19 iyun tarixində “İndigo” Nərimanov, “Baby star” uşaq bağçalarını birgə təşkilatçılığı ilə uşaqlar arasında ilk olimpiya oyunları təşkil olunub.
Bakı 2015 birinci Avropa Oyunlarına dəstək məqsədi ilə uşaq bağçasında keçirilən idman tədbiri oyunların rəsmi simvolları Nar və Ceyranın iştirakçıları salamlaması ilə açıq elan olunub.
Uşaqlardan ibarət gimnastika komandasının çıxışından sonra oyunları idarə etmək üçün valideynlər arasından hakimlər seçilib. Uşaqlar uzağa tullanma, maneələr zolağında qaçış, estafet qaçışı və ağırlıqqaldırma idman növləri üzrə olimpiya oyunlarında iştirak ediblər. Hər oyun üzrə birinci, ikinci və üçüncü yerlərin sahibləri diplomlarla mükafatlandırılıb, medallarla təltif olunublar.
Qalibiyyət sevincini yaşayan balacalar hisslərini bizimlə bölüşüblər.
– Yarışma oldu, mən qazandım, birinci oldum. Birinci olanda bunu qazandım
– Я выиграл. Я победил. Потому что я второй место победил. Получил медаль.
Yarışları izləyib, övladlarına dəstək olmağa gələn valideynlər təşkilatçılara təşəkkürlərini bildiriblər.
Qəmər Xəlilova: “Bu gün hər şey çox gözəl keçdi. Bunun üçün bağça rəhbərliyinə, kollektivə öz təşəkkürlərimizi bildiririk. Uşaqlarımız üçün hər şey çox maraqlı idi. Qalib gəlsələr də, məğlub olsalar da, onlar üçün uğur idi ki, belə bir yarışda iştirak edirlər. Bu gələcəkdə də onların həyatında uğurlu bir qalibiyyət olacaq, mənə elə gəlir.”
Məmmədova Çinarə: “Bugünkü tədbir çox maraqlı keçdi hər zamankı kimi. Əməyi keçən bütün müəllimlərə də təşəkkürlərimi bildirirəm. Eyni zamanda mənim oğlum birinci yerin qalibidir. Bütün uşaq bağşasının kollektivinə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm.”
Sonda uşaq bağçasının meneceri Vəfa Şirinova bugünkü tədbirin mahiyyəti barədə GSR.fm-ə bunları deyib:
“Bədən tərbiyəsi başqa bir şeydir, idman başqa. Biz bağçada onu bədən tərbiyəsi şəklində keçirik. İstərdik ki, sonradan valideynlər bunu idmanla tamamlasınlar. Uşaqlar arasında bu yarışmaların keçirilməsi onlar arasında marağı, yarış ruhunu, qalibliyin və bəzən də məğlub olmanın nə olduğunu öyrətmək üçün çalışdıq.”