Kompüter oyunlarının tarixi 1940-cı illərdən başlayır. İlk dəfə ingilis riyaziyyatçısı Alan Türinq kompüterdə şahmat oyununun alqoritmini tərtib edib. Müasir dövrdə isə kompüter oyunları inkişafı ilə öz əcdadını dəfələrlə üstələyir. Müxtəlif strategiya oyunları, qrafikalar, effektlər və dizaynlar. Bəs görəsən, uşaqlara kompüter oyunlarının təsiri necədir?
Uşaq inkişafı üzrə mütəxəssis, psixoloq Mətanət Əliyevanın sözlərinə görə, uşaq tərkibində aqressiv elementlər olan oyunlar oyanayırsa, bu onun davranışında öz əksini tapır. Valideynlər uşaqlarının hansı oyunları oynadığına diqqət etməlidir. O, həmçinin azyaşlı uşaqların təfəkkür və ünsiyyət bacarığının inkişafı üçün real oyunların daha effektiv olduğunu qeyd edir:
“Mümkün qədər uşağı öz marağına uyğun digər fəaliyyətlərə cəlb etmək lazımdır. Nə qədər ki, uşaq asudə vaxtını boş keçirmir, hər hansı bir fəaliyyətlə məşğuldur, onda uşaqda belə oyunları oynamağa nə həvəs qalır, nə də zaman. Yeniyetməlik dövrü böhranlı, problemli dövrdür, bu dövr sosial öyrənmədir. Uşaq baxır, öyrənir, dəfələrlə məşq edir, insan öldürməyi, insan vurmağı. Yəni ki, bu onunçün artıq adi hala çevrilir”.
Kompüter oyunları tərtibatçısı Bakir Ömərov isə qeyd edir ki, kompüter oyunları yarananda ümumi filterdən keçirilir. Oyunun tərkibində şiddət, qan varsa, bu beynəlxalq reytinq cədvəli ilə tənzimlənir. Burada avtomatik filtirasiya sistemi tətbiq olunur. Ekspert bildirir ki, əgər oyun bu qanunlara uyğun deyilsə, ya avtomatik onlayn marketdən silinir, ya da developerlər cərimə olunur.
“Biz çalışırıq ki, qeyd edək. Yazırıq məsəl üçün +16; +18; +12 yada ki, +0 yəni hər kəs oynaya bilər. Valideynlərə məsləhətim odur ki, uşaqların hansı oyunları oynadığına nəzər salsınlar. Onlayn oyunlar var harda ki, kompüterlə yox, başqa insanlarla oynayırsınız. Orada artıq sizin aranızda bir ünsiyyət də var. Yəni, bir-birinizə söyüş də yaza bilərsiniz. Bu, uşaqları daha da aqressivləşdirir. Çünki, o, hiss edir ki, qarşısındakı real insandır. Harda ki, 3-cü şəxslər var, uşaqları sırf belə oyunlardan uzaq tutsunlar. Onlar virtual aləmdə onun uşaqlarını söyə də bilər və bu, ona təsir edə bilər”.
Bəs uşaqlar üçün təhlükəli olan oyunlar hansılardır?
Türkiyənin “Yeni Şafak” qəzetinin apardığı araşdırmaya görə, “Metin 2”, “Counter strike”, “GTA San andreas” kimi tərkibində şiddət elementləri olan bu tip oyunlar uşaqlarda fiziki, psixoloji və mental deformasiyaya səbəb olur.