Fevral ayının 13-ü “İndigo” Nərimanov uşaq bağçasında valideynlər üçün “Uşaqlara ilkin tibbi yardım” mövzusunda təlim keçirilib. “Sağlam ailə” Tibb Mərkəzi ilə birgə təşkil olunan təlimin məqsədi haqqında bağçanın həkim-pediatrı Firuzə Əsədova məlumat verib.
“Təlimin keçirilməsində məqsəd o idi ki, valideynlər uşaqlara ilkin tibbi yardım göstərilməsi haqqında məlumatlandırılsın. Evdə,həyətdə ümumiyyətlə, hər hansı bir şəraitdə alınan travmalardan həm qoruya bilsinlər, həm də o qəzalar baş verdikdə ilkin yardımı necə göstərmək lazımdır bilsinlər. Balaca uşaqlar gəzməyə başlayandan hər an hər bir təhlükə ilə üzləşə bilərlər. Yıxıla bilərlər, yana bilərlər, kəsici alətlər vasitəsilə özlərinə xəsarət yetirə bilərlər. Belə vəziyyətlərlə üzləşən zaman valideynlər təbii olaraq özlərini itirirlər. Təlimi keçirməkdə məqsədimiz də elə bu idi ki, valideynləri məlumatlandıraq, belə hallarda onlar uşaqlarına düzgün yardım göstərə bilsinlər”.
Təlimdə iştirak edən valideynlər öz təəssüratlarını bölüşüb.
Mahizər Əliyeva: (Mehribanın valideyni) “Tədbirdən çox məmnun qaldım. Bir valideyn kimi uşağıma ilkin olaraq necə tibbi yardım göstərilməsi haqda biliklər əldə etdim. Düşünürəm ki, bunları hər bir valideyn bilməli və düzgün qaydada uşaqlarına tətbiq etməlidir. Bizi məlumatlandıran həkimimizə çox təşəkkür edirəm.”
Kabira İbrahimova: (İsmayılın valideyni) “Bağçanın kollektivindən çox razıyam. Bu, birinci seminar deyildi ki, bağçanın direktoru tərəfindən təşkil olunan. Bu dəfə də həmişə olduğu kimi çox maraqlı keçdi. Çox lazımlı vacib təlim idi”.