Uşaqlarda özgüvən inkişafı mövzusunda ən önəmli proseslər qəbul etmək və rədd etməkdir. Uşağın istəklərini mütəmadi qəbul etmək özgüvəni inkişaf etdirsə də, onu ərköyün də edə bilər. Eyni zamanda, tez-tez rədd edilən uşağın özünə inamı zəifləyir, səhvlər etməyə və cinayətə meyilli olur.
Uşaqlara qadağa qoymaq onlarda özünə qapanıqlıq halları ilə nəticələnir. Lakin hər istədiyi yerinə yetirilən uşaqlarda məsuliyyət hissi inkişaf etmir və uşaq bir müddət ən bəsit ehtiyaclarında valideynin köməyindən istifadə edir. Buna görə də, hər iki üsul yanlışdır.
Uşaqlarda özgüvən inkişafı mərhələsində valideynlərin rolu böyükdür. Özgüvən yaratmaq üçün ailələr təzyiq etmədən nəzarəti ələ almalıdırlar. Valideynlərin uşağa təzyiq göstərməsi, yeniyetməlik və ya yetkinlik dövründə ciddi problemlərə səbəb olur və belə uşaqlar adətən əsəbi və nadinc olur.
Həmçinin uşağın dost çevrəsi və digər mühitlər də onun özgüvən səviyyəsini müəyyən edir. Bununla yanaşı, valideynin düzgün yönləndirməsi nəticəsində, uşaq özünə güvənir və şəxsiyyət olmaq yolunda irəliləyir.
Uşaqlara səhv etmək azadlığı verilməlidir. Yalnız çətinliklərlə mübarizə aparmağı öyrənən uşaq düzgün formalaşa bilər. Valideynlərin müdaxiləsi isə onun qorxaq böyüməsi və özgüvən əksikliyi ilə nəticələnir.
Uşaqlarını müdafiə edən valideynlər bilmədən onlara pislik edirlər. Özgüvəni inkişaf etmədiyi üçün özünü ifadə edəbilməyən uşaq yetkinlik zamanı eyni problemlərlə qarşılaşmağa davam edir.
Valideynlərin uşaqlarına həddindən artıq qayğı göstərməsi yanlış olduğu kimi, uşaqların qayğısız qalmaları da ciddi problemlərə səbəb olur.