Uşağım dırnağını yeyir, nə edim?!

dirnaqDırnaq yemə davranışı daha çox 3-4 yaşlı uşaqlarda müşahidə edilir.  Bu davranışa əsasən, ailəsindən sevgi və qayğı görməyən, çevrəsi tərəfindən tənqid edilən uşaqlarda; valideynlərin həddindən artıq qoruyucu və qayğılı olması, ailədaxili münasibətdə olan problemlər, dərsdəki uğursuzluğu və uşaqları narahat edən bir çox problem səbəb ola bilər.
Bəzən elə olur ki, belə vəziyyətlərdə valideynlər öz uşaqları ilə necə davranmalı olduqlarını bilmirlər. Yardım etmək istəyərkən, problem içindən çıxılmaz hal alır. Hansı davranışdan tamamilə qaçmaq lazımdır?

  • təhqiredici sözlərdən və ağır cəzalardan isifadə etmək;
  • uşaqlarınızı qorxutmaq, onları dırnaq yeməməsi üçün məcbur etmək;
  • qorxu hiss edəcəyi, narahat ola biləcəyi filmi izləməsinə izn vermək;
  • uşağınızın etdiyi hər səhv davranışa görə tənqid etmək;
  • dırnaq yeməsini normal davranış kimi qəbul edib, görməzdən gəlmək və s.

Bu problemlə üzləşəndə hər bir valideyni “Bəs mən övladımın bu zərərli vərdişdən qurtulması üçün nələr etməliyəm?” sualı narahat edir. Bu problemlə mübarizə aparmaq üçün ilk növbədə, uşağınıza belə davranaraq özünə zərər vurduğunu izah etmək, bunu aradan qaldırmağın çətin olmadığına dair güvən verməyiniz lazımdır. Uşağınız bu davranışdan qurtulacağına inananda motivasiyası yüksələcək və bunun üçün çalışacaqdır. Onun diqqətini başqa yönə cəlb edə bilərsiniz (məs: TV izlərkən və ya dərs oxuyarkən ona ağzını çeynəyəcəyi bir şeylə məşğul etmək). Övladınızı uğurlarına görə mükafatlandırın. Bunu ifrat dərəcəyə gətirmədən etməyə çalışın. Dırnağının kəsilib, təmizlənməsini özünə həvalə edin. Dırnaq baxımı üçün xüsusi alətlərdən istifadə etməsi onu dırnağına qarşı daha diqqətli olmasına yardım edəcəkdir. Bunlardan başqa dırnaqların vaxtlı-vaxtında kəsilməsi problemi aradan qaldırmağa yardım edə bilər.

Unutmayın ki, övladınızın zərərli vərdişlərdən qurtulması üçün onu günahlandırmaq, özünüzdən uzaqlaşdırmaq işə yaramamaqla bərabər, yeni problemlərə yol aça bilər. Məhz bu səbəbdən onunla sağlam münasibət qurmağınız, onu anlamağa çalışmağınız, bu vərdişini aradan qaldırmaq üçün səbrli və qətiyyətli olmağınız övladınızın inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Uşağınıza belə münasibət gələcəkdə onun davranışında problemi olmayan, xoşbəxt və özgüvənli olmasını təmin edəcəkdir.

Övladınıza səbrli yanaşmanız diləyi ilə…

Zəhra Qorxmaz
Psixoloq