Valideynləri narahat sualların bir qismini həkim pediatr Fidan Əlirzayevaya cavablandırır:
Uşaqların zəifliyinin, arıqlığının, tez-tez xəstələnməsinin vitamin azlığı ilə əlaqəsi varmı?
– Uşağın inkişafının az olması və zəifliyinin vitaminlə bağlılığı çox azdır. 10% hallarda vitamin azlığından şübhələnmək olar. Uşağın zəif olmasının səbəbləri çoxdur: endokrin problemlər, irsi faktorlar, qan azlığı, həzm mübadiləsində problemlər, sinir sisteminin qeyri-adekvat olması, kalsium defisiti ola bilər. Əvvəl bu səbəblər aydınlaşdırılmalıdır. Xəstələrimdə son vaxtlar ən çox D vitaminini yoxladıram. Alman həkimləri qeyd edir ki, allergik xəstəliklərin, immun problemlərinin kökündə D vitamini defisiti dayanır. Ona görə bütün dünyada bu gün D vitamini ilə xüsusi məşğul olurlar.
Aptekdən vitamin kompleksi preparatlarının alınması, balıq yağının uşağa verilməsinin faydası varmı?
– Mən buna pis yanaşmıram. İndi elə dövrdür ki, valideynlər də uşaqlarının sağlamlığı üçün müxtəlif informasiyalar toplayır. Savadlı valideyn bilir ki, uşağının vitamin defisiti var, D vitamini azdır, balıq yağına ehtiyacı var, bunu düzgün şəkildə həll edirsə, buna etiraz etmək olmaz. Amma diaqnoz bilmədən, arıq, zəif uşaqdı deyə, gedib aptekdən əlinə keçən uşaq vitaminlərini alıb verirsə, bilsinlər ki, bunun bir köməyi olmayacaq. Boşuna pul itkisidir. Ümumiyyətlə, xaricdə vitaminlərin hamısı, BAD-lar qidaya əlavə kimi nəzərdə tutulur, müalicə üçün yox.
Qış aylarında D vitamini əskikliyi çox olur. Uşağı açıq havada, günəş altında çox gəzdirmək D vitaminini artırırmı?
– D vitamininin yaranması üçün dərinin çox böyük hissəsinə günəş işığı nüfuz etməlidir. Yayda uşaqları qısa şortda, maykada, sarafanda, hətta yarıçılpaq həyətdə, çimərlikdə gəzdirməklə Günəş vannası qəbul etdirə bilərik. Qışda bu mümkün deyil və qalın geyindirilmiş, papaqlı, şarflı uşaq nə qədər çox gəzsə də “D vitamini aldı” düşünmək yanlışdır. Ona görə qışda mütləq D vitamini qəbul olunmalıdır: damcı, kapsul şəklində vermək lazımdır. Xüsusən allergiyalı və immuniteti zəif uşaqlara bunlar müalicəvi dozada verilməlidir.