Bu gün İngiltərədə uşaqlar üçün məktəbə başlama, oxuma yazmağı öyrənmə vaxtı kimi dörd yaş müəyyən olunub. Buna etiraz olaraq isə bir çox media orqanlarında, məktəb yaşının dəyişdirilməsi məqsədilə kampaniya təşkil edilib. Bu kampaniyanı təşkil edən şəxslər düşünürlər ki, İngiltərədə də bir çox Avropa ölkələrində olduğu kimi orta məktəb təhsili yeddi yaşından başlanmalıdır.
Onlar bu fikiri əsaslandırmaq üçün uşaqlar üzərində aparılan bir çox antropoloji, psixoloji, pedoqoji araşdırmaları nümunə göstəriblər. İngiltərədə təxminən 3000 uşaq üzərində aparılan bu araşdırmalar onu deməyə əsas verir ki, məktəbəqədər təhsil alan uşaqlar bu təhsili heç almayan uşaqlara nisbətən keçirilən dərsləri daha asan qavrayırlar.
Yeni Zelandiyada aparılan bir neçə araşdırma nəticələri isə onu sübut edir ki, oxuma-yazma vərdişlərinə erkən başlamaq uşaqların bu sahədəki bacarıqlarını sürətlə inkişaf etdirmir, əksinə bəzi hallarda bu bacarıqlarını zədələyir. Bu nəticəyə gəlmək üçün əsasən 5-7 yaş arası uşaqlar müşahidə edilib.
Müşahidələr onu deməyə əsas verir ki, uşaqlar üçün oxuma yazmanı öyrənmək üçün ideal dövr təxminən yeddi yaşdır. Beş yaş və ya bundan öncə oxuma vərdişlərinə yiyələnən uşaqlar digərləri ilə müqayisədə oxuduqları mətni anlamaqda çətinlik çəkirlər.