Fərdi yanaşma metodu əsasən uşağın müsbət keyfiyyətlərinin önə çıxması və mənfi faktorların aradan qaldırılmasına xidmət edir. Bu metodun əsas məqsədi uşaqların fərdi bacarıqlarını aşkarlamaq, həmin bacarıqları aktivləşdirmək və eyni zamanda aşkar olunmayan bacarıqları üzə çıxarmaqdır.
Bu barədə “Education Management Network”un psixoloqu Günel Məhərrəmli Bagcam.az-a müsahibə verib. Psixoloq bildirib ki, uşaqların şəxsiyyət kimi formalaşması üçün fərdi yanaşma çox mühümdür, çünki hər uşaq bir şəxsiyyətdir və onun şəxsiyyətinə hörmət etmək, ehtiyaclarını nəzərə almaq lazımdır:
“Fərdi yanaşma deyəndə mütləq uşağın öz hisslərini nəzərə alırıq. Uşağın şəxsi seçimi də olmalıdır. Məsələn uşaq “bağçaya bu gün bu paltarımı geyinmək istəyirəm” deyə bilər. Təbii ki, uşağın daha yaxşı inkişafı üçün valideynlər bəzi müdaxilələr edir. Məsələn, uşaq hansısa yeməyi yemək istəmir, amma bu lazımdır, vitaminlidir. Bu zaman da təbii ki, məcbur etmək düzgün deyil. Uşağı nəyəsə məcbur ediriksə, həmin şeyə qarşı uşaqda ikrah hissi oyadırıq. Bu zaman isə ona təkliflər edə bilərik. Yəni, uşaqlara həm sərbəstlik verilməli, eyni zamanda da ona müəyyən qaydalar yaratmaq və həmin qaydaları yerinə yetirməsi üçün ona dəstək olmaq lazımdır”.
“Education Management Network”ə daxil olan “Peter Pan” uşaq bağçasının meneceri Xalidə Rzayeva isə bildirir ki, uşaqlar bağçaya daxil olmamışdan öncə valideynlərlə ünsiyyətdə olmaq və uşaqlar haqqında məlumat toplamaq lazımdır:
“Bağçada yazılı formada bir sıra anket formaları var ki, valideynlərə təqdim olunur. Həmin anketlərdə uşağın həm idrakı, həm sosial emosional mühiti ilə bağlı müxtəlif suallar təqdim olunur. Həmin suallar vasitəsilə biz uşağı hərtərəfli tanıma imkanı əldə edirik. Bütün bu informasiyaları əldə etdikdən sonra komanda şəklində artıq uşağa yanaşma metodunu rahat şəkildə seçə bilirik”.
Uşaq inkişafı meyarlarına əsasən bağçaya daxil olan hər bir uşağın böyük və kiçik mator, sosial-emosional, mədəni-estetik idrak sahəsi üzrə qiymətləndirilməsi aparılır. Fərdi planda uşağın köməkliklə yerinə yetirə bildiyi və ya heç bacara bilmədiyi bəndlər qeyd olunur. Fərdi planın psixoloq tərəfindən tərtib olunduğunu qeyd edən, psixoloq Günel Məhərrəmli bu zaman bir sıra xüsusiyyətlərin nəzərə alındığını da deyir:
“Qiymətləndirilmə aparılarkən uşağın yuxulu olmamağı, yaxşı əhval-ruhiyyədə olmağı, məsələn böyük mator bacarıqları yoxlanılırsa, daha rahat ayaqqabıda olmağı, sosial emosianal inkişafı yoxlanılırsa, uşağın bağçaya gəlmə müddəti, adaptasiyası nəzərə alınmalıdır. Çünki uşaq bağçaya yeni gəlibsə, onun təbii ki, hələ qrup uşaqlarıyla oynamağı, birlikdə qarşılıqlı fəaliyyət göstərməyi nisbətən zəif olacaq. Fərdi planımızda qeyd olnan hər punkt bizim üçün sanki bir istiqamətdir və bu istiqamət üzrə çalışmağı qarşımıza məqsəd qoyuruq”.
Bağçada uşaqların fəaliyyətləri ilə bağlı valideynlərə bir sıra hesabatlar təqdim olunur. Xalidə xanım deyir ki, bu, gündəlik, həftəlik, aylıq, rüblük və illik formatda hesabatlardır:
“Gündəlik hesabatlarımıza uşaqların gün ərzində məşğul olduqları fəaliyyətlər öz əksini tapır. Həftəlik hesabatlarda uşaqların portfoliosu ailəyə təqdim olunur. Portfolioda həftə ərzində keçirilən məşğələlər öz əksini tapıb. Aylıq hesabatlarda isə ay ərzində olan nəticələr valideynlərə təqdim olunur. Rüblük hesabatlarda da rüb ərzində uşaq inkişaf standartları üzrə aparılan qiymətləndirmənin nəticələri, əldə olunan müsbət keyfiyyətlər valideynlərə təqdim olunur. İllik hesabatımızda isə uşağın öz yaş kateqoriyasında əldə etdiyi bacarıqları öz əksini tapır”.
Qeyd edək ki, uşaqların inkişafına, ehtiyaclarına fərdi yanaşma “Peter Pan” uşaq bağçasıyla yanaşı, “Education Management Network” – ə daxil olan “Baby Star”, “İndigo” Nərimanov, “İndigo” Əhmədli uşaq bağçalarında da tətbiq olunur.