XVIII əsr fransız maarifçisi Jan Jak Russo “Uşağınızdan müdrik bir insan yetişdirmək istəyirsinizsə, onun dəcəlliyini məhv etməyin” deyir. Bir uşağın özünü rahat hiss etməsi və sərbəst davranması üçün şəxsi otağının olması çox vacibdir. Burada vacib olan digər məsələ isə həmin otağın necə dizayn olunmağıdır.
Valideyn Şadiyə Qasımova övladı kiçik olduğundan, otağı dizayn edərkən övladının fikrini soruşmadığını deyir:
“Uşaqların fikirləri çox önəmlidir, amma mənim fikrim ondan da önəmlidir, çünki o uşaqdır, hələ həyatı tam dərk etmir. Otağı mütəxəssis köməyi olmadan özüm dizayn etmişəm. Çalışmışam ki, otaqda uşağın diqqətini yayındıran çox əşya olmasın. Uşaqların rahat şəkildə yazı yazması üçün otaqda, ilk növbədə, stol-stulun olması vacibdir. Onların sağlamlığı üçün otaq rütubətli olmamalıdır”.
Balaca Məhəmmədəlinin babası Şamil Hüseynov isə uşaq otaqlarında işıqlandırma və divar kağızının rənginin mütləq nəzərə alınmalı olduğunu deyir. Onun fikrincə, otağı dizayn edərkən uşağın fikrini tətbiq etmək əvəzinə onu istiqamətləndirmək lazımdır:
“Yaxşı olardı ki, uşağın ədəbiyyata, incəsənətə marağını artırmaq üçün otaqlar dizayn edilərkən bəstəkarların, şair və yazıçıların şəkillərinə üstünlük verilsin. Uşaq hər hansı bir dahinin yolundan getməlidir. Bunun üçün otaqda Mirzə Ələkbər Sabir kimi şairlərin, Cəlil Məmmədquluzadə kimi yazarların, Heydər Əliyev kimi dahi şəxsiyyətlərin portretlərindən istifadə edilməlidir”.
Məsələyə peşəkarların münasibətini öyrənmək üçün uşaq psixoloqu Vəfa Əkbərin fikirlərini soruşduq. Şəxsi otağı olan uşaqların daha müstəqil olduğunu və hadisələrə obyektiv yanaşmağı bacardığını deyən psixoloq bu məsələdə dizaynın önəmindən danışdı:
“Psixologiyada fərdi ərazi deyə bir anlayış var. Bir insana uşaqlıqdan nə qədər ərazi verilibsə, onun fərdi ərazisi o qədər olacaq. Şəxsi ərazisi olan uşaq öz ərazisini qoruduğu kimi başqasının ərazisinə də heç bir zaman müdaxilə etmir. Həmin ərazinin, yəni uşaq otağının dizaynına gəldikdə isə uşağın fikri öyrənilməlidir. Birdən-birə onun əvəzinə valideyn qərar verdikdə uşaq özünü pis hiss edəcək. Otaqları dizayn edərkən qıcıqlandırıcı rənglərdən istifadə etmək olmaz. Elektra rənglər göz qamaşdırdığından onlar uşağın psixikasına birbaşa aqressiv formada yazıldığı üçün uşaqları aqressiv və səbrsiz edə bilər. Solğun, sakit rənglər uşaqlara daha müsbət təsir edir”.
Bəs, görəsən, uşaq otaqlarını dizayn edərkən valideynlər uşaqların fikri ilə yanaşı başqa nələrə diqqət yetirməlidirlər? Bununla bağlı interyer dizayn Ramin Kərimov bildirir ki, otağı dizayn edərkən uşağın yaşı nəzərə alınmalıdır:
“Uşaq otaqlarında əşyaların yerləşməsi elə olmalıdır ki, uşaqlar otaqda sərbəst hərəkət edə bilsinlər. Əşyaların ölçüləri gərək otağa uyğun olsun. Uşaq otaqlarında, əsasən, açıq rənglərə üstünlük verilməlidir. Divarın bir hissəsi dekor, digər tərəfləri isə saya rəngdə ola bilər. Otağı geniş göstərən iki nüans var: divar kağızı və işıqlandırma. Buna görə də, divar kağızı seçimində açıq rənglərə üstünlük verilməli, otağın daha aydın olması üçün spot işıqlardan istifadə edilməlidir”.
Əksər uşaqlar günün yarıdan çox hissəsini bağçalarda keçirir. Bu səbəbdən, bağçalarda da dizayn məsələsinə xüsusi qayğı ilə yanaşılmalıdır. Uşaq bağçasının direktoru, pediatr Şəlalə Orucova otaqların dizaynında uşaqların təhlükəsizliyinin onlar üçün xüsusi önəmi olduğunu vurğulayır:
“Uşaqlar hazırda qruplara bölünmüş halda otaqlarda yerləşdiriliblər. Otaqlarda stolun uclarına xüsusi diqqət yetiririk, pəncərə qarşısında uşaqların diqqətli olması üçün xüsusi bir maneə var. Uşaqların gözünü yormamaq şərtilə otaqlar rəngarəng olmalıdır. Otaqlar elə dizayn edilməlidir ki, uşaq nə yorulsun, nə də ki, ərköyün olsun.
Uşaqların rahat kitab oxuması üçün oxu guşəmiz var. Qızlar üçün nəzərdə tutulan guşələr oğlanlar üçün nəzərdə tutulan guşələrdən tamamilə fərqli olur. Kitablar elə yerləşdirilməlidir ki, uşaqlar kimsədən yardım almadan onu götürüb oxuya bilsinlər. 2-3 yaşarası uşaqlar üçün isə tərbiyəçi kitab oxuyur, onlar isə dinləyirlər.
Yataq otaqlarında çarpayılar arasındakı məsafə, pəncərəyə yaxın olub-olmaması, gün işığının düşmə bucağı və s. bu kimi məsələlərə diqqət yetirilməlidir. Biz çalışırıq ki, döşək, yastıq, yorğan üzləri anti-allergik materilallardan olsun. Uşaqların yaradıcılıq qabiliyyətini artırmaq üçün isə otaqlarda xüsusi oyun meydançalarımız var”.
Qeyd edək ki, uşaq otaqlarının dizaynında önəmli cəhətlərdən biri də məhz oyuncaqlardır. Oyuncaq almadan öncə onların yarlığını oxumaq, yaş uyğunluğu, materialı və formasına xüsusi diqqət yetirmək lazımdır. Dünya təcrübəsi göstərir ki, uşaqların təhlükəsizliyi üçün onlar asanlıqla sınan materialdan olmamalıdır. Buna görə də, plastik, rezin, taxta kimi materiallardan hazırlanan yuvarlaq oyuncaqlara üstünlük verilməlidir.