Anadolu Universitetinin Dil və Danışma Terapiya Bölümünün professoru həkim İlknur Maviş bildirir ki, 36 aya qədər danışmayan və danışmaqda çətinlik çəkən uşaqların sağalmasında ən vacib faktor ailə dəstəyidir.
Maviş, ümumilikdə 18-24 ay arasındakı uşaqların danışmağa başlamasının gözləndiyini söyləyir.
Uşaqların 36 aya qədər səs çıxartmaması və söz deyə bilməməsi müəyyən şeylərdən şübhələr oyatdığını vurğulayan Maviş, bunları əlavə edir:
“Hər uşağın inkişafı eyni deyil. Bəzi uşaqların danışmaqla bağlı sıxıntıları ola bilər. Ananın, atanın işləməsi, uşaqların dayələri ilə böyüməsi ya da mütəmadi olaraq telefon və televizorda cizgi film izləməsi dil inkişafını gecikdirən səbəblərdəndir”.
Maviş, valideynlərin uşaqları ilə əlaqə qurmasının vacib olduğunu bildirərək, “36 aya qədər danışmayan ya da danışma pozuntusu yaşayan uşaqların yaxşılaşmasında ən vacib məsələ ailə dəstəyidir” deyir.
Professor valideynlərin uşaqları ilə oyun oynayıb, əlaqə qurmalarını, bunu etmədikləri halda isə dil və danışma terapiyalarına müraciət etmələrini tövsiyə edir.
“Hər ana və ata, hətta nənə və babalar da uşaqlarla əlaqə qurmağı öyrənməlidirlər. Uşaqlarda risk faktı, ailə üzvlərindən birində kəkələmək, danışığında problem və ya gecikmə varsa, valideyn uşağı ilə xüsusi olaraq maraqlanmalıdır” – deyə professor əlavə edir.
Mənbə: Milliyet