Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yeni, xüsusilə də sökülən binaların yerində tikilən binaların birinci mərtəbəsində ictimai yerlər, uşaq bağçalarının olacağını söyləyib. Bununla da Bakı şəhərinin uşaq bağçası ilə bağlı mövcud olan probleminin həllinə müsbət təsir göstərəcəyini vurğulayıb.
Bu məsələylə bağlı uzun illərdir təhsil sahəsində çalışan “Education Management Network” və “Edu.Co” Şirkətinin rəhbəri Rasif Dünyamalıyevdən aldığımız müsahibəni təqdim edirik:
Əvvəlcə istərdik ki, prezidentin çıxışının uşaq bağçaları sahəsinə təsirləri barədə fikirlərinizi öyrənək.
– Əvvəlcə deyim ki, yaşayış binalarının birinci mərtəbəsində uşaq bağçalarının olmasıyla bağlı verilmiş qərar çox təqdirəlayiqdir. Prezidentimiz sağ olsun ki, buna diqqət ayırır. Bu məsələlər birinci şəxsin dilindən səsləndiyi zaman insanlar daha çox diqqət etməyə başlayır və bu sahəyə yeni investisiyaların yatırılmasını təşviq etmiş olur. Bu sahəyə yüksək səviyyədə fikir verilməsi valideynlərin də buna önəm verməsinə səbəb olur. Uşaq bağçaları təhsilin başlanğıcıdır, biz bu yola “Bu Bir Başlanğıcdır” deyərək başlamışıq.
Prezident İlham Əliyev bu çıxışında əsasən mikrorayonları nəzərdə tutub. Bəs Bakının başqa hansı ərazilərində düşünürsünüz ki bağçaların tikintisinə ehtiyac var?
– Bakının kənar ərazilərində bağça tikintisinə ehtiyac olduğunu düşünürəm. Məsələn, Nəriman Nərimanov rayonunun ərazisində 20 özəl uşaq bağçası var. Bu, əhalinin sayının çox olmasıyla yox, bu rayonunun keçid zonasında yerləşməsiylə əlaqədardır. Buradakı bağçalara mikrorayonlardan və digər rayonlardan da uşaqlar gəlir. Bu ona görədir ki, Nəriman Nərimanov rayonundakı bağçalar daha üstün şəraitə malikdir və binalar, infrastruktur baxımından daha yaxşıdır. Yəni, kənar yerlərdən mərkəzə uşaq gətirməkdənsə, xidməti həmin şəxslərin “ayağına” aparmaq lazımdır. Mərkəzdən kənarda investisiya yatırmaq üçün uşaq bağçaları uğurlu seçimdir.
Bəs yeni bağça açmaq istəyən sahibkarlar əsasən nələrə diqqət etməlidirlər?
– Bağçanın açılması layihələşdirmədən başlamalıdır. Əgər layihələşdirmə olmasa, bu, kortəbii və sahibkarın müəyyən istəyinə uyğun olaraq davam edən proses olacaq. Layihələşdirildiyi zaman isə hər şey göz önündə olur. Sahibkar bunları təsdiqləyəndən sonra işə başlamalıdır. Layihələşdirmə isə Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixində 171 nömrəli verdiyi qərar əsasında olmalıdır. Həmin qərarla təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlər təsdiq olunub.
Bu normativlər hazırlanarkən nələr nəzərə alınır?
– Əvvəlcə uşaqlar üçün tədris prosesi daha yaxşı hansı şəraitdə baş verirsə, o nəzərə alınmalıdır. İşığın düşmə bucağı, rəngi, istilik sisteminin qurulması, yerin, divarın örtüyü də diqqətdə saxlanmalı məsələlərdəndir. Tədris və yataq otaqları 50 kvadrat sahədə olmalıdır.
Həmin normativlərdə uşaqların qidalanması üçün xüsusi yer göstərilməyib. Məsələn, biz qurduğumuz bağçalarda bunu yeməkxana formasında təşkil etmişik ki, uşaqlar tədris aldıqları otaqda qidalanmasınlar.
Bir çox sahibkarlar çamaşırxanaların qurulmasına fikir vermir. Bu da normativlərdə öz əksini tapıb. Hər müəssisənin çamaşırxana, ütülənmə sahəsi və anbarı olmalıdır. Bu ondan ötəridir ki, bağçanın çamaşır dəstləri kənara getməsin və gigiyenik baxımdan daha nəzarətdə olsun.
Ən əsası isə həyətyanı sahəyə xüsusi fikir vermək lazımdır. Uşaqların təhlükəsiz şəkildə oynaya bilməsi üçün şərait olmalıdır.
Bu normativləri nəzərə alsaq, bir bağça binası necə olmalıdır?
– Yeni tikilən məktəbəqədər təhsil müəssisələrinin tutumu 350 yerdən, yaşayış binalarına bitişik və yaşayış binalarının tərkibində tikilən müəssisələrin tutumu isə 150 yerdən artıq olmamalıdır. Kənd yaşayış məntəqələri şəhər tipli qəsəbələr üçün məktəbəqədər təhsil müəssisələrinin tutumu 140 yerdən artıq olmamalıdır. Buna xüsusi diqqət etmək lazımdır, məsələn, binanın altında 8 qrupluq bağça qurmaq olmaz. Belə olduqda isə lisenziya verilməyə bilər və sahibkar qrupun birini ləğv etmək məcburiyyətində qalacaq.
Yaxşı bağçanın əsas meyarları nələrdir?
– Bina əsas faktorlardan biridir. Binanın quruluşu, infrastrukturu, sanitar qovşağı olmalıdır. Bu baxımdan tədris, yataq otaqları, yeməkxanası ayrı yerləşdirilməlidir.
Digər məsələ isə tədris proqramıdır. Proqram nə qədər müasirdi, nə dərəcədə yenilikləri özündə əks etdirir, bunlara diqqət etmək lazımdır.
Üçüncü məsələ işçi heyətidir. Biz hələ də müəllim heyəti olaraq, ənənəvi təhsil metodlarından müasir təhsil metodlarına tam keçə bilmirik. “Müəllim sinfin ağasıdır”, “Bütün dərs boyu ancaq o danışacaq, uşaq qulaq asacaq” – bu təhsil metodları artıq qəbul olunmur. Çünki yeni doğulan uşaqlar daha fərqlidirlər və çox hərəkətdədirlər. Ona görə də bu çətin faktorlardan biridir. Ən əsası isə bağça hər zaman yeniliklərə açıq olmalıdır.
Bağçalarda uşaq sayına görə kollektiv necə müəyyən edilməlidir?
– Standartlara görə, 7 uşağa 1 böyük olmalıdır. Bu, dəyişərək iki müəllim, bir dayə; bir dayə, bir tərbiyəçi; bir tərbiyəçi və onun köməkçisi; bir tərbiyəçi formasında da ola bilər. Nəzərə almaq lazımdır ki, bu bir müəssisədir. Uşaqların fiziki ehtiyacları var və bunu tək qarşılamaq olmur.
Bir müəssisənin öz şəbəkəsini genişləndirməsi üçün siz nələr təklif edirsiniz?
– Şəbəkəni genişləndirmək üçün əsas faktorlardan biri Françayzinq üsuludur. Françayzinq brendləşmədən sonra gələn prosessdir. Bu, yeni müəssisə yaratmış sahibkarın genişlənməsi üçün ən yaxşı vasitələrdən biridir. Məsələn, kimsə bizim şəbəkəyə qoşulmaq istəyirsə, biz ona Françayzinq verə bilirik. Əgər qoşulmaq istəmirsə və o, özü bağçalarının sayını artırmaq istəyirsə, ayrıca filial açmalı olacaq. Bu zaman isə ikinci qeydiyyata ehtiyac olmasa da, həmin yerin lisenziyasına yenidən ehtiyac yaranır.
Son olaraq məktəbəqədər təhsil müəssisələrində çalışmaq istəyən sahibkarlara hansı tövsiyələriniz və təklifləriniz var?
– “Education Management Network” və “Edu.Co” Şirkəti olaraq biz 2010-cu ildən etibarən uşaq bağçalarını layihələşdiririk, Françayzinq verilməsiylə idarə edilməni həyata keçiririk. Sahibkarlar bu işi mütləq şəkildə normativlər əsasında etməlidir. Nə etmək istədiyinizi bilin, layihələşdirin sonra isə peşəkarlar, mütəxəssislərlə həyata keçirin. Təhsil sahəsində biznes layihələrin qurulmasıyla bağlı kompleks işləri tam olaraq həyata keçirən tək müəssisə Sahibkarlara bağça layihələşdirməsi ilə bağlı məsləhətlərimizi və hazır işləyən (qurulmuş) təhsil müəssisələrinin idarəedilməsi və inkişafı istiqamətində xidmətlərimizi təklif edirik. Layihələşdirilməsindən tutmuş lisenziya alınmasına qədər onların yanında olub, bu prosesi birlikdə apara bilirik.