“Balacalar böyüyənədək müəyyən inkişaf və yaş pillələrindən qalxarkən “yaxşı nədir, pis nədir?” kimi sualların cavablarını bilməlidir. Valideynlər uşaqlara davranışın cəmiyyət tərəfindən qəbul olunan çərçivələrini göstərməlidirlər. Bu zaman 2 mexanizm fəaliyyətdə olur: Cəza və mükafat”.
Bu sözləri uşaqların düzgün cəzalandırılması və mükafatlandırılması barədə Bagcam.az – a müsahibə verən “İndigo” Uşaq Bağçasının meneceri və Education Management Network – un Uşaq İnkişafı üzrə Koordinatoru, uşaq psixiatrı Vəfa Şirinova deyib.
Uşağın psixi və fiziki sağlamlığına zərər vermədən onu necə cəzalandırmaq olar?
– Uşağın psixi və fiziki sağlamlığına zərər vermədən onu cəzalandırmaq üçün əvvəlcə qaydalar qoyulmalı, sərhədlər ayırd edilməlidir. Bu qaydalar pozulduğu halda xəbərdarlıq, daha ciddi pozularsa, cəza tətbiq olunur. Cəza əvvəlcədən müəyyən olunmalıdır və uşaq bu haqda məlumatlı olmalıdır.
Bəs, ümumiyyətlə, hansı əməllərə görə uşaqlara cəza tətbiq etmək düzgündür?
– Mən bir psixiatr olaraq düşünürəm ki, uşağın nəyisə etməyini istəmiriksə, bəzən yüngül fiziki cəza tətbiq edilə bilər. Məsələn, əgər o, kağız parçasını və ya karandaşı elektrik yuvasına salırsa, pəncərədən baxmaq üçün ayağının altına stul qoyub qalxırsa, sözlə edilən izahlara və cəzaya məhəl qoymursa, yüngül fiziki cəza tətbiq etmək olar. Oxuduğum bütün kitablarda bildirilir ki, fiziki cəza olarsa, uşaq qorxar, qarşısındakının güclü olduğunu anlayar. Bu səbəblə bəzi situasiyalarda barmaq qaldırmaq lazım olur. Baxın, barmaq dedim, əl deyil. Məncə, bu zaman mütləq “sağ əl” və “sol əl” qaydasını etmək lazımdır (Mənim qaydam). Sağ əl dominant olaraq daim qucaqlayan mükafatlandıran olmalıdır, əgər fiziki cəzadan söhbət gedirsə, sol əl daha zəif və boş olmalıdır. Bir məsələyə görə cəza verirsinizsə, doğru etdiyi zaman mütləq mükafatlandırın.
Cəzalandırma metodları hansılardır?
– Cəzalandırma metodlarına uşağın şirniyyat yeməsinə, sevdiyi oyuncaq ilə oynamasına, cizgi filmi izləməsinə və həyətdə oyun vaxtına qoyulan məhdudiyyətləri nümunə göstərmək olar. Həmçinin “Time out” metodu var. Bu zaman uşağı həmin anda olan aktiv fəaliyyətindən uzaqlaşdırmaq, düşünməsini, səhvini anlamasını və üzr istəməsini təmin edən “Künc” cəza üsuluna bənzər metoddan istifadə etmək mümkündür. Əsas odur ki, uşaq fiziki ehtiyacları ilə sınağa çəkilməsin.
Cəzaların uşaq psixologiyasına mənfi təsirləri nələrdir və bu təsirlərin yaranmaması üçün nə etmək lazımdır?
– Verilən cəzaların uşaq psixologiyasına mənfi təsirlərinin yaranmaması üçün həmin cəzaların səbəbi açıq şəkildə uşağa bildirilməlidir. Əvvəlcədən “olar” və “olmaz” qaydaları balacaya başa salmaq lazımdır. Əgər qaydalar pozularsa, punktlarla məhdudiyyətlər müzakirə olunmalıdır, o da olmazsa, cəzanın növü və üslubu seçilərək tətbiq edilə bilər. Uşağın 5-6 yaşlarına doğru cəza növünü özünün təyin etməsi kimi demokratik üsuldan da istifadə edilə bilər. Məsələn, “əgər mən bunu bir də etsəm, ən sevimli cizgi filmimə 2 gün baxmayacam” (Gülür).
Cəzaların mənfi psixoloji təsirləri qalarsa, uşaqlar üçün gələcəkdə nə kimi problemlər yarana bilər?
– Valideyn üslubu düzgün seçməli, uşağa aydın və dəqiq izahat verməlidir. Bu zaman uşaq valideyninin haqlı olduğunu qəbul edərək bu vəziyyətdən düzgün həll yolunu tapacaq, nəticə çıxarmağı öyrənəcək və gələcəkdə dostlarına danışmaq üçün maraqlı uşaqlıq xatirələri olacaq.
Cəza müddəti nə qədər olmalıdır? Cəzanın müddətindən asılı olaraq uşaq üçün təsirləri necə dəyişir?
– Cəza müddəti hər yaşa uyğun olaraq 1-1,5 dəqiqə kimi müəyyən olunur. Məsələn, uşağın 3 yaşı varsa, onun cəzanı dərk etməsi üçün 3 dəqiqə kifayətdir. Digər məsələ cəzanın tətbiqi müddəti Yəni uşaq iki gün və ya iki ay əvvəl törətdiyi əmələ görə indi cəza çəkməməlidir. Bu zaman cəza mahiyyətini və səmərəliliyini itirir.
Cəza müddətində valideynin uşağa laqeyd yanaşmasının nə kimi fəsadları ola bilər?
– Cəza 3 mərhələdən ibarət olmalıdır: edilən səhvin dərk edilərək düzəldilməsi, bir daha təkrarlanmayacağına dair zəmin yaradılması və cəzanın aradan qaldırılması. Ümumiyyətlə, valideyn uşağa laqeyd yanaşmamalıdır, sadəcə özündən kənarlaşdıraraq səhvini anlaması üçün ona vaxt verməlidir.
Uşağa cəza tətbiq edən zaman hansı tərzdə reaksiya vermək lazımdır? Yəni aqresiv yoxsa sakit səs tonu ilə uşaqlara cəzalandığını söyləmək lazımdır?
– Bəzən həyat üçün təhlükəli hallarda vəziyyətin ciddi olduğunu anlamaları üçün “qışqırmaq” lazımdır. Digər hallarda isə uşağın bizi eşitməsi üçün hər zaman sakit səs tonu ilə danışmalıyıq.
Cəza müddəti bitdikdən sonra valideyn uşağa necə davranmalıdır?
– Səhvini başa düşən uşaq bağışlanmasını sizdən elə istəyəcək ki, o an başqa çıxış yolunuz yoxdur, öpməli, qucaqlamalı, səhvini anladığı üçün çox sevincli olduğunuzu göstərməlisiniz.
Uşaqları necə cəzalandırmaq olmaz?
– Mənəvi, onun şərəf və ləyaqətinə, şəxsiyyətinə xələl gətirən cəzalar yol verilməzdir. Əgər siz cəzalandırarkən o ağlayaraq üzr istəyirsə, onu utandırmamağınızı xahiş edirsə, özünüzü sakitləşdirin və layiqsiz sözlər işlətməyin. Unutmayın, siz onu pis olduğuna görə deyil, hərəkətinin yanlış olduğuna görə cəzalandırırsınız. Sərhədləri ayırd edin.
“Olmaz” dediyiniz bu cəzalarla uşaqları cəzalandıran zaman nə kimi problemlər yarana bilər?
– Özünə inamsız, qorxaq, çəkingən və ya emosional davamsız, yəni psixopata bənzər şəxsin sizin övladınız olmasını istəmədiyinizə əminəm.
Uşağı nə zaman rəğbətləndirmək lazımdır?
– Hər zaman, atılan hər doğru addımda, qoyduğu hər məqsədinə çatdığı zaman, hər kiçik çətinliklərdən bacarıqla çıxmasına və ya cəhdinə görə uşağı rəğbətləndirmək lazımdır. Rəğbətləndirmə ən böyük stimul və motivasiyadır. Onu uşaqlarınızdan əsirgəməyin.
Rəğbətləndirmə metodları hansılardır?
– Hər bir sualın açarı qəlbimizdə saxlanılır. Sizi uşaq olarkən necə rəğbətləndirsəydilər, xoş olardı? Bu da sizin sualın cavabıdır. (Gülür)