”Uşaqlara çörək yedirtməyin!” – Pediatrdan xəbərdarlıq

Çörək Azərbaycan süfrələrinin əsas nemətidir. Hər hansı xörəyi çörəksiz yeyəndə elə bil ki, “canımıza yatmır”. Əksər valideynlər uşaqların da çörəkdən bol istifadə etməsinin tərəfdarıdır. Hətta uşaqlar çörək yemək istəməyəndə onları buna zorla məcbur edirlər: “Çörəklə ye ki, doyasan”.

Ancaq mütəxəssislər çörək yeməyin əleyhinədirlər. Pediatr Günay Rəsulova isə əla növ unu əla növ zəhər adlandırıb. O, açıqlamasında bildirib ki, uşaqlara çörək yedirtmək doğru deyil: “Ağ çörəyin hər hansı bir qidalandırıcı dəyəri yoxdur. Vitamin, mineral və lif baxımından olduqca kasıb qidadır. Yalnız asan mənimsənilən zərərli şəkər effektindən başqa heç bir faydası yoxdur”.

G.Rəsulovanın sözlərinə görə, çörək yalnızca mədəni dolu tutan və aclığı azaldan bir qidadır. Boş kalori yükü qan şəkərini yüksəldir, diabet riskini artırır, mədə-bağırsaq funksiyalarının pozulmasına (qəbizlik, qastrit və s) yol açır, ürək-qan damar sistemi xəstəlikləri, ateroskleroz və yüksək qan təzyiqi riski yaradır: “Tərkibində olan nişasta bədən tərəfindən çox tez mənimsənilir və piylənməyə səbəb olur. Ağ çörəkdə olan toksinlər – içərisində olan qatqı maddələri – rafinə duzu, yumşaqlığını, görünüşünü və saxlanma müddətini uzatmaq üçün istifadə olunan kimyəvi maddələr bütün xərçəng növləri riskini artırır”

Pediatr deyir ki, çörək taxıllar qrupuna aid bir qidadir. Onu başqa, daha sağlıqlı taxıl növləri ilə əvəz etmək olar: “Məsələn, bir dilim çörək yerinə 3 xörək qaşığı bulqur aşı övladınız üçün çox faydalı və sağlıqlı olacaq. Ağ çörək əvəzinə tam buğda, çovdar və kəpəkli çörək məhdud istifadə edilə bilər. Bundan başqa maya və qlüten mövzusu da var. İnsanlar arasında çox yayılmış gizli maya və qlüten allergiyasının olması bu mövzunu daha önəmli edir. Beləliklə, qlisemik indeksi çox yüksək olan ağ çörək sağlamlığa ciddi zərər vurur və ciddi asılılıq yaradır. Çörək alışqanlığı siqaret alışqanlığına bənzəyir. Arıqlamaq üçün pəhriz saxlayan insanların məhz bu qidadan imtina etməsinin çox çətin olması bunu sübut edir. Bu səbəbdən uşaq vaxtından etibarən bu asılılığın qarşısını almaq sizin valideynlik borcunuzdur. Uşaqlara çörək verməyin!”

Ailem.az