Xarici tələbələr bağça uşaqlarına inglis dili öyrədirlər

“AIESEC in Azerbaijan” gənclərin inkişafını dəstəkləyən tələbə mübadilə proqramı tərəfindən Azərbaycanda təşkil olunan “Gələcəyin Qığılcımları” (Sparks of the Future) layihəsini həyata keçirmək üçün Education Management Network şirkəti  ilə razılıq əldə edilib. Razılıq əsasında iyul ayının 7-dən ayın sonuna qədər  “Baby Star” və “İndigo” Nərimanov uşaq bağçalarında yay proqramı çərçivəsində ingilis dilində dərslərin təşkili həyata keçirilir.

Proqrama əsasən bağçalara xarici tələbələr dəvət olunub və onlar öz ölkələrinin təcrübələrini yerli müəllimlərlə paylaşır, yerli təcrübəni öyrənir və  xüsusi hazırlanmış plan əsasında uşaqlarla iş aparırlar. Layihə Çin, Qazaxıstan, Misir və Əlcəzair kimi ölkələrdə bağça işi üzrə təhsil alan tələbələrin  iştirakı ilə həyata  keçirilir.

Təcrübə proqramına Çindən qatılan Tinq Qu bu proqram vasitəsilə geniş təcrübə qazandığını  söyləyir:

“Bu, mənim üçün yeni təcrübədir və düşünürəm ki, əladır. Buradakı öyrətmə üsulları Çindəki ilə müqayisədə fərqlidir. Uşaqlara  keçirilən dərs metodu interaktivdir, uşaqlar çoxlu oyunlar oynayır və mahnılar oxuyurlar”.

daxili-foto-2

Misir nümayəndəsi olan Radva Muhammed proqram haqqında öz fikirlərini bildirir. O qeyd edir ki, yeni təcrübələr qazanmaq onun üçün  xoşdur:

“Öz  ölkəmdə də bu sahədə təcrübə toplmağa  çalışırdım, lakin buraya müxtəlif mədəniyyətlərlə tanış olmaq, uşaqlarla düzgün davranış qaydalarını öyrənmək, öz biliklərimi ötürmək və yeni məlumatlar qazanmaq üçün gəlmişəm”.

Əlcəzair nümayəndəsi Zahir Dabuz da proqramda iştirak etməkdən məmnun olduğunu qeyd edir:

“Bu həqiqətən də, yaxşı təcrübədir. Uşaqları necə öyrətməli olduğumu öyrəndim.  Həmçinin ingilis dili səviyyəmi inkişaf etdirdim, çünki  yalnız ingilis dilində danışmalıyıq. Yeni insanlar, mədəniyyətlər və yeməklərlə tanış olmaq xoşdur”.

Qeyd edək ki,  iyulun 19-da uşaq bağçasında  layihə çərçivəsində  məşğələlər keçirilib və  “Baby Star”  bağçasının uşaqları həmin  məşğələlərə  dəvət olunub.