İdman sağlam gələcək deməkdir. İdman etmək uşaqların zehni, fiziki və psixoloji inkişafını təmin edir, onların daha sağlam böyüməsinə səbəb olur.
Bu dəfə illərini idmana həsr etmiş tanınmış boksçu, əməkdar məşqçi Tofiq Babanlı ilə idman və bədən tərbiyəsinin faydalarından, idmanın uşaqların həyatındakı önəmindən danışdıq:
Bir məşqçi kimi deyə bilərsiniz mi, uşaqların üçün idmanın rolu nədən ibarətdir?
– İdman və bədən tərbiyəsi fərqli möhvumlardır. Bədən tərbiyəsi hər insan üçün vacibdir. İdman isə xüsusi hazırlıqdır. Buna xüsusi həvəs, istək olmalıdır. Elə uşaqlar var ki, özləri hansısa idmanla məşğul olmaq istəyirlər. Valideyn öz istəyinə uyğun uşağına istiqamət verməməlidir. Məsələn, uşaq güləşi sevir, atası onu yüngül idman növünə (tennis, şahmat və s.) qoyur. Bu yaxşı hal deyil.
Deyirsiniz ki, valideynlər uşaqların seçiminə qarışmasınlar..
– Gənc nəsil bizim gələcəyimizdir. Uşaqların bərkiməsi üçün ağır idman növləri lazımdır. Demirəm ki, şahmat, tennis kimi idman növləriylə məşğul olmasınlar. Onlar həmin idman növləri ilə istədikləri vaxt məşğul ola bilərlər, ona çox enerji tələb olunmur. Amma ağır idman növlərində uşaqlar həm fiziki, həm də psixoloji cəhətdən möhkəmlənirlər. Gələcəkdə bu uşaqlar Vətən üçün də lazımlı olurlar.
Əlbəttə, valideynlər uşaqların seçiminə təkan verməli, hər zaman dəstəkləməlidirlər, çünki uşaqda nəyəsə həvəs varsa, inkişaf edə bilər. Amma uşağı nəyəsə məcbur etsək, sona qədər mübarizə apara bilməyəcək.
Bəs siz övladlarınızın seçimlərinə müdaxilə etmisinizmi?
– Bir oğlum cüdo üzrə beynəlxalq dərəcəli hakimdir, həm də o federasiyanın baş katibidir. Mən fəxr edirəm ki, o işinin ustasıdır. Digər oğlum isə boks üzrə idman ustası və beynəlxalq dərəcəli hakimdir. Onların seçimindən razıyam. Onlar ölkəmizdə idman sahəsinin inkişafına öz töhfələrini verirlər.
Təbii ki, övladlarmın gələcək planlarının qurulmasında onlara valideyn kimi məsləhətlərimi verib, təcrübələrimi bölüşürdüm. İdman sahəsini seçmələri isə sırf öz istəkləri ilə bağlı olub.
“Valideyn nə qədər ki, var həmişə istəyər öz övladlarına yol göstərsin”
Bütün valideynlər, müəllimlər hamısı tərbiyəçidirlər. Biz əlbəttə ki, ilk növbədə adi insani keyfiyyətləri inkişaf etdirmək üçün uşaqların həmişə təlim-tərbiyəsilə məşğul olmuşuq. Elə indi də baxmayaraq ki, onlar artıq özləri atadılar, övladları var, elə indi lazım olanda müəyyən göstərişlər, təkliflər veririk. Bu, həmişə lazımdır. Valideyn nə qədər ki, var həmişə istəyər öz övladlarına yol göstərsin.
Ümumiyyətlə, ata ilə övlad arasında nümunəvi münasibət necə olmalıdır?
– Bu münasibət dostluq xarakteri daşımalıdır. Burada tam inam və inad olmalıdır. Ata tərəfindən deyilən sözlər, göstərilən nümunələr uşağa düzgün təsir bağışlayırsa, bunlar tam yerinə yetirilirsə, valideynin böyük uğurudur.
“Uşağın inkişafı üçün təkcə ev azdır”
Uşaqların tərbiyəsinə ailəylə yanaşı uşaq bağçalarının da təsiri var. Siz nəvələrinizi bağçaya etibar edirsinizmi?
– Uşaqların tərbiyəsi uşaq bağçasından başlamalıdır. Həmçinin, indi bağçalarda bədən tərbiyəsinə də çox önəm verirlər. Bağçada uşağın tərbiyə alması valideynin tərbiyəsindən əlavə bir stimuldur və uşağın inkişafı üçün təkcə ev azdır. Orada valideynləri əvəz edən müəllimələr var. Onlar uşaqlara tərbiyə verirlər, dostluq edirlər. Uşaqlar öz yaşıdları ilə münasibət qurur. Mənim nəvələrimin dilindən bağça müəllimələrinin adları düşmür. Müəllimələrinin bağçada nə öyrətdiklərindən danışırlar. Həmçinin, uşaq tək olanda, təkcə valideynin tərbiyəsini görəndə onlar bir az eqoist olurlar. Kollektivdə böyüyəndə isə onlar daha yaxşı tərbiyə alırlar və kollektivin önəmini hiss edirlər.
Bağçalarda uşaqlara idmanı necə sevdirmək olar?
– Bəzi bağçalarda görmüşəm ki, yarışlar keçirirlər qələbə qazananan uşaqlara diplom verirlər. Bilirsiniz, bu uşaqlarda nəinki sağlamlığı inkişaf etdirir, həm də idmana marağı artırır. Gələcəkdə belə uşaqlar həm sağlam böyüyürlər, həm də uşaqlar hər hansı bir idman növünü sevəndə onlar üçün məşğul olmaq da asan olur.