Uşaqlar rəsm çəkməyi çox sevir. Onlar şəkillər vasitəsilə hisslərini, valideynlərinə, həmyaşıdlarına olan münasibətlərini ifadə edirlər. Adətən, uşaqlar cızma-qara etməyə, üfüqi xətlər, dairə və s. çəkməyə 3 yaşında başlayırlar. Rəsm çəkmək uşaqlarda kiçik motorikanın (əllər) və psixi proseslərin (diqqət, təxəyyül, təfəkkür) inkişafına müsbət təsir göstərməklə yanaşı, özgüvəninin formalaşmasına da zəmin yaradır.
Valideyn çəkilən bütün şəkillərə övladı ilə birgə diqqətlə baxmalı və onu mütləq dəyərləndirməlidir. Bu, uşağın özünə inamlı olmasına və yeni şəkillər çəkməsinə stimul yaradacaq. Bəzən isə uşaqlar istədiyi formada çəkə bilmədikdə “pisdir, mən çəkə bilmirəm” deyə reaksiya verirlər. Bu zaman valideynlər “gəl birlikdə çəkək” deyib onu ruhlandırmalıdır. Valideyn övladını rəngli karandaşlar və fırçalarla nə qədər tez tanış etsə, uşaq bir o qədər rəsm çəkməyə həvəsli olacaq.
Bəs onların çəkdiyi şəkillər nə ifadə edir?
Uşaqlar 3-4 yaşından başlayaraq özlərinin ilk insan şəklini çəkirlər. Çəkdikləri insan şəklində, adətən, onlar özlərini təsvir edirlər. Əvvəlcə, şəklin ümumi quruluşuna fikir verməliyik: uşağın istifadə etdiyi rənglər, ştrixlər, çəkilən şəklin ölçüsü və s. Uşaq çəkdiyi rəsmdə bəzən hər hansı bir detalı xüsusilə qeyd edir. Məsələn, uşaq insanı balaca, onun gözlərini isə xüsusilə böyük, təəccüb doğuran şəkildə çəkirsə, bu, onun qorxularından və həyəcanından xəbər verir. Əgər rəsmdə ağız, burun, qulaq çəkilməyibsə, bu, balacanın ünsiyyət qurmaq istəmədiyini bildirir.
Balaca rəssam şəkildə bir neçə al-əlvan rəngdən istifadə edibsə, bu, onun ətraf aləmə olan xoş münasibətini bildirir. Əksinə, ştrixlənmiş tünd rənglərdən istifadə edibsə, bu, müəyyən narahatlıqlardan, əsəbi davranışdan xəbər verir. Qeyd etməliyik ki, bəzən uşaq çox sevdiyi cizgi film qəhrəmanını, cizgi filmdə baş verən bir hadisəni xüsusilə ideallaşdırıb çəkə bilər. Həmçinin neqativ cizgi film personajlarının uşaq psixikasına mənfi təsirini də yaddan çıxarmamalıyıq. Bu zaman qərar verməyə tələsməməliyik. Onun maraq dairəsini də nəzərə almaq lazımdır.
Uşaq psixologiyasını öyrənmək üçün ən gözəl vasitələrdən biri də onun çəkdiyi ailə rəsmidir. Valideynlər övladının bacı-qardaşlarına olan münasibətini aşkar etmək üçün balacadan ailə şəkli çəkməsini istəyə bilər. Bu şəkil uşağın hər bir ailə üzvünə olan münasibətini əks etdirir. Uşaq özünə daha yaxın bildiyi ailə üzvünü hər zaman öz yaxınında çəkir. Ailə üzvlərinin əl-ələ tutmuş, gülərüz formada çəkilməsi uşağın onları sevdiyini bildirir. Bəzən uşaq şəkildə özünü və ya hər hansı bir ailə üzvünü çəkmək istəmir və onu müxtəlif bəhanələrlə izah edir. Məsələn, “Yadımdan çıxdı, çəkmədim, kağıza yerləşmədi” və s. Bu zaman uşaq həmin ailə üzvü ilə olan soyuq münasibətini bildirmək istəyir. Məsələn, balaca yeni anadan olmuş bacı və ya qardaşını çəkməyibsə, onu qısqandığını bəyan edir. Digər maraqlı məqam isə, uşağın özünü və ailə üzvlərini hansı ölçüdə çəkməsidir. Bəzən uşaq özünü hamıdan böyük ölçüdə və yaxud ən yüksəkdə çəkir. Bu zaman o özünə ailədə çox dəyər verildiyini, sevildiyini diqqətə çatdırmaq istəyir. Olmayan ailə üzvünün rəsmə daxil edilməsi isə, uşağın ünsiyyətə olan tələbatıdır. Şəkildə təbiət mənzərələrinin olması da müsbət emosional vəziyyətin göstəricisidir.
Çəkilən ev rəsmində də uşaq bizə müəyyən informasiyalar verir. Evin damının qırmızı olması, bacadan tüstünün çıxması xoşbəxt evin göstəricisidir.
Əgər uşaq rəsmdə dişlər, böyük yumruq formasında əllər, dırnaqlar çəkirsə, qara, qəhvəyi və tez-tez qırmızı rəngdən istifadə edirsə, bu uşağın əsəbi olmasından xəbər verir. Bu zaman valideynlərin mütəxəssisə müraciət etməsi tövsiyə olunur.
“Baby Star” uşaq bağçasının psixoloqu Günel Məhərrəmli