Heyvanlar insanlara sadiq, çox yaxşı dost olurlar. Xüsusi öyrədilmiş ev heyvanları sahiblərini və yaşadıqları yeri qoruyurlar. Uşaqlarınızın da bu dostluqdan pay almaları üçün onlara heyvan sevgisini aşılamaq olar.
Həyatımızın ayrılmaz hissəsi və ən yaxın dostlarımız olan heyvanlar, uşaqların inkişafında da mühüm rol oynayır. Düzgün münasibət qurulduğu halda, empatiya qabiliyyətindən əxlaqi dəyərlərin inkişafına qədər bir çox müsbət nəticə alınır. Heyvanlarla qurulan əlaqə, uşağın yoldaşlıq hissinin inkişafına müsbət təsir edir .Bu əlaqə sayəsində, uşaq daha tolerant, daha paylaşımcı, daha anlayışlı, fərqliliyə daha açıq bir şəxsiyyət inkişaf edə bilər. Ev heyvanlarıyla böyüyən uşaqlarda məsuliyyət hissi də daha irəli səviyyədə olur .
Təmizlik mövzusunda narahatlıqlarınız varsa və uşağınız bir heyvanın məsuliyyətini almayacaq qədər kiçikdirsə, təmizlik problemi ən az olan heyvanları seçə bilərsiz. Məsələn balıq.
Valideynlər uşaqlarının sağlamlığı baxımından evdə ev heyvanı bəsləməyə yaxşı baxmasalar da, heyvanlarla yaxın olan uşaqların sosial, zehni və emosional baxımdan inkişaf töhfəsi olduğu güman edildiyindən daha çoxdur.
Zehni inkişaf: Heyvanlar aləmi çox müxtəlif və zəngindir. Hər bir heyvan fərqli rənglərə, xüsusiyyətlərə, şəkillərə malikdir və uşaqlar bunları kəşf etməyi çox sevir. Bu uşaqlarda araşdırma, analiz etmə, münasibət qurmaq, problem həll etmə və s. bacarıqların inkişafına köməkçi olur.
Emosional və Sosial İnkişaf: Bir heyvana nəzarət etmək məsuliyyət hissini inkişaf etdirir. Məsuliyyət götürüb, bunları yerinə yetirən uşaq bundan qürur duyur və özünə inamı artır. Dostlarının ehtiyaclarına daha həssas olmağı öyrənir.
Dil İnkişafı: Heyvanlar haqqında danışmaq uşaqlar üçün ən əyləncəli məsələlərdən biridir. Uşaqlar heyvan haqqında danışaraq həmyaşıdlarıyla ünsiyyət qurmaq şansı əldə edir. Heyvanlar üzərində danışılacaq çox şey olduğu üçün bu söhbətlər uşaqların dost olmalarına köməkçi olur. Əgər bir uşaq ev heyvanı bəsləyirsə, dostlarına ona necə baxdığını, onunla nələr etdiyini bildirməsi danışma bacarığını və söz ehtiyatını inkişaf etdirir.
Fiziki İnkişaf: Uşaqlar heyvanları təqlid etməyi çox sevirlər və onları təqlid edərkən hoppanıb tullanırlar. Bu böyük və kiçik əzələ inkişafına yardımçı olur.
Tək uşaqlı ailələrin ev heyvanı bəsləməsi daha məqsədəuyğundur. Çünki evdə uşağın oyun oynayacağı bir qardaşı və ya bacısı yoxdur. Eyni zamanda yeganə uşaq olduğu üçün ailənin də ulduzudur və bütün diqqət onun üzərindədir. Bu səbəblə uşaq hər dediyinin həyata keçirilməsini istəyir və yox sözünü qəbul etmir. Heç bir şeyini başqaları ilə bölüşmək istəməz və hər zaman marağın onun üzərində olmasını istəyər. Evdə bir ev heyvanının olması, ana atanın onu sevdiyini və onla məşğul olduğunu görməsi əskik olduğu bu sahələrdə inkişafını təmin edəcəkdir.
Bununla yanaşı bəzən uşaqlar ailədə tapmadığı sevgini bir heyvanda tapa bilər. Maraqsız ana ataya malikdirsə və ailəsi kifayət qədər uşaqla vaxt keçirmirsə bir ev heyvanın olması uşağın yaxşılaşmasını təmin edir və özünə qapanmasının qarşısını ala bilir. Çünki uşaq sevgisini, marağını baxdığı bu heyvana verir, onla danışır, problemlərini, xoşbəxtliyini onla bölüşür, ən önəmlisi ondan sevgi görür və özünü dəyərli hiss edir.
Bu baxımdan heyvan sevgisinin terapiya təsiri də vardır. Hətta bəzi heyvanlar psixoloji problemlərin həllində terapiya məqsədilə istifadə edilir. Məsələn, Amerikada körpə itlə terapiya aparılır. Terapiya zamanı körpə it uşaqla, uşaqda körpə itlə oyun oynayır. Heyvan sevgisi içinə qapalı, dostu olmayan uşaqlar üçün də çox faydalıdır.
Bundan başqa, real həyatda müxtəlif heyvanları görməmiş, heç bir heyvana toxunmamış uşaqlarda heyvan fobiyası inkişaf edir
Göründüyü kimi bir uşağın ev heyvan bəsləməsi ona bir çox cəhətdən kömək edir. Əgər evdə ev heyvanı bəsləmə imkanınız yoxdursa ən azından imkan tapdıqca uşağınızın onlara toxunması üçün fürsət yaradın; Onları zooparka və fermalara aparın. Şəhərdə uşaqlar bina evlərində böyüyür və heyvanları yalnız televizordan, kitablardan tanıyırlar. Bu səbəbdən heyvanları bəlkə də ilk dəfə canlı olaraq zooparkda görmə şansı yaxalayırlar. Bu şansı yaxşı istifadə etmələrinə və bu qısa müddətdə heyvanları kəşf etmələrinə və sevməsinə icazə verin.
Heyvanlara aid filmlər izləyin. Uşaqların heyvanları tanıması və heyvan sevgisini inkişaf etdirmək üçün heyvanlarla bağlı sənədli film CD-ləri alaraq uşağınızla birlikdə izləyin. Həmçinin heyvanların qəhrəman olduğu dostluq, məhəbbət mövzulu filmləri də uşağınızla birlikdə izləyin.
Amma bu məsələdə ailələr həssas olmalıdırlar. Heyvanlar uşağınızın inkişafını artıran bir oyuncaq və ya bir vasitə deyil. Bir ev heyvan bəsləmə məsuliyyətini almayacaq bir uşağa bir ev heyvanı əmanət edib ona əziyyət edilməsinə icazə verməyin və ya bir heyvan alıb 2-3 həftə bəsləyib təkrar geri qaytararaq bu şirin heyvanların psixologiyasını pozmayın. Unutmayın ki,heyvanlar uşağınızı əyləndirəcək, xoşbəxt edəcək bir oyuncaq deyil. Onlar yaşayan bir canlı və onların da ürəyi, duyğuları var. Bu məsələdə çox həssas olmaq lazımdır.
Son olaraq valideynlərin etdiyi digər səhv düşüncə isə heyvanları mikrob mənbəyi görməsidir. Adətən ailələr heyvanlarla təmas edən uşağın ağzına tük qaçmasından, mikrob yoluxmasından ehtiyat edirlər. Amma lazımi tədbirlər görüb, peyvəndləri edildikdə, yəni sağlamlıq şərtlərinə diqqət ediləndə həm uşaq üçün belə bir problem olmayacaq. Yəni ev heyvanın sağlamlığına diqqət etməsi, əmək verməsi onu daha çox sevməsinə dəyər verməsini təmin edəcəkdir. Ən önəmlisi sevməyi öyrənəcəkdir. Unutmayın ki, heyvanları sevməyən insanlar insanları da sevə bilməzlər. Bunun təməlləri uşaqlıqda qoyulur.
Mənbə: Valideyn.az