Cəmiyyətdə formalaşan stereotiplər uşaqların seçimlərinə məhdudiyyətlər qoyur. Adətən, uşaqlar dünyaya gəlməzdən əvvəl otaqlarının nə rəng olacağını və ya hansı oyuncaqlarla oynayacaqlarını valideynləri qərarlaşdırır. Rənglər və oyuncaqlar cinslərə bölünür. Çəhrayı, qırmızı rəngdə geyinmiş oğlan və ya maşın oyuncaqlarla oynayan qız uşaqlarını insanlar təəccüblə qarşılayır. Fərdlərə qoyulan qaydalar və gözləntilər cəmiyyətin hər təbəqəsində gender iyerarxiyasına görə yaranan problemlərə gətirib çıxarır. Bununla belə, cəmiyyətdəki hər bir fərdin, istisnasız olaraq bütün uşaqların bərabər imkanlardan faydalanmaq və sərbəst şəkildə öz şəxsiyyətini formalaşdırmaq hüququ var. Bu hüququn əldə edilməsi də gender bərabərliyi anlayışından keçir.
Problemi həm də özümüzdə axtarmalıyıq:
Burada biz orta məktəblərdə keçirilən əmək dərslərini nümunə göstərə bilərik. Uşaqlar cinsiyyətinə görə qruplaşdırılır və onlara spesifik olaraq məişət işləri öyrədilir. Halbuki, bu bacarıqlar gender kimliyindən asılı olmayaraq bütün insanlar üçün uyğun ola bilər. Qızlara ev işlərini: toxuma, yemək bişirmə, təmizlik, oğlanlara isə nisbətən daha çox fiziki güc tələb edən işlər: bağın təmizlənməsi, dülgərlik və s. işlər öyrədilir. Bunun nəticəsində də “qadın evində oturar, kişi isə evə pul gətirər” kimi stereotiplər yaranır.
Bəzi peşələrin hər hansı cinsə aid olunması absurd fikirdir. Tarixi faktlara əsaslanaraq deyə bilərik ki, qadınlar hərbi işlərdə kişilərdən heç də geri qalmır və ya kişilər “qadın işi” kimi görünən aşbazlıqda öz məharətlərini göstərə bilirlər. Fərdi olaraq nümunəni Şərq və Cənubi Avropanın ilk qadın pilotu Leyla Məmmədbəyovanı göstərə bilərik.
Bəs gender bərabərliyi nədir və ona necə nail olmaq olar? Uşaqlarda gender bərabərliyi şüurunun formalaşdırılması üçün hansı addımlar atılmalıdır?
Erkən yaşdan uşaqlara yeridilən gender stereotiplərinin başlanğıc nöqtəsi istifadə edilən yanaşmadan, ağır media yükündən, nağıl kitablarından, hətta əyləndiyimiz oyunlardan asılı olur. Bunun nəticəsidir ki, həmin başlanğıclar cinslərin necə davranmalı olduqları barədə gender rolu mesajları ötürürlər. Gender bərabərliyini həyatın parçası halına gətirə bilmək üçün onu düzgün anlamaq lazımdır.
Gender bərabərliyi qadın və kişilərin sosial həyatın bütün sahələrində bərabər şəkildə iştirak etmələri, bərabər hüquq və imkanlara malik olmaları deməkdir. Bu bərabərliyin təmin edilməsi də cəmiyyətdə gender əsaslı qərəzlərin və ayrı-seçkiliyin aradan qaldırılmasının vacibliyini bilməyimizə səbəb olur.
Bu qədər sadə anlayışın uzun müddət tam həlsiz qalması da bölüşdürülən vəzifələrin və hüquqların qeyri-tamlığı, azadlığın məhdudlaşdırılması ilə əlaqəndirilə bilər. Belə mənfi halların yaşanması isə kiçik yaşdan uşaqların düzgün istiqamətləndirilməməsindən başlayır.
Belə ki, uşaqlar iki yaşından sonra cinslər arasında fiziki fərqləri ayırd edə, üç yaşından başlayaraq cinsiyyətləri müəyyən davranışlarla əlaqələndirə bilirlər. Bu dövrdə onların şüurunda gender rolları formalaşmağa başlayır. Bu səbəbdən gender bərabərliyi şüurunun əvvəlcə ailədə, sonra məktəblərdə və sosial mühitdə formalaşdırılması böyük əhəmiyyət kəsb edir.
Təbii ki, gender bərabərliyi haqqında məlumatlılığın aşılanmasında ilk rol valideynlərindir. Ailə uşaqların sosiallaşdığı və xarici dünya ilə tanış olduğu ilk yerdir. Unutmaq olmaz ki, uşaqlar hər zaman gördüklərini təqlid edir, onları qanun kimi öyrənməyə başlayırlar. Özünü tanıma prosesinə çatana qədər bu əksər hallarda oturuşmuş xarakterik xüsusiyyət halına gəlir.
Uşağın gender məlumatlılığının formalaşmasında ailənin rolu kifayət qədər böyükdür. Bu səbəbdən valideynlərə kiçik tövsiyələrimiz var:
– Gender bərabərliyi haqqında məlumatlılığı təmin edin
– Övladlarınıza gender baxımından neytral fəaliyyət növləri təklif edin
– Müəyyən davranışları izah etmək üçün gender stereotiplərindən istifadə etməyin
– Cəmiyyətin gözləntilərini onlardan tələb etməyin
– Məlumatları ötürərkən qərəzsiz və ədalətli olun
– Qızları “bir şey edə bilməyəcəklər” anlayışından, oğlanları isə “kişi ol” təzyiqindən qoruyun