olmaq gözəl məqsəddir, lakin mücərrəddir. Övladlarınıza qoyduğunuz məqsəd böyükdürsə, onu bir neçə mərhələlərə bölün və tədricən tamamlayın.
Yeni ildə ilk olaraq övladlarınızla birgə söhbət edin, onları dinləyin, nə arzu etdiklərini, hədəflərini müəyyənləşdirin. Daha sonra əldə edilə bilən, qısa müddətə, məsələn, 2-3 aylıq hədəflər qoyun. Hədəfləri uşağın da istəklərini nəzərə alıb birlikdə yazın. Bu hədəflərə çatmaq üçün onunla birgə can atıb, təşviq edin.
Evdə arzularla dolu axşam təşkil edin: hər bir ailə üzvü üçün batman kağızı, markerlər və parlaq stikerlər götürün. Övladınıza deyin ki, bu gün ata, ana, nənə və baba özləri üçün hədəf-məqsəd xəritəsi çəkəcəklər. Nümunə göstərin, istəklərinizi və onlara nail olmaq yollarını mərhələlər şəklində çəkin. Məsələn, Amerikaya getmək, bir neçə kilo arıqlamaq və ingilis dilini öyrənmək arzusundasınız. Bunu kağızda təsvir edin.
Hər bir arzu bir yola aparmalıdır: bir il ərzində ayda bir miqdar qənaət etməyi və səyahət planlaşdırın. Qoy uşaq da öz arzularını və onları həyata keçirməyin yollarını çəksin.
Həvəsləndirmək üçün onun ötən il ərzində əldə etdiyi nailiyyətlərin siyahısını tərtib etməyi təklif edin. O, üzməyi öyrənib? Rəsm müsabiqəsinin qalibi olub? Velosiped sürməyi bacarır? Yeni telefon üçün qənaət edib? Riyaziyyatdan yüksək nailiyyət əldə edib? Bütün bu uğurları qeyd etməyi və xatirələrini bölüşməyi rica edin.
Övladınızın yeni məqsədlərinə çatmağı üçün həvəsləndirin, dəstək olun, arzusuna çatdıqca o günü xüsusi gün kimi qeyd edin.
“Bağçam” Uşaq Bağçaları Şəbəkəsində təlim-tərbiyə alan hər bir uşağın inkişaf səviyyələrinə uyğun dəyərləndirmə aparılır. Bu dəyərləndirməyə görə uşaqların fərdi planları hazırlanır. Bu planlar illiyə əsasən hesablanır və üç aydan bir mütəxəssislər tərəfindən yoxlanılır.
Planlarda əsas önəm verilənlər uşaqların bacarıqlarının inkişafıdır. Hər bir yaş dövrünün və hər bir inkişaf səviyyəsinin özünün bacarıqları mövcuddur. Bu bacarıqlar pedaqoqların, psixoloqların, nitq mütəxəssislərinin, dayələrin, valideynlərin vasitəsilə müəyyən olunmuş müddət çərçivəsində inkişaf etdirilir. Bunlar uşaqların inkişaf hədəfləridir. Uşaq bu hədəflərə çatdıqda ona müəyyən həvəsləndirici mükafatlar verilir. Bu da öz növbəsində onların özünəinamının formalaşmasına səbəb olur.