Uşaq demək xəyal etmək və xəyallar aləmində yaşamaq deməkdir.
Yaradıcılıq hər bir uşağın malik olduğu, lakin inkişaf etdirilməsi lazım olan vacib bir bacarıqdır. Yaradıcılığı inkişaf etdirmək həyatımıza müsbət mənada çox təsir edir. Bu bacarığı inkişaf etdirməyin ən vacib və asan yollarından biri körpələrimizə uşaqlıqdan, hətta körpəlikdən başlayaraq bir valideyn kimi “yaradıcılıq” şüuru ilə yanaşmaqdır. Uşaqlarda yaradıcılığı inkişaf etdirmək üçün başlıca olaraq onların öyrənmə sevgisini artırmaq lazımdır. Uşağı yaradıcılığa məcbur etmək olmaz. Uşaqların təxəyyül və yaradıcılıqlarını genişləndirməsini təmin etmək üçün xüsusi qaydalar və ya göstərişlər yoxdur. Müasir dünyada, müəyyən bir sahədə uğurlu olmaq gələcəyə zəmanət vermir, əksinə uğur qazanmağın sirri yaradıcılıq və kəşfdir.
Uşaqların yaradıcılığını inkişaf etdirməyin 5 fərqli yolunu sizinlə bölüşürük.
- Uşağınızın yaradıcılığını istifadə edə biləcəyi bir mühit yaradın
Mütəxəssislər uşaqların öz yaradıcılıqlarını nümayiş etdirə biləcəkləri mühitin yaradılmasının çox vacib olduğunu deyirlər. Bu, oyuncaqlarla dolu çuval və dəbdəbəli oyun otağı demək deyil. Texnologiyanın da sürətli inkişaf etdiyi dönəmdə uşaqları maksimum texnoloji alətlərdən uzaq tutaraq, onları öz mühitlərində böyümələrinə imkan yaratmalı və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün onlara mühit tanımalıyıq.
- İstəklərini kəşf etməsini təmin edin
Uşağınızın maraqlarına diqqət yetirin. Çünki bəzən onların maraqlarının altında yaradıcılıq sahəsinə aparan tunel ola bilər. Məsələn, övladınız palçıq və torpaqla oynamağı sevirsə, bu maraq sizə onu dulusçuluq və keramika sənətinə yönəltmək imkanı yaradır. Kim bilir, bəlkə də gələcəyin heykəltəraşını böyüdürsünüz. Uşağınız planetlər, kosmos, ulduzlar haqqında suallar verirsə, siz astronomiya ilə bağlı kitablar və oyuncaqlar almaqla ona üfüqlərini genişləndirməkdə kömək edə bilərsiniz.
- Sərt qaydalar qoymayın
Qadağalar, sərt qaydalar uşaqların yaradıcılığının inkişafına mane olur. Uşaqların gərək sərbəst hərəkət sahəsi olsun, fərqli təcrübələr keçirsin və yeni şeylər kəşf etsin. Misal üçün, uşağa rəsm çəkərkən ətrafa boya səpməməyi və heç bir yeri çirkləndirməməyi söyləmək uşağın sərbəst hərəkət etməsinə mane olar. Bu onun yaradıcılığını ifadə edə bilməməsinə səbəbdir.
- Nəticəyə deyil, prosesə diqqət yetirin
Yaradıcılıq risk tələb edir. Uşaqların diqqətini öz işinin nəticələrinə yönəltməsi onları yaradıcılıqdan yayındırır. Mükafat yönümlü hər hansı fəaliyyət uşaqların nəticəyə daha çox diqqət yetirməsinə səbəb olur. Bir sözlə, uşaqları uğurlu nəticələr və əldə edə biləcəkləri mükafatlarla həvəsləndirməkdənsə, diqqəti prosesə və göstərdikləri səylərə cəlb etmək daha vacibdir. Təbii ki, bununla bağlı bütün iş böyüklərin üzərinə düşür.
- Övladlarınıza suallar verin
Uşağınıza yaşına uyğun müxtəlif suallar verə bilərsiniz. Məsələn, problemə necə yanaşır və bu problemi necə həll etməyə çalışır? Bunun üçün siz maarifləndirici kitablardan kömək ala və ya mümkün ssenariləri özünüz yarada bilərsiniz. Uşağınızdan fikirlərini kağıza çəkməsini və ya yazmasını xahiş edə bilərsiniz. Beləliklə, siz onlara yaradıcı düşünməyə və beyin fırtınasına kömək edirsiniz.